Gələcək
nəsillər bu faciəni
unutmamalıdır
Bakı
şəhərindəki Əsəd Ələsgərov
adına 244 saylı orta məktəbdə keçirilən tədbirdə
Xocalı faciəsinin qurbanları anıldı.
"Biz
Xocalıda baş verənləri unutmamalıyıq. Xalqımıza
qarşı erməni cəlladlarının törətdikləri
bu qətliam gələcək nəsil üçün ibrət
dərsi olmalıdır". Bu sözləri Bakı şəhəri
244 saylı məktəbdə Xocalı
soyqırımının 19-cu ildönümünə həsr
olunan tədbirdə direktor Yəhya Abbasov dedi. O bildirdi ki, bu
günlər Azərbaycanın bütün regionlarında,
şəhər və kəndlərimizdə Xocalı
soyqırımına həsr olunan tədbirlər
keçirilir, bu dəhşətli qətliamın
qurbanlarının xatirəsi anılır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
apardığı uğurlu xarici siyasət dünyanın əksər
ölkəsinə Azərbaycanın haqq səsini çatdırmağa
imkan yaradıb. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da bu
istiqamətdə çox uğurlu tədbirlər həyata
keçirir.
Bu
günlərdə təhsil naziri Misir Mərdanov Xocalı
soyqırımının ildönümünü münasibətilə
Azərbaycanın bütün təhsil ocaqlarında xüsusi
tədbirlərin keçirilməsi ilə bağlı əmr
imzalamışdır. Bizim məktəbin kollektivi hər il
Xocalı qətliamı ilə bağlı tədbir
keçirir. İstəyirik ki, siz, əziz məktəblilər
bu hadisələrin mahiyyətini dərk edəsiniz, ermənilərin
əsl iç üzünü tanıyasınız. Biləsiniz
ki, erməni qəsbkarları Xocalıda silahsız
insanların, körpələrin, qadınların
başına necə müsibətlər açmışlar.
Bu görünməmiş soyqırım aktı
xalqımıza qarşı törədilmiş amansız qətliamdır.
O gecə baş verənləri unutmağa heç bir azərbaycanlının
haqqı yoxdur. Gələcək nəsillərə bu faciə
çatdırılmalıdır ki, xalqımızın qan
yaddaşında əbədi yaşasın.
Tədbirin təşkilatçısı, məktəbin tərbiyə işləri üzrə direktor müavini Ləman Sadıqova mərasimi davam etdirərək Xocalı faciəsi haqqında danışdı, bildirdi ki, bu qətliam xalqımıza qarşı ermənilərin ilk təcavüzü deyil. Dəfələrlə xalqımız erməni cəlladlarının təcavüzünə məruz qalmışdır. Xocalı faciəsi isə əsl soyqırımdır.
Sonra tədbirin aparıcıları səhnəyə gəldilər. Məktəblilər - İlqar və Roza Xocalı haqqında, burada baş vermiş qanlı erməni cinayəti haqqında danışdılar. Dedilər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağın dilbər guşəsi olan Xocalının günahsız sakinləri ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu gecənin dəhşətli ağrılarını yaşayan, həmin faciənin canlı şahidi olan insanları dinləyəndə adam dəhşətə gəlir. Bu, bəşər tarixində analoqu olmayan, insanlığa qarşı yönəlmiş ən qəddar qətliamdır.
Sonra "Xocalı qan yaddaşımızdır" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. "Xocalı - yurdum mənim" şeiri şagirdlərin ifasında səsləndi. 7-ci sinif şagirdi Cavid Novruzovun öz gitarası ilə oxuduğu "İgid əsgər", "Cənab leytenant" mahnıları da tədbirə qəmli bir ovqat bəxş etdi.
"Meşə harayı" adlı kompozisiyanı isə 2-5 və 8-ci siniflərin şagirdləri təqdim etdilər. Burada valideynlərini itirmiş uşağın və övladını itirmiş ananın ah-naləsi əks olunurdu.
Sonra isə slaydlar vasitəsilə o dəhşətli gecə bir daha xatırlandı. O gecənin musibətlərini kameranın yaddaşına köçürmüş Milli Qəhrəman Çingiz Mustafayev haqqında hazırlanmış kompozisiya daha təsirli idi.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 26 fevral.- S. 7.