Suraxanı rayonu: ötən il qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilmişdir

 

Gündən-günə inkişaf edib güclənən, regionun və dünyanın enerji təhlükəsizliyində mühüm yer tutan Azərbaycanın inkişafının təməlində düşünülmüş, düzgün, elmi əsaslara söykənən strategiya dayanır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu strategiya ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, qüdrətli dövlətə çevrilməsində böyük rol oynamışdır və hazırda da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.

 

Son illər Azərbaycanda iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, infrastruktur layihələrinin gerçəkləşdirilməsi ilə bağlı mühüm tədbirlər reallaşdırılmışdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan 2010-cu ilin yekunlarına görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır və Dünya İqtisadi Forumunun hesablamalarına əsasən iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə MDB məkanında yenə də birinci yerdədir.

Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı danışılmışdır.

İclasda dövlət başçımız demişdir: "... 2009 və 2010-cu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaq və bu illər bizim üçün də sınaq olmuşdur. ...Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ÜDM 9,3 faiz, keçən il isə 5 faiz artmışdır. Bizim iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır..."

Transmilli layihələrin gerçəkləşməsində atılan uğurlu addımlar, əldə olunmuş nailiyyətlər Azərbaycanı həm siyasi, həm də iqtisadi cəhətdən gücləndirmiş, etibarlı tərəfdaş, dost ölkə kimi beynəlxalq imicini daha da artırmışdır.

Nazirlər Kabinetinin sözügedən iclasında 2010-cu ildə ölkəmizin sosial-iqtisadi sahələrində nəzərə çarpan digər göstəricilər barədə də ətraflı söhbət getmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında həmin məsələlərə toxunulmuş, bildirilmişdir ki, ölkə miqyasında həyata keçirilən abadlıq-quruculuq tədbirləri rayonun həyatına dinamiklik gətirmiş, bir sıra sosial problemlərin həllini reallaşdırmışdır.

Tədbirdən əvvəl rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri və qonaqlar ulu öndərimizin abidəsini ziyərət etmiş, önünə tər güllər qoymuşlar. Sonra isə Heydər Əliyev parkının "Gənclər bağçası"nda "leylandii" ağacları əkmiş, rayondakı müəssisələrin istehsalı olan məhsulların sərgisinə baxmışlar.

Rayon məktəblilərinin Xocalı faciəsini əks etdirən əl işlərindən ibarət sərgi də yığıncaq iştirakçılarının diqqətini çəkmiş, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunmuşdur.

İclasda geniş hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov göstərmişdir ki, rayonun sənaye müəssisələri 2010-cu il ərzində 142,8 milyon manatlıq iş yerinə yetirmiş və 2009-cu ilə nisbətən artım 5 faiz təşkil etmişdir. Bundan başqa, ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 2009-cu ilə nisbətən 14 faiz artaraq 68,6 faizə çatmış, bir işçinin orta aylıq əmək haqqı 2009-cu ilə nisbətən 19 faiz artaraq 408 manat olmuşdur. Müəssisələrdə və firmalarda 1088 nəfər yeni iş yerləri ilə təmin edilmişdir. Ümumiyyətlə, 2004-2010-cu illər ərzində rayonda 9944 yeni iş yeri açılmıçdır. Natiq bildirmişdir ki, nəqliyyat sektorundakı müəssisələr tərəfindən 10,9 milyon manatlıq xidmət göstərilmiş, artım 7,1 faiz təşkil etmişdir. Rayonun ticarət və xidmət obyektlərindən əhaliyə 355,5 milyon manatlıq və ya 2009-cu ilə nisbətən 94,1 faiz həcmində geniş çeşidli istehlak malları satılmış, əhaliyə göstərilən pullu xidmətlərin həcmində artım müşahidə olunmuşdur.

Məruzədə regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən rayonda görülən işlərdən də ətraflı bəhs edilmişdir. Göstərilmişdir ki, "Dədə Qorqud" adlandırılan yeni yaşayış sahəsinin yaxınlığında 70 min kubmetrlik su tutumlu "Hövsan" su anbarı kompleksində iki ədəd 10 min kubmetrlik su anbarının tikintisi başa çatdırılmış, Yeni Günəşli "V" yaşayış sahəsinin yaxınlığında 150 min kubmetrlik tutumlu "Günəşli" su anbarı kompleksinin ərazisi hasarlanmış, Hövsan qəsəbəsinin əhalisini içməli su ilə normal təmin etmək üçün 110 saylı su anbarından birbaşa Hövsan qəsəbəsinə 14 min metr su xətti çəkilmiş və qəsəbənin su təchizatı qismən yaxşılaşdırılmışdır. Bunlarla yanaşı, 114 saylı məktəbin həyətində yeni modul tipli istilik qazanxanası tikilmiş, məktəbin daxili istilik sistemi yenidən qurulmuş, uzun illər qəzalı vəziyyətdə olan kanalizasiya borusu dəyişdirilmiş, Hövsan qəsəbəsi, 126 saylı və Yeni Günəşli "Q" yaşayış sahəsində yerləşən 280 saylı uşaq bağçalarının daxili istilik sistemləri əsaslı təmir olunmuşdur.

İ.Abbasov onu da vurğulamışdır ki, ötən il ərzində Heydər Əliyev Fondu tərəfindən Yeni Günəşlidəki "D" yaşayış sahəsində "Oriqami" əlil uşaqların Reabilitasiya Mərkəzinin tikintisi başa çatdırılmış, "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"na uyğun Bülbülə gölünün səviyyəsinin aşağı salınması üçün kanalizasiya şəbəkəsinin qurulması işləri davam etdirilmişdir.

Rayonda "Ekologiya ili" çərçivəsində müxtəlif idarə və müəssisələrin iştirakı ilə bütün qəsəbələrdə 31 min, o cümlədən Heydər Əliyev prospektinin sağ tərəfindəki ərazidən köçürülmüş "Binə" ticarət mərkəzinin yerində 18,5 min müxtəlif növ ağac əkilmiş, ənənəvi olaraq hər ayın birinci şənbə günü isə Heydər Əliyev prospektinin Suraxanı rayonunun ərazisindən keçən hissəsində, habelə digər yerlərdə ümumrayon iməcilikləri keçirilmişdir. Neftlə çirklənmiş torpaqlarda aparılmış rekultivasiya işləri nəticəsində 9 hektara yaxın sahə təmizlənmiş, ümumi sahəsi 0,62 hektar olan 11 neft gölməçəsi qurudulmuş, Zığ qəsəbəsində nasosxananın tikintisi başa çatdırılmış, bununla da mədən ərazilərindən lay sularının yığılması və kollektora ötürülməsi təmin edilmişdir.

"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"na uyğun Heydər Əliyev prospektinin və Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun Suraxanı rayonunun ərazisindən keçən hissələrinin kənarlarının abadlaşdırılması, dekorativ səsqoruyucu divarlarının tikilməsi, yaşıllıq guşələrinin və parkların salınması işləri davam etdirilmişdir.

Heydər Əliyev prospektinin 4-cü kilometrində və Zığ qəsəbəsinin girişində saat-qülləsi tikilmiş, prospektin ətrafında alternativ yolların salınmasına və asfaltlanmasına başlanılmışdır. Hazırda Bülbülə qəsəbəsindən Heydər Əliyev prospektinə çıxışın asanlaşdırılması məqsədi ilə nəzərdə tutulmuş işlərin icrası davam etdirilir.

Alman faşizmi üzərində qələbənin 65 illiyi münasıbəti ilə Qaraçuxur qəsəbəsində "Vətən şəhidləri unudulmur" xatirə kompleksinin yerləşdiyi və Əmircan qəsəbə nümayəndəliyinin qarşısındakı parklar yenidən qurulmuş, qəsəbədə sahəsi 36 kvadratmetr olan "Veteranlar guşəsi" inşa edilmişdir.

Abadlıq-quruculuq işləri sırasına eyni zamanda Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 23 saylı binanın qarşısında əkiz qardaşlar Samir və Seymur Nuriyevlərin "Şəhid xatirə bulağı"nın yenidən qurulmasını, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində 6 şəhidin portretinin vurulduğu "Şəhid xatirə kompleksi" tikintisini və s. aid etmək olar.

İ.Abbasov demişdir ki, 2010-cu ildə RİH-in diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri də yaşayış binalarının təmiri, yenidən qurulması olmuşdur. Belə ki, RİH ilə ARDNŞ-in birgə tədbirlər planına əsasən şirkətin Sosial İnkişaf İdarəsinin balansında olan 24 yaşayış binasının dam örtüyü, eyvanları, girişləri və bəzi mənzilləri təmir edilmiş, 38 ədəd yaşayış binasının dam örtüyü dəyişdirilmiş, fasadları rənglənmiş, ümumilikdə 11 min kvadratmetr dam örtüyü təzələnmişdir. Bundan başqa, Əmircan qəsəbəsi, 10-cu dairənin ətrafında və Yeni Günəşli yaşayış sahəsi mərkəzi yolun kənarlarında olan qeyri-yaşayış obyektlərində abadlıq tədbirləri həyata keçirilmiş, 4850 kvadratmetr fasad alkopan və əhəng daşları ilə üzlənmiş, 3200 kvadratmetr divar emulsiya ilə rənglənmişdir.

Rayon ərazisində on məhəllədaxili həyət abadlaşdırılmış, bir idman meydançası, bir yeni park salınmış, bir vətəndaş mərasimləri binası tikilmiş, Əmircan qəsəbəsi, M.Əzizbəyov adına mədəniyyət evinin divarına şair Səməd Mənsurun xatirə lövhəsi vurulmuşdur. Azərbaycan Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar "Atəşgah" məbədinin yenidənqurulması, Heydər Əliyev prospektini "Atəşgah" məbədi ilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının təmir olunaraq rənglənməsi işləri davam etdirilmişdir.

Qəsəbələrdə qəza vəziyyətində olan qaz, elektrik və su xətlərinin dəyişdirilməsi, yeni xətlərin çəkilməsi davam etdirilmişdir. Başqa sözlə, 186,2 min metr qaz xətti çəkilmiş, 835 ədəd qaz sayğacı həyətdən kənara çıxarılmış, 1480 metr su borusu, siyirtmə və su nasosları, elektrik mühərriki dəyişdirilmişdir.

Hazırda rayonun bütün qəsəbələrində "Bakıelektrikşəbəkə" ASC-nin investisiya proqramına uyğun 0,4 kilovoltluq şəbəkənin yenidən qurulması işləri gedir. "Bağlar" massivi istisna olmaqla Hövsan qəsəbəsi tam şəkildə, "Neft" əraziləri istisna olmaqla Bülbülə və Əmircan qəsəbələrində yenidənqurma işləri 80 faiz yerinə yetirilmiş, Qaraçuxur və Zığ qəsəbələrində isə bu iş davam etdirilir. 24 ədəd 630 kVa-lıq, 1 ədəd 1000 kVa-lıq KTM quraşdırılmış, 32,5 min metr uzunluğunda elektrik kabeli çəkilmiş, 4732 ədəd SİP elektrik dirəyi basdırılmışdır. Bununla da demək olar ki, rayon sakinlərinin elektrik enerjisi sahəsində olan problemləri əsasən öz həllini tapmışdır.

Rayon icra hakimiyyətinin başçısı bildirmişdir ki, 2010-cu il ərzində enerji daşıyıcıları haqqının ödənilməsi səviyyəsinin artırılması məsələsi RİH-in nəzdində fəaliyyət göstərən qərargahın diqqət mərkəzində olmuş, görülmüş işlər nəticəsində sayğaclaşdırılmış elektrik enerjisi abonentlərinin sayı 94 faiz, yığım səviyyəsi 94 faiz, sayğaclaşdırılmış təbii qaz abonentlərinin sayı 97 faiz, yığım səviyyəsi 93 faiz, sayğaclaşdırılmış su abonentlərinin sayı 92,5 faiz, yığım səviyyəsi 45,5 faiz təşkil etmişdir.

Hər il olduğu kimi, rayonda əlamətdar tarixi günlər, rəsmi dövlət bayramları ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına uyğun ictimai-siyasi və mədəni-kütləvi tədbirlər keçirilir, elmi-praktiki konfranslar və dəyirmi masalar təşkil olunur, bayram süfrələri açılır, maddi yardımlar göstərilir. Sevindirici haldır ki, Suraxanıdakı Heydər Əliyev Mərkəzi iki ilə yaxın bir vaxt ərzində rayonun ideoloji mərkəzinə, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məkanına çevrilmişdir. Mərkəzin nəzdində 14 nəfərdən ibarət tədqiqat qrupu çalışır. Bu qrup mərkəzdəki eksponatların zənginləşdirilməsi istiqamətində işləyir. Multimedia studiyasında foto-video işi də öyrədilir. Rəsm studiyasında isə istedadlı uşaqlar üçün məşğələlər təşkil olunmuşdur. Elektron kitabxanadan bu günə qədər 8 min nəfərə yaxın şagird istifadə etmişdir. Burada, eyni zamanda icra hakimiyyətinin işçiləri və rayonun digər dövlət qulluqçuları üçün kompyuter məşğələləri təşkil olunur.

Ötən tədris ilində Suraxanı rayonunun təhsil işçiləri bir sıra nailiyyətlər qazanmışlar, "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinin yekunlarına əsasən, 114 saylı orta ümumtəhsil məktəbi qaliblər sırasında olmuşdur. 285 saylı məktəbdən İlhamə Abdullayeva, Yeganə Qiyasi və 290 saylı məktəbdən Ruhəngiz Məmmədova "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri arasında yer almışlar.

2009-2010-cu tədris ilində rayon ərazisində yerləşən 33 orta ümumtəhsil məktəbi və Xarici Dillər Təmayüllü Gimnaziyanı 2185 şagird bitirmiş, onlardan 870 nəfəri tələbə adını qazanmışdır. Abituriyentlərdən 6 nəfəri 650-dən çox bal toplamış, 2 nəfər 275 saylı məktəbin məzunu Səbuhi Əlihəsənli və 282 saylı məktəbin məzunu Nizami Əliyev Prezident təqaüdçüsü adına layiq görülmüşlər. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülmüş, rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 1282 nəfərdən 417-si işlə təmin olunmuş, 36 nəfərə işsizlik statusu verilmiş,38 nəfərə işsizlik müavinəti təyin edilmiş, 43 nəfər isə peşə hazırlığı kurslarına göndərilmişdir.

Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən il ərzində aztəminatlı ailələrə 3,6 milyon manat məbləğində sosial müavinət ödənilmiş, 5,164 milyon manat məbləğində ünvanlı sosial yardım ayrılmışdır.

Rayon icra hakimiyyətində vətəndaşların ərizə, təklif və şikayətlərinə baxılması prosesində qanunvericiliklə müəyyən edilmiş qaydalara ciddi diqqət yetirilmiş və qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görülmüşdür. Rayon icra hakimiyyətinin başçısı müvafiq qurumların rəhbərlərinin iştirakı ilə səyyar qəbul-görüşlərin keçirilməsinə xüsusi əhəmiyyət vermişdir. Həmin görüşlərdə səsləndirilən müraciətlərin böyük əksəriyyəti öz həllini tapmışdır.

İclasda xatırladılmışdır ki, 2010-cu ildə 2215 nəfər sakinin iştirakı ilə keçirilən 36 səyyar qəbul-görüşdə 257 məsələ qaldırılmış, onlardan 109-u müsbət həll edilmiş, 64-ü müvafiq proqramlara daxil olunmuş, 47-nə zəruri izahat verilmiş, 37-sinin isə həlli üçün aidiyyəti təşkilatlara göndərilmişdir.

İlqar Abbasov qeyd etmişdir ki, bu il yanvarın 27-də Prezident İlham Əliyevin tapşırığı əsasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirmişdir ki, neqativ hallar ölkədə reallaşdırılan quruculuq işlərinə, sosial-iqtisadi islahatlara kölgə salır, ölkəmizin nüfuzuna xələl gətirir. Belə hallara qarşı mübarizə gücləndirilməli, təsirli tədbirlər görülməlidir.

Natiq çıxışında vurğulamışdır ki, bundan sonra da rayonda vətəndaşların haqlı tələblərinə həssaslıqla yanaşılacaq, laqeydlik hallarına qarşı qətiyyətli addımlar atılacaq, ciddi tədbirlər görüləcəkdir.

İ.Abbasov çıxışında həmçinin bildirmişdir ki, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illərə dair fəaliyyət planı"nın icrası məqsədi ilə ənənəvi olaraq RİH-in akt zalında rayonda fəaliyyət göstərən büdcə təşkilatlarının, müvafiq qurumlarda çalışan dövlət qulluqçularının, yerli özünüidarəetmə və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə seminar-treninq keçirilmişdir.

Fəaliyyət planına uyğun belə tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulmuşdur.

İclasda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Ağacan Abiyev və Sevinc Fətəliyeva iştirak etmişlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 26 fevral.- S. 5.