Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyünün bərpasından başqa
heç bir həll yolu yoxdur
"Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə adıçəkilən bu iki ölkə və ya Qafqaz regionu üçün deyil, bütövlükdə Avrasiya, hətta dünya üçün problemə çevrilir". Bir müddət əvvəl bu fikiri söyləyən türkiyəli ekspert ermənipərəst mətbuat tərəfindən böyük tənqidlərə məruz qalmışdı. Ancaq Türkiyə Böyük Millət Məclisi "Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayınca Ermənistan-Türkiyə sərhədləri açılmayacaq" - bəyanatını verəndən sonra ermənilərin başı daşdan-daşa dəymiş oldu. Qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və Prezident Abdullah Gülün eyni qətiyyətli iradəni nümayiş etdirməsi isə dünyanın bütün guşələrində öz məkrli fəaliyyəti ilə məşğul olan erməni diasporunu da bir qədər düşünməyə məcbur etdi.
Güclü havadarlarının dəstəyi ilə ayaq üstdə dura bilən Ermənistan Respublikasının rəhbərləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq ictimaiyyətin gündəliyində ikinci, üçüncü dərəcəli məsələyə çevirmək üçün özlərinin fikrincə uğurlu variant tapmışdılar: "Avropanın nüfuzlu ölkələrindən birinin vasitəçiliyi ilə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail olunur və bu möhtəşəm, tarixi hadisədən sonra Dağlıq Qarabağ məsələsi müvəqqəti də olsa, yaddan çıxır". Ermənilər bu addımla üç-dörd istiqamətdə uğur əldə etməyə ümid bəsləyirdilər, düşünürdülər ki, güclü iqtisadiyyata malik olan Türkiyə ilə sərhədlərin açılması 20 ilə qədər böhran içərisində yaşayan Ermənistan iqtisadiyyatını açıq-açığına dirçəldə bilər.
Təxminən 100 il dünyanın bütün ölkələrinin və bütün beynəlxalq təşkilatların qapısında "soyqırım, soyqırım" deyə-deyə göz yaşı tökən Ermənistan beynəlxalq ictimaiyyətə sübut etmək istəyirdi ki, biz filan qədər ermənini öldürmüş xalqla da dostluq etmək iqtidarındayıq, Azərbaycan isə bizimlə yola getmir. Son beş ildə Azərbaycanda ardıcıl olaraq keçirilən bir neçə beynəlxalq tədbir bilavasitə sivilizasiyalararası dialoqun genişləndirilməsinə xidmət edib. Ölkəmiz tolerantlığın bariz nümunəsini formalaşdırıb. Ermənistanda isə rus hərbçilərindən başqa heç bir qeyri-erməni yaşamır. XXI əsrdə monoetnik dövlət yaratmış ermənilər bütün dünyanın ikrahını qazanıblar. SSRİ-nin çökməsindən sonra yaranmış gənc müstəqil dövlətlər arasında ən az xalqın yaşadığı ölkələr Qırğızıstan (8 xalqın təmsilçisi) və Türkmənistan (7 xalq) hesab olunurdu. Ermənistanda isə cəmi bir xalqın nümayəndələri və başqa bir xalqın hərbçiləri yaşayır. Yeri gəlmişkən əlavə edək ki, keçmiş SSRİ məkanında ən tolerant ölkələrin Rusiya, Qazaxıstan və Azərbaycan olduğu dönə-dönə qeyd edilib. Monoetnik dövlət yaratmış Ermənistan bu ikrah doğuran faktdan yaxasını qurtarmaq üçün Türkiyə ilə sərhədlərin açılmasına, türk şirkətlərinin təmsilçilərinin İrəvana gəlməsinə nail olmaq istəyirdi. Sadəcə alınmadı. Türkiyənin cavabı yuxarıda qeyd etdiyimiz kimi çox konkret oldu.
"Futbol diplomatiyası" və "sərhəd oyunları" baş tutmayanda Ermənistan rəhbərləri Kollektiv Təhlükəsizlik Müqaviləsinin şinelindən girib ayaqqabısından çıxmağa başladılar. Ardıcıl olaraq üç ay elə bir həftə olmadı ki, erməni siyasətçilərindən kimsə Moskvaya getməsin. Bu çoxsaylı səfərlərin nəticəsi olaraq Moskvadan qeyri-rəsmi cavab aldılar. Rusiyalı diplomatlar Ermənistan rəhbərlərinə başa saldılar ki, Azərbaycan BMT-nin tanıdığı Ermənistan ərazilərində hərbi əməliyyatlar apararsa, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsinin köməyinə arxayın ola bilər. Yəni rəsmi Bakı Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların boşaldılmasına məhz bu ərazilərdə başlayarsa, İrəvan Moskvadan heç bir kömək ummasın.
Belə olanda ermənilər Rusiyanı xəyanətdə və satqınlıqda suçlamağa başladılar. Halbuki, Rusiyanın dəstəyi olmasa Ermənistan iqtisadiyyatı çoxdan batıb getmişdi. Xəyanət və satqınlığa gəlincə isə həmin çirkin əməllərin ən bariz nümunələrini ermənilər son bir ildə Amerika Birləşmiş Ştatlarında dəfələrlə reallaşdırıblar. Bu ölkədə maliyyə fırıldaqları, soyğun, qarət, korrupsiya və rüşvətlə məşğul olan erməni birləşmələrinin başçılarının bilavasitə Ermənistan rəhbərləri ilə əlaqəli olduğu sübuta yetiriləndə isə... artıq ermənilər bütün dünyanı dönüklükdə və ikiüzlülükdə ittiham etməyə başladılar. Amma gec idi.
Çünki dünya ictimaiyyəti artıq 1996-cı ilin dekabrından - ATƏT üzvü olan ölkələrin dövlət başçılarının Lissabon sammitindən üzü bəri dövri olaraq Ermənistanın işğalçı dövlət, ermənilərin terrorçu və separatçı xalq olduğunu sübut edən çoxsaylı qərar və qətnamələr qəbul etmişdir. Bundan əvvəl isə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal olunmuş Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 mühüm qətnaməsi mövcud idi. Yəni, bədnam qonşumuza beynəlxalq aləmdə olan münasibətin bircə adı var - ikrah.
Bütün bunlarla yanaşı Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunun yarandığı gündən bəri Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün aparılan danışıqları dövri olaraq dalana dirəyir, müzakirələrin yenidən başlanmasına çalışır. Bu isə təkcə vasitəçiləri deyil, eləcə də dünya ictimaiyyətini bezdirir. Çünki münaqişənin həll edilməmiş qalması regionun sosial-iqtisadi inkişafını ləngidir. Deməli, İrəvan, Avropa və Asiya iqtisadiyyatını bir-birinə qovuşduran bölgədə hamının maraqlarını əngəlləyir. Yeri gəlmişkən, bu ilin əvvəlində rusiyalı ekspertlərin hazırladığı internet materiallarıqda (bilavasitə Ermənistanın mənafeyinə xidmət edən yazılarda) açıq şəkildə əsaslandırılırdı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli daha bir neçə il uzanarsa, Ermənistan sözün həqiqi mənasında batıb gedəcək. Yəni, artıq Ermənistanın təəssübünü çəkən qüvvələr də bu ölkənin sabahını Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində görürlər.
Son günlər dünya ictimaiyyətinin bu istiqamətdə fəallaşması onu göstərir ki, münaqişənin həllində qəti addımların atılacağı gün yaxındadır. Avropa İttifaqı təmsilçilərinin bir-birinin ardınca müsbət xarakterli bir neçə bəyanat verməsi, Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı səsləndirdiyi fikirlər, eləcə də "böyük səkkizlər"in Fransadakı sammiti çərçivəsində görüşmüş Minsk qurupu həmsədrlərinin məlum bəyanatı bir daha sübut edir ki, həqiqətən dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində israrlıdır.
Bu məsələdə Rusiya dövlətinin, xüsusən, Prezident Dmitri Medvedevin tutduğu mövqe isə daha konkret və daha aydındır. Məhz Kreml rəhbərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri növbəti dəfə - iyunun 24-də, yenə də Rusiyada görüşdülər. Dövlət başçılarının Kazan görüşünə inam və ümid daha çox idi. Ən başlıcası isə odur ki, həmin görüş ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev nikbinlik nümayiş etdirirdi: "Danışıqlar gedir və ümid edirəm ki, danışıqlar yaxşı nəticə verəcəkdir. Çünki əgər bu gün müzakirə edilən məsələlər - baza prinsipləri qəbul olunarsa, məsələnin ədalətli həlli mümkün olacaq, Azərbaycanın ərazi bütövlüyü təmin edilcək və eyni zamanda, təhlükəsizlik məsələləri öz həllini tapacaq, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılacaqdır".
Ancaq münaqişənin yarandğı gündən bəri bütün danışıqlarda ikiüzlülük və destruktivlik nümayiş etdirən Ermənistan rəhbərliyi yenə də öz "ənənəsinə" sadiq qaldı. Ermənistanın həyasızlığı və şıltaqlığı üzündən Kazan görüşündə də konkret bir nəticə əldə edilmədi. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mətbuata verdiyi müsahibədə qeyd olunduğu kimi, görünür dünya ictimaiyyəti Ermənistana daha konkret, daha təsirli təzyiq göstərməlidir. Əminik ki, Ermənistan bütövlükdə dünyanın qarşısında dayanmaq kimi çirkin istəyindən tezliklə əl çəkməli olacaq.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 2 iyul.- S. 3.