Tariximiz qürur mənbəyidir

 

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.

 

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanunundan

 

Tarixmiizin daha dərindən və hərtərəfli öyrənilməsi üçün ulu keçmişimizdən xəbər verən kiçicik maddi mədəniyyət nümunəsinin belə çox böyük elmi əhəmiyyəti olduğu hər kəsə bəllidir. Təsəvvür edin, 2 milyon illik tariximizin, olsa-olsa, ən çoxu 2500 illik bir dövrünü, onu da qismən yazılı mənbələr əsasında öyrənə bilirik.

Başqa sözlə, qədim tariximiz bütünlüklə, orta əsrlər tariximiz isə əsasən məhz ulu əcdadlarımızın həyat tərzindən, əmək fəaliyyətindən, onların mübarizə üsullarından, düşüncə tərzindən, başqa xalqlar, ölkələr və şəhərlərlə əlaqələrindən xəbər verən maddi mədəniyyət nümunələrinin köməyi ilə öyrənilir. Təbiidir ki, həmin maddi mədəniyyət nümunələrinin çox böyük qismi bilavasitə arxeoloji axtarışlar nəticəsində aşkar edilmişdir. Məlumat üçün bildirim ki, ötən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanın müxtəlif yerlərində arxeoloji tədqiqatlar aparılmaqdadır. 50-ci illərdən etibarən isə bu tədqiqatlar ardıcıl və sistemli xarakter almağa başlamışdır. Nəticədə ən qədim daş dövründən tutmuş son orta əsrlərədək tariximizin bütün mərhələlərini əhatə edən çoxsaylı nadir abidələr aşkar edilərək tədqiq olunmuşdur.

Etiraf edək ki, bu gün elmə məlum olan tarixi-arxeoloji abidələrin, habelə muzeylərdə və fondlarda saxlanılan nadir eksponatların xeyli qismi nə vaxtsa, haradasa təsadüfən aşkar olunmuş materiallardır. Təsadüfi tapıntılar daha çox ayrı-ayrı yerlərdə torpaq işləri görülərkən, kanal, xəndək, bünövrə yeri qazılarkən, yol çəkilərkən üzə çıxır. Çayların və yağış sularının yarğanlar əmələ gətirdiyi yerlərdə də qədim əşyalara, tikinti qalıqlarına və yaşayış izlərinə tez-tez təsadüf olunur. Təbiidir ki, bu cür tapıntılar üzə çıxarkən dərhal aidiyyatı orqanlara məlumat vermək gərəkdir. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununda bu xüsusda deyilir: " İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər.

İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir".

Tarixi abidələrə münasibətdə hər kəs, xüsusən də ziyalılar, məktəblilər, yerli hakimiyyət orqanları son dərəcə fəal və həssas olmalıdırlar. Polisin, məktəblərin, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, xüsusən də mədəniyyət və turizm idarələrinin gözündən heç nə yayınmamalıdır. Bu yerdə Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müsbət işini nümunə kimi qeyd etmək istərdim. Məsələn, keçən ilin mart ayında rayonun Muradxan kəndi ərazisində kanal yeri təmizlənərkən oradan saxsı küpə içərisində gizlədilmiş nadir bir pul dəfinəsi aşkar edilib. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev bu barədə dərhal aidiyyatı orqanlara, o cümlədən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna məluat verib.

Biz də öz növbəmizdə mütəxəsislərdən ibarət qrupla birlikdə dərhal dəfinə tapılan əraziyə yollandıq. Dəfinə müvafiq qanunvericilik tədbirləri çərçivəsində tədqiq olunmaq üçün bizə təhvil verildi.

Uzun müddət çöl şəraitində olduğundan güclü surətdə oksidləşməyə məruz qalaraq bir-birinə yapışmış pullar laboratoriya şəraitində diqqətlə təmizləndikdən, oxunduqdan, tədqiq olunduqdan və nəhayət, fotoları çəkildikdən sonra yenidən Kürdəmir Rayon Tarix Diyarşünaslıq Muzeyinə qaytarıldı. Maraqlıdır ki, biz Muradxan dəfinəsini mis pullardan ibarət dəfinə kimi təhvil almışdıq. Tədqiqat zamanı dəfinədəki 1134 ədəd sikkənin hamısının gümüşdən olduğu və sadəcə əyyarının nisbətən aşağı olması, yəni tərkibində mis qatışığı olması səbəbindən oksidləşməyə məruz qaldığı müəyyən edildi. Beləliklə də, necə deyərlər, mis alıb, gümüş qaytardıq.

Məlumat üçün onu da bildirim ki, XV əsrin ortalarına aid olan bu dəfinədəki pullar Şirvanşah I Xəlilullahın adından Şamaxı, Bakı, Dərbənd, Qəbələ və Ərdəbil şəhərlərində zərb olunub və Azərbaycan dövlətçiliyi tarixinin bir sıra məsələlərinin daha dərindən və ətraflı şəkildə öyrənilməsi baxımından çox mühüm elmi əhəmiyyət kəsb edir. Halbuki, elmi cəhətdən çox mühüm əhəmiyyəti olan bu tapıntının əldən-ələ düşərək it-bat olması ehtimalı da şox idi. Təəssüf ki, belə hallar da olur. Lap elə Kürdəmir rayonunun özündə buna bənzər hadisələr olub. Məsələn, 80-ci illərdə rayonun Ərəbqubalı kəndi ərazisində meliorativ tədbirlər həyata keçirilərkən bir neçə yerdə çox qiymətli qızıl pul dəfinələri üzə çıxıb və ayrı-ayrı insanlar tərəfindən talan edilib. Əfsuslar olsun ki, belə hallar digər rayonlarda da baş verib.

Bir neçə gün öncə Kürdəmir Rayon Mədəniyyət və Tarixi Şöbəsinin müdiri V.Alıyev növbəti dəfə bızə zəng edərək, rayonun Şilyan bələdiyəsinə daxil olan Qarasu kəndi ərazisində torpaq işləri görülərkən müxtəlif maddi mədəniyyət qalıqlarının üzə çıxdığını və onlardan bəzi nümunələrinin artıq Kürdəmir Tarix-Diyarşünaslıq Muzeyinə gətirildiyini bildirdi. Ertəsi günü biz elə Vaqif müəllimlə birlikdə Qarasu kəndində olduq. Kənd icra nümayəndəsi Elimdar Zülfüqarov qədim tapıntıların üzə çıxdığı yeri bizə göstərdi. Həqiqətən də orada xəndək qazılarkən geniş bir ərazidə çoxsaylı maddi mədəniyyət qalıqları üzə çıxıb. Bunlar əsasən bişmiş kərpic, kül, kömür, müxtəlif çeşidli saxsı qablar və metal əşyalardan, habelə istehsalat tullantılarından ibarətdir.

Qarasuda olarkən bizə həmçinin ayrı-ayrı sakinlərin həyətindən çıxan və hazırda onların istifadəsində olan bir neçə iri təsərrüfat küpü də göstərdilər və bildirdilər ki, həmin tapıntılar da tezliklə rayon muzeyinə təhvil veriləcəkdir. Orada həmçinin, çox nəhəng baş və sinədaşları olan iri bir qəbristanlıq da var. Əfsuslar olsun ki, əksər qəbirlərin baş və sinə daşları ya sındırılıb, ya da aparılıb. Qalan daşların da kitabələri təbii və antropogen təsirlər nəticəsində pis vəziyyətə düşüb. Həmin tapıntılara əsasən XVIII əsrin ortalarında Qarasu vadisində təqribən 15-16 hektar sahəni əhatə edən nisbətən iri yaşayış məntəqəsi olduğunu söyləyə bilərik. Qurunt suları nisbətən üzdə olduğundan orada bişmiş kərpicdən tikilmiş binaların, demək olar ki, hamısı güclü aşınmaya məruz qalaraq dağılıb.

Deyilənlərə onu da əlavə edək ki, Kürdəmir rayonunun Qarasu hövzəsi kimi tanınan ərazilərində daha bir neçə yerdə orta əsrlərə aid yaşayış məntəqələri olduğu ehtimal edilir. Ayrı-ayrı yerlərdə torpaq işləri görülərkən aşkar edilən təsadüfi tapıntılar da bunu təsdiq edir. İnanırıq ki, gələcəkdə həmin ərazilərin arxeoloqlar tərəfindən tədqiqi sayəsində tariximizin neçə-neçə qaranlıq məqamlarına aydınlıq gətiriləcəkdir.

Təsadüfi tapıntılar barədə operativ şəkildə aidiyyatı orqanlara məlumat verilməsi işində İsmayıllı Rayon Mədəniyyət və Tarixi Şöbəsi və rayon ziyalıları da fəallıq göstərirlər. Məsələn, bu yaxınlarda rayonun Sumağallı kəndində torpaq işləri görülərkən qədim əşyalar tapılıb. Kənd məktəbinin rəhbərliyi dərhal bu barədə rayon mədəniyyət və turizm şöbəsinə, onlar isə öz növbəsində Mədəniyyət və Turizm Nazirliyinə məlumat veriblər.

Həmin məlumatların sorağı ilə biz Sumağallı kəndində olduq, kənd müəllimləri ilə görüşdük, tapıntılar və onların aşkar olunduğu yerlər barədə məlumat topladıq. Tarix müəllimi Azər Mirzəyev bildirdi ki, kəndin şimal tərəfində, dağın ətəyində yol çəkilərkən, habelə ev üçün bünövrə yeri qazılarkən təqribən 2 metr dərinlikdə saxsıdan su tüngləri aşkar olunub. Onlardan 3 ədədi hazırda Sumağallı kənd orta məktəbində saxlanılır.

Kənd sakini Fuad Xəlilovun həyətində quyu yeri qazılarkən isə içərisində yanaraq kömürləşmiş taxıl qalıqları olan boz rəngli saxsı küpə tapılıb. Sakinlərin dediyinə görə, kəndin cənubunda Göyçay çayının kənarlarını yuyaraq xəndəklədiyi Canqutəpədə isə bir neçə yerdə daş qutu qəbirlər aşkara çıxıb.

İsmayıllı rayonunun Kürdüvan kənd sakini Əlikram İsmayılovun respublikanın aidiyyatı orqanlarına ünvanladığı müraciətdə kəndlərinin qədim tarixindən, müxtəlif vaxtlarda oradan tapılmış maddi mədəniyyət nümunələrindən bəhs olunmaqla yanaşı, "Minarə üstü" adlı abidənin dağılmaq təhlükəsi ilə bağlı bir növ həyacan təbili səsləndirilib. Məktubda deyilir: "Kəndimizin ərazisində tarixi məlum olmayan bir çox abidələr mövcuddur. Sakinlər öz həyətlərində quyu və ya bünövrə yeri qazarkən tez-tez kərpic və ya çay daşı ilə hörülmüş divar qalıqları üzə çıxır. Ayrı-ayrı yerlərdə saxsı borularla çəkilmiş qədim su xətləri tapılıb...

Deyilənlərə görə, Kürdüvanda 7 məscid olub. Onlardan bəzilərinin yeri və tikinti qalıqları bu günə qədər qalmaqdadır. "Minarə üstü" adlanan yerdə həmin məscidlərdən birinin olduğu bildirilir. Bir neçə il öncə "Minarə üstü"nün ətrafı şumlanarkən oradan çoxlu bişmiş kərpic, üzərində yazı olan daşlar, habelə çoxlu qab-qacaq və əmək aləti nümunələri tapılıb. Sakinlər bu abidənin tezliklə alimlər tərəfindən öyrəniləcəyi ümidi ilə yaşadığı bir vaxtda məlum oldu ki, kənd icra nümayəndəsi orada inzibati bina tikdirmək fikrindədir. Bu məqsədlə rayondan gələn "mütəxəssislər" orada ölçü-biçi işləri apararaq hətta mıxça da vurublar. Tariximizə, keçmişimizə bu dərəcədə hörmətsizlik olar?!"

Bu günlərdə Ə.İsmayılovun məktubu ilə əlaqədar İsmayıllı rayonunun Kürdüvan kəndində olduq, vəziyyətlə yerində tanış olduq. "Minarə üstü" abidəsi, həqiqətən də, çox möhtəşəm abidədir və Əlikram müəllimin məktubunda göstərildiyi kimi, onun üzərində tikintiyə başlamaq məqsədilə müəyyən işlər görülüb. Amma sakinlərin narazı olduğundan xəbər tutan İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyi Kürdüvan kənd icra nümayəndəliyinin binası üçün başqa yer seçilməsi barədə göstəriş verib. Fikrimizcə, bu olay həm ictimaiyyət nümayəndələrinin, həm kənd ziyalılarının, həm də icra hakimiyyəti və yerli hakimiyyət orqanları rəhbərlərinin tarixi-mədəni dəyərlərə münasibətini əks etdirən bir nümunə kimi dəyərləndirilə bilər.

Söhbət nümunədən düşmüşkən elə Kürdüvan kəndində rastlaşdığımız yaxşı və pis nümunələrə dair daha bir neçə faktı yazıya əlavə etmək istərdik. Əvvəlcə müsbət nümunələr barədə. Məsələn, kənd sakinlərindən Əlişah İsmayılov müxtəlif vaxtlarda həyətində torpaq işləri görərkən tapmış olduğu xeyli maddi-mədəniyyət nümunələrini tədqiq və öyrənilmək məqsədilə bizə təqdim etdi. Həmin tapıntılar içərisində gildən hazırlanmış antik dövrə aid bir ədəd təkayaq vaz, bir ədəd lüləkli bardaq, bir ədəd süddanbiçimli qab və bir ədəd təkqulp vardı. Bizim Kürdüvana gəlişimizin səbəbkarı Əlikram İsmayılovun təqdim etdiyi kolleksiyada orta əsrlər dövrünə aid 3 ədəd gümüş sikkə, 10 ədəd mis pul, 26 ədəd müxtəlif rəngli və formalı muncuq, 1 ədəd üstündə yazı olan daş parçası, 5 ədəd şirli qab, 1 ədəd şirsiz kasa, saxsıdan hazırlanmış 2 ədəd su tüngü vardı. Aqil Abışov isə antik dövr ağzı büzməli formada olan bir ədəd saxsı bardaq gətirmişdi.

Əfsuslar olsun ki, bəzi sakinlər evlərində saxladıqları qədim əşyaları heç üzə çıxarmadılar. Bəziləri isə necə gətirmişdilərsə, elə də geri apardılar. Bizimlə açıq-aşkar alver etmək niyyətində olanlar da tapıldı. Kənd icra nümayəndəsi Gülbala Şıxıyev gəlişimizdən və sakinlərin tarixi-mədəni irsin mühafizəsinə və öyrənilməsinə olan həssas münasibətindən məmnun olmadığını dərhal büruzə verdi.

Kürdüvan kənd icra nümayəndəsi və onun kimi qanunun tələblərindən irəli gələn vəzifə və borclarını unudan digər rəsmilərin diqqətinə çatdırmaq istərdik ki, qanunvericilik icra və məhkəmə hakimiyyəti orqanları yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlarına yardım göstərməlidirlər.

Göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanlarından qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanlarının və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər" ("Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanunu, maddə 1).

Vətənimizin və xalqımızın tarixini özündə yaşadan hər bir abidə və digər maddi-mədəniyyət nümunəsi heç kəsin şəxsi mülkiyyətinə keçə bilməz. Bu dəyərlərə münasibətdə heç kəsin haqqı yoxdur ki, biganəlik və ya səhlənkarlığa yol versin. Bu sahədə nəyimiz varsa, hamısı göz bəbəyi kimi qorunmalıdır, tədqiq və təbliğ olunmalıdır. Tariximizi öyrənmək və yazmaq əgər tarixçilərin borcu və vəzifəsidirsə, bu tarixi özündə yaşadan tarixi-mədəni dəyərləri qorumaq, yaşatmaq, onların it-bat olmasına yol verməmək bütövlükdə cəmiyyətin işidir. Odur ki, yaşından, təhsilindən, vəzifəsindən, ictimai mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı keçmişimizin yadigarı olan hər bir abidənin, hər bir maddi mədəniyyət nümunəsinin taleyi üçün Vətən qarşısında, xalq qarşısında və nəhayət, qanunlarımız qarşısında birbaşa məsuliyyət daşıyır.

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində deyildiyi kimi, "Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar".

Arxeoloji tapıntılar olmasa, tarixçilər nə edə bilərlər? Azərbaycan tarixçiləri məhz qədim maddi mədəniyyət nümunələri əsasında Azərbaycan ərazisinin planetimizdə erkən insanın məskunlaşma arealına daxil olduğunu sübuta yetirə biliblər.

Deyilənlərə görə, Azərbaycan xalqının böyük şairi Səməd Vurğun 50-cı illərin əvvəllərində akademiyanın vitse-prezidenti işləyərkən bir gün gənc və perspektivli tarixçilərdən birinin qarşısını kəsərək ondan soruşub:"Cavan alim, sən de görüm bu məmləkətin heç olmasa 4-5 min illik tarixi varmı?"

Bir diqqət edin, 4-5 min illik tariximiz olub-olmadığı akademiyanın vitse-prezidenti üçün də qaranlıq olan o vaxtdan keçən 60 il ərzində Azərbaycan tarixçiləri nələri ediblər. Bəli, son 60 il ərzində tarixçi alimlərimizin səyləri sayəsində Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri, erkən sivilizasiyanın beşiyi olduğu elmi cəhətdən əsaslandırılaraq bütün dünyaya bəyan edildi. Belə bir qədim və zəngin tarix üçün, həqiqətən, qürur hissi keçirməyə dəyər. Bu tarixə görə bizə qibtə edənlər də, qısqananlar da çoxdur. Amma onların heç biri tarixi, o cümlədən Azərbaycan tarixini dəyişmək iqtidarında deyildir.

 

 

Qafar CƏBİYEV,

tarix elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2011.- 2 iyul.- S. 6.