Siyasi modernləşmə
şəraitində dövlət və bələdiyyə
idarəçiliyi sisteminin təkmilləşdirilməsi əsas
şərtdir
SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış Azərbaycan demokratik inkişaf yolunda qətiyyətli addımlar atmaqda çətinliklərlə qarşılaşdı. Bu, ilk növbədə ondan irəli gəlirdi ki, hakimiyyətdə olanların dövlət idarəçiliyində kifayət qədər səriştəsi, prinsipiallığı və cəsarəti yox idi. Ölkə əsasən keçmiş sovet qanunları ilə idarə olunur, özbaşınalığın, hərc-mərcliyin qarşısı alınmır, beynəlxalq aləmlə əlaqələrin qurulmasında düzgün siyasət yeridilmirdi. Müstəqilliyini yenicə qazanmış Azərbaycan parçalanmaq, yenidən hansısa dövlətin əsarətinə düşmək təhlükəsində idi.
1993-cü ilin iyunundan sonra Azərbaycanda vəziyyət tədricən dəyişməyə başladı. Xalqın təkidli xahişindən sonra ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi, əbədi olması üçün qətiyyətli addımlar atdı. Belə bir şəraitdə müstəqil dövlətin yeni Konstitusiyasının qəbul olunmasına böyük ehtiyac var idi. Bu problem 1995-ci ildə ulu öndərin bilavasitə rəhbərliyi ilə aradan qaldırıldı. Müstəqil Azərbaycanın ilk Konstitusiyası dünya standartlarına uyğun şəkildə hazırlanıb qəbul olundu. Beynəlxalq təşkilatlar, nüfuzlu hüquq ekspertləri Azərbaycan Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə mülki dövlətlə açıq cəmiyyət quruculuğu üçün möhkəm zəmin yarandığını bildirdilər.
Konstitusiyanın qəbulu ilə Azərbaycanda hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu və bu işin həyata keçirilməsinə başlanıldı. Müstəqil Azərbaycanın yeni Konstitusiyasının tələblərinə uyğun olaraq sosial-iqtisadi həyatımızın bütün sahələrində keyfiyyətcə yeni dəyişikliklər baş verdi. Bu dövlət idarəçiliyində də özünü büruzə verdi. Dövlət idarəçiliyi ilə yanaşı yerli özünüidarəetmə orqanlarının da fəaliyyətinə zəmin yaradıldı. Demokratikləşmə şəraitində insanların cəmiyyətə, dövlətə münasibətləri getdikcə dəyişir, yeniləşir. İnsanlar dövlət orqanları ilə sıx əlaqəyə girir, idarəçilik sistemində daha fəal iştirak edir, yaranmış əlverişli şəraitdən faydalanaraq Avropa dəyərlərinə yiyələnir, beynəlxalq aləmə inteqrasiya edir. Azərbaycanda yaradılmış demokratik mühit, ab-hava, beynəlxalq aləmə inteqrasiya müstəqil dövlətimizin nüfuzunu daha da artırdı, onu dünya birliyində müstəqil dövlət kimi tanıtdırdı.
Demokratik cəhətdən inkişaf etmiş dövlətlərin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun təbii və sosial-iqtisadi potensialından tam və yetərincə istifadə etmək, əhalinin həyat tərzinin yüksəldilməsinə nail olmaq üçün təkcə dövlət idarəçilik orqanlarının mövcud olması kifayət deyil. Bundan ötrü yerli özünüidarəetmə orqanlarının yaradılması və fəaliyyət göstərməsi də vacib məsələlərdəndir. Çünki belə bir şəraitdə yerlərdə yerli əhəmiyyətli problemlərin həllində hər bir şəxs özünün təcrübəsini, bilik və bacarığını ortaya qoya və reallaşdıra bilər. Hər bir vətəndaşın öz potensialından yetərincə bəhrələnə bilməsi əhalinin firavan yaşamasına, sosial müdafiəsinin gücləndirilməsinə zəmin yaradır. Bu isə yerli özünüidarəetmə orqanlarının fəaliyyət göstərdikləri şəraitdə tam mümkün olur. Vətəndaşlara belə bir şəraitin yaradılması, həmçinin insan hüquq və azadlıqlarının qorunması, insanların öz fikirlərini sərbəst idarə etmələri istiqamətində irəliyə doğru atılmış addım ölkəmizin Avropaya inteqrasiyası deməkdir. Bütün bunlar ölkəmizdə aparılmış demokratik islahatların bəhrəsi idi. Bunlardan biri də bələdiyyələrin yaradılması oldu.
Bələdiyyələrin yaradılması və inkişaf etdirilməsi ən yüksək səviyyədə, demokratik prinsiplər əsasında, mədəni-maarif, təhsil, səhiyyə və digər bu kimi sosial-iqtisadi sahələrin imkanlarından səmərəli istifadə etməklə əhalinin yaşayış tərzini dinamik surətdə yaxşılaşdırmağa imkan verir. Bələdiyyələr fəaliyyətə başlayan vaxtdan bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, çoxlu sayda qanunlar qəbul olunmuş, bələdiyyələrin maliyyə resursları artırılmış, bu qurumun maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bələdiyyələrə öz ərazilərində həyata keçirilən bütün sosial-iqtisadi proseslərin həllinə bilavasitə rəhbərlik etmələri üçün əlverişli şərait yaradılıb. Mövcud olan təbii iqtisadi potensialdan səmərəli istifadə etmək üçün konkret yollar axtarılır, bu sahədə bütün imkanlardan istifadə olunur.
Bələdiyyə idarəçiliyinin fəallığını daha da artırmaq, dövlət orqanları ilə bələdiyyələr arasında əlaqələri möhkəmləndirmək, vəzifələri müəyyənləşdirmək, siyasi modernləşdirmə şəraitində dövlət və bələdiyyə idarəçiliyi sistemini təkmilləşdirmək istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, idarəçilik sisteminin getdikcə təkmilləşdirilməsi əsas şərtlərdəndir. Bu sahədə çoxillik təcrübəyə malik olan dövlətlərin, xüsusilə ABŞ, İngiltərə, İtaliya, Türkiyə, Almaniya, Fransa və Belçikanın zəngin təcrübəsindən faydalanmaq çox əhəmiyyətlidir. İnkişaf etmiş bu ölkələrin təcrübəsi göstərir ki, iqtisadi münasibətlərlə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti arasında sıx əlaqə vardır. Bu əlaqələri araşdırmaq bələdiyyələrin fəaliyyət dairəsini genişləndirmək, yeniləşdirmək, müasir dövrə uyğunlaşdırmaq, yerli və təbii-iqtisadi potensialdan tam və səmərəli istifadə etmək məqsədi ilə qabaqcıl təcrübədən faydalanmaq çox vacib və zəruridir. Çünki bələdiyyələr unutmamalıdırlar ki, ərazi sakinləri onlara böyük ümid bəsləyir və öz gələcək həyatlarında baş verəcək dəyişikliklərdə, infrastrukturun yaradılmasında bu qurumdan çox şey gözləyirlər. Təəssüf ki, bu gün ölkəmizdə hələ də sakinlərin etimadını doğrultmayan bələdiyyələr var. Bir qədər əvvəl kiçik bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildi. Təbii ki, bu proses könüllülük əsasında baş tutdu. Birləşmədən sonra bir sıra bələdiyyə rəhbərləri yenə öz şəxsi maraqlarına üstünlük verərək qəbul etdikləri qərarları dövlət qanunlarının müvafiq maddələri ilə uyğunlaşdırmamış ,bu da bir sıra neqativ hallara gətirib çıxarmışdır. Ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa və neqativ hallara qarşı aparılan mübarizə bir sıra bələdiyyələrdə ciddi qanun pozuntuları, bələdiyyə sədrlərinin öz vəzifələrindən sui-istifadə hallarına vol verdiklərini aşkarlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə korrupsiyaya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir. Bu məqsədlə 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmişdir.
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət və aparılan islahatlar nəticəsində Azərbaycanın 2010-cu ildə sosial-iqtisadi sahədə mühüm uğurlar qazandığı, nəzərdə tutulan bütün proqramların icra olunduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol vermələri, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir. Dövlət başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən yenidənqurma, quruculuq işlərində, Avropa və dünyaya inteqrasiyaya, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanların aradan qaldırılması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Həmçinin sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinin davam etdiriləcəyi bildirilmişdir. Bu, proseslərin həyata keçirilməsi ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyasını, Azərbaycanın beynəlxalq aləmdə demokratik ölkə kimi nüfuzunun daha da artması istiqamətində böyük rol oynayacaq.
Onu da qeyd edək ki, bu sahədə aparılan işlər, həyata keçirilən tədbirlər qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər öz müsbət təsirini göstərməkdədir. Artıq nüfuzlu beynəlxalq qurumlar da Azərbaycanda inzibati nəzarətin gücləndirilməsini, şəffaflığın artırılmasını, islahatların, qanunvericilik bazasının möhkəmləndirilməsini,dövlət qulluqçusu ilə vətəndaşlar arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirir.
Dövlətimizin başçısı korrupsiya və rüşvətxorluğun, insanları narahat edən neqativ halların qarşısının alınması üçün aparılan mübarizənin daha da gücləndiriləcəyini vurğulayaraq demişdir: "Əgər biz doğrudan da Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir".
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyasının sürətləndiyini bir daha vurğulayaraq deyib ki, bizim məqsədimiz gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. İyirmi il ərzində Azərbaycanın dövlətçiliyi tam bərqərar olmuşdur. Biz müstəqil ölkə kimi özümüz öz taleyimizi müəyyən edirik və bütün məsələlərlə bağlı dövlətimizin dəqiq mövqeyi vardır.
Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmləndirilməsi, nüfuzunun daha da artırılması üçün demokratik islahatların davam etdirilməsi, Avropa dəyərlərinə sahib olmaq başlıca şərtlərdəndir. Bu işdə yetişən gənc nəslin üzərinə böyük vəzifələr düşür. Bu, bir faktdır ki, bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gənclərin təhsili, məşğulluğu, fiziki və mənəvi sağlamlığı, onların dövlət quruculuğuna, dövlət idarəçiliyinə, bələdiyyə idarəçiliyinə cəlb olunmaları, asudə vaxtlarının təşkili və digər məsələlər dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramında gənclərin məşğulluğu, onların imkanlarından dövlət qulluğunda istifadə olunması, kommersiya və sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, gənclər üçün ayrı-ayrı proqramların maliyyələşdirilməsi və digər məsələlərin həlli nəzərdə tutulub.
Azərbaycan postsovet məkanında gənclərə xüsusi diqqət ayıran yeganə dövlətdir. Son illər keçirilən parlament və bələdiyyə seçkilərində gənclərin fəallığı, bir çox hallarda seçkilərdə qələbə qazanmaları ölkəmizdə yetişən gənc nəslin müasir təfəkkürə, düşüncə tərzinə yiyələnmələrindən xəbər verir. Azərbaycan gəncliyinin beynəlxalq aləmə inteqrasiyasında həyata keçirilən mühüm əhəmiyyətli tədbirlər öz bəhrəsini verməkdədir. Artıq azərbaycanlı gənclərin səsi dünyanın ən nüfuzlu qurumlarının yüksək tribunalarından eşidilir. Bu, gələcəkdə dövlət və bələdiyyə idarəçiliyinin etibarlı əllərdə olmasından xəbər verir.
Etiraf edək ki, bu gün bələdiyyələrin fəaliyyəti hələ də qənaətbəxş səviyyədə deyil. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri idarəçiliyin zəif olması, bələdiyyə üzvləri arasında yetərincə təhsili olmayanların yer tutması, qurumun fəaliyyətini tənzimləyən qanunvericilikdə boşluqların olması, qəbul edilmiş qanunların icrasına nəzarət mexanizminin zəifliyidir. Rayon bələdiyyələrinin əksəriyyətinin maddi-texniki bazası, maliyyə mənbəyi yox dərəcəsindədir. Məmur səhlənkarlığı, vəzifədən sui-istifadə, fəaliyyətdə laqeydlik, qabaqcıl təcrübədən istifadə və tətbiq edilməməsi, idarəetmədə şəffaflığın olmaması ərazi sakinlərinin bələdiyyələrə olan inamını zəiflədir. Ona görə də müasir təfəkkürlü, savadlı, elmli gənclərə böyük etimad göstərilməli, dövlət və bələdiyyə idarəçiliyi sistemi təkmilləşdirilməli və bu işdə gənclərimizin qüvvəsindən istifadə olunmalıdır.
Dünya şöhrətli siyasi xadim Heydər Əliyev deyirdi ki, idarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz. Dövlət idarəçiliyində beynəlxalq təcrübə ilə yanaşı, yerli xüsusiyyətlər də nəzərə alınmalıdır. Əsas vəzifələrdən biri dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edəcək gənclərdən ibarət mütəxəssis kadrlar hazırlamaq, həmçinin mövcud kadrların, dövlət məmurlarının ixtisasının artırılması istiqamətində beynəlxalq aləmlə əlaqələri genişləndirməkdən ibarətdir.
Elmin, texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə idarəetmədə informasiya-kommunikasiya texnologiyasının tətbiqi vacib məsələlərdəndir. Dövlət idarəçiliyində modernləşmə ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir. Dövlət idarəetmə orqanlarının təşkilati strukturlarının təkmilləşdirilməsi, ölkəmizin beynəlxalq konvensiyalara qoşulması və dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq səviyyəsinin yüksəldilməsi müasir dövrümüzün zəruri tələblərindəndir. Ölkəmizdə aparılan müasirləşmə siyasəti bütün istiqamətlərdə özünü göstərməkdədir. İnformasiya-kommunikasiya sektorunda qısa müddət ərzində böyük nailiyyətlər əldə edilmişdir. Bu gün Azərbaycan İnformasiya-kommunikasiya texnologiyaları ilə bağlı MDB məkanında ön sıralardadır. Bütün bunlara iqtisadiyyatın hərtərəfli inkişafının da böyük təsiri olmuşdur. Ölkəmizin bütün sahələr üzrə beynəlxalq reytinqi artır. Azərbaycan dünya böhranının mürəkkəb illərində iqtisadiyyatın artımını qoruyub saxlamışdır.
Ölkənin və xarici aləmin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarını, qlobal dünyanın müasir ehtiyaclarını, onların təmin olunması yollarını, beynəlxalq münasibətlərin təzahür formalarını və digər məsələləri dərindən bilən, qlobal dünyagörüşlü Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr dövlət idarəçiliyində yeni mərhələ yaratmışdır. Dövlət başçısının ölkənin hərtərəfli inkişafına xüsusi diqqət yetirməsi, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi hazırda bütün sferalarda özünü göstərməkdədir. Bu gün ölkənin hər yerində aparılan quruculuq, modernləşmə işləri Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri cərgəsinə qoşmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə dövlətimizin başçısı çıxışında da bu məsələni xüsusi vurğulayaraq demişdir: "Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Bu sahədəki nailiyyətlər dünya birliyi tərəfindən də qiymətləndirilir. Nüfuzlu beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Bir sözlə, sürətli inkişaf bizə imkan verdi ki, ölkəmizin hərtərəfli yüksəlişi üçün əlavə imkanlar yaradılsın".
Göründüyü kimi, Azərbaycan sürətli inkişaf yolunda qətiyyətlə irəliləyir. Belə bir şəraitdə dövlət və bələdiyyə idarəçiliyi sistemi daha da təkmilləşdirilməli, neqativ hallara qarşı mübarizə gücləndirilməlidir. Əraziləri idarə etmək prosesində özünüidarəetməni müasir dövrlə uyğunlaşdırmalı, beynəlxalq təcrübəyə üstünlük verilməlidir. Bir çox ölkələrin təcrübəsi təsdiqləyir ki, yerli hakimiyyət orqanlarının strukturu və səlahiyyətləri düzgün müəyyən edilən yerlərdə bələdiyyələrin dinamik inkişafı uğurla təmin edilir.
Azərbaycanda demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi ölkəmizi inkişaf etmiş qüdrətli dövlətlər cərgəsinə qoşmaqdadır. Dövlət və bələdiyyə idarəçiliyi sisteminin təkmilləşdirilməsi prosesinin sürətləndirilməsi ölkəmizin dünya birliyindəki mövqelərini daha da möhkəmləndirəcək.
Əyyub KƏRİMOV,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının
rəhbər
kadrların ixtisasının artırılması
fakültəsinin
əməkdaşı
Xalq qəzeti.- 2011.- 2 iyul.- S. 4.