Gözlərindən
ürəyi görünən insan
Həmişə utancaq, həmişə kövrək, həmişə qayğılı, fikirli Vahid Səfixanov...Onu həmişə belə görmüşəm, belə tanımışam.Və maraqlıdır ki, bu utancaqlıq, bu tənhalıq elə ilk andanca Vahidə qəribə, isti bir maraq, sevgi oyadır istər-istəməz onu daha yaxından öyrənməyə, "kəşf" etməyə çalışırsan.
Mən də Vahidi belə tanımışam, belə kəşf etmişəm. 1984-cü il idi. "Kommunist" qəzetinin Dağlıq Qarabağ üzrə bölgə müxbiri kimi Şuşada olurdum. İş otağım burada-rayon partiya komitəsi binasının üçüncü mərtəbəsində idi. Vahid də bu mərtəbədə - "Şuşa" rayon qəzetində çalışırdı . Sonra o, Şuşa Rayon Partiya Komitəsində məsul vəzifəyə irəli çəkildi. Daha sonra "Bakinski raboçi" qəzetinin Dağlıq Qarabağ və ətraf rayonlar üzrə xüsusi müxbiri... Bütün bu illər ərzində dəyişilməyən, itib-pozulmayan isə bir şey qaldı: bir az tənhalıq, bir az kövrəklik, bir az qəriblik... Vahidin gözlərinə baxmaq kifayətdir ki, bu utancaqlığın, bu kövrəkliyin əsl səbəblərini görə biləsən. Mənə elə gəlir ki, onun uşaqlıq və gənclik illəri, o illərin əzabı, kədəri, məşəqqəti onun gözlərində hələ də yaşamaqdadır. Mən onu da tamamilə təbii hesab edirəm ki, Vahidin taleyindən, qismətindən doğan bu yalqızlıq, bu kövrəklik bütünlüklə onun yaradıcılığına hopub. V.Səfixanovun yazılarının, xüsusilə publisistik yazılarının uğurunu müəyyən edən əsas cəhətlərdən biri də, bizcə, budur...
Bir jurnalist kimi, Vahidi səciyyələndirən əsas cəhət nədir? Sözsüz ki, ilk növbədə operativlik.Vahid Səfixanov ən çətin, mürəkkəb mövzuları belə qısa müddət ərzində "həzm" edə bilir. Özü də bu, qətiyyən keyfiyyətə təsir etmir. Daha bir xarakterik cəhət: Vahid eyni vaxtda ən müxtəlif mövzularda materiallar hazırlaya bilir. Şübhəsiz ki, bu, hər şeydən əvvəl, Vahidin dünyagörüşü, bilik və savad səviyyəsi, mütaliəsi ilə bağlıdır. Vahid xaraktercə sakit, rahat adam olsa da "məhvərindən" çıxdığı məqamlar da olur. Haqsızlığa, yalan və xəyanətə qətiyyən dözə bilmir. Və belə məqamlarda adət etdiyimiz sakitlikdən, kövrəklikdən əsər-əlamət qalmır. İndi Vahid Səfixanov-Azərbaycan Dövlət Teleqraf Agentliyinin iqtisadiyyat, maliyyə-bank və bölgə xəbərləri redaksiyasının redaktorudur. Əməkdar mədəniyyət işçisidir. Ömrünün, sənətinin ən kamil dövrünü yaşayır. Söhbət düşəndə deyir ki, həyatda ilk baxışdan görünən elə bir uğurum yoxdur. Amma əminəm ki, jurnalistlərdən, qələm sahiblərindən söz düşəndə övladlarım (Allah saxlasın, iki qızı var. Biri müəllim, digəri isə həkimdir-Z.S.) mənə görə utanmayacaqlar. Çünki siyasi əqidəsindən asılı olmayaraq məni tanıyan bütün jurnalistlər qələmimin təmizliyini, vicdanlı qələm sahibi olduğumu etiraf edirlər. Bu, mənim ən böyük qazancımdır. Biz bu gün 60 yaşını qeyd edən qələm dostumuza uzun ömür, möhkəm cansağlığı və daha böyük yaradıcılıq uğurları arzulayırıq.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2011.- 1 iyul.- S. 7.