Hərbi qulluqçular dövlət qayğısına yüksək döyüş hazırlığı ilə cavab verirlər

 

Ordu quruculuğu işinin dövlət rəhbərliyi səviyyəsində prioritet elan olunması və bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi qısa zaman kəsiyində müvafiq sahədə ciddi uğurların əldə edilməsi ilə müşaiyət olunmuşdur. Bu il iyulun 26-da keçirilən möhtəşəm hərbi parad da bir daha sübut etdi ki, dövlət budcəsindən orduya aid xərclərin ilbəil artırılması, şəxsi heyətin ixtiyarında olan silah-sursatın və hərbi texnikaların modernləşdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzalanan qərar və sərəncamlar ölkənin müdafiə qüdrətini dəfələrlə artırmış, Silahlı Qüvvələrin döyüş hazırlığında yeni keyfiyyət göstəricilərinin əldə olunmasına rəvac vermişdir.

Ölkədə ordu quruculuğu işinin əsas keyfiyyət göstərircilərindən biri də Silahlı Qüvvələr veteranları və Qarabağ əlillərinə göstərilən qayğı ilə əlaqədardır. Axı veteran və əlillərin, şəhid ailələrinin və milli qəhrəmanların hərtərəfli diqqət və qayğısı ilə əhatə olunması hərbi vətənpərvərlik tərbiyəsinin daha da güclənməsində böyük rol oynayan əsas amillərdəndir.

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 14 iyul tarixli "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə Azərbaycanın milli qəhrəmanlarına 600 manat təqaüd təyin edilib. Ölkə başçısının 2006-cı il 19 yanvar tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında", 2006-cı il 19 dekabr tarixli "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanları bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən və xüsusi əhəmiyyət daşıyan dövlət tədbirlərindəndir. Ölkəmizdə 10 mindən çox Qarabağ müharibəsi əlili son illər bir sıra güzəşt və imtiyazlara yiyələnmişdir. Bununla yanaşı, son dövrlər müharibə əlillərinin sosial müdafiəsi ilə bağlı dövlət proqramı çərçivəsində əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəalarına uyğun olaraq həyata keçirilən silsilə tədbirlər də ölkə ictimaiyyətində Azərbaycan dövlətinə olan inamı ikiqat artırmışdır. Təkcə son bir il ərzində əlillərə 700 əlil arabası verilmiş, 50-dək çoxmərtəbəli bina və 223 fərdi ev inşa olunmuşdur. Qarabağ müharibəsi əlilləri və veteranları, o cümlədən şəhid ailələrini işlə təmin etmək məqsədilə yeni açılan müəssisələrdə onlar üçün 20 faiz kvota ayrılmışdır. Bu isə öz növbəsində hər beş nəfərdən biri deməkdir.

Yeri gəlmişkən, 1997-ci ildən bu günədək 20 minədək əlilin xaricdə müalicəsi təmin olunmuş, şəhid ailələri, müharibə veteranları və əlillərə həyətyanı torpaq sahələri ayrılmışdır. Göründüyü kimi, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin əsas fəaliyyət prioritetlərindən biridir. Dövlət siyasətində bu, önəmli yer tutur. Müqayisə üçün deyək ki, əlil və şəhid ailələrinə 2008-ci ildə 2007-ci ildəkindən 2,3 dəfə çox, yəni 396 mənzil verilmişdir. 2009-cu ildə isə bundan təxminən 2 dəfə çox, yəni 707 mənzilin inşası tamamlanmışdır. İndiyədək 3600- dən çox əlil və şəhid ailəsi mənzillə təmin olunmuşdur.

Hərbçilərin sosial və məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin gücləndirilməsi sahəsində də dövlət rəhbərliyinin həyata keçirdiyi tədbirlər ordu quruculuğu işinin əsas prioritet məsələlərindəndir. Son illər Hərbi Xidmətkeçmə haqqında qanuna və əsasnaməyə edilən dəyişikliklər hərbi qulluqçuların pensiya təminatı sahəsində vaxtaşırı ortaya çıxan bir sıra problemlərə son qoymuşdur. Silahlı qüvvələrimizdə ehtiyatdan çağırılan kadrların bir qismi bəzən ordu sıralarında xidmətin son yaş həddinə çatsa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ əldə edə bilmirdi. Mövcud dəyişikliklər hərbi qulluqçulara yeni imtiyazlar və imkanlar vermişdir. Hərbi qulluqçu orduda xidmətin son yaş həddinə çatsa da, bu növdən olan pensiya hüququ əldə edənədək öz istəyi ilə silahlı qüvvələrdə xidmətini davam etdirə bilər. 2006-cı ildən hərbi qulluqçuların sığorta məbləği də on dəfə artırılıb. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə əgər 1100 manat ödənilirdisə, indi bu məbləğ 11000 manatdır. Xidməti vəzifəsini yerinə yetirərkən yaralanan, sağlamlığını bu və digər dərəcədə itirən hərbi qulluqçulara ödənilən sığortanın məbləği də 2006-cı ildən artırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşları 2004-cü il iyulun 1-dən orta hesabla 1,5 dəfə artırılmışdır. 2004-cü ildə müdafiə xərclərinə ümumi daxili məhsulun 2,3 faizi ayrılırdısa, sonrakı illərdə bu rəqəm mütəmadi olaraq ilbəil artırıldı, təkcə hərbi qulluqçulara deyil, həm də hərbi xidmətlə bağlı digər şəxslərə bir sıra imtiyaz və güzəştlər tətbiq edildi. 2006-cı ildən isə ölkənin müdafiə xərcləri iki dəfə artırıldı.

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında" 23 yanvar 2006-cı il tarixli sərəncamı hərbi peşə sahiblərinə dövlət qayğısının ən parlaq təzahürlərindəndir. Bu sərəncamla Müdafiə Nazirliyi hərbi qulluqçularının rütbə maaşları 2006-cı il yanvar ayının 1-dən iki dəfə artırıldı. Eyni zamanda, hərbi qulluqçuların vəzifə maaşlarının, dövlət icbari şəxsi sığorta məbləğlərinin artırılmasına, onların güzəştli ipoteka kreditləri ilə təmin olunmasına dair təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıqlar verildi.

2007-ci ildə isə ölkə başçısı hərbi qulluqçulara güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları haqqında fərman imzaladı. Bu fərmana görə hərbçilərə verilən ipoteka kreditlərinin illik faizi 4 faizdən yuxarı olmamalıdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2006-cı ilin iyul ayında Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edildi. Bu əlavələr hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsi, müvəqqəti mənzil kirayəsi üçün ödənilən kompensasiyanın hərbi qulluqçular üçün hər ay konkret məbləğdə müəyyənləşdirilməsi, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizinin müəyyən edilməsi nəzərdə tutur.

Bundan əlavə, müvafiq sənədlərdə xidməti mənzillərin tikintisinin dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilməsi də öz əksini tapıb. Son bir neçə il ərzində hərbi təhsil ocaqlarında təhsil alan kursantların pul təminatı yaxşılaşdırılmışdır. 2008-ci ildə isə hərbçilərə ərzaq əvəzinə ödənilən kompensasiyaların məbləği ölkə başçısının müvafiq sərəncamı ilə iki dəfə artırılmışdır. 18 iyun 2010-cu il tarixdə Milli Məclisin növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərclərinin daha 400 milyon manat artırılması isə cari ilin bütün hərbi xərclərinin 2 milyard 150 milyon dollaradək yüksəlməsi o deməkdir ki, bu məbləğ işğalçı Ermənistanın bütün dövlət büdcəsindən çoxdur.

2010-cu il sentyabrın 20-də ölkə başçısının imzaladığı növbəti sərəncama əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, o cümlədən digər güc strukturlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.

Bundan əlavə, 2010-cu il iyunun 23-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikilməsinə 5 milyon manat vəsait ayrılmışdır. Hazırda Prezident İlham Əliyevin göstərişi ilə müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə inşa olunan 5 hərbi şəhərcik kompleksi, demək olar ki, istifadəyə tam hazırlanmışdır. Hərbi qulluqçular üçün ümumilikdə 627 mənzili olan yaşayış binalarının tikintisi isə artıq başa çatmaq üzrədir. Bu gün silahlı qüvvələrimizin 43 hərbi hissəsində əsaslı tikinti və təmir-bərpa işləri aparılıb.

Silahlı Qüvvələr Günü ərəfəsində xalqımız hərbi qulluqçıulara dövlət qayğısının növbəti bir nümunəsinin şahidi oldu. Azərbaycan Prezidentinin 25 iyun 2011-ci il tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçıularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları müvafiq olaraq 25 və 10 faiz artırıldı. Bütün bunlar ölkəmizin milli maraqlarının təmin olunmasında dövlətimizin hərbi qulluqçulara göstərdiyi etimadın nümunəsidir. Şübhə yoxdur ki, ordu mənsubları bu etimadı yüksək döyüş hazırlığına yiyələnməklə doğruldacaqlar.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2011.- 2 iyul.- S. 6.