Ermənistanın
etnik təmizləmə, soyqırımı və
işğalçılıq siyasətinin nəticələri
Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Heydər ƏLİYEV,
ümummilli lider
Tarixi
faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə
malik olan Azərbaycanın Qarabağ bölgəsinin
dağlıq hissəsinə İrandan və Türkiyədən
çoxlu sayda erməni əhalisinin köçürülməsinə
XIX əsrin əvvəllərində
başlanmışdır. Çar Rusiyasının
müstəmləkəçilik siyasətinin tərkib hissəsi
olan bu köçürülmə prosesi bütün XIX əsr
boyunca davam etdirilmiş və nəticədə regionda
demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin
bu bölgədə süni surətdə
çoxaldılması onların XX əsrin əvvəllərindən
başlayaraq Azərbaycana qarşı ərazi
iddialarının baş qaldırmasına səbəb
olmuşdur.
"Böyük
Ermənistan" ideyası ilə yaşayan ermənilər
öz məqsədlərinə çatmaq üçün
xarici himayədarlarının köməyi ilə müxtəlif
vaxtlarda azərbaycanlılara və türklərə
qarşı dəhşətli terror və soyqırımı
həyata keçirməklə etnik təmizləmə siyasəti
aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində
erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə,
soyqırımı və təcavüzkar siyasətinə məruz
qalaraq, öz tarixi torpaqlarından didərgin
salınmış, qaçqın və məcburi
köçkünə çevrilmişlər.
Sovet
dövründə Azərbaycanın Qarabağ bölgəsinin
dağlıq hissəsində yaşayan erməni icması
bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri
əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan
öz ərazi iddialarını bir neçə dəfə
ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.
Lakin,
bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ
Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçu və
digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi
haqqında" qərarına əsasən 1948-53-cü illərdə
azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə
də İrəvan və onun ətraf rayonlarından kütləvi
şəkildə deportasiya olunması nəticəsində 150
minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın
aran rayonlarına köçürülmüşdür.
XX əsrin
80-ci illərinin ikinci yarısında ermənilər özlərinin
yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi
ilə "Böyük Ermənistan" ideyasını həyata
keçirmək üçün aşkarlıq və
demokratiyadan istifadə edərək yenidən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinə ərazi
iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində
Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə
Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin
zəruriliyinə nail olmaq ideyasını süni surətdə
qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq
üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını
soyqırımı və təcavüzə məruz qoyub didərgin
salmış, eləcə də Ermənistandan 250 min azərbaycanlını
tarixən yaşadığı torpaqlardan zorakılıqla
deportasiya etmişdir.
Belə
ki, 1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin
himayədarlığı sayəsində Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinə dair ərazi
iddiasında olan Ermənistan parlamentinin gizli göstərişinə
əsasən, iki həftə ərzində, 1988-ci il
noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində
azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94
qarışıq (ermənilərlə) yaşayış məskənləri
boşaldılmış, nəticədə 200 mindən
artıq azərbaycanlı əhali Azərbaycana qovulmuşdur.
Nəticədə,
Ermənistanı azərbaycanlılardan təmizləmək
aksiyası həyata keçirilərək, 216 azərbaycanlı
vəhşicəsinə qətlə yetirilmiş, minlərlə
qadın, uşaq və qoca xəsarət almış, on minlərlə
ailənin əmlakı qarət olunmuşdur.
Mono-etnik
dövlət yaratmağa nail olan Ermənistan silahlı
qüvvələri ona himayədarlıq edən dövlətlərin
köməyindən istifadə edərək, Dağlıq
Qarabağ bölgəsinin (4,4 min kv.m) hüdudlarından kənarda
yerləşən və onun ərazisindən 4 dəfə
böyük olan Laçın, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini
işğal etdilər. Bütün bu ərazilər ermənilər
tərəfindən etnik təmizləməyə məruz
qalmışdır. Belə ki, Ermənistanın ərazi
iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik
erməni icmasının öz müqəddəratını
təyin etmək cəhdi kimi qələmə verildiyi bu proses
Azərbaycanın işğal olunmuş ərazilərindən
1 milyondan çox əhalinin (ümumi əhalinin 15%-i) öz
torpağında qaçqın vəziyyətinə
düşməsinə gətirib çıxartdı.
Hazırda
Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan
silahlı qüvvələrinin işğalı
altındadır. İşğal nəticəsində 900-ə
yaxın yaşayış məntəqəsi, 22 muzey və 4
rəsm qalereyası, tarixi əhəmiyəti olan 9 saray, nadir
tarixi əhəmiyyətli 40 min muzey sərvəti və
eksponatı, 44 məbəd və 9 məscid
dağıdılmış, talan edilmiş və
yandırılmışdır. Bundan əlavə, 927
kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi-əlyazmalar məhv
edilmişdir. Hərbi təcavüz respublikanın 17 min
kvadratmetr ən məhsuldar torpaqlarının
işğalına, 7 min sənaye və kənd təsərrüfatı
obyektinin, 700 təhsil, 665 səhiyyə ocağının, 800
kilometr avtomobil yolunun, 160 körpünün, 23 min kilometr su və
15 min kilometr elektrik xəttinin dağıdılmasına səbəb
olmuşdur.
Sonadək
dəqiqləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji
zərbələrdən əlavə, Azərbaycan
iqtisadiyyatına təxminən 60 milyard ABŞ dollarından
çox ziyan dəymişdir.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çox yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri bu qanlı faciə bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Planlı şəkildə həyata keçirilən həmin soyqırımın məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskənini yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə malik olan ərazilərdən biri kimi tarixi və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 0,94 kv. m.) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Belə ki, burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni-rus birləşmiş silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə qırarkən soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.
Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi. Çünki Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi.Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalı mühasirəyə alınmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya elektrik enerjisi də kəsilmişdi.
Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni, 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən atılan raket atəşi nəticəsində partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə, Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər.
Belə ki, Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.
Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı Moskvanın hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.
Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qarşısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəticədə, ermənilər Azərbaycan hökuməti tərəfindən nəzarət olunmayan vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.
1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq ictimai-siyasi vəziyyət böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi.1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əskəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.
1991-ci ilin oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır. 1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Belə ki, fevral ayının birinci ongünlüyündə Şuşanın Malıbəyli və Quşçular, eləcə də Dağlıq Qarabağdan kənarda yerləşən Kəlbəcərin Ağdaban kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 100-dən çox azərbaycanlı öldürülmüş, 140-dan çoxu yaralanmış və əsir götürülmüşdür. Bu qanlı hadisələr Xankəndində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı və 81-ci alayının iştirakı ilə həyata keçirilmişdi.
Fevralın 13-dən 17-dək isə, ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində 92 nəfər müdafiəçi və 54 nəfər sakin öldürülərək silos quyusuna atılmış, 117 nəfər kənd əhalisi (uşaq, qadın, qoca, cavan) girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 1991-ci il iyunun 28-də ermənilər həmin kəndin Vərəndəli fermasında 6 nəfəri yandırmışdılar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi.
Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Qüvvələr nisbəti qeyri-bərabər olan döyüşlərdən sonra Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Bunun özü də o dövrdə müdafiə qabiliyyəti zəif olan bir şəhəri müdafiə edən insanların göstərdiyi ən böyük qəhrəmanlıq nümunəsi idi. Xocalıya hücum zamanı mühasirədə qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək göstərilməməsi səbəbindən həmin əhalinin, demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmedi.
İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.
Hətta, Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer almışdır. Belə ki, "İzvestiya" qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbiçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapmışdı. Mayor Leonid Kravets: Mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. "Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü". Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla subut edən Rusiyanın "Memorial" Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta, diri adamın başının dərisinin soyulması faktı da qeydə alınmışdır. Bununla yanaşı erməni-rus birləşmiş silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində də öz əksini tapmışdır.
Ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan "Valer aktuel" jurnalı 14 mart 1992-ci il sayında hadisə haqqında məlumat verərək yazırdı: "Bu "muxtar regionda" erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər". Bundan əlavə, Fransanın "Le Mond" qəzeti 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında yazıb: "Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, reallıqdır".
Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin "The Times" qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: "Erməni əsgərləri yüzlərlə ailəni qırıb-çatıblar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular". Dediyinə görə, əri, qaynı və oğlu qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür.
Bundan əlavə, İngiltərənin "Faynenşl Tayms" qəzeti 1992-ci il 14 mart tarixli sayında rus ordusunun tərkibində ermənilərin olması haqqında yazırdı: "General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır".
Lakin, 1992-ci il martın 2-də Xocalı soyqırımında izləri itirmək üçün ruslara məxsus olan 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüş, martın 10-da isə marşal Şapoşnikovun əmri ilə həmin alay ləğv edilərək tərkibi başqa alaylara paylanmışdır.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni-şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir".
Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı - uşaqların gözü ilə" rəsm müsabiqəsinin, əl işlərinin və fotoşəkillərin dünyanın aparıcı ölkərində keçirilən sərgisi dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır.
Bundan əlavə, 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə həmin il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirilmişdir. Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Xocalı - uşaqların gözü ilə" adlı sərgi nümayiş etdirilmiş, eləcə də erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə dünyanın 100-dən çox nöqtəsində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən İslam Konfransı Təşkilatının (İKT) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində uğurla davam edir.
2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası təsis edilmiş, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Artıq Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir.
2010-cu il yanvarın 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə "İKGF ilə İKT Pİ arasında əməkdaşlıq haqqında" qətnamə imzalanmışdır. "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilmişdir. Qətnamədə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "insanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir.
Bu, uğurlu kampaniya başlanandan az sonra İKT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunmasıdır. 2009-cu ilin iyulunda isə İKT Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.
Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, artıq Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümü Moskvada, Almaniyada, ABŞ-da, Türkiyədə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Küveyt və dünyanın bir çox ölkələrində qeyd olunmuşdur. 2005, 2006, 2007-ci ilin fevralında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur. 2011-ci ildə Xocalı soyqırımının 19-cu ildönümü ABŞ Konqresinin Nümayəndələr Palatasında anılmışdır. Bu il fevralın 19-dan 26-dək isə Türkiyənin ayrı-ayrı şəhərlərində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri və aksiyaları keçiriləcəkdir. Dünyanın bir sıra şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almaqdadır.
Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı Beynəlxalq Məhkəmədə iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Münaqişənin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulamışdır.
Dövlət başçısı İlham Əliyev 2011-ci il fevralın 10-da Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında Xocalı soyqırımının XX əsrin ən böyük cinayətlərindən biri olduğunu bildirərək demişdir: "Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir. Amma yenə də deyirəm, hələ ki, dünyada ikili standartlar siyasəti mövcuddur, erməni lobbisi, dünya erməniliyi və onların havadarları çalışırlar ki, erməniləri bu vəziyyətdən çıxarsınlar. Biz isə bundan sonra da çalışacağıq ki, bütün dünya Xocalı haqqında bilsin. Bizim indi imkanlarımız da artır, o cümlədən təbliğat imkanlarımız genişlənir. Biz istənilən ölkədə diaspor təşkilatlarımızın xətti ilə, dövlət xətti ilə istənilən tədbiri, konfransı keçirə bilərik. Bunu edirik və bu həqiqətləri bütün dünyaya çatdırırıq. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir".
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyası
beynəlxalq münasibətlər və
xarici siyasət
kafedrasının dosenti, siyasi elmlər
üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2011.- 26 fevral.- S. 4.