Qanunçuluğa
xidmət demokratiyaya xidmətdir
Elə bir ictimai quruluş olmayıb ki, orada ictimai qaydaların pozulması qeydə alınmasın və onunla "mübarizə" qanunauyğun həyata keçirilməsin. Bir az obrazlı ifadə etsək cəmiyyətdə xətalar, əməllər qanuni və ya qeyri-qanuni olduğuna görə, xəta və ya ictimai təhlükəli əməllər dərəcəsinə görə inzibati, cinayət məsuliyyəti yarada bilər.
Qanunçuluğun mahiyyəti, onun hamı tərəfindən dürüst yerinə yetirilməsindən və ona inanmaqdan ibarətdir. İnsanların rifahı və həyat səviyyəsi qanunların demokratikliyindən, onun hamı tərəfindən qəbul edilməsindən çox asılıdır. Bu mənada insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, müdafiəsi, habelə dövlətin öz vətəndaşlarının həyat səviyyəsinin və rifahının yüksəldilməsinə xidməti onun konstitusion vəzifəsi kimi əsas qanunda vurğulanır.
Azərbaycanda qəbul edilən qanunlar mahiyyət etibarilə dövlətin inandırma metodu vasitəsilə cəmiyyətə çatdırılır. Dövlətin qanunları legitim cəmiyyətə xas cəhət kimi hüquq qaydalarının xidmət orqanlarının vasitəsilə qorunması daxili siyasətin mühüm istiqaməti kimi nəzarətdədir. Qanuna əməl etməməklə hüquq qaydalarının pozulmasına şərait yaranır. Nəticədə dövlətin adekvat reaksiyasına ehtiyac duyulur. Vətəndaş qarşıdurması, dövlətin səlahiyyətli nümayəndələrinin qanuni tələblərinə tabe olmama faktları qanunun əli ilə təqib olunur. Sabitliyin rəhni, onun qorunması və davamlılığı bilavasitə qanunların işlək əli, habelə polisin narahat xidmətinin həyata keçirilməsi ilə təmin edilir. Amma bəzən bu xidmət sahəsinin əməkdaşlarına "arzuolunmaz" damğasının vurulması təəssüf doğurur.
Cəmiyyət gövdəsi möhkəm, kökü dərinə getmiş dövlətə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı olan vətəndaşlardan ibarətdir. Hamının eyni fikir və düşüncəyə, habelə sözə malik olması, vahid ideyaya söykənməsi mümkün deyil və belə olardısa, həyat da maraqsız olardı. Bu baxımdan müəyyən qrup insanların etirazları azad vətəndaş cəmiyyətinin kriteriyalarına zidd deyil və təbii qarşılanır, siyasi tolerantlıq nümayiş etdirilir. Güman edirəm ki, Azərbaycan Prezidenti ölkədə rüşvətxorluq və korrupsiya ilə mübarizədə vətəndaşların iştirakının vacibliyinə önəm verdikdən, bu istiqamətdə olan mübarizədə vətəndaşları fəal olmağa çağırdıqdan sonra bu çağırışdan sui-istifadə edib ictimai asayişi pozmağa cəhd halları baş qaldırdı. Və belə sui-istifadələrin qarşısı hər bir vəchlə alındı. Məqsəd xaos yaratmağa imkan verməməkdən,demokratik quruculuğu sürdürməkdən ibarətdir.
Gəlin, 2010-cu il ərzində Azərbaycan polisinin fəaliyyətinə nəzər salaq:
Daxili işlər orqanları tərəfindən 2010-cu ildə qeydə alınmış cinayətlərin 86,6 faiz, onlardan: şəxsiyyət əleyhinə olan cinayətlərin 97,7 faiz, qəsdən adam öldürmələrin 94,3 faiz, qəsdən sağlamlığa az ağır zərər vurmaların 94,2 faiz, narkotik vasitələrlə bağlı cinayətlərin 92,4 faiz, insan alveri ilə bağlı cinayətlərin 91,4 faiz, soyğunçuluq hallarının 72,4 faiz açılması təmin edilmişdir. Hesabat dövründə daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 659 kiloqramdan artıq narkotik vasitə götürülmüş, 94 kiloqramdan artıq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2602 nəfərdən 2397-si (92,1 faiz) əmək qabiliyyətli işləməyən və oxumayan, 578-si (22,2 faiz) əvvəllər cinayət törətmiş şəxs, 60-ı (2,3 faiz)qadın, 2-si (0,1 faiz) yetkinlik yaşına çatmayanlar olmuşdur.
Təhlildən belə bir nəticəyə gəlmək olar ki, ölkədə insanların davranış qaydalarını tənzimləyən normalara uyğun tədbirlərin həyata keçirilməsi davam edir. Fərdlərin davranışı cəmiyyətə zidd olduqda hüquq normaları işə düşür və hər bir kəs qanuna zidd əməlinə görə hüquqi qiymətini alır.
Qanunçuluq və hüquq qaydaları bir-biri ilə sıx surətdə bağlıdır. Bununla da qanunçuluq və hüquqi qayda tamlığını qorumuş olur. Cəmiyyətin legitimliyi - qanunauyğunluğu və yaxud azad olması hüquq qaydalarının hansı səviyyədə mühafizə olunmasından asılıdır. Cəmiyyətin xarakteristikası da qeyd olunan amillə ölçülür. Müasir cəmiyyətimizdə qanunlarla ehtiyatlı davranan və qanunlara hörmətsizlik edən vətəndaşlar da var və olacaq. Belələri bəzən gec də olsa "əməlinin" bəhrəsini pozitiv və neqativ mənada görürlər.
İnsan yer üzünün əşrəfi, zinəti kimi düşünən, yaradıcı, mədəni, bir az da emosional varlıqdır. İnsanı digər canlılardan fərqləndirən cəhətlərdən biri də onun xeyirxah işlərə mükəlləf olmasından ibarətdir. İnsan həm də pisi-yaxşıdan, xeyiri-şərdən ayıra bilən sosial varlıqdır. Bəzən də düşünən, xeyirxah varlıq ictimai marağa neqativ maraq göstərmək, ictimai asayişi pozmaq yolunu seçməklə haqq yolundan azmış olur.
İnsanı şəxsiyyət kimi digər canlılardan fərqləndirən mühüm əlamətlərdən biri də onun daxili dünyasıdır. Sosial şəraitin təsiri altında formalaşan bu aləm insanlara təsir etmək vasitəsilə konkret halda onun davranışını müəyyən edir. Müəyyən qrup insanların iradəsini cilovlaya bilməyib komformizm ("hamı və bir qrup belə edir") prinsipinə uyğun hərəkət etməsi polisin xidmətinə, daha doğrusu qanunların tələbinə uyğun olmadığından süni şəkildə qarşıdurmalara imkan yaradılır. Belə hallarda polisin bəzən şəraitə uyğun sərt reaksiyası vacib olur. Beynəlxalq normalar da şəraitə uyğun olaraq polisin ətrafa minimum zərərlə başa gələn xidmətin həyata keçirilməsini rəva görür.
XIII əsrin fransız mütəfəkkiri K.A.Halvetsi "İnsan haqqında" əsərində yazır: "İnsan haqqında elm ucsuz-bucaqsız, bütövlükdə onun öyrənilməsi isə uzun və çətin prosesdir. O, müxtəlif rəsmlərin seyr edilməsi üçün sərgiyə qoyulmuş bir modeldir. Hərə onun bir cəhətinə baxır. Lakin hələ heç kəs onu bütövlükdə əhatə edə və öyrənə bilməmişdir."Bu mənada insanın görünməyən tərəfləri də vardır ki, onu görə və oxuya bilmirik.
Vətəndaş cəmiyyətinin və hüquqi dövlətin özünə xas olan cəhətlərindən biri əməlin yox, ilk öncə şüurun səmərəliləşdirilməsinə nail olmaqdan ibarətdir. Belə olmayanda - yəni biz şüurda dəyişiklik etməyi bacarmayanda özbaşınalıqlar və qayda pozğunluqları üçün şərait yaranır. Ona görə də, dövlət meydana gələrkən özbaşınalıqların və cəmiyyətə zidd əməllərin qarşısına sədd çəkmək üçün hüququn da yaranması zərurətə çevrilmişdir. O, cəmiyyətdə sabitliyə, harmoniyaya, əmniyyətə və qaydaları qorumağa xidmət etmək və ona əməl edilməsi üçün yarandı.
Gecələr əgər mənzilimizdə rahat istirahət edə, gündüzlər təhlükəsiz olaraq şəhərdə gəzə biliriksə, bu hüququn və normaların gücündə, qaydaların pozulması hallarına qarşı həssas, ayıq və qətiyyətli mübarizə aparan, təhlükəsizliyimizi qoruyan milli təhlükəsizlik və daxili işlər orqanlarının gücü ilə əldə edilir. Bunu şükranlıqla xatırlamalıyıq. Bu xidmət sahiblərinə dəstək ola bilmiriksə, barı mane olub onların işinə heç olmasa kölgə salmayaq. Yenə gəlin statistik rəqəmlərə nəzər salaq:
2010-cu il ərzində axtarışda olan təqsirləndirilən şəxslərin 2322-si (63,4 faiz), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 301 nəfər (8,2 faiz) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarış elan olunmuş 926 şəxsdən 665-nin (71, faiz) yeri müəyyən edilmişdir.
2010-cu il ərzində 14232 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 11873-ü (83,4 faiz) işləməyən və oxumayan, 1641-i (11,5 faiz) əvvəllər məhkum edilmiş və 343-ü (2,4 faiz) yetkinlik yaşına çatmayanlar olmuşdur.
Göründüyü kimi qanunlarımız davranış qaydalarını müəyyən etsə də, ona əməl edilməyəndə cəza zəruri olur. Polis xidmət sahəsi kimi 24 saat ərzində cəmiyyətlə təmasda olduğundan onun ünvanına narazı ifadələrin səsləndirilməsi təbii qarşılanmalıdır. İctimai münasibətlərin tənzimlənməsində sıravi heyətin fəaliyyəti həmişə yüksək mədəni və ideya səviyyəsi ilə müşahidə edilmir. Vətəndaşların da narazılıqlarına səbəb olan məhz bəzi əməkdaşların belə qeyri-etik davranışları olur. Lakin, polis xidmətinin yuxarı pillələrində məmurlar - elita çalışır. Əməkdaşlar tərəfindən yol verilmiş hüquqpozmalara görə il ərzində yüzlərlə əməkdaş intizam tənbehinə məruz qalır, vəzifədən kənarlaşdırılır, rütbəcə aşağı endirilirlər. Qeyd olunanlar isə polisin özünə xas xidmət sahəsi kimi həmişə mətbuata ötürülmədiyindən vətəndaşların görülən tədbirlərdən xəbəri olmur. Amma ədalət naminə demək lazımdır ki, bəzən polisin az əhəmiyyətli, kiçik bir qeyri-etik davranışı gözlənilməyən rezonanslar verir. 10-15 il, bəzən daha çox stajı olan əməkdaşlar xidməti ilə vidalaşmalı olurlar. Biz daha çox neqativ halları doğuran səbəb və şəraitlə, onun aradan qaldırılması ilə yox, dinamik fəaliyyətlə məşğul olan və bəzən də təhqiqata məruz qalan əməkdaşlarla mübarizə aparmalı oluruq. Nəticədə peşəkarların da itirilməsinə yol açırıq. Zaman göstərir ki, cinayətkarlıqla mübarizə istiqamətində də belə hallara rast gəlinir. Daha çox cinayətkarlığı doğuran səbəb və şəraitlə yox, cinayətkarlarla mübarizəyə güc sərf olunur. Kök isə zərərsizləşdirilmədiyindən bəd xassəli şişin yeni "şivləri" cücərməyə başlayır.
Bəzən polis xidməti fəaliyyəti ilə bağlı mövqe nümayiş etdirərkən ona "aqressiv" damğası da vurulur. Aqressivlik banditə daha çox xasdır. Lakin yumşaq formada futbolçu da, hücum zamanı qələbə qazanmaq istəyi ilə aqressiv olur. Reqbistə də bu cəhət xasdır. Hətta dahi insanlarda da aqressivlik müşahidə edilib. Bu mənada polisin öz xidmətində uğur qazanmaq üçün asayişi mühafizəsi zamanı aqressivliyə qapılması spesifik cəhətdir. Məqsədim ondan ibarətdir ki, xidmətimizdə olan çox minli şəxsi heyətin müəyyən əməkdaşlarını qınağa çəkmək olar, amma zəhmətlərini, narahat anlarını və gecələrini dərk etmədən aşağılamaq olmaz. Bu, çox təhlükəli emosiyalara yardım etmiş olar. Bugünkü polis 20 il bundan öncə xidmət edən güc strukturu yox, xalqa xidmət edən, təhlükəsizliyi təmin edən orqandır. O, təkcə xidməti davranışına görə tabeliyində olduğu polis məmurları qarşısında deyil, cəmiyyət qarşısında da məsuliyyət daşıdığını dərk edir. Polis cəmiyyətin ona olan tələbatını dinləyib qəbul etməyi və onunla hesablaşmağı da günün tələbi kimi qəbul edir. Bu bir növ xalqın iradəsinə uyğun qəbul edilən qanunları tanımaq və ona əməl etmək deməkdir.
Polis orqanlarında ciddi islahatlar gedir. Bu yalnız dövlətin cinayətkarlıqla mübarizə siyasətinin səmərəliliyindən, qanunların aliliyinə hörmət edilməsindən, peşəkarlıqla seçilən orqanın düzgün qurulan fəaliyyətindən, habelə, məsuliyyətin dərk edilməsindən və nəyə cavabdeh olduğunu dəqiq bilməsindən irəli gəlir. Müasir polis peşəkarlığına inandığına və vəzifəsinin icrasında məsuliyyət hiss etdiyinə görə inamla hərəkət edir. Polis orqanlarında çalışanların sosial problemlərinin qismən həll olunması da bu peşənin fəaliyyətinə neqativ təsir edə bilir. Qənaətimə görə polis cəmiyyətdə elitar həyat tərzi yaşamağa qadirdir. Etiraf etməliyik ki, il ərzində ən çox artıq iş vaxtına cəlb edilən, daha çox növbədə olan və daha çox narahat və təhlükəli anlar yaşayan ikinci bir peşə yoxdur. Cəmiyyətin təhlükəsizliyi yükü də bu zərli paqonları daşıyan şəxsi heyətin çiynindədir.
Şəmsəddin
ƏLİYEV,
"Polisə Dəstək"
İctimai Birliyinin sədri
Xalq qəzeti.- 2011.- 1 iyul.- S. 4.