Naftalan dünya şöhrətli kurort şəhərinə çevrilmişdir

 

"Çinar"ın bərpası böyük məna daşıyır. Çünki "Çinar"ın bərpasından Naftalan şəhərinin yeni inkişaf dövrü başlayır...

 

"Çinar" mehmanxanası dünyanın ən yüksək standartlarına cavab verir. Həm mehmanxana kimi, həm müalicə mərkəzi, həm də istirahət mərkəzi kimi burada bütün şərait var. Ən önəmlisi də odur ki, burada insanlar Naftalan kimi nadir müalicəvi neftdən istifadə edəcəklər və özü də belə gözəl səviyyədə.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Biz bu sözləri təsadüfən sərlöhvəyə çıxarmırıq. Şəhər İcra Hakimiyyətindən bizə verilən arayışda deyilir: "Hazırda Naftalan şəhərində fəaliyyət göstərən sanatoriya-kurort komplekslərində istirahət və müalicə olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur". Sözün düzü, biz bunu arayışsız da da hiss etmişik. Özü də şəhərə daxil olduğumuz ilk andan. Kurort şəhərlərinə məxsus qələbəlik, çal-çağır, park və xiyabanlardan ucalan musiqi sədaları, gur insan axını burada özgə bir əhval-ruhiyyə yaradır, qəlbimizdə sevinc və iftixar hissi oyadırdı.

Ona görə də qərara aldıq ki, şəhərdə fəaliyyət göstərən müalicə-istirahət ocaqlarına baş çəkək, mövsümə hazırlıq tədbirləri, yaradılmış şərait və tətbiq edilən yeniliklərlə daha yaxından tanış olaq.

"Çinar" sanatoriyasına gəlişimiz heç də təsadüfi deyildi. Bu, Naftalanın ilk müalicə mərkəzlərindən biridir. Ancaq ötən illərdən qalan yalnız addır. İndi burada dünya standartlarına cavab verən, yeni, müasir görkəmə, maraqlı və orijinal quruluşa malik müalicə və istirahət mərkəzi yaradılmışdır. Həyətə ayaq basan andan, elə bil ki, nağıllar aləminə qədəm qoyursan. Naftalan neftinin sehrli təsir gücünü göstərən müxtəlif təsvirlər, maraqlı elementlər, əlvan güllər, çiçəklər adamda xoş duyğular oyadır. Gəzintilər, açıq havada idman və istirahət, eləcə də uşaqların oynaması üçün hər cür şərait yaradılmışdır. Binaya daxil olan kimi səni mehriban, gülərüz sanatoriya işçiləri qarşılayırlar. Əfrafdakı ab-hava, səliqə-sahman, adamların xoş rəftarı, necə deyərlər, xəstələri elə ilk andan davasız-dərmansız müalicə edir.

"Çinar" texnologiyanın ən son nailiyyətləri ilə təchiz edilmişdir. Burada avtomatik isitmə və soyutma sistemi, kabel TV və telefon, simsiz internet quraşdırılmışdır. Yüksək zövqlə bəzədilmiş geniş və işıqlı otaqlarda normal yaşamaq və istirahət etmək mümkündür. Sanatoriyanın birinci mərtəbəsində yerləşən poliklinikada aşağıdakı şöbələr fəaliyyət göstərir: kardiologiya, ginekologiya, urologiya, nevrologiya, stomatologiya, rentgen, ultrasəs, təcili yardım və s.

2011-ci il fevral ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naftalan şəhərinə tarixi səfəri zamanı "Çinar" sanatoriyasının açılış mərasimində də istirahət etmiş, burada yaradılmış və dünya standartlarına cavab verən şəraitlə tanış olmuşdu. Dövlət başçısı burada şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, kollektivə uğurlar arzulamaqla yanaşı, öz qiymətli məsləhət və tövsiyələrini də vermişdi.

Sanatoriyanın baş həkimi Çingiz Hacıyevlə ayrı-ayrı mərtəbələri, otaqları gəzdik, poliklinikaya, idman zalına, əyləncə və istirahət yerlərinə baş çəkdik, yaradılmış şəraitlə yaxından tanış olduq. Baş həkim fərəhlə bildirdi:

- Söhbət, əlbəttə, təkcə müalicədən getmir. Biz ona çalışırıq ki, "Çinar"a gələnlər həm də mənalı və məzmunlu istirahət edə bilsinlər, boş vaxtlarını xoş keçirsinlər. Bunun üçün sanatoriyamızda hər cür şərait yaradılmışdır.

Burada eyni vaxtda 350 nəfər qala bilər. Hazırda isə müalicə olunanların sayı 100-ə yaxındır. Onu da deyim ki, "Çinar"a təkcə respublikamızdan yox, bir sıra xarici ölkələrdən də gələnlər var. İndi burada Rusiyadan, Latviyadan, Almaniyadan, Hollandiyadan, Özbəkistandan və başqa xarici dövlətlərdən xəstələr müalicə olunur. Bu isə sözsüz ki, xidmət mədəniyyətini hər vasitə ilə yüksəltməyi tələb edir.

"Çinar"ın istifadəyə verilməsi şəhərdə işsizlik probleminin qismən də olsa aradan qaldırılmasına kömək etmişdir. Sanatoriyada 125 nəfər çalışır. Mövsümi vaxtlarda isə biz onların sayını 180-ə çatdırmağı planlaşdırırıq. Bir sözlə, "Çinar" bu gün dünya standartlarına cavab verən nümunəvi müalicə və istirahət mərkəzinə çevrilmişdir.

Naftalan Sağlamlıq Mərkəzi şəhərin axar-baxarlı güşələrindəndir. Bu müalicə və istirahət ocağı 3 böyük korpusdan ibarətdir. Hazırda burada 180 nəfər dincəlir. Mərkəzin direktoru İlqar Hüseynovu çoxdan tanıyıram. Uzun illər Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Ulu öndər Heydər Əliyevin respublikada azad sahibkarlığın, biznes mühitinin inkişafı sahəsində yaratdığı əlverişli şəraitdən, həyata keçirilən geniş tədbirlərdən sonra doğma Naftalana qayıdıb. Təşəbbüskar, yaradıcı və müasir insandır. Çalışır ki, hər şeydən əvvəl, müasir tələblərlə ayaqlaşa bilsin. Elə ona görə də keçmiş Sovetlər Birliyinin, eləcə də digər xarici ölkələrin nümunəvi sanatoriyaları ilə əlaqə saxlayır, onların qabaqcıl təcrübəsini öyrənir və tətbiq edir.

Biz müalicə olunan və istirahət edənlərin də bir neçəsi ilə görüşüb söhbət etdik.

 

Mina Salninova:

- Moskva şəhərində yaşayıram. Artıq üçüncü ildir ki, Naftalana, bu sanatoriyaya gəlirəm. Onu da deyim ki, dünyanın əksər müalicə ocaqlarında olmuşam. Ancaq Naftalanın sehrli, möcüzəli təsirini heç yerdə görməmişəm. Burada yaradılmış şərait və aparılan müalicə tədbirləri dünya standartlarına tam cavab verir.

İndi oynaqlarımdakı ağrılar çəkilib. Özümü sağlam və gümrah hiss edirəm. Xoşbəxt insansınız ki, belə misilsiz nemətə sahibsiniz. Əvvəlki illərdən fərqli olaraq şəhərin ümumi görkəmi də dəyişib, daha abad, yaraşıqlı və müasir olub. Belə şəhərdə, belə şəfa ocağı olan yerdə yaşamaq və işləmək, sözün əsl mənasında, xoşbəxtlikdir.

 

Viktor Semoçnov:

- Uzun illər idi ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirdim. Ən çox da məni incidən oynaq ağrıları idi. Artıq son illər hərəkətlərim məhdudlaşmışdı, addım ata bilmirdim. Naftalan, buradakı əfsanəvi müalicə ocağı haqqında mətbuatdan xəbər tutdum. Dərhal da bura gəldim. Sözün düzü, sağalacağıma ümidimi itirmişdim. Ona görə ki, Naftalana qədər çox yerdə olmuşdum, ancaq ciddi bir irəliləyiş əldə edilməmişdi. Həkimlər mənə ürək-dirək verdilər, tezliklə sağalacağımı bildirdilər.

Budur, 2-ci ildir ki, Naftalandayam. Yerişimi, hərəkətlərimi də özünüz görürsünüz, tam sağalmışam. Özümü çox xoşbəxt hiss edirəm. Bunun üçün ilk növbədə taleyimə, bir də bu nadir şəfa ocağında çalışan həkimlərə öz minnətdarlığımı bildirirəm.

 

Əvəz Əhmədov:

- Üçüncü ildir ki, dalbadal Naftalana gəlirəm. Bu yerlərin quru, sağlam havası bizim tərəflərə çox oxşayır. Ancaq Naftalan neftinin möcüzəli, sehrli gücünü heç yerdə görməmişəm. Dəfələrlə şahidi olmuşam ki, bura əl ağacı ilə gələnlər qayıdanda onları atıblar. Mən indi özümü tam sağlam hiss edirəm. Naftalanın sehrli gücü ağrı-acılarımı götürdü, oynaq ağrılarım çəkildi, qan təzyiqim, ürək döyüntülərim normaya düşdü.

Çox deyilsə də təkrar etməyə dəyər: xəstəni təkcə dərman, iynə yox, həm də həkimlərin xoş münasibəti, şirin dili, qayğıkeş rəftarı müalicə edir. Bu cəhətdən Naftalan sağlamlıq mərkəzinin həkimlərinə, ümumiyyətlə, bütün işçilərinə öz dərin təşəkkürümü bildirirəm.

"Sehrli Naftalan" sanatoriyası da son illər istifadəyə verilmiş özəl müalicə və istirahət ocaqlarından biridir. Fəaliyyətə təzə başlasa da keyfiyyətli müalicəsi və nümunəvi xidməti ilə məşhurdur. Sanatoriyanın baş həkimi Nəzakət Əhmədova bildirdi ki, builki mövsümə bir sıra yeniliklərlə başlamışıq. Ən əsası isə odur ki, yeni, müasir tibb avadanlığı alınmış, yataq korpusları təmir edilmiş və genişləndirilmişdir.

Öyrəndik ki, burada eyni vaxtda 300 adam qala bilər. Biz sanatoriyada olarkən bildirdilər ki, indi müalicəyə və istirahətə gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Bu isə, hər şeydən əvvəl, yaradılmış nümunəvi şəraitdən və müasir xidmətdən xəbər verir.

Bəli, Naftalan bu gün gəl-gəl deyir. Özü də təkcə sanatoriya kompleksləri, müalicə-istirahət ocaqları ilə yox, həm də özünün son vaxtlar sürətli inkişafı, müasir, yaraşıqlı park və xiyabanları, küçə və prospektləri, ictimai və yaşayış binaları ilə. Doğrudan da, indi Naftalan şəhəri öz simasını əsaslı şəkildə dəyişmiş, illərlə az qala xroniki xəstəliyə çevrilmiş bir sıra vacib sosial problemlər müsbət həllini tapmış, şəhər əvvəlki şöhrətini geri qaytarmağa başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ili turizm ili elan etməsi şəhər icra hakimiyyətinin, əlaqədar idarə, müəssisə və təşkilatların gündəlik fəaliyyətində əsas yer tutmuş, bütün diqqət və səylər məhz bu istiqamətə yönəlmişdir.

Bütün bunları görmək, müşahidə etmək olduqca xoş və fərəhlidir. Ona görə də qürur və iftixar hissi ilə deməyə tam haqqımız çatır: Bu gün Naftalan dünya şöhrətli kurort şəhərinə çevrilmişdir.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 1 iyul.- S. 5.