İsmayıllı:
sabaha boylanan diyar
İsmayıllı başdan - başa gözəllikdir
desək, yanılmarıq. Başı qarlı dağlara
baxanda gözlərin dincəlir, elə bil sən də
saflaşırsan, büllurlaşırsan. Adam bu yerlərdən,
onun mehriban adamlarından ayrılmaq istəmir.
İsmayıllılar həmişə belə olublar. Kimin istəsən
ürəklə qapısını döyə bilərsən.
Səni ən əziz adam kimi qarşılayar, süfrə
açar.
Deyirlər dağ adamları belə olurlar. Təmizdən təmiz, müqəddəsdən müqəddəs. Xidməti işimlə əlaqədar demək olar ki, bu yerlərdə tez-tez oluram. Hər dəfə burada olan yenilikləri görəndə mən də sevinirəm, mən də qürur hissi keçirirəm. Ona görə ki, bu yerlər mənə də doğmadır, əzizdir. Odur ki, 2010-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun çıxışını dinləyərkən hamı kimi mən də sevinirdim. Sevinirdim ki, bu yeniliklər uzaq tarixdə yox, cəmi bir il bundan əvvəl baş verib.
Nizami Ələkbərov əldə olunmuş uğurlardan həvəslə danışdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il oktyabr ayının 29-da İsmayıllıya etdiyi səfər zamanı verdiyi tapşırıq, tövsiyə və məsləhətlər 2010-cu il üçün rayon rəhbərliyinin fəaliyyət proqramı olub. Məhz onun nəticəsidir ki, əsas diqqət nəzərdə tutulan tədbirlərin icrasına yönəlib, yüksək nəticələr əldə edilib. Ölkə başçısının sərəncamı ilə İvanovka zonasına içməli su çəkmək üçün ayrılan 3,5 milyon manat vəsaitə uyğun layihə hazırlanıb və işə başlanılıb. Yaxın zamanda İvanovka, Uştal, Soltankənd, Qalagah, Hacıhətəmli, Mollaisaqlı, Vəng və Ruşan kəndlərinin sakinləri içməli sudan fasiləsiz istifadə edə biləcəklər. Keçən il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli evin tikilib istifadəyə verilməsi böyük razılıq və minnətdarlıq hissləri ilə qarşılanıb. İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini əbədiləşdirən abidə və şəhidlər xiyabanı yeni üslubda, memarlığın son nailiyyətləri əsasında yenidən qurulüb və təmir edilib, vahid "Xatirə kompleksi" yaradılıb. Bu gün "Xatirə kompleksi" şəhidlərimizin ruhuna ehtiramın təzahürü olan bir abad məkana çevrilib. Qaraqaya kəndində məktəb tikintisi illərlə söz olaraq qalırdı. 2010-cu ilin sonunda dövlət hesabına burada 180 yerlik yeni, müasir tələblərə cavab verən məktəb binası istifadəyə verilib. Qubaxəlilli, Maçaxı və Aşıqbayram məktəblərinin, İsmayıllı kənd və şəhər 3 saylı uşaq bağçalarının binası əsaslı təmir olunub. Şəhərə tarixilik görünüşü verən, Heydər Əliyev Prospektinə xüsusi yaraşıq gətirən qala divarının tikintisi davam etdirilib. Səməd Vurğun, Sabir, Zərdabi, Füzuli, Təbriz, Bahəddin Mirzəyev, Nəriman Nərimanov, Qəşəm Aslanov küçələrinə asfalt döşənməsi, İsmayıllı-Qəbələ yoluna beton örtük salınması, Tingçilik təsərrüfatında yaşayanların istəyinə görə Qəzli çayı üzərindən yeni körpünün tikilməsi 2010-cu ilin nailiyyətlərinin bir hissəsidir.
Məruzəçi bildirdi ki, rayon icra hakimiyyəti yeni infrastruktur layihələrinin icrasında yalnız büdcədə nəzərdə tutulan vəsaitlə kifayətlənmir, qeyri-hökumət təşkilatları, beynəlxalq maliyyə qurumları, iş adamları ilə işgüzar əlaqələr yaradır. Bunun nəticəsidir ki, Mican, İsmayıllı, Mollaisaqlı, Qalagah, Hacıhətəmli, Qalınçaq kəndlərində kənd investisiya layihəsi əsasında kənd və məhəllədaxili yollara çınqıl döşənib. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Lahıcda 400 tonluq su anbarı tikilib, Lahıc bələdiyyəsinin fəal iştirakı ilə 315 evə su xətti çəkilib. Quşencə kəndində Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılıb. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında 2011-ci ili "Turizm ili" elan etmişdir. Bununla əlaqədar Nizami Ələkbərov qeyd etdi ki, rayonda genişmiqyaslı işlər görüləcək. 202 yerlik otel kompleksi bu il istifadəyə veriləcəkdir. Bu gün İsmayıllıda belə istirahət mərkəzləri çoxdur. Gəlin, siz də dincəlin.
Sahibkarlığın inkişafı üçün münbit şərait yaradılıb. Turizm və istirahət mərkəzlərinin tikintisində və onların fəaliyyətinin təşkilində bu hal özünü daha qabarıq göstərir.
Vaxtilə mövcud olan quşçuluq fabriki öz fəaliyyətini damazlıq istiqamətində formalaşdıraraq "İsmayıllı damazlıq quşçuluq təsərrüfatı" kimi davam etdirir. Çörəkbişirmə, üzümçülük, şərabçılıq, arıçılıq, meyvəçilik, taxılçılıq yönümlü sahibkarlıq fəaliyyəti daha sürətlə inkişaf edir.
İsmayıllı kənd təsərrüfatı rayonudur. Aqrar sahəyə diqqət artdıqca əldə olunan nəticələr də yüksəlir.
Keçən il istehsalın ümumi həcmi
49 milyon 108 min manat təşkil edib ki, bu da 2009-cu ildəkindən
872 min manat çoxdur. Ötən
il 4 min 972 ton diri çəkidə ət, 384 ton yun, 33 min 687
ton süd, 7 min 703 ton meyvə, 3394 ton üzüm, 6182 ton
kartof istehsal olunub. Qeyd olunan göstəricilər 2009-cu ilin nəticələri
ilə müqayisədə 20-25 faiz çoxdur. Kənd təsərrüfatı
istehsalına dövlət qayğısı, bu sahəyə rəhbərliyin
təkmilləşdirilməsi məhsuldarlığın
yüksəlməsi üçün möhkəm zəmin
yaradıb.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda
rayonun elektrik şəbəkəsinin yenidən qurulması,
İsmayıllı şəhəri və rayonun
yaşayış məntəqələrinin qaz təchizatının
yaxşılaşdırılması, bir sıra ictimai
binaların istilik təchizatı sisteminin bərpası və
yenidən qurulması, şəhərin su təchizatı və
kanalizasiya sisteminin yenidən qurulması nəzərdə
tutulub. İsmayıllılar fəaliyyətlərini Dövlət
Proqramında nəzərdə tutulan məsələlərin
həllinə yönəldib və bu istiqamətdə işlərini
davam etdirirlər.
Əhaliyə
göstərilən kommunal xidmətlərinin keyfiyyətinin
yaxşılaşdırılması şəhərin və
digər yaşayış məntəqələrinin təmiz
saxlanması, yaşıllıqların qorunması,
antisanitariyaya qarşı mübarizə tədbirlərinin
gücləndirilməsi üçün rayon kommunal müəssisələri
kombinatı və mənzil istismar sahəsi əsaslı
işlər görüb. Artıq ikinci dəfədir ki,
dövlət büdcəsinin vəsaiti hesabına texnika
alınaraq kommunal təsərrüfatına verilib. 2010-cu ildə
isə 4 ədəd kommunal təyinatlı yeni texnika
alınıb. Son illər İsmayıllıda istilik təchizatı
sisteminin bərpası, yenidən qurulması işi davam
etdirilib. Yeni tikilən, əsaslı təmir aparılan məktəblərdə,
təhsil və mədəniyyət şöbələrinin,
mərkəzi xəstəxananın yerləşdiyi binalarda, əlillər
və şəhid ailələri üçün tikilən
yaşayış evlərində və digər binalarda modul
tipli qazanxanalar quraşdırılıb.
Yola
salınan 2010-cu ildə əhalinin içməli su təchizatını
yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər
həyata keçirilib. Kənd bələdiyyələrinin vəsaiti
hesabına bir neçə kəndə içməli su xətləri
çəkilib, mövcud xətlərdə təmir işləri
aparılıb. "Milli Su Təchizatı və Kanalizasiya
Xidmətləri üzrə II layihə" çərçivəsində
Dünya Bankının vəsaiti hesabına
İsmayıllı şəhərinin, Mican və
İsmayıllı kəndlərinin su və kanalizasiya
sisteminin yenidən qurulması üçün layihələşdirmə
işi başa çatdırılıb. Yaponiyanın Azərbaycandakı
Səfirliyinin maliyyə dəstəyi ilə şəhərin
yeni yaşayış massivində 1, İsmayıllı kəndində
1 ədəd subartezian quyusu qazılaraq istifadəyə
verilib, 250-dən çox fərdi evə su çəkilib.
Daha sonra natiq təhsil sahəsində qazanılan uğurlardan
danışdı. Bildirdi ki, maarifçilik ənənələrinə
malik olan təhsilimiz aparılan islahatlar nəticəsində
bu gün beynəlxalq standartlara cavab verən bir səviyyəyə
yüksəlib.
Hazırda
İsmayıllıda 20 şagirdə 1 kompyuter
düşür. Rayonda "Xüsusi istedada malik
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı"nın (2006-2010-cu illər) yerinə yetirilməsi
istiqamətində məqsədyönlü iş
aparılıb, xeyli uğurlu nəticələr əldə
edilib. Mərkəzləşdirilmiş şəkildə Təhsil
Nazirliyi tərəfindən aparılan buraxılış
imtahanlarında XI sinif şagirdlərinin 83 faizi bütün fənlərdən
müsbət qiymət alaraq orta məktəbi bitirmək
haqqında attestat alıb. 264 nəfər məzun tələbə
adını qazanıb. Bunlardan 17 nəfəri 600-dən
yuxarı, 50 nəfər isə 500-600 arasında bal
toplayıb. 3 nəfər məzun qəbul
imtahanlarındakı yüksək nəticələrinə
görə Prezident təqaüdünə layiq
görülüb. "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqəsində
də məktəb və müəllimlərimiz uğurla
iştirak ediblər. 2010-cu ildə şəhər 5 saylı,
Mican, Cülyan və Təzəkənd tam orta məktəbləri
"İlin ən yaxşı məktəbi", Lahıc qəsəbə,
Cülyan və Qubaxəlilli kənd orta məktəblərinin
3 müəllimi isə "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olub. Rayonda gənclərin peşə
təhsilinə də xüsusi əhəmiyyət verilir. Belə
ki, 2010-cu ildə otelçilik və turizm istiqamətli 480
yerlik Peşə Tədris Mərkəzi tikilib başa
çatdırılıb. Səhiyyə barədə
danışan natiq göstərdi ki, islahatların
aparılması ilə əlaqədar 2010-cu ildə rayonda səhiyyənin
maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr
təminatı, xəstələrə yüksək səviyyəli
xidmət göstərilməsi üçün əlavə tədbirlər
həyata keçirilib.
2010-cu ildə
İsmayıllıda 1218 uşaq doğulub.Rayonda səhiyyə
xidmətini daha da yaxşılaşdırmaq üçün
il ərzində respublika və beynəlxalq səviyyəli tədbirlər
keçirilib, monitorinqlər aparılıb. Ötən il
respublika Səhiyyə Nazirliyi tərəfindən Mərkəzi
Xəstəxanaya "Medison" firmasının ultrasəs
müayinə aparatı və göz xəstəliklərini
müayinə etmək üçün aparat verilib. Doğum,
cərrahiyyə, yoluxucu xəstəliklər və poliklinika
şöbələrində geniş təmir və yenidənqurma
işləri aparılıb. Mərkəzi xəstəxananın
istilik sistemi yenidən qurulub. Lahıc qəsəbə,
İvanovka kənd xəstəxanaları, Tircan və
Topçu kənd həkim məntəqələri
üçün yeni binaların tikilməsi
planlaşdırılıb.
Mərkəzi
Xəstəxanaya verilən müasir reanimasiya və təcili
yardım maşınları İsmayıllı sakinlərinin
sosial həyatına, sağlamlığının
qorunmasına etibarlı təminat yaradıb. Məruzəçi
sevinc hissi ilə vurğuladı ki, 2011-ci ildə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
İsmayıllı "Sənətkarlar paytaxtı" elan
olunub. Bu o deməkdir ki, rayonda çoxsaylı respublika və
rayon səviyyəli tədbirlər keçiriləcəkdir.
Yenə İsmayıllıya uzaqdan, yaxından qonaqlar gələcəklər.
İcra
hakimiyyətinin başçısı
çıxışında rayon gənclərinin
uğurlarını sadalamağı da unutmadı. Xüsusi
qeyd etdi ki, gənclər siyasəti sahəsində
keçirilmiş tədbirlərdə rayon gənclərinin
böyük əksəriyyətinin iştirakı təmin
edilib. İsmayıllı Olimpiya-İdman Kompleksi gənclərin
idmana olan marağını, rayonun bu sahə üzrə
nailiyyətlərini son bir ildə xeyli artırıb. İdman
Kompleksi bir il müddətində özünün
ayrı-ayrı idman bölmələrini yaradıb. Hazırda
kompleksdə üzgüçülük, futbol, voleybol,
basketbol, böyük tennis, yüngül atletika, ağır
atletika, cüdo, sərbəst güləş, sambo, karate və
futzal idman növləri üzrə 500-dən yuxarı gənc
idmançı məşğul olur.
Burada bir
sıra respublika əhəmiyyətli yarışlar, təlim-məşq
toplantıları keçirilib.
Fəxr
olunmalı nəticələrdir, deyilmi. Bu hələ
harasıdır. İsmayıllıda belə uğurlar bir
deyil, beş deyil. Mən isə bu yazıda onların
kiçik bir hissəsini diqqətə çatdırıram.
Hesabat məruzəsi ətrafında çıxış edənlər
də ayrı-ayrı sahələrdə olan nəticələri
sadaladılar. İsmayıllının xoşbəxt bir sabaha
boylandığından ürəkdolusu söhbət
açdılar.
Yığıncağın
işində Prezident Administrasiyasının məsul
işçisi Niyaz Əliyev və Milli Məclisin
deputatları Ərəstun Cavadov və Novruzəli Aslanov
iştirak və çıxış etdilər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 26 fevral.- S. 6.