Gədəbəy:
təbiəti, sərvəti zəngin diyar
Dövlət
Proqramı necə yerinə yetirilir?
Son illər Azərbaycanın regionları çox inkişaf edib. Şəhər və rayonlar, onların kənd və qəsəbələri abadlaşdırılmaqla yanaşı, yeni fabriklər, zavodlar işə salınıb, on minlərlə iş yeri açılıb, infrastruktur dəyişib... Təsadüfi deyildir ki, indi dünyanın iş adamları daha əvvəlki kimi təkcə Bakıda deyil, regionlarda da sərmayə qoymağa, əməkdaşlıq etməyə can atırlar. Çünki bölgələrimizdə də buna hərtərəfli şərait yaradılıb. İşıq, qaz, su problemləri həll olunub, yeni yollar çəkilib, müasir otellər tikilərək istifadəyə verilib və bu istiqamətdə işlər uğurla davam etdirilir. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin regionların inkişafına xüsusi əhəmiyyət verməsindən sonra mümkün olub. Prezidentimizin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları bu baxımdan ölkənin tarixində mühüm əhəmiyyətli sənədlərdir.
Qəzetimizin bu nömrəsindən başlayaraq "Dövlət Proqramı necə yerinə yetirilir?" rubrikasını açırıq. Həmin rubrika altında 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramının yerinə yetirilməsinin gedişini əks etdirən yazılar, mütəxəssis rəyləri, digər təhlili məqalələr dərc olunacaqdır.
İlk söhbətimiz Gədəbəy rayonu haqqındadır.
Gədəbəyin təbiəti, zəngin təbii sərvətləri haqqında geniş yazmağa ehtiyac yoxdur. Bu rayonun hər daşı-kəsəyi, dağı-yamacı, bulaqları, meşələri heyrətamiz dərəcədə maraqlıdır, əhəmiyyətlidir və bunu hamı bilir.
Gədəbəy xüsusilə son 8-10 il ərzində çox inkişaf edib, abadlaşıb. Yeni yollar, park və xiyabanlar, istehsal sahələri, turizm mərkəzləri rayonu daha gəlimli-gedimli edib. İndi yay aylarında bu yerlərdə adam əlindən tərpənmək olmur. Onların arasında təkcə respublikadan deyil, xarici ölkələrdən gələn turistlərin də sayı ilbəil artır. Çünki artıq şərait var, infrastruktur yeniləşir. Uzun illər Gədəbəyə yolu düşməyən jurnalist həmkarlarımdan birinə deyəndə ki, indi Gəncədən Gədəbəyin mərkəzinə bir saatdan da tez çatmaq olur, inanmadı, bunu zarafat sandı. Amma bu, doğrudan da belədir. Ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə çox gözəl, rahat yol çəkilib. Digər kənd və qəsəbələrə də yollar, körpülər salınır.
Gədəbəy rayonu üzrə birinci Dövlət Proqramında nəzərdə tutulan işlər demək olar ki, başa çatdırılıb. Müəyyən səbəblər üzündən tam başa çatdırılmayan işlər də var. Bu barədə bir qədər sonra məlumat verəcəyik.
İndi isə 2009-cu ildən başlayaraq bu günədək, yəni ikinci Dövlət Proqramının (2009-2013-cü illər) qəbulundan sonra Gədəbəydə görülən işlər haqqında söhbət açaq.
Gədəbəy əsasən aqrar rayon olduğundan bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Gədəbəyin iqtisadiyyatının əsasını heyvandarlıq və bitkiçilik sahələri təşkil edir. İkinci Dövlət Proqramında heyvandarlıq, arıçılıq və kartofçuluğun inkişafının dəstəklənməsi nəzərdə tutulub. Doğrudur, hələlik bu sahədə müvafiq nazirlik rayonda nəzərdə tutulan işlərin həyata keçirilməsinə hərtərəfli dəstək göstərə bilməyib. Amma proqramda rayon üzrə planlaşdırılan müvafiq kənd təsərrüfatı texnikasına olan tələbatın ödənilməsi sahəsində az iş görülməyib. Ötən il ərzində Aqrolizinq ASC-nin Gədəbəy filialı tərəfindən rayon üçün necə deyərlər, hava-su kimi lazım olan asma gübrəsəpən, müxtəlif növ müasir traktorlar, kotanlar gətirilib.
Diqqətçəkən işlərdən biri, nəhayət, rayonda iri kartof anbarı tikintisinə başlanmasıdır. Əslində, əsasən kartofu ilə məşhur olan Gədəbəydə bu anbara ehtiyac çoxdan vardı. Ötən illərdə əhalinin əzab-əziyyətlə yetişdirdiyi məhsulun müəyyən hissəsi məhz anbarın olmaması ucbatından zay olurdu. Yaxşı ki, rayonda bu iş həllini tapır.
2013-cü il də daxil olmaqla Gədəbəydə kənd təsərrüfatı sahəsində bir sıra işlərin həyata keçirilməsi öz səmərəsini verməlidir. Bunlar nəsli kəsilməkdə olan Azərbaycan dağ merinosu qoyun cinsinin genofondunu qorumaq məqsədilə özəl damazlıq təsərrüfatının yaradılması, rayonun baytarlıq idarəsi və diaqnostika kabineti üçün birgə inzibati binanın tikintisi, avadanlıq və nəqliyyatla təchizatı, 107 qəsəbə və kəndin hər birində fiksasiya dəzgahı olan xalxalın tikintisi, yeni inzibati binaların və ora lazımi avadanlıqların alınması, rayon mərkəzində kəsim məntəqəsinin inşası, dayaq məntəqələrinin təşkili, eləcə də digər işlərin görülməsidir. Lakin bəzi hallarda bu işlərin ləngiməsi narahatlıq doğurur. Məsələn, 2009-cu ildə kəsim məntəqəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulsa da, bu iş hələ də kağız üzərində qalır.
Rayonda yerli əhəmiyyətli çınqıl və asfalt örtüklü avtomobil yollarının təmiri və tikintisi ilə əlaqədar müəyyən işlər görülmüşdür. 2010-cu ildə bu cür yolların saxlanması, çalaların doldurulması, orta və cari təmir işlərinə 646 min manatlıqdan çox vəsait sərf olunmuşdur. Azərbaycan Kənd İnvestisiya layihəsi ilə də bu sahədə müəyyən işlər görülmüş, bir sıra kənd yolları, o cümlədən Ucalı, Zamanlı, İnəkboğan, Arıqıran və sair yollar əsaslı təmir olunmuşdur. Şəhərin küçə və avtomobil yollarına asfalt örtüyünün salınması ilə bağlı Dövlət Proqramına salınmış işlərin bir qismi həyata keçirilmişdir. Belə ki, ötən ilin üçüncü rübünün yekunlarına əsasən, bütövlükdə bu sahədə 376 min manatlıqdan çox iş görülmüşdür.
Yaşayış məntəqələrinin qazlaşdırılması işi də diqqət mərkəzindədir. Novosaratovka, Qaraməmmədli, Böyük Qaramurad və Ataxal kəndlərinin qazlaşdırılması məqsədi ilə Qaradağ-Novosaratovka magistral qaz kəmərinin çəkilişi başa çatmışdır. Rayonun Novosaratovka-Şınıx magistral qaz kəmərinin çəkilişi isə davam etdirilir.
Bu sahədə hələ görüləsi işlər çoxdur. Xüsusilə rayonun sərhəd bölgəsində olan 19 yaşayış məntəqəsini təbii qazla təmin etmək üçün 553 ev təsərrüfatı və 2400 nəfərə yaxın əhalisi olan Novosaratovka, 1249 ev təsərrüfatı, 5693 nəfər əhalisi olan Novoivanovka, Şahdağ, Çobankənd, 1728 ev təsərrüfatı və 10 min 405 nəfər əhalisi olan Şınıx, Düz Rəsullu, Göyəlli, Çay Rəsullu, Ucalı, Arabaçı, Mormor, Hacılar, Qaravəlilər, 1696 ev təsərrüfatı, 8794 nəfər əhalisi olan Rüstəm Əliyev, Çalburun, Çaldaş, Əlinağılar kəndlərinə 320 millimetrlik boru ilə yüksək təzyiqli qaz kəmərinin çəkilişi proqramda nəzərdə tutulan çox vacib tədbirlərdəndir. Ağamalı, Nərimankənd, Dəyəqarabulaq, İnəkboğan, Şəkərbəy kəndlərinə isə 159 millimetrlik orta təzyiqli qaz kəmərinin çəkilişi də gündəlikdə dayanır.
Ən böyük, qlobal işlərdən biri 110/35/10 kilovoltluq "Gədəbəy" yarımstansiyasının və 110 kilovoltluq Zəyəm paylayıcı məntəqəsinin inşası, həmçinin yarımstansiyada elektrik verilişi xəttinin tikintisidir. Qeyd etməliyik ki, Gədəbəydə hazırda mövcud olan elektrik xətləri ötən əsrin 50-ci illərinin sonlarında çəkilmişdir. Bu müddətdə elektrik naqil və dayaqları istismar müddətini artıq keçmişdir. Buna görə də güclü küləklər enerji verilişlərində fasilələr yaradır. Bir çox yerlərdə elektrik xətti polad naqillərlə çəkildiyindən çoxlu enerji itkisi olur. Digər tərəfdən, rayonda yaşayış məntəqələrinin sayının artması tələbatı bir qədər də çoxaltmışdır. Başqa sözlə, Gədəbəydə 110 kilovoltluq yüksək təzyiqli elektrik xəttinin çəkilişi hava-su kimi lazımdır.
Su və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı 2009-2013-cü illərdə Gədəbəy rayonu üzrə nəzərdə tutulan işlərin gedişi hələlik istənilən səviyyədə deyil. Məsələn, Gədəbəy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə bağlı ancaq layihə-smeta sənədləri hazırlanmışdır. Halbuki artıq nəzərdə tutulan 6 ilin yarısı arxada qalmışdır.
Amma bunu səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikilməsi ilə bağlı proqramda nəzərdə tutulan işlərlə müqayisə etmək olmaz. Məsələn, Qaraməmmədli feldşer-mama məntəqəsinin keçən ilin ikinci rübündə, Böyük Qaramurad həkim məntəqəsinin keçən ilin dördüncü rübündə əsaslı təmir olunması onu göstərir ki, istər müvafiq nazirlik, istərsə də yerli icra orqanları tərəfindən bu sahəyə ciddi nəzarət var. Doğrudur, Dövlət Proqramına salınmış iri miqyaslı bu işlərin dəyərini başqaları ilə müqayisə etmək bəlkə də düzgün deyil. Amma nəzərə almaq lazımdır ki, hər bir işi vaxtında görmək sonrakı problemləri də azalda bilir.
Eyni sözləri "Məktəblərin əsaslı təmiri, idman zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi" maddəsinin tədricən həyata keçirilməsinə də aid etmək olar. Artıq ötən ilin üçüncü rübündə dəyəri 1 milyon 360 min manat olan Arıqıran kənd orta məktəbinin yeni binasının tikintisi, həmin müddətdə 4 kənd məktəbinin əsaslı, 3 məktəbin isə cari təmir olunması onu göstərir ki, işə məsuliyyətlə yanaşılır, dövlət sənədinin icrası istiqamətində qüvvələr səfərbərliyə alınır. Mədəniyyət ocaqlarında da işlər pis getmir. Amma yaxşı olar ki, əlaqədar nazirlik və digər nazirliklər yerli strukturların köməyi ilə bərpası hələ 2008-2009-cu illərdə nəzərdə tutulan Böyük Qaramurad kəndindəki məbəd kompleksinə, tunc dövrünə məxsus Söyüdlü kəndindəki Böyük Qalanın, XI əsrə məxsus Qız Qalasının, Novoivanovka kəndindəki Ağkilsə qalasının (2010-cu ildə bərpası başa çatdırılmalı idi) və digər tarixi abidələrin taleyi barədə düşünəydilər.
...Gədəbəydə görülən işlər çoxdur. Amma görüləsi işlər daha çoxdur. Rayonun tezliklə əsil turizm mərkəzinə çevrilməsini istəyiriksə, bura diqqət artırılmalıdır. Xüsusilə infrastruktur yeniləşməlidir. Ən vacibi isə rayona yeni elektrik xəttinin çəkilişi, yolların və körpülərin bərpası, qaz, su təchizatının yaxşılaşdırılmasıdır.
Ölkə Prezidenti İlham Əliyevin son 5 ildə iki dəfə bu dağ rayonunda olması onu göstərir ki, ölkə başçısı Gədəbəyə xüsusi diqqət yetirir, ona hərtərəfli köməklik göstərir. Elə etmək lazımdır ki, artıq qızılı dünya bazarına çıxarılan, füsunkar təbiətinin, bulaqlarının, meşələrinin sorağı hər yerə yayılan Gədəbəyə gələn hər bir qonaq-qara bu yerlərdən xoş təəssüratla ayrılsın. Digər tərəfdən əhalisinin sayı 100 min nəfəri keçən Gədəbəy əhalisi ilin bütün fəsillərində rahat olsun, təsərrüfatla, əkinlə-biçinlə çətinlik çəkmədən məşğul ola bilsin. Əminik ki, tezliklə belə də olacaq.
Hamlet QASIMOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri
Xalq qəzeti.- 2011.- 3 iyul.- S. 5.