Biləsuvar:
qazanılan uğurlar dövlət qayğısının nəticəsidir
Bakıdan 224 kilometr cənubda, Muğan
düzündə yerləşən Biləsuvarın on əsrlik
tarixi var. Bu rayon ötən əsrin 70-ci illərində və
daha sonralar, 90-cı illərdə ulu öndər Heydər Əliyevin
qayğısı sayəsində inkişaf yolu keçib.
Hazırkı yüksəliş mərhələsində
tarixən görülmüş işlər öz səmərəsini
verir. Ötən hər il Biləsuvarın tarixində öz
izlərini qoyur.
Rayon üçün 2010-cu ilin ən yaddaqalan hadisəsi Prezident İlham Əliyevin Biləsuvara səfəri olmuşdur. Dövlət başçısı "Azərsun Holdinq"in illik gücü 60 min ton olan konserv zavodunun, rayon mərkəzindəki "Ana və Uşaq Mərkəzi"nin, gömrük buraxılış məntəqəsində yük terminalının, 12 kilometrlik dolama yolun açılış mərasimlərində iştirak etmiş, xeyir-dua və tövsiyələrini vermişdir.
Daha bir unudulmaz hadisə isə Biləsuvar yetirməsi Mübariz İbrahimovun xidməti borcunu yerinə yetirərkən göstərdiyi misilsiz rəşadətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını alması ilə bağlı rayonda davamlı qələbəliklərin, qeyri-adi canlanmanın yaranmasıdır. Qəhrəmanın xatirəsinə ehtiram olaraq ölkənin hər yerindən Biləsuvara saysız-hesabsız ziyarətçilər gəlmişlər. Rayonda qəhrəmanın abidəsi qoyulmuş, ən gözəl təhsil ocağına və küçələrdən birinə onun adı verilmişdir.
İcra hakimiyyətinin başçısı Adil Məmmədov deyir ki, həyata keçirilən bütün tədbirlərdən əsas məqsəd əhalinin firavanlığının təmin edilməsi, həyat şəraitinin get-gedə yaxşılaşmasıdır. Bu, dövlət siyasətimizin prioriteti sayılır. Odur ki, regional inkişaf Dövlət Proqramına uyğun olaraq, rayonda abadlıq-quruculuq, yenidəndurma işləri ardıcıl davam etdirilir. Ötən il infrastrukturun genışlənməsi, sosial obyektlərin tikintisi, yeni istehsal və emal müəssisələrinin yaradılması ilə əlamətdar olub.
İqtisadiyyatın əsas sahələrində istehsal edilmiş məhsulun həcmi 127 milyon manatlıqdan artıq olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın həcmi 27,6 milyon manat təşkil edib. Sənaye məhsulunun 60,5 faizi qeyri-dövlət sektorunun payına düşür. Rayonda orta aylıq əməkhaqqı 173 manatdır. İqtisadiyyatda 41,5 min nəfər məşğul olur. Xüsusi mülkiyyətdə çalışan işçi qüvvəsinin əksəriyyəti kənd təsərrüfatı, ticarət və xidmət sahələrinə aiddir.
Banklar tərəfindən əhaliyə 4,2 miyon manat kredit verilib ki, bu da keçən illə müqayisədə 1.4 milyon manat və ya 47.4 faiz çoxdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 36 sahibkarlıq subyektinə 494 min manat kredit verilib.
Biləsuvar əhalisinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, ötən il rayonda 170, son yeddi ildə isə 1160 fərdi yaşayış evi tikilib. Həmin müddətdə 17679 yeni iş yeri açılıb ki, bunun da 12995-i daimi xarakterlidir. Təkcə keçən il rayonda 758 daimi iş yeri yaradılıb. Üzvlərinin sayı 6223 nəfər olamaqla 1270 ailəyə ünvanlı dövlət sosial yardımı verilib.Rayon üzrə hər bir ailəyə düşən ünvanlı dövlət yardımının məbləği 115.7 manat təşkil edir. Bunların hamısı, necə deyərlər, üzə gülən rəqəmlərdir.
Dövlət Proqramına uyğun olaraq, rayonun yaşayış məntəqələrində daşıyıcı qaz kəmərlərinin dəyişdirilməsinə, kəndlərin və yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinə başlanıb. Rayonun 7 kəndində 60 kilometr uzunluğunda daşıyıcı və paylayıcı qaz xətləri inşa olunub, Ovçubərə qaz tənzimləyici stansiyasında yenidənqurma işlərinə başlanıb. Amma rayonun qaz təsərrüfatında problemlər qalmaqdadır. Mərkəzi ATS-də 4512 nömrə tutumlu yeni elektron qurğu istifadəyə verilib. Eyni zamanda 8 kənddə elektron ATS-lər, Ağalıkənddə yeni poçt binası işə salınıb.
Ələt-Astara və Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yollarında təmir işləri aparılıb. Rayonun 6 kəndində 13 kilometr asfalt-beton örtüklü yol tikilib, şəhər ərazisində 30, rayonun kəndlərində isə ümumilikdə 60 kilometr yol qum-çınqıl qarışığı ilə qaydaya salınıb. Araz çayının tarixi qolunun bərpası məqsədilə aparılan işlərə uyğun olaraq, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvardan keçən hissəsində 175 metr uzunluğunda 19 aşırımlı körpü tikilərək istifadəyə verilib. Rayonun Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolu ərazisində müasir üslublu yeni körpü tikilir.
Görülən
işlər saymaqla qurtaran deyil. İsmətli kəndində
640 şagird yerlik orta məktəb binası istifadəyə
verilib. Qarabağ əlilləri və şəhid ailələri
üçün şəhər ərazisində 4 mərtəbəli,
16 mənzilli yaşayış evinin, yeddi kənddə 10 nəfər
Qarabağ əlili üçün birmərtəbəli fərdi
evlərin, Yanğından Mühafizə bölməsinin,
"Bayraq meydanı"nın və 2 hektarlıq yeni
parkın tikintisi davam etdirilir. Milli Qəhrəman Mübariz
İbrahimovun adını daşıyan küçə
abadlaşdırılır, burada yeni işıqlandırma
sistemi quraşdırılır.
"Ekologiya
ili" ilə bağlı magistral yol kənarlarında, şəhər
və kəndlərdə 50 min ədəd ağac və
gül kolları əkilib.
Dövlət Proqramından irəli gələn tədbirlərin yerinə yetirilməsi sayəsində aqrar bölmədə ümumi məhsul istehsalı artıb, məhsuldarlıq yüksəlib və torpaq adamlarının həyat səviyyəsi xeyli yaxşılaşıb. Min tonlarla taxıl, pambıq, tərəvəz, bostan məhsulu, kartof, günəbaxan, şəkər çuğunduru, dənlik qarğıdalı, quru yonca otu və digər məhsullar istehsal edilib. Mal-qaranın sayı 39,1 min başa, davar 134,5 min başa, süd istehsalı 23,6 min tona, ət istehsalı diri çəkidə 5,1 min tona, yumurta istehsalı 9,9 milyon ədədə çatıb. Dövlət büdcəsi hesabına mülkiyyətçilərə 2 milyon 146 min manat kompensasiya, güzəştli qaydada 3597 ton gübrə verilib. Rayonun fermerləri tərəfindən 4 min tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulu paytaxtın yarmarkalarına çıxarılaraq satılıb. Son dörd ildə isə bu rəqəm 11400 ton təşkil edib.
Ötən il əkin sahələrində yeni suvarma nasosları, hidrotexniki qurğular qurulub, suvarma kanalları çəkilib və təmir işləri aparılıb. Respublikamızda ilk dəfə və ən çox sahədə -7000 hektarlıq sahədə miasir tipli, mütərəqqi texnologiyalara əsaslanan yağmurlama və damcılama üsulu ilə suvarma qurğuları istifadəyə verilib.
Rayonda süd emalı zavodunun işə düşməsi südçülük istiqamətli iri təsərrüfatların olması zərurətini yaradıb. Keçən il "Biləsuvar-Süd" MMC təsis edilib, bu müəssisənin ixtiyarına 800 hektar torpaq sahəsi verilib. Hazırda müəssisədə iri həcmli heyvandarlıq kompleksinin tikintisinə başlanıb, əkin və digər təsərrüfat işləri görülür. Rayon ərazisindən ayrılmış 1 hektar ərazidə isə müasir standartlara uyğun aqroservis üçün inzibati binanın və texnika parkının inşasına başlanıb. Tikintini may ayınadək başa çatdırmaq nəzərdə tutulub.
Biləsuvarda "Azərsun Holdinq"in müəssisəsi tərəfindən "Biogübrə"zavodunun da tikintisinə başlanıb.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqət mərkəzindədir. Milli Qəhrəman M.İbrahimovun adını daşıyan, xüsusi istedada malik uşaqlar üçün məktəb-lisey kompleksinin fəaliyyətə başlaması bu baxımdan mühüm hadisədir. Burada təhsil alan 107 şagirdin biliklərə səylə yiyələnməsi üçün hər cür şərait var. İsmətli kəndində 640 yerlik yeni məktəb binası da istifadəyə verilib.
Rayonda əhalinin səhiyyə xidmətinə olan tələbatının daha dolğun ödənilməsi istiqamətində də çox iş görülüb. Ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun bu sahəyə qayğısının ilbəil artırılması Biləsuvarda da səhiyyənin inkişafına müsbət təsir göstərir. Hazırda rayonun əhalisinə 3 xəstəxana, 6 tibb və 14 həkim məntəqəsi xidmət göstərir.
Biləsuvarda həyatın bütün sahələrində canlanma, inkişaf hiss edilir. Başlıcası, rayonda işgüzar atmosfer hökm sürür. Uğurların əsasında rayon rəhbərliyinin idarəetmə təcrübəsi, məsələlərin operativ və müsbət həllinə nail olmaq bacarığı dayanır. Orada bir faktın da şahidi olduq ki, hər kəs istədiyi zaman rayon rəhbərliyi ilə görüşüb dərd-sərini söyləmək, təşəbbüslə çıxış eləmək, məsələlərə münasibət bildirmək imkanına malikdir. Vətəndaş müraciətlərinə daim həssaslıqla yanaşılır, adamların qayğı və problemləri diqqətsiz qalmır. Bu, dövlətin icra strukturlarına inamı daha da artırır, hər kəsin yurd üçün qürur hissi keçirməsini təmin edir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 26 fevral.- S. 6.