Azərbaycanın iqtisadi qüdrəti artdıqca tikinti və yenidənqurma işləri genişlənir

 

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar, qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlaması, iri infrastruktur layihələrinin reallaşdırılması istiqamətində atılan qətiyyətli addımlar ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını xeyli sürətləndirib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası beynəlxalq standartlara tam cavab verən yeni müəssisələrin yaradılmasına, çoxlu sayda iş yerlərinin açılmasına şərait yaradıb. Son yeddi ildə 980 mindən çox yeni iş yerlərinin yaradılması dediklərimizi bir daha təsdiqləyir.

Azərbaycan Prezidenti ölkəyə rəhbərlik etdiyi ilk gündən əhalini ən çox narahat edən işsizlik probleminin aradan qaldırılması üçün mühüm əhəmiyyətli tədbirlər planı hazırladı və bu istiqamətdə düşünülmüş qərarlar qəbul etdi. Dövlət başçımız hələ 2003-cü ilin sonlarında demişdir ki, Azərbaycan üçün ən böyük problem işsizlikdir, məqsədimiz növbəti beş ildə Azərbaycanda 600 min iş yeri açmaqdır. Prezident bu proqramın həm dövlət, həm də özəl sektorlar tərəfindən görüləcək tədbirlərin nəticəsində həyata keçirilməsini, ilk növbədə infrastrukturların, o cümlədən digər zəruri obyektlərin, elektrik stansiyalarının və avtomobil yollarının tikintisini sürətləndirməyi vurğulamışdır.

Həmin vaxtdan həyata keçirilən tədbirlər nəticəsində artıq Azərbaycanın bütün regionlarında tikinti-quraşdırma, yenidənqurma işləri geniş vüsət almış, hətta MDB ölkələrində analoqu olmayan sənaye və istehsal müəssisələri yaradılmışdır. Həmin müəssisələrdə ilk növbədə yerli sakinlər işlə təmin olunurlar. Bu da işsizlik probleminin aradan qaldırılmasında qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunmasından xəbər verir.

Əhalinin səmərəli məşğulluğunun yaradılmasında, daxili və xarici bazarlarda rəqabət qabiliyyətli məhsulların istehsal edilməsində dövlət vəsaitləri hesabına yenidənqurma işlərinin aparılıması həlledici rola malikdir. Hazırda ölkəmizin getdikcə artan qüdrəti bu işlərin müvəffəqiyyətlə həyata keçirilməsinə böyük təkan verir. Bu işdə özəl müəssisələrin də fəaliyyəti yüksək qiymətləndirilir. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə vurğulayıblar ki, ölkəmizin iqtisadi qüdrətinin artmasında, beynəlxalq standartlara cavab verən iş yerlərinin yaradılmasında özəl sektorların, sahibkarlıq fəaliyyətinin rolu yüksək qiymətə layiqdir. Hazırda aqrar sahədə aparılan yüksəksəviyyəli işlər, kənd təsərrüfatının inkişafı dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrədəndir. Prezidenti tapşırığına əsasən respublikada kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə səviyyəsi getdikcə artırılır. Bu da yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının bolluğuna zəmin yaradacaq.

Kənd təsərrüfatı məhsulları istehsalına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi, bu sahənin inkişafına xüsusi önəm verilməsi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da öz əksini tapıb. Aqrar sahənin inkişafını daha da sürətləndirmək məqsədi ilə investisiya layihələrinin reallaşdırılmasında güzəştli kreditlərin verilməsinə xüsusi önəm verilir. Qürur hissi keçiririk ki, bu sahədə bizim kollektivin də az da olsa zəhməti var.

Rəhbərlik etdiyim "Aqrartikinti" Servis firması "Aqrartikinti" Səhmdar Cəmiyyətinin tabeçiliyindədir. Firmanın hər bir işi layiqincə yerinə yetirir. Respublikanın müxtəlif regionlarında gördüyümüz işlər yüksək keyfiyyətlə qəbul olunub. İndi dövr, tələb əvvəlki illərdən tamamilə fərqlənir. Hazırda görülən işlərdən yüksək keyfiyyət tələb olunur. Çünki məqsəd birdir: ərzaq bolluğu yaratmaq, ölkə iqtisadiyyatını daha da möhkəmləndirmək. Bir neçə faktı diqqətə çatdırmaq istərdim. Qeyd etdiyim kimi, dövlət başçımızın tapşırığına əsasən respublikada kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə səviyyəsini artırmaq məqsədi ilə regionda xeyli iş görmüşük. Bu məqsədlə Saatlı rayonunda 4 min hektar sahənin suvarma sistemlərinin bərpası və yenidən qurulması işlərini həyata keçirmişik. Həmin ərazilərdə quraşdırılmış yeni suvarma qurğuları xarici ölkələrdən gətirilmiş və yüksək keyfiyyəti ilə diqqəti cəlb edir. Zaqatala rayonunda yeni salınmış körpü də keyfiyyətinə görə müsbət qarşılanıb.

Goranboy rayonunda tikilmiş gips və karton kombinatı beynəlxalq standartlar səviyyəli istehsal müəssisələrindəndir. Həmin kombinatı "Gilan and Clauf" şirkəti tikib. Bu şirkət "Aqrartikinti" Servis firmasına etimad göstərərək kombinatın bir sexinin tikintisini bizə həvalə etmişdir. Almaniya kimi inkişaf etmiş bir dövlətin müştərək fəaliyyəti ilə ərsəyə gələn kombinatın tikintisində bizim servis xidmətindən yararlanmaları kollektivimizin gördüyü işin keyfiyyətindən irəli gəlir. Həmin kombinatda yüksək keyfiyyətli məhsul istehsal ediləcək və yerli sakinlər işlə təmin olunacaqlar. Qazax, Şəki, Qəbələ və digər rayonlarda gördüyümüz işlər də yüksək keyiyyətlə qəbul olunub.

Yaxın illərdə dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhran bir sıra iri şirkətləri, səhmdar cəmiyyətləri, servis xidmətlərini iflic vəziyyətinə saldı. İqtisadi cəhətdən ağır vəziyyətə düşmüş şirkətlər dərin böhran keçirdilər. Hətta bəzi ölkələr iqtisadi sarsıntı ilə üzləşdi. Azərbaycanda isə belə bir ağır durum baş vermədi. Çünki ölkədə siyasi və iqtisadi strategiya düşünülmüş şəkildə həyata keçirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizi inkişaf etmiş dövlətlər sırasına qoşub. Hazırda Azərbaycan bütün sahələr üzrə yeni inkişaf mərhələsinə qədəm qoyub. İri infrastruktur layihələrin reallaşdırılması həm ölkəmizin iqtisadi gücünü artırmış, beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirmiş, həm də təbii sərvətlərimizin dünya bazarlarına heç bir ölkənin vasitəçiliyi olmadan çıxarılmasına zəmin yaratmışdır. Əsrin nəhəng tikinlərindən hesab edilən Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft, Bakı - Tbilisi - Ərzrum qaz kəmərləri, Bakı - Tbilisi - Qars Axalkalaki dəmir yol xətti Azərbaycanı dünya birliyində iri infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi tanıdıb. Bir vaxtlar əfsanə kimi xəyallarda canlanan bu layihələrin həyata vəsiqə alması ilə iqitisadiyyatın inkişafında sanki bir sıçrayış yarandı. Bu kəmərlər vasitəsilə Azərbaycan sərvətləri Avropa və dünya bazarlarına çıxarılır. Bundan əldə olunan gəlir digər layihələrin reallaşdırılması ilə yanaşı, əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına yönəldilib. Son illər dövlət büdcəsinin xeyli artması, qeyri-neft sektorunun inkişafı, əmək haqlarının, sosial müavinətlərin, pensiyaların bir neçə dəfə artırılması ölkədə həyata keçirilən uğurlu strategiyanın nəticəsidir.

Hazırda Azərbaycanda qeyri-neft sektorunun əsasını təşkil edən aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Bu sahədə yeni hədəflərin əsasının qoyulması, regional proqramların yerinə yetirilməsi, kənddə həyat tərzinin müasirləşdirilməsi və digər zəruri işlərin yerinə yetirilməsi ölkənin iqtisadi gücünün daha da artırılmasına və həmçinin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına geniş imkanlar açacaq.

"Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qarşıya qoyduğu vəzifələrin uğurlu icrası prioritet məsələlərdəndir. Məlumdur ki, bu Dövlət Proqramının əsas vəzifəsi regionlarda beynəlxalq standartlara tam cavab verən yeni müəssisələrin yaradılması, istehsal sahələrinin genişləndirilməsi, işsizlik probleminin aradan qaldırılması və əhalinin ərzaq məhsuları ilə etibarlı təminatını gücləndirməkdir. Bu istiqamətdə dövlətimizin başçısının yorulmaz fəaliyyəti bizim də məsuliyyətimizi artıır. Çünki hamıya məlumdur ki, regionlarda tikilib istifadəyə verilmiş obyektlərin açılışında möhtərəm Prezidentimiz şəxsən iştirak edir. Ona görə də həmin obyektlərin yüksək keyfiyyətlə tikilməsi vacib şərtlərdəndir.

Bu gün respublikada həyata keçirilən siyasi strategiya hər birimizin ürəyincədir. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması, mövqelərinin getdikcə möhkəmləndirilməsi gələcəkdə daha yüksək nailiyyətlər qazanılmasından xəbər verir. Bu uğurlarda kollektivimizin az da olsa, zəhmət payı olmasından fərəhlənir və qürur hissi keçiririk.

 

 

Bağır MURADOV,

"Aqrartikinti" Servis firmasının direktoru

 

Xalq qəzeti.- 2011.- 2 iyul.- S. 5.