Ümumrespublika "Vətəni tanı" kampaniyasının növbəti seçim turu Naftalan, Tərtər və Zərdabda keçirilmişdir

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının "Vətəni tanı" ümumrespublika kampaniyası Azərbaycanın bölgələrində seçim turlarını davam etdirir.

Bu dəfə treninqin işçi qrupu Naftalan şəhərində olub. Şəhər 1 saylı orta məktəbdə baş tutan tədbirdə 150 naftalanlı gənc iştirak edib. Onlar kampaniyaya çox böyük maraqla yanaşıblar. Yarışmadan əvvəl açılış mərasimində "Vətəni tanı" ümumrespublika kampaniyasının məqsəd və vəzifələri barədə gənclərə məlumat verilib. Qeyd olunub ki, hər bir gəncin vəzifəsidir ki, ölkəmizin ərazisini tanısın və ərazi bütövlüyü məsələsini hər yerdə qaldırsın. Rayon təhsil şöbəsinin əməkdaşları, icra nümayəndələri çıxışlarında bildiriblər ki, bu layihə çox böyük əhəmiyyətə malikdir. Naftalan gəncləri bu yarışmada yüksək nəticələr göstərəcəklər.

Bundan sonra işçi qrupu Tərtər rayonunda da olub, burada layihəni həyata keçiriblər. Onlar Tərtərdə təmas xəttinə gedib və Milli qəhrəman Mübariz İbrahimovun düşmənə qarşı döyüşdüyü ərazilərdə olublar.

Sonra kampaniyanın təşkilatçıları Azərbaycanda ilk milli mətbuatın banisi Həsən bəy Zərdabinin doğma yurdunda öz seçim turunu reallaşdırıb. Zərdablı gənclər arasında baş tutan seçim mərhələsinə rayonun 150-dək gənci qatılıb. Rayon təhsil şöbəsi, gənclər və idman idarəsinin əməkdaşları, müəlllimlər və rayon ziyalılarının qatıldığı tədbirin açılış mərasimində layihənin məqsəd və vəzifələri barədə Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi Orxan Əli məlumat verib. Çıxış edənlər bildiriblər ki, gənclərin inkişafı üçün bu layihə çox əhəmiyyətlidir.

Zərdablı gənclər layihəyə böyük maraq göstəriblər. Ciddi mübarizə şəraitində keçən treninqdə iki qalib müəyyənləşib. Onlar respublika turuna vəsiqə qazanıblar.

Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders dəstək verir.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2011.- 1 iyul.- S. 8.