Astara: regional inkişafın bariz nümunəsi

 

Ölkəmizin cənub qapısı Astara möcüzəli bir rəsm əsərinə bənzəyir: təbii gözəllik, könül açan genişlik, işıqlı rənglər, səliqə-sahman valehedicidir. Qurub-yaradan insanların daşları belə güldürən xoş əməlləri, park və meydanların göz qamaşdıran əlvan çiçəkləri Astaranı əsl təbəssümlər şəhərinə döndərib. Gəzdikcə gəzmək, baxdıqca baxmaq istəyirsən...

Prezident İlham Əliyev bu ilin aprelində növbəti dəfə Astarada olarkən bir sıra sosial-mədəni obyektlərin açılışına xeyir-dua vermiş və rayonda görülən işləri bəyənmişdir: "Azərbaycan xəritəsində Astara rayonunun çox vacib yeri vardır. Astarada bütün işlər yüksək səviyyədə görülməlidir".

Bugünkü Astara mühüm quruculuq layihələrinin həyata keçirildiyi məkandır. Rayona yenicə icra hakimiyyəti başçısı təyin edilmiş Taleh Qaraşov əhalinin çeşidli təbəqələri - ağsaqqallar, qadınlar, fəal gənclər və sahibkarlarla işgüzar görüşlərində dəfələrlə vurğulayıb ki, sərhəd bölgəsində yerləşən Astaraya çoxlu əcnəbi gəlib-gedir. Rayon hər zaman gözəl, təmiz və səliqəli olmalıdır. Gəlin, böyük dövlət vəsaiti hesabına, minbir zəhmət bahasına yaradılanları qoruyaq, eyni zamanda birgə səylərlə tikinti-quruculuq işlərini davam etdirək, daha böyük inkişafa nail olaq.

Yeri gəlmişkən, T.Qaraşov üç ay ərzində rayonun 12 ərazi icra nümayəndəliyində səyyar qəbullar keçirib, vətəndaşlarla yerlərdə çoxsaylı görüşləri olub. Problemlərin həlli, rayonun inkişafı kimi məsələlər bütün söhbətlərdən qırmızı xətt kimi keçib.

Hazırda Astara məhz belə bir ovqata köklənib. Sakinlər orijinal üslubda tikilən və şəhərə xüsusi yaraşıq verən Heydər Əliyev Mərkəzi, 65 metr hündürlükdə dalğalanan üçrəngli milli bayrağımız və elə oradaca yerləşən Gənclər evi kimi ünvanlarla ürəkdən öyündükləri kimi, tezliklə rayonun xəritəsinə düşəcək yeni obyektlərin inşasında da həvəslə iştirak edir, şəhəri sevgiləri ilə işıqlandırırlar.

Astaranın girəcəyi tam abadlaşdırılıb, müasir işıqlandırma sistemi qurulub. İlk xoş təəssürat elə buradan yaranır. İrəli getdikcə heyranlıq artır. Şəhərin mərkəzindəki göz-könül oxşayan H.Əliyev parkı, ulu öndərin möhtəşəm abidəsi, yaraşıqlı otel, "Uşaq əyləncə mərkəzi", icra hakimiyyəti aparatının yeni görkəmli binası başdan-başa gül-çiçəyə, mövsümi dekorativ əkinlərə qərq olub. Astaranın əlvan rəngləri buranı əsl festivallar şəhərinə bənzədir.

Əvvəllər rayon mərkəzində şəhid ailələri və əlillərin məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 32 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdi. Bu yaxınlarda isə 16 mənzilli daha bir belə bina sakinlərini qoynuna alıb. Yeni üslubda olan bu binalarda hər cür kommunal şərait var. Müqəddəs ziyarətgah sayılan "Şəhidlər Xiyabanı" yenidən qurularaq zövqlə abadlaşdırılıb.

Heydər Əliyev prospektində yerləşən ictimai yaşayış binalarının əsaslı təmiri bu il görülən işlərdəndir. Bu prospektdə və şəhərin "Azərbaycan", Nizami adına küçələrində, digər yerlərdə yolların hər iki tərəfi hasarlanıb, səki daşları düzülüb, yaşıllıqlar salınıb, müasir işıqlandırma təmin edilib. Hazırda Yeni Azərbaycan Partiyasının yeni inzibati binası ucaldılır. "Qum" küçəsi abadlaşdırılır, Astara gömrükxanasının ətrafındakı ticarət və iaşə obyektləri estetik tələblərə uyğun şəkildə yenidən qurulur. Bu binaların fasad hissələri alkoponla üzlənib, yola asfalt örtük döşənib.

Yol iqtisadiyyatın əsas atributu, mədəniyyətin və rahatlığın vacib şərtidir. Buna görə də yol tikintisi, bərpası və təmiri ilə bağlı ölkədə mühüm layihələr həyata keçirilir. 19 kilometrlik Astara-Bala Şahağacı yolunun bərpası onlardan biridir. 50-60 il əvvəl tikilmiş, uzun müddət baxımsız qalan, üstəlik, dənizin səviyyəsinin qalxması ilə əlaqədar korlanan həmin yol bərbad vəziyyətdə idi. Ətrafda yerləşən qəsəbə və kəndlərin on minlərlə əhalisi bundan əziyyət çəkirdi. Onların müraciətlərini nəzərə alan dövlət başçısı İlham Əliyev ötən ilin aprelində yolun təmiri üçün Prezidentin Ehtiyat Fondundan 3,5 milyon manat vəsait ayrılması barədə sərəncam imzaladı. Yüksək keyfiyyətlə tikilən, ətrafına müxtəlif növ ağaclar əkilən, səliqə ilə tor hasarlar çəkilən yol artıq istifadəyə verilib. Yolun açılışında iştirak edən cənab İlham Əliyev deyib ki, gələcəkdə belə kənd yollarının tikintisi davam edəcək və rayonda olan bütün sosial və iqtisadi məsələlər öz həllini tapacaq.

Bu gün Astara-Bala Şahağacı yolundan istifadə edən hər kəs problemin həllindən hədsiz razıdır. Digər yolların təmiri və tikintisi isə, deyildiyi kimi, davam edir. Bu yaxınlarda 6,5 kilometrlik Səncərədi-İstisu yolu asfaltlaşdırılıb, işıq dirəkləri tam dəyişdirilib. Bundan başqa, Siyəku-Şağlazürə kəndlərində, Qəcimardə-Kijəbə istiqamətində 6 kilometr uzunluğunda yollar çəkilir.

 

Kijəbə sakini Amil Dədəyev:

- Prezidentimizin idarəetmə təcrübəsi olan, işgüzar adamları vəzifəyə təyin etməsi sevindiricidir. Bu sarıdan rayonumuzun bəxti gətirib. Rəhbərlik camaatın qayğıları ilə yaşayır. Taleh Qaraşov qəsəbəmizdə keçirilən görüşdə söz vermişdi ki, yollar asfaltlaşdırılacaq, park yenidən qurulacaq və çayçılığın bərpası üçün tədbirlər görüləcək. Artıq asfalt çəkilişinə başlanıb. Sağ olsun, sözünü tutdu. İnanıram ki, digər məsələlər də tezliklə həll ediləcək.

Biz Astarada olarkən bu il görülən işlər barəsində daha ətraflı məlumat aldıq. Öyrəndik ki, Həzi Aslanov küçəsində 3000 tonluq taxıl qəbulu, saxlanması və satışı məntəqəsinin, 2500 tonluq soyuducu kameranın inşası başa çatıb. Siyəku kəndində isə sitrus məhsullarının saxlanması üçün 350 tonluq soyuducu anbar tikilir. Rayonda içməli su və kanalizasiya xətlərinin yenidən qurulması reallığa çevrilməkdədir. Bununla əlaqədar Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə işlərə başlanıb, layihə-smeta sənədləri hazırlanmaqdadır.

Artıq rayonda bir şəhər, bir qəsəbə və 26 kənd mavi yanacaqla təmin olunub. Hazırda iş gedən daha 10 kənddə ilin sonunadək, qalan kəndlərdə isə 2013-cü ilə kimi qaz çəkilişi başa çatacaq. Qazlaşdırılacaq kəndlərin ümumi sayı 50 olacaq. Xatırladaq ki, Prezident İlham Əliyev apreldə Astara qaz-kompressor stansiyasının açılışında iştirak edib. Orada müasir avtomat sistemlər və avadanlıqdan istifadə etməklə bütün zəruri işlər görülüb. Astaranın və ətraf rayonların, eləcə də Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatının daha etibarlı təmin edilməsi və Azərbaycan ilə İran arasında bağlanmış müqaviləyə uyğun olaraq, qonşu ölkəyə mavi yanacağın ixracı məqsədilə tikilmiş bu kompressor stansiyasının gücünün 5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur.

Onu da deyək ki, Avropa Şurasına üzv ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılması məqsədilə kiçik su elektrik stansiyalarının potensialı möhkəmləndirilir. Azərbaycanda da bu yöndə ardıcıl işlər həyata keçirilir. Fərəhlidir ki, Astaranın Züngüləş kəndi yaxınlığında, İstisu çayı üzərində kiçik su elektrik stansiyası tikilməkdədir. Bu işıq mənbəyinin təməli də yazda dövlətimizin başçısı tərəfindən qoyulub. Layihə üzrə, 1,7 meqavat gücündə olan stansiyada ildə 2,5 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Artıq rayonun elektrik təsərrüfatı yenidən qurulub, sayğaclaşdırma tamamlanıb və əhaliyə 24 saat fasiləsiz işıq verilməsi təmin edilib.

Lovayın su anbarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tender keçirilib, hazırda burada işlərə start verilib. Gələcəkdə rayonun əkin sahələri 5 milyon kubmetrlik su ilə təchiz olunacaq.

 

Qocaman fermer Həsən İbrahimov:

-Mənim 84 yaşım var, sizə də uzun ömür arzulayıram, ay bala! Bu yaşıma qədər hələ Astaranın belə sürətlə inkişaf etdiyini görməmişdim. Bu, dövlətin ucqarlara, əyalətlərə diqqətinin, tapşırıqların ardıcıl icrasının nəticəsidir. Prezidentimizdən yerdən-göyəcən razıyıq. Atasının - unudulmaz dahi şəxsiyyətin layiqli övladı ilə bütün ölkə ürəkdən fəxr edir. İlham Əliyev sözün əsl mənasında hər bir azərbaycanlının Prezidenti olduğunu gündəlik fəaliyyəti, işıqlı əməlləri ilə sübut edir. İşığımız, qazımız, suyumuz var. Ölkədə sahibkarlığa yaşıl işıq yandırılıb, hər kəsə bacarığını göstərmək imkanı verilib. Bu, çox gözəl fürsətdir. Bax, tikilməkdə olan Lovayın su anbarı rayonumuzun əkin fondunu başdan-başa cana gətirəcək. Elin, obanın varı aşıb-daşacaq. Bütün bunları düşündükcə adam təzədən qayıdıb cavanlaşmaq, inkişafa töhfələr vermək istəyir.

 

Gənclər birliyinin sədri Rəsul Nəsirov:

-İri şəhərlərdə yaşayan yaşıdlarımıza heç də həsəd aparmırıq. Çünki burada hər sür şəraitimiz var, darıxmırıq. Prezident İlham Əliyev Astarada olan zaman Heydər Əliyev Mərkəzinin, Gənclər evinin də açılışını reallaşdırdı. Mərkəzdəki elektron kitabxananın fondunda 3500 kitab toplanıb. Bundan başqa, istəsək, Milli Kitabxananın elektron resursunda olan 11416 kitabdan istifadə edə bilərik. Elektron kataloqda isə 150000 kitabın biblioqrafik göstəricisi üzrə axtarış aparmaq olar, 48 ölkənin toplu kataloqu da ixtiyarımızdadır. Dekorativ tətbiqi sənət studiyası, qızlar üçün xalçaçılıq kursları, rəssamlıq studiyası və sair açılıb. Gənclər evi də nadir bir məkandır: internet-klubda kompyuterlə işləmək, şahmat klubunda zəka oyunu ilə məşğul olmaq mümkündür. Rayonumuza səfərində dövlət başçısı tikilməkdə olan Olimpiya İdman Kompleksi ilə də maraqlandı. Bu, regionda ən iri idman obyekti olacaq. Universal idman zalı, üzgüçülük hovuzu, futbol, basketbol, tennis və voleybol meydançaları, qaçış yolu bizim həyatımızı gözəlləşdirməkdən ötrüdür. Kompleks oktyabr ayında artıq istifadəyə veriləcək. Son illərdə rayonumuzda 20 yeni məktəb tikilib. Hazırda Toradi kəndində 480 yerlik daha bir təhsil ocağı inşa olunur. İstirahət etməkdən ötrü gözəl turizm mərkəzlərimiz də var. Gənclərə qayğı elə gələcəyə qayğı deməkdir. Buna görə möhtərəm Prezidentimizə minnətdarıq.

Astarada kimi dindirsən, beləcə ürəklə, həvəslə danışacaq, görülən işləri təqdir edəcək. Bir də ki, görünən dağa nə bələdçi?! Biz rayon mərkəzini tərk edəndə də yolboyu abadlıq-quruculuq işlərinin şahidi olduq. Şəhərdəki bir çox inzibati binalar təmir edilir, rənglənir, üzlənirdi. Bütün bunlar Astaranın simasının dəyişməsi, onun daha da gözəlləşməsi deməkdir.

 

 

Əli NƏCƏFXANLI

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

 

Xalq qəzeti.- 2011.- 3 iyul.- S. 6.