Qələbə
sənindir, Azərbaycan Ordusu!
Bakıda qaynar həyat davam edir, ancaq paytaxtın səs-küyündən uzaq, yovşan, barıt qoxuyan səngərlərdə gecə-gündüz Azərbaycanın əsgər və zabitləri vətənin keşiyini çəkirlər. Düşmənin hücum cəhdlərinin qarşısını mətanətlə alır, lazım gəldikdə " Vətənə canım fəda!"-deyib torpaqlarımızın bütövlüyü uğrunda son nəfəsəcən vuruşub şəhidliyə ucalırlar. Bu gün orduda xidmət edən oğul və qızlar müstəqil bir ölkənin əsgəri olmağın qürurunu yaşayırlar.
Təsadüfi deyil ki, məhz iyunun 26-sı Azadlıq meydanında keçirilmiş təntənəli paradda bu qürur və sevinci Azərbaycan zabit və əsgərlərinin simasından görmək mümkün idi. Nizami sıra ilə düzülmüş zabit və əsgərlərimiz Azərbaycanın Dövlət himnini oxuyarkən və meydan boyu mətin addımlarla irəliləyərkən onların döyüş əzmi, yurd sevgisi və sabahkı qələbəyə olan inamı gözlərindən oxunurdu. Axı ulu Vətən torpağını qorumaq vəzifəsi bu gün məhz bu igid oğulların şərəf borcudur. Bu möhtəşəm gündə ordumuzun qüdrətini və gücünü görmək üçün küçələrə axışan insanlar, xüsusilə də əllərində üçrəngli bayrağımızı tutmuş yeniyetmə və gənclər isə bir daha Vətən sevgisində ordu ilə həmrəy olduqlarını və onları dəstəklədiklərini nümayiş etdirdilər. Əllərindəki bayraqla əsgərləri salamlayan azyaşlı uşaqların üzlərindəki təbəssüm və sevinci görməmək mümkün deyildi. Hətta anasının qucağında olan balaca oğlanın " mən də böyüyəndə əsgər olacağam"-deməsini eşidəndə ətrafdakıların ona xüsusi heyranlıqla baxması da nəzərimdən qaçmadı. Bəli, indidən Vətən sevgisi ilə böyüyən uşaqlar gələcəyin zabitləri, əsgərləri, bu yurdun müdafiəçiləridir. Paradda ordumuzun ən müasir silah və texniki təchizatının, eləcə də ölkəmizdə istehsal edilən döyüş texnikasının nümayiş etdirilməsi də insanlarda böyük marağa səbəb oldu.
Xidmətin hər günü onlar üçün əziz olsa da, iyunun 26-sı daha əlamətdardır. Ordumuz gənc olmasına baxmayaraq, Azərbaycan xalqının tarixən zəngin hərbi ənənələri var. Neçə-neçə hərbçi nəsilləri hansı orduda xidmət etməklərindən asılı olmayaraq, daim xalqımızın mənafeyini düşünmüşlər.
Qeyd edək ki, 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Milli ordumuzun yaranması isə qanlı-qadalı günlərdən keçib.
Düzdür, çar hakimiyyəti dövründə müsəlman-türk kişiləri xidmətə çağırılmır, bununla da onların uzun illərdən bəri formalaşmış genetik və hərbi ruhunu sındırma siyasəti yürüdülürdü. Ancaq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunun yaratmasına hüquqi əsas verdi. Daha sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda müsbət irəliləyişlər hiss edildi. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun formalaşmasında Çar Rusiyası ordusunda hərbi təhsil almış və xidmət edən və bəy, xan nəslinə mənsub zabitlərimiz- xüsusilə də generallar Mehmandarov və Şıxlinskinin rolu böyük oldu. Peşəkar zabitlərin hazırlanması üçün Gəncədə xüsusi məktəb təşkil edildi. Ölkəyə gələn Osmanlı zabitləri də Azərbaycan könüllülərinin peşəkarlığının artırılmasında əllərindən gələn köməyi etdi. Ancaq bu ordunun fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə son qoyuldu.
Bolşevik işğalından sonra yüzlərlə vətənpərvər zabit qətlə yetirildi, repressiyaya məruz qaldı, ya da Vətəndən uzaqlaşıb mühacirə çevrildilər.
Sovet dövründə "xalqlar dostluğu" elan edilsə də, yenə də azərbaycanlılara və digər müsəlman türk xalqlarına qarşı ayrı-seçkilik edilir, onların hərbi təhsil almasına əngəl törədilirdi. Bütün bunlara rəğmən, Böyük Vətən müharibəsində azərbaycanlılardan ibarət bir çox diviziyaların şücaəti, eləcə də döyüşçülərimizin qəhrəmanlıqları istər-istəməz diqqəti cəlb edirdi.
1971-ci ildə C.Naxçıvanski adına hərbi məktəbin Heydər Əliyevin təşəbbüsü ilə açılması isə zabit kadrlarının SSRİ-nin başqa şəhərlərində hazırlanmasını aradan qaldırdı. Artıq azərbaycanlı gənclər hərbi peşəsinin sirlərinə Bakıda yiyələnirdilər. Azərbaycanda daha yüksək ixtisaslı hərbi kadrların hazırlanmasının zəruriliyini hiss edən və bu işə böyük önəm verən Heydər Əliyev hələ Sovet dövründə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Baş nazirinin birinci müavini olarkən azərbaycanlı zabitlərin formalaşması üçün onları SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə göndərməyə başlayır. Əgər ona qədər ölkədə milli zabit kadrlarının sayı çox az idisə, konkret tapşırıqlardan sonra bu göstəricilər artdı.
SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqillik əldə etməsi onun milli ordusunun yaradılmasını zəruri edirdi. Ancaq müstəqilliyin ilk illərində erməni silahlılarının Dağlıq Qarabağda və həmsərhəd kəndlərinə hücumu və işğalçılıq siyasəti vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan Ordusu, demək olar ki, Ermənistanla müharibənin gedişində formalaşdı. Ordunun qurulması və özünümüdafiə batalyonlarının yaradılmasında və kəndlərin qorunmasında məhz Sovet dövründə SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinin məzunları əvəzsiz rol oynamışlar. Bu müharibədə ordumuz bir çox dəyərli oğul və qızlarını şəhid verdi.
Bakının ən yüksək nöqtəsində ucalan "Əbədi məşəl" abidəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların rəşadətli ömür yoluna işıq salır. Onların hər birinin doğum tarixi fərqli olsa da, məzar daşlarındakı ikinci tarix çoxunda eyni illərdir. Onların hamısını bir istək, bir amal birləşdirirdi. Yurd sevgisi, ulu babaların bizə əmanət qoyub getdiyi torpaqları, ocağına isindikləri doğma yurdlarını düşməndən qorumaq istəyi. Azərbaycanın zorla cəlb edildiyi ədalətsiz müharibədə öz igidlikləri, cəbhədə göstərdiyi qəhrəmanlığına görə bir çox əsgər və zabitlər böyük sevgi qazandı. Dünənə kimi kiçik bir obanın tanıdığı bu qəhrəmanlar bütövlükdə elin, xalqın qəhrəmanına çevrildi. Ömürlərinin baharında həyata əlvida deyən bu igidlərin keçdiyi döyüş yolu bugünkü gənc nəslə örnəkdir.
Bu gün Cənubi Qafqazda öz peşəkarlığına, nizam-intizamına görə seçilən Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti də bu insanların döyüş yolu ilə tanış olur, Birinci Qarabağ savaşında vuruşmuş keçmiş döyüşçülərin təcrübə və məsləhətlərini dinləyirlər.
Azərbaycan Ordusu artıq müharibə dövründə olduğu kimi zəif və pərakəndə, hərbi texnikası kasad bir ordu deyil. Bu gün ordumuz istər şəxsi heyətin döyüş qabiliyyətinin, istərsə də, döyüş texnikasının səviyyəsinə görə xeyli irəliləyib. Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin hərbi xərcləri 2 milyard 150 milyon olub ki, bu da Azərbaycanın 20% torpağını işğal altında saxlayan Ermənistanın bütün dövlət büdcəsindən çoxdur.
Azərbaycan Ordusunun əsgər və zabitlərinin peşəkarlığının artırılması üçün onların müxtəlif beynəlxalq tədbir və layihələrdə iştirakı, ölkəmizin inkişaf etmiş dövlətlərlə hərbi əməkdaşlıq məsələlərinin genişləndirilməsi ordumuzun qüdrətinin artmasına müsbət təsir göstərir. "Sülh Naminə Tərəfdaşlıq" Proqramına əsasən peşəkar zabitlərimizin Kosovoda, Əfqanıstanda, İraqda uğurla xidmət keçmələri ordumuzun dünyada, eləcə də ölkəmizdə sülh və əmin-amanlıq arzulamasından irəli gəlir.
Azərbaycanın hərbi uğurları özünü həm də hərbi texnika istehsalında göstərir. Artıq ölkəmiz bir sıra silah-sursatın istehsalı məsələsinə diqqət göstərir, bu işlə daha səmərəli məşğul olmaq üçün Müdafiə Sənayesi Nazirliyinin yaradılması da xüsusi qeyd edilməlidir. Artıq Nazirliyin məhsulları, xüsusilə də "İstiqlal" snayper tüfəngi müxtəlif sərgilərdə xeyli maraq və diqqət toplaya bilib.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyev keçən il iyunun 24-də keçirilmiş genişmiqyaslı hərbi taktiki təlimdə çıxışı zamanı hərbi texnikanın öz ölkəmizdə istehsalının vacibliyini qeyd edib: " Biz elə etməliyik ki, Azərbaycan Ordusu, Silahlı Qüvvələri üçün lazım olan bütün texnika, silah-sursat Azərbaycanda istehsal edilsin. Biz bu istiqamətdə işimizi daha da gücləndirəcəyik. Bunu etmək üçün, əlbəttə ki, ölkədə maliyyə resursları, iqtisadi güc olmalıdır və biz bu gücü yaradırıq. "-deyə Ali Baş Komandan vurğulamışdı.
Bu gün səngərdə düşmənlə üzbəüz dayanan rəşadətli əsgər və zabitlər isti, yağış, boran demədən Vətənin keşiyindədir. Müşahidə məntəqəsinin qarşı tərəfdə dağınıq və kimsəsiz yurd yerlərinin iniltisi, dağıdılmış evlərin sahibsizliyi onlarda düşmənə nifrət oyatmaqla yanaşı, gec-tez o torpaqlarımızı azad etmək istəyi ürəklərini alovlandırır.
Bunun üçün özündə məsuliyyət hiss edən hər bir əsgər onlara verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışır, hərbi texnika ilə daha yaxşı davranmağı öyrənirlər. Bütün bunların hamısı Ali Baş Komandanın torpaqlarımızı azad etmək əmrini peşəkarcasına və uğurla yerinə yetirməyə bir hazırlıq sayıla bilər. Çünki cənab Prezident İlham Əliyevin dəfələrlə qaçqın və məcburi köçkünlərlə görüşlərində, eləcə də beynəlxalq tədbirlərdə vurğuladığı kimi, münaqişə danışıqlar vasitəsi ilə sülh yolu ilə həll edilməzsə, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməzsə, Azərbaycan hərbi yolla öz ərazilərini azad etməyə məcbur olacaq.
" Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşamışlar, ermənilər oraya qonaq kimi gəlmişlər. Azərbaycanlıların o torpağa, öz yurdlarına qayıtmağa haqqı vardır və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun?! Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyildir."
Baş Komandanın mütəmadi olaraq, hərbi hissələrə baş çəkməsi, əsgər və zabitlərimizin xidmət səviyyəsi və problemləri ilə maraqlanması xalqın orduya olan inamını, ordunun isə vətənpərvərlik, döyüşkənlik ruhunu daha da yüksəldir.
Baş Komandanın ön təmas xəttində xidmət göstərən əsgərlərlə görüşü, onlarla birgə hədəfdə olan düşmən mövqeləri müşahidə etməsi, əsgər və zabitlərlə süfrə başında səmimi söhbətlərinin hər biri yaddaqalan epizodlardandır. Bu görüşlər ordunun mənəvi ruhunun yüksəlməsinə xidmət edir.
Bu gün yüzlərlə yüksək rütbəli zabit respublikamızın Silahlı Qüvvələrində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, milli təhlükəsizlik orqanlarında vətənə uğurla xidmət edirlər. Qürurverici haldır ki, onlar arasında müharibənin ağrı-acısını yaşamış, eləcə də Vətənə layiqincə xidmət edən qadınlarımız da az deyil.
Bu il iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti və müxtəlif qoşun birləşmələrinin zabitləri hərbi paradda Bakının "Azadlıq" meydanından keçdi. O "Azadlıq" meydanı ki, milli xalq hərəkatının, millətimizin azadlıq və müstəqillik sədalarının şahidi oldu.
Paradda iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızı, Silahlı Qüvvələrimizi əlamətdar gün münasibətilə ürəkdən təbrik etdi və onlara işində uğurlar arzuladı. Son 20 ildə ordumuzun inkişaf etdiyini vurğulayan Ali Baş Komandan döyüş qabiliyyətinin yüksəldiyini vurğuladı. Onun sözlərinə görə bugün gənclərimizin hərbi vətənpərvərlik ruhuna da toxundu: "Mən çox şadam ki, bizim gənclər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclər bizim ümidimizdir. Mən çox şadam ki, onlar vətənə bağlı insanlardır. Biz müharibə və atəşkəs vaxtı itki vermişik, şəhidlərimiz olub. Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!"-deyə əlavə edib.
Paradda Azərbaycan istehsalı olan zirehli texnika və silahlar nümayiş etdirildi.
Möhtəşəm tədbiri böyüklü-kiçikli böyük sevinclə seyr edən sakinlərin ürəyində bir istək var: "Azadlıq"dan başlanan şərəfli yol işğal altında olan torpaqlarımızın azad edilməsi ilə sona çatsın.
Qeyd edək ki, 20 illik müstəqilliyi dövründə Azərbaycanda iki dəfə hərbi parad keçirilib. Birinci hərbi parad 1992-ci il oktyabrın 9-da, ikinci parad isə 2008-ci il iyunun 26-da baş tutub. 2008-ci ilin paradında ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələrinin aldığı son silahlar - Ukrayna istehsalı olan uzaq mənzilli "Smerch", İsrail istehsalı olan "Lar" tipli reaktiv atəş sistemləri, "Tochka-U" raketləri, pilotsuz uçuş aparatları ictimaiyyətə nümayiş etdirilib.
Bu gün səngərin o tayına - Qarabağa-Ağdama, Şuşaya, Xocalıya boylanan əsgərlər QƏLƏBƏ arzularını gerçəkləşdirmək üçün əlləri tətikdə Baş Komandanın əmrini gözləyir.
Ay-ulduzlu, üçrəngli bayrağı Dağlıq Qarabağda dalğalandıracaqları günün xəyalı ilə yaşayırlar. " Düzlən, fərəqət, Vətəni azad etməyə hazırsan?!"
Elə isə irəli. Qələbə uzaqda deyil, onu yaxınlaşdırmaq hər birimizin əlindədir.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2011.- 1 iyul.- S. 4.