Türk dili
İstanbul zirvəsində
Xəbər verdiyimiz kimi, iyunun 15-dən 30-dək Türkiyədə IX Beynəlxalq Türk dili Olimpiadası keçirilmişdir. 130 ölkədən 1000-dək məktəblinin iştirak etdiyi yarışma qardaş ölkədə ümumxalq şənliyinə çevrilmişdir. Olimpiada iştirakçıları yarışma bitdikdən sonra Türkiyənin 33 bölgəsində türk dilinin şərəfinə düzənlənən şənliklərdə parlaq çıxışları ilə yüz minlərlə insanı heyran qoymuşlar.
İyunun 29-da İstanbul Böyükşəhər Bələdiyyəsinin Sinan Ərdəm idman sarayında təşkil etdiyi yekun təntənədə olimpiada qalibləri şəhər ictimaiyyəti təmsilçilərinin, türkdilli ölkələrdən dəvət olunmuş ziyalıların və jurnalistlərin qarşısında əlvan proqramla çıxış etmişlər.
Vaxtaşırı nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən, türkdilli ölkələrin mənəvi paytaxtına çevrilən İstanbul şəhərində bu təntənəyə ciddi hazırlıq görülmüşdü. Mərkəzi yerlərdə, nəqliyyat qovşaqlarında olimpiadanın rəmzləri, müxtəlif qitələri, xalqları təmsil edən iştirakçıların təsvirləri sərgilənmişdi. Ölkə qəzetləri axşam saat 7-də İstanbulun məşhur idman sarayında möhtəşəm bir tədbirin keçirilməsini xəbərləmişdilər. Telekanallar 15 gündən bəri gündəmdə olan türk dili olimpiadası marafonunun finalı barədə xəbər buraxılışlarında süjetlər göstərirdi. Bu, çevrəsini ildən-ilə genişləndirən, məzmununu getdikcə zənginləşdirən olimpiadaya ölkənin rəsmi dairələrinin, eləcə də əhalisinin necə böyük önəm verməsinin ifadəli göstəriciləri idi.
Sinan Ərdəm sarayının ətrafı axşamtərəfi İstanbulun ən gur yerinə çevrilməklə, media vasitəsilə bütün ölkədə diqqəti özünə yönəltdi. Həyətdə 100-dən artıq ölkənin bayraqları sıralanmışdı. Olimpiada iştirakçılarını gətirən avtobuslardan düşən müxtəlif dilləri, irqləri təmsil edən məktəblilərin yaratdığı təkrarsız mənzərə, xoş əhval bu axşam onların məharətini izləməyə gələnləri hədsiz duyğulandırırdı. Yarım saata nəhəng örtülü salonda bircə boş yer belə qalmadı. Böyük oyun meydançasına sıx-sıx düzülmüş oturacaqlar da tutulmuşdu.
Aparıcının səhnədə görünməsi ani bir sakitlik yaratsa da, onun olimpiadanın yekunları barədə verdiyi məlumat, ən başlıcası, bu gün dünyada türk dilinə artan maraq barədə deyilənlər coşqunluq yaratdı, təkrar-təkrar alqışlar qopdu. Sonra beynəlxalq olimpiada qaliblərinin çıxışları başladı. Müxtəlif yaşlı məktəblilərin Türkiyə türkcəsində səsləndirdikləri şeirlər, mahnılar, ifa etdikləri türk rəqsləri istər məzmununa, istərsə də yüksək ifa tərzinə görə seyrçilərdə misilsiz bir heyranlıq yaratdı.
Uzaq Avstraliyadan və Çilidən gəlmiş yeniyetmələrin səsləndirdiyi şərqilər, Qazaxıstan, Türkmənistan, Tacikistan məktəblilərinin çıxışları, afrikalı qaradərili uşaqların ifa etdiyi "Qaradənizli" rəqsi türk dilinin, musiqisinin və rəqsinin gözəlliyini, dünyanın müxtəlif yerlərində necə sevildiyini və mənimsənildiyini yüksək səviyyədə sərgilədi. Türkiyədə də çox sevilən "De görüm neyləmişəm" Azərbaycan mahnısını əcnəbi məktəblinin səsləndirməsinin yaratdığı coşqu isə Türkiyədə bizim mahnıların necə sevildiyini göstərməklə, Bakıdan gələn nümayəndə heyətini xüsusi təsirləndirdi. Azərbaycan məktəbliləri Qafar Şamilovun saz ifası, Mehriban Zeynalovanın söylədiyi şeir, Hidayət Əliyevin səsləndirdiyi mahnılar da Türkiyə-Azərbaycan qardaşlığının bəhrəsi olaraq, bu vəhdətə layiqli töhfə kimi səsləndi.
Həmin axşam türk dilinin gözəlliyi, zənginliyi, türk musiqi və rəqsinin əfsunlu aləmi dünya birliyinin kiçik bir timsalını yaratmış bu salonda əzəmətlə yüksəldi. Türkün ululuğu, qüdrəti sənət prizmasından süzülərək əlvan bir göy qurşağı kimi qitələr arasında mənəvi körpü kimi canlandı.
Səhərisi gün olimpiada iştirakçıları və qonaqlar İstanbulun ən gözəl, görməli yerlərində ekskursiyalarda oldular, türk süfrəsinin ləzzətini daddılar. Azərbaycan jurnalist qrupu isə "İstanbulun 1453-cü ildə fəthi panoramı"na baxması, iki qitə arasında boğazda gəmi səfəri, Şişli göydələnləri məhəlləsində, Sultan Əhməd məscidində, Əminönü meydanında olmaları ilə İstanbul təəssüratını xeyli zənginləşdirdi.
Tahir AYDINOĞLU,
İstanbul-Bakı
Xalq qəzeti.- 2011.- 2 iyul.- S. 4.