Dövlət
İdarəçilik Akademiyasında "Gorus-2010: absurd
teatrı mövsümü" kitabının müzakirəsinə
həsr olunmuş "dəyirmi masa" keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında - Dövlət İdarəçilik Akademiyasında akademik Ramiz Mehdiyevin Gorus-2010: absurd teatrı mövsümü kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Akademiyanın rektor əvəzi, professor Əlikram Abdullayev tədbiri açaraq bildirmişdir ki, Azərbaycan cəmiyyətində geniş müzakirələri keçirilmiş bu kitabda 20 ildən artıq sürən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycana qarşı səslənmiş ittihamlar, həmçinin tarixi gerçəkliyi qərəzli şəkildə saxtalaşdırmalar elmi cəhətdən əsaslandırılmış müddəalarla təkzib edilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün mənşəyini, işğalçılıq motivini geniş zaman hüdudlarında şərh edən müəllif Qarabağın dağlıq hissəsi ilə bağlı tarixi mənzərəni obyektivliklə oxucuya təqdim edir.
Professor Ə.Abdullayev qeyd etmişdir ki, erməni liderlərinin absurd bəyanatları səngimədiyindən Azərbaycanın görkəmli alimi, akademik Ramiz Mehdiyevin geniş oxucu auditoriyası üçün maraq doğuran kitabının adı da sərrast ifadə olunmuşdur. Absurd teatrı mövsümünün bir tamaşasını da erməni rəhbərliyi 2010-cu ilin oktyabrında Gorusda oynadı. "Arsax haqqında həqiqi və obyektiv məlumat"ı dünya birliyinə öz təxəyyülünün məhsulu formatında təqdim və təlqin etməyə çalışan S.Sarkisyanın söylədikləri elmi-məntiqi müstəvidə ifşa olunmuşdur.
"Dəyirmi masa"da diqqət cəlb edən məqamlardan biri də Ermənistanın hazırkı gerçək durumunun erməni liderləri tərəfindən düzgün dəyərləndirilməməsi yönündə idi. Akademik R.Mehdiyev ermənilərin öyündükləri "qələbə"nin həqiqi mənzərəsini xülyalardan kənarda, faktlar və rəqəmlər əsasında təqdim edir. Uydurduqları və utanmadan təkrarladıqları yalanlara özlərini inandıraraq diskussiya predmeti etmədən mütləq saydırmağa çalışdıqlarından "Gorus - 2010 : absurd teatrı mövsümü" kitabı həm erməni xalqı, həm beynəlxalq ictimaiyyət üçün həqiqətləri görmək imkanı yaradır.
S.Sarkisyanın Xocalı qətliamı haqqında təhqiramiz fikirləri müqabilində kitabda onlara xitabən deyilir: "Qaliblər özlərini bu cür aparmır və başqa ölkələrdən xahiş etmirlər ki, onları məğlub olandan qorusunlar!"
Osmanlı imperiyasında uydurma "erməni soyqırımı" iddiasında olanlara kitabda tutarlı xatırlatmalar yer almışdır.
"Özbaşına interpretasiyalara" hüdud qoymayan erməni başbilənlərinin xristianlığın qəbul edilməsinə birincilik iddiası elmi ədəbiyyat əsasında rədd edilir. S.Sarkisyanın Strabona istinadı kitabda eramızdan əvvəllərə söykənən tarixə ekskursu zəruri etmişdir.
"Dəyirmi masa"da müzakirə zamanı Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxışında kitabın Azərbaycanın qədim və müasir dövrlərinin xəritələri ilə təchiz edilməsini son dərəcə faydalı hesab etmişdir. Müəllifin yazılı mənbələrə istinadlarının paralel göstəricisi kimi xəritələri də izləmək imkanı verdiyini qeyd etmişdir. Kitabda ermənilərin antropoloji təyinat baxımından Cənubi Qafqaz xalqları üçün xarakterik olmadığı vurğulanır.
Tarix elmləri doktoru Kərim Şükürov Dağlıq Qarabağ ərazisinin inzibati-siyasi vahid statusunun dəyişilməsi xronikasına geniş yer ayrıldığına diqqəti cəlb etmişdir. Akademiyanın dosentləri Firdovsiyə Əhmədova və Elçin Əhmədov kitabın bu gün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdılar. E.Əhmədov bildirdi ki, son illərdə Azərbaycanın müasir inkişaf strategiyası, milli inkişaf modeli, demokratikləşmə və modernləşmə xətti, ictimai və humanitar elmlərin keçid mərhələsində vəzifələri və cəmiyyət üçün mühüm aktuallığa malik müxtəlif mövzularda fundamental fəlsəfi tədqiqatlar aparan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, görkəmli filosof, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı saxta erməni yalanlarının ifşası baxımından son dərəcə sanballı elmi-tədqiqat əsəri kimi qiymətləndirilməlidir.
Dərin tarixi-politoloji araşdırmaların, ümumiləşdirmələrin əsasında yazılmış bu əsərdə konkret faktlar, elmi yanaşmalar kontekstində ermənilərin tarixən apardıqları uydurma təbliğat kampaniyası, o cümlədən hazırkı Ermənistan rəhbərliyini zəbt etmiş S.Sarkisyanın cəfəng siyasi mülahizələri ifşa edilməklə yanaşı, tarixi həqiqətlərə müasir dövrün prizmasından obyektiv nəzər salınır.
Əsərdə ciddi elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilməklə yanaşı, erməni-daşnak ideoloqlarının rəhbərliyi və iştirakı ilə xalqımıza qarşı amansızlıqla həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur. Əsərin ideya məzmununu, tarixi, ideoloji və təbliğati təsir effektini gücləndirən məqamlardan biri də budur ki, görkəmli filosof Ramiz Mehdiyev zəngin mənbələr əsasında, konkret faktlarla, eləcə də ciddi arqumentlərlə Ermənistan prezidentinin səsləndirdiyi fikirlərin həqiqətdən uzaq olduğunu göstərir. Bu baxımdan "Gorus - 2010: absurd teatrı mövsümü" əsəri eyni zamanda Azərbaycanın müasir mərhələdə əks-hücum diplomatiyası müstəvisində istinad edəcəyi prioritet məsələləri də özündə ehtiva edir.
Akademik Ramiz Mehdiyevin bu əsərinin əsas məqsədi beynəlxalq elmi ictimaiyyətin və ekspertlərin diqqətini 2010-cu il oktyabrın 16-da, tarixi Azərbaycan torpağı olan, sovet dövründə Ermənistana verilən Zəngəzur mahalının Gorus şəhərinin "siyasi teatr səhnəsində" göstərilmiş, müəllifi, rejissoru və yeganə ifaçısı Sarkisyan olan faciəli tamaşanın absurd mahiyyətinə diqqəti cəlb etməkdən ibarətdir.
Görkəmli filosof Ramiz Mehdiyev elə erməni alimləri Ronald Suni və Corc Burnutyana istinadla bunu tarixdən xəbəri olmayanlara və ya onu saxtalaşdıranlara bir daha xatırlatmışdır.
Əsərdə kifayət qədər zəngin tarixi mənbələrdən istifadə edilərək, erməni təbliğatının Qarabağın (Arsaxın), Naxçıvanın, İrəvanın guya "qədim erməni torpağı" olması barədə uydurmaları tarixi faktlarla sübut edilmişdir.
Akademik R.Mehdiyevin əsərinin diqqətçəkən bir cəhəti də ondan ibarətdir ki, o, "Arsax" terminindən cəsarətlə istifadə edir, tarixçiləri və siyasətçiləri bu sözdən çəkinməməyə çağırır. Müəllif Arsaxın Qarabağın dağlıq hissəsinin tarixi adı və Sünik, Qandzak, Uti, Paytakaran və Aran kimi digər vilayətlərlə yanaşı, Qafqaz Albaniyası dövlətinin bir hissəsi olduğunu bildirir. Arsaxın maddi-mədəni irsinin Azərbaycanın islamdan əvvəlki dövrünə aid olması isə tarix elmində xeyli əvvəl qəbul edilmişdir. Gəlmə ermənilər və onların dili ilə "Arsax" sözü arasında heç bir əlaqə yoxdur. Kitabda bu müddəa elmi dəlillərlə, tarixi mənbələrdən istifadə edilməklə tutarlı faktlarla bir daha sübut olunmuşdur.
Əsərdə XIX əsrin sonu, XX əsrin əvvəllərinə qədər ermənilərin nəinki Qarabağ, Naxçıvan və Zəngəzurda, hətta İrəvanın özündə də heç vaxt etnik çoxluq təşkil etmədikləri faktlarla sübuta yetirilmişdir.
Akademik R.Mehdiyev müvafiq tarixi sənədə istinad edərək göstərir ki, "Rusiya statistikasının məlumatına görə, təxminən həmin vaxt (1810-cu ildə) Qarabağ əhalisi 9500 türk və 2500 erməni ailəsindən ibarət idi". Faiz nisbətində götürdükdə, bu, 79 faiz və 21 faiz təşkil edir. Üstəlik, azərbaycanlı ailələrinin erməni ailələrindən daha böyük olduğunu nəzərə alsaq, ermənilərin mütləq sayı daha da az olmuşdur. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan bu köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.
Akademik nüfuzlu rus alimlərinin araşdırmalarına istinad edərək yazır ki, "Türkmənçay" müqaviləsi (1828) bağlanana qədər Qarabağ xanlığında ermənilərin sayı olduqca az idi. Onların məhz həmin müqavilə bağlanandan sonra İrandan, Osmanlı imperiyasının şərq vilayətlərindən İrəvan, Naxçıvan və Qarabağa kütləvi köçürmələri başlanmışdır. Belə olan halda 1920-ci illərdə Dağlıq Qarabağın əhalisinin təxminən 99 faizinin ermənilərdən ibarət olmasını müəllif, cəfəng bir fikir kimi ifşa etmişdir. Akademik qeyd edir ki, Ermənistan prezidenti "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli barədə danışıqlar prosesinin davam etdiyi və bu münaqişənin əsl təqsirkarı olan təcavüzkar Ermənistanın 1975-ci il Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbrlə gözlədiyi bir vaxtda", beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özbaşına interpretasiya edilməsinin yolverilməzliyini, Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda bütün bu sənədləri inadkarcasına görmədən və beynəlxalq birliyin mövqeyinə məhəl qoymadan diaspordan olan qonaqlarına məsləhət görür ki, onlar öz səylərini "ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına" yönəltsinlər.
Akademik R.Mehdiyev Ermənistanın tez-tez istinad etdiyi öz müqəddəratını təyinetmə prinsipinin işğalçılıq siyasətini ört-basdır etmək cəhdi olduğunu da xüsusi vurğulayır. Eyni zamanda, müəllif qeyd edir ki, 1975-ci il Helsinki Yekun Aktı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin hüquqi bazasını təşkil edir və orada təyini-müqəddərat hüququ dövlətin ərazi bütövlüyü çərçivəsində göstərilmişdir: "Bu hüququn Ermənistanda özünə rəva görülən kimi yozulması yolverilməzdir. Əks təqdirdə, bu gün dünyada milli azlıqlar olmazdı, çünki onların hamısı, ən xırdası belə təyini-müqəddərat hüququndan istifadə edərək özünü dünya birliyinin müstəqil subyekti elan edər, beynəlxalq tanınma haqqında xahiş edərdi.
Görünür, bu prinsipin primitiv təsirindən irəli gələn xof Ermənistan hökumətini azərbaycanlıları keçmiş İrəvan xanlığının əzəli torpaqlarından planlı şəkildə qovmağa, respublikalarını monoetnik dövlətə çevirməyə, sonra isə Azərbaycan ərazisinin işğal edilmiş hissəsində də etnik təmizləmələr aparmağa vadar etmişdir. Hazırda Dağlıq Qarabağın erməni əhalisinin aid olduğu milli azlıqların təyini-müqəddəratının yalnız beynəlxalq hüquq çərçivəsində mümkün olması ilə Ermənistan barışmalı olacaqdır".
Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan "millətlərin öz müqəddəratını təyin etmək" hüququnu əsas gətirməyə çalışsalar da məlumdur ki, ermənilər öz müqəddəratını təyin etmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarından İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılmışdır.
Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan milli azlıqlardan biridirlər. Beynəlxalq hüquq normalarına görə milli azlıqlar öz müqəddəratını təyin edə bilərlər (internal self-determination). Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyin etmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək.
Ümumiyyətlə, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı istər tarixi, istərsə də siyasi baxımdan kifayət qədər sanballı əsər olmaqla Azərbaycan həqiqətlərinə obyektiv işıq salır.
Əsərdə ermənilərin indiyə qədər səsləndirdikləri cəfəng iddialara fundamental şəkildə, ciddi faktlar əsasında münasibət açıqlanır, onların əsassızlığı, beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğu sübuta yetirilir. Ən başlıcası, əsər ermənilərin qərəzli iddialarına tutarlı cavab vermək istiqamətində atılmış çox mühüm addımdır. Fikrimizcə, məhz bu cəhətlərinə görə də sözügedən əsər ölkə həqiqətlərinə biganə olmayan hər bir azərbaycanlının böyük diqqət və marağına səbəb olmuşdur.
Görkəmli filosof, akademik Ramiz Mehdiyevin bu kitabının ingilis və rus dillərində də bu yaxınlarda Tiflisdə nəşr olunması olduqca təqdirəlayiqdir və əsərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 1 iyul.- S. 3.