Balanslaşdırıcı xarici
siyasət yeridən Azərbaycan həm Qərblə, həm də
Şərqlə uğurlu əməkdaşlıq edir
Azərbaycan bütün beynəlxalq
təşkilatlarda Fələstini dəstəkləyir.
İslam Konfransı Təşkilatında, Birləşmiş
Millətlər Təşkilatı çərçivəsində
aparılan bütün müzakirələr zamanı Azərbaycan
Fələstinin yanındadır və bundan sonra da belə
olacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 28 iyun 2011-ci il
Arzu edirik ki, Dağlıq
Qarabağ problemi, qaçqınlar problemi həll olunsun. Biz
beynəlxalq qanunlardan artıq heç nə tələb
etmirik. Bizim mövqelərimiz müştərəkdir. Arzu
edirik ki, onlar həll olunsun. Arzu edirik ki, sülh bu torpaqlarda bərqərar
olsun.
Mahmud ABBAS,
Fələstin Prezidenti
Bakı, 28 iyun 2011-ci il
Təkcə
iyun ayında Azərbaycanın qəbul etdiyi rəsmi
qonaqların təmsil olunduğu ölkələrin
siyahısına və dövlət rəsmilərimizin səfər
etdiyi ölkələrin xəritəsinə nəzər
salanda bu yazının sərlövhəsinə
çıxartdığımız ifadənin təsdiqini
görürük. Azərbaycan bu gün həqiqi mənada həm
Avropa ilə, həm də Asiya ilə, həm Şərqlə,
həm də Qərblə mehribancasına, sədaqətlə,
qarşılıqlı, səmərəli şəkildə əməkdaşlıq
edir.
Rəsmi
Bakının dostluq və tərəfdaşlıq etdiyi
ölkələr arasında dünyanın bütün
qütblərinin təmsilçiləri vardır. Təsadüfi
deyil ki, dünyanın bütün beynəlxalq təşkilatlarında
Azərbaycanın bu mövqeyi təqdir olunur və dəstəklənir.
Hətta, ulu öndər Heydər Əliyev bir zaman söyləmişdi
ki, Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş əraziləri işğaldan azad
edildikdən sonra bizim dünyada əməkdaşlıq və
dostluq etmədiyimiz ölkə qalmayacaq. Yəni, müsəlman
Şərqinin ilk demokratik respublikasının ənənələrini
yaşadan, həmin prinsipləri davam etdirən Azərbaycanın
ən böyük uğurlarından biri də sülhsevərlik
və tolerantlıqdır.
Diqqət
yetirin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
bir həftənin içərisində bütün
Avropanı idarə edən siyasi və iqtisadi təşkilatların
hamısının rəhbərləri ilə
görüşür, qarşılıqlı maraq doğuran
məsələlər müzakirə edilir və ertəsi
günü dünyanın ən qüdrətli dövlətlərindən
birinin - Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti
ilə Kazan şəhərində ölkəmizin ən
ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün
danışıqlar aparılır. Yəni dövlət
başçımız özünün qitə və
dünya miqyaslı təmaslarından dərhal sonra Bakıda
Fələstin dövlətinin başçısını qəbul
edir. Ekspertlərin fikrincə, bu adi təsadüf deyil. Bu, Azərbaycan
dövlətinin müstəqil siyasət yeritmək ənənəsinin
təzahürüdür. Rəsmi Bakı bu addımla
sübut edir ki, biz öz dövlət maraqlarımız
baxımından dünyanın bütün ölkələri
ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın
konturlarını məhz özümüz müəyyən
edir və reallaşdırırıq.
Cənab
Mahmud Abbasın Azərbaycan səfəri bir neçə cəhətdən
əlamətdar idi. O, Bakıya səfər edən ilk Fələstin
Prezidenti idi. Dünya ictimaiyyəti Fələstin probleminin həllində
Mahmud Abbasın siyasi qətiyyətinə böyük
ümidlər bəsləyir və Fələstin xalqı onun
rəhbərliyi dövründə müəyyən
uğurların əldə ediləcəyinə inanır.
Mahmud Abbas eyni zamanda Vaşinqtonda, Moskvada, eləcə də
bütövlükdə Avropada qəbul edilən siyasətçidir.
Bu gün regionda söz sahibinə çevrilən Azərbaycan
Respublikası Mahmud Abbası ən ali səviyyədə qəbul
etməklə on illərdən bəri uzanan Fələstin
probleminin həllinə öz töhfəsini vermiş olur. Rəsmi
Bakı bu addımlarla dünyanın diqqətini bir daha həll
edilməmiş qalan münaqişələrin taleyinə
yönəltmiş olur. Prezident İlham Əliyevlə
Prezident Mahmud Abbasın görüşlərində,
müzakirələrdə və mətbuata bəyanatla
çıxışlarında bu məqamlar bir daha öz əksini
tapdı.
Əslində
Azərbaycan-Fələstin münasibətlərinin hansı səviyyədə
olduğunu ən dəqiq şəkildə ifadə edən
fikirlər də məhz dövlət
başçılarının bəyanatlarında səsləndirildi.
Prezident İlham Əliyev öz bəyanatında söylədi:
"Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir.
Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir.
Bir neçə ay bundan əvvəl Fələstin dövlətinin
Azərbaycandakı səfirliyi öz işinə
başlamışdır. Bu da çox mühüm hadisədir.
Əminəm ki, səfirliyin fəaliyyəti nəticəsində
ikitərəfli əlaqələrimizin inkişafı
üçün yeni imkanlar müəyyən ediləcəkdir.
Biz çox istəyirik ki, iqtisadi sahədə də
yaxşı əməkdaşlıq edək və əminəm
ki, səfər zamanı bu məsələlər də nəzərdən
keçiriləcəkdir". Cənab Mahmud Abbas Azərbaycan
xalqının və dövlətinin siyasi idarəçilik
baxımından böyük təcrübəyə malik
olduğunu böyük səmimiyyətlə, dostcasına
etiraf etdi: "Biz Azərbaycan Respublikasına fəxrlə
baxırıq. Bilirik ki, 1918-ci ildə ilk demokratik respublika
burada qurulmuşdur. Bu, o deməkdir ki, siz demokratiya yolunda
yaşlılardan hesab olunursunuz, siz başqalarına demokratiya
öyrədirsiniz. Bu, böyük işdir. Eyni zamanda bilirik
ki, 1918-ci ildən etibarən Azərbaycan qadını səsvermə
hüququna malikdir. Siz demokratiya yolu ilə irəliləyirsiniz".
Dövlət
başçıları öz bəyanatlarında bir məqamı
da yada saldılar ki, həm Fələstinin, həm də Azərbayanın
on illərdən bəri həllini gözləyən problemləri
vardır. Çox təəssüf ki, dünya ictimaiyyəti
həmin problemlərin həlli yollarını tapa bilmir.
Münaqişələr məsələsinə toxunan
Prezident İlham Əliyev dövlətimizin siyasi mövqeyini
ortaya qoyaraq dedi: "Biz hesab edirik ki, tezliklə müstəqil,
suveren Fələstin Dövləti yaradılmalıdır və
onun paytaxtı Şərqi Qüds şəhəri
olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq
təşkilatlarda biz bu mövqeyi müdafiə edirik,
müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq
borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq
hüquq normaları əsasında formalaşır". Fələstin
Dövlətinin Prezidenti Mahmud Abbas isə Azərbaycanın cəlb
edildiyi münaqişəyə münasibət bildirərək
öz dövlətinin mövqeyini dilə gətirdi:
"Burada müştərək problemlər vardır. Sizdə
də, bizdə də. Sizin də torpaqlarınız
işğal altındadır. Sizdə də, bizdə də
qaçqınlar vardır. Sizin haqqınızda BMT-nin məlum
dörd qətnaməsi vardır... Bizim haqqımızda isə
BMT-nin 15 və daha artıq qərarı vardır. Bu qətnamələr
də sülhə çağırır. Amma biz səbir
edirik ki, bu problemlərə sülh vasitəsiylə son
qoyulsun".
Bir
sözlə, Fələstin dövlətinin
başçısı Mahmud Abbasın Azərbaycana ilk rəsmi
səfəri rəsmi Bakının Avrasiyada geniş əməkdaşlıq
etdiyi ünvanların sırasını artırmış
oldu. Azərbaycan öz dövlət müstəqilliyinin 20
illiyi ərəfəsində beynəlxalq aləmlə əməkdaşlığını
daha səmərəli və daha perspektivli məcralarda
genişləndirmək ənənəsini davam etdirir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 1 iyul.- S. 1.