Bizim hamımızın bir Vətəni var - Azərbaycan
Biz
istəyirik ki, müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı
kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt
öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər.
Bizim hamımızı, azərbaycanlıları birləşdirən
milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi
dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız,
incəsənətimiz, musiqimiz, şeirlərimiz,
mahnılarımız, xalqımıza mənsub olan adət-ənənələrdir.
Bizim hamımızı birləşdirən, həmrəy edən
azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycan
xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya
miqyasında böyük xalqdır. Bizim hamımızın
bir Vətəni var - Azərbaycan.
Çalışmalıyıq ki, doğma Vətənimizi
möhkəmləndirək, zənginləşdirək,
qüdrətli dövlətə çevirək.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bu gün Dünya Azərbaycanlılarının
III qurultayı öz işinə başlayır
Bu
gün Bakıda Dünya Azərbaycanlılarının III
qurultayı öz işinə başlayır. Qurultaya 1272
nümayəndə seçilib. Bu mötəbər tədbirdə
dünyanın 42 ölkəsindən 579 nümayəndə və
211 qonaq iştirak edir. Ən çox qonaq və nümayəndə
Rusiya (155), Türkiyə (101), Ukrayna (49), Almaniya (43),
Gürcüstan (41), ABŞ (28), İsveç (23), Niderland
(21), İsrail (17), Özbəkistan (13), Fransa (12), Böyük
Britaniya və Şimali İrlandiya Krallığı (11) və
Kanada (10) ölkələrindəndir.
Üçüncü
qurultayda, həmçinin ümumilikdə 13 ölkə
parlamentinin 29 deputatı iştirak edir.
Dünya
azərbaycanlılarının qurultayı çox
böyük tarixi hadisədir. Dünyanın müxtəlif
ölkələrindəki azərbaycanlıların bir araya gəlmək
təklifi və təşəbbüsü, dünya azərbaycanlılarının
təşkilatlanma prosesi ulu öndər Heydər Əliyev tərəfindən
irəli sürülmüşdür. Ümummilli lider Heydər
Əliyev dünya azərbaycanlılarının vahid məqsəd
ətrafında birləşdirilməsi ideyasını
reallaşdırmağı zəruri vəzifə kimi
qarşıya qoymuşdur. Böyük tarixi şəxsiyyət
xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını,
məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında
fəal iştirak etməsini, doğma Vətənlə əlaqələrinin
genişləndirilməsi məsələlərini prioritet vəzifələrdən
hesab edirdi. Tarixi Vətəndən uzaq düşənlərin
problemlərinin həllini, onların hüquqlarının
müdafiəsini təmin etmək üçün
bütün imkanlardan istifadə olunmasını xüsusi
vurğulayırdı. Ulu öndər Heydər Əliyev hələ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
olarkən dünya azərbaycanlılarının bir araya gəlməsi
barədə qətiyyətli addımlar atırdı.
Ümummilli liderin təşəbbüsü ilə
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci
ilin sonunda 31 dekabrı Dünya Azərbaycanlılarının
Həmrəylik və Birlik Günü elan etmiş, onun
bütün ölkə miqyasında dövlət bayramı
kimi qeyd olunması üçün Azərbaycan
Respublikasının Ali Soveti qarşısında vəsatət
qaldırmışdır.
1993-cü
ildə xalqın təkidli tələbləri ilə yenidən
siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev
xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi,
təşkilatlanması və bu istiqamətdə
qarşıya çıxan problemlərin aradan
qaldırılması, onların hüquqlarının
müdafiəsini təmin etmək üçün dövlətin
bütün imkanlarını səfərbər etmişdir.
Ölkədə aparılan uğurlu islahatlar, beynəlxalq
standartlara tam uyğun yeni qanunların qəbul edilməsi,
Avropaya və dünya birliyinə inteqrasiya, iqtisadi sahədə
əldə olunan nailiyyətlər müstəqil dövlətimizin
mövqelərini tədricən möhkəmləndirir, əlaqələrini
genişləndirirdi. Aparılan hüquqi və siyasi islahatlar
Azərbaycanın demokratik dövlət, vətəndaş cəmiyyəti
quruculuğu yolu ilə inamla addımladığını təsdiqləmiş,
onun beynəlxalq nüfuzunu getdikcə yüksəltmişdir.
Qazanılan
uğurlar ölkədə milli birliyin təmin olunmasına
öz töhfəsini vermiş, dünyanın müxtəlif
guşələrində yaşayan azərbaycanlıların
daxili inamını və qürur hissini gücləndirmiş,
tarixi Vətənin maraqları naminə daha sıx birləşərək
fəaliyyət göstərməsi üçün zəmin
yaratmışdır. Dünya azərbaycanlılarının
ümumi məqsəd, vahid azərbaycançılıq
ideyası ətrafında birləşməsi yolunda həyata
keçirilən tədbirlər artıq öz bəhrəsini
verir.
Heydər
Əliyevin təşəbbüsü və sərəncamı
ilə 2001-ci ilin noyabrında Bakıda keçirilmiş
Dünya Azərbaycanlılarının I Qurultayı
qarşıya qoyulmuş vəzifələrin
reallaşdırılması istiqamətində son mərhələ
oldu. Qurultay xaricdəki soydaşlarımızın birləşməsi
yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor
hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin
başlanğıcını qoymuşdur. Birinci qurultay həm
də ona görə yaddaşlara əbədi həkk olundu ki,
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması ideyası məhz bu qurultayda
formalaşdı. Qurultay nümayəndələrinin
çoxsaylı təkliflərini nəzərə alan
ümummilli lider Heydər Əliyev 2002-ci il iyulun 5-də
diasporla iş sahəsində dövlət siyasətinin həyata
keçirilməsini, dövlət orqanlarının və
qeyri-hökumət təşkilatlarının bu sahə ilə
bağlı fəaliyyətinin əlaqələndirilməsini
təmin etmək üçün Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin yaradılması haqqında fərman
imzalamışdır. Həmin ilin dekabrında qəbul
edilmiş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında" Qanun isə
bu sahədə həyata keçirilən dövlət siyasətinin
prioritet istiqamətlərini və hüquqi prinsiplərini
müəyyən etmişdir. Bilavasitə diaspor problemləri
ilə məşğul olan dövlət orqanının təsis
edilməsi və müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının
təşkilatlanması prosesini daha da sürətləndirmiş,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması işinin təkmilləşdirilməsinə
təkan vermişdir. Xalqımızın bütün tarix boyu
milli birlik və həmrəylik arzuları, ideyaları
artıq həqiqətə çevrilmişdir.
Ümummilli
lider Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların
milli birlik və həmrəylik hisslərinin,
duyğularının güclənməsi, onların
ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında
sıx birləşməsi üçün daim yorulmaz fəaliyyət
göstərmişdir. Qüdrətli şəxsiyyət
dünya azərbaycanlılarının birliyinə, sıx əməkdaşlığına
böyük əhəmiyyət verərək demişdir:
"Azərbaycan xalqı böyük, qədim tarixə
malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir
çox sınaqlardan çıxmış,
yaşamış, öz mənliyini itirməmiş, öz
milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli
töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir.
Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar
bəzi məhrumiyyətlərə düçar olmuşlar.
Ona görə də bütün dünyaya səpələnmiş
azərbaycanlıların birliyi, həmrəyliyi indi həm
bizim üçün, həm də dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlılar
üçün xüsusi əhəmiyyət kəsb
edir".
Ulu
öndər siyasi uzaqgörənliyi sayəsində dünya
azərbaycanlılarının milli birliyini təmin etmiş,
dünyanın müxtəlif yerlərində yaşayan
soydaşlarımızın qarşısında duran vəzifələri
aydın və dəqiq müəyyənləşdirmişdir:
dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar ilk növbədə öz milli
kimliklərini dərk və hifz etməli, Azərbaycanın
dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini,
tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Bu,
bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi
birliyinin mühüm şərtidir.
Ulu
öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyev dünya azərbaycanlılarının
həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi,
onların ümummilli ideyalar ətrafında sıx birləşməsini
prioritet vəzifə kimi qarşıya qoydu. Dövlət
başçımızın bu istiqamətdə həyata
keçirdiyi uğurlu islahatlar, qəbul etdiyi qərarlar daha
geniş imkanlar yaratdı. Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasətinin həyata keçirilməsində,
soydaşlarımızın birlik və həmrəyliyinin
möhkəmləndirilməsində yeni mərhələ
başlandı. Bu, bir tərəfdən Azərbaycanın
iqtisadi və siyasi cəhətdən getdikcə güclənməsi,
regionda lider dövlətə çevrilməsi, beynəlxalq
aləmdə mövqelərinin güclənməsi, müstəqil
dövlət kimi nüfuzunun artması, digər tərəfdən
isə xaricdə yaşayan azərbaycanlılarla işin
keyfiyyətcə yeni məzmun kəsb etməsi, bu sahədə
qarşıya yeni vəzifələr qoyulması ilə əlaqədardır.
Möhtərəm Prezidentimizin həyata keçirdiyi daxili və
xarici siyasətin prioritet sahələrindən biri də
soydaşlarımızın beynəlxalq konvensiyalarda təsbit
olunmuş insan və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsi, yaşadıqları
ölkələrdə mütəşəkkil təsirli
qüvvəyə çevrilməsi, dünya azərbaycanlılarının
taleyi üçün məsuliyyət daşıması kimi
vəzifələr qoyur.
2006-cı
ilin martında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının
II Qurultayında dövlət başçısı İlham Əliyevin
geniş və əhatəli nitqindən və Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin hesabatından sonra məlum oldu ki, ötən
dövrdə xaricdəki soydaşlarımızın təşkilatlanması
və öz tarixi vətənləri olan Azərbaycanla əlaqələrinin
genişləndirilməsi sahəsində məqsədyönlü
tədbirlər həyata keçirilmişdir. Aparılan
hüquqi və siyasi islahatlar Azərbaycanın demokratik
dövlət, vətəndaş cəmiyyəti quruculuğu
yolu ilə inamla addımladığını təsdiqləmiş,
dünya birliyinə inteqrasiyasını sürətləndirmişdir.
Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində
həyata keçirdiyi ardıcıl və məqsədyönlü
iş öz bəhrəsini vermişdir. Ötən müddət
ərzində Amerika, Avropa, Asiya və Şimali Afrikanın
ayrı-ayrı ölkələrində yüzə yaxın
yeni azərbaycanlı icması yaradılmış, bununla da
xaricdəki soydaşlarımızı birləşdirən
qurumların sayı 300-ü ötmüşdür. Təşkilatlanmış
azərbaycanlı cəmiyyətlərinin fəaliyyət
göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni
həyatında fəal iştirak etmələri diaspor
quruculuğu işinin ən mühüm istiqamətlərindən
biri hesab edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev
qurultaydakı çıxışında xaricdə
yaşayan soydaşlarımızı Azərbaycan həqiqətlərini
beynəlxalq aləmə olduğu kimi çatdırmaqda fəallıqlarını
artırmağa çağırdı. Dövlətimizin
başçısı demişdir: "Biz öz tədbirlərimizi
görməliyik, biz möhkəmlənməliyik. Azərbaycan
öz iqtisadi potensialını, hərbi potensialını,
siyasi imkanlarını tam şəkildə işə
salır. Biz hər istiqamətdə çox sürətlə,
düşünülmüş proqram və konsepsiya əsasında
irəliləyirik. Yenə də qeyd etmək istəyirəm
ki, bu istiqamətdə Azərbaycan diasporunun çox
böyük rolu var. Mən istəyirəm ki, həm Azərbaycanın
dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin
dünya birliyinə çatdırılmasında, azərbaycanlıların
yaşadıqları ölkələrin ictimai-siyasi həyatında
fəal iştirakında bu rol daha güclü olsun. Məsələn,
mən istəyirəm ki, azərbaycanlılar
yaşadıqları bütün ölkələrin siyasi həyatında
daha fəal rol oynasınlar. Siyasi partiyalara üzv olsunlar.
Çalışsınlar ki, o ölkələrin qanunvericilik
orqanlarına seçilsinlər. Bu, bizim mövqelərimizi
möhkəmləndirər".
Azərbaycan
Respublikası bütün dünya azərbaycanlılarının
doğma ata-baba yurdudur. Odur ki, dünyanın bütün
ölkələrində məskən salmış
soydaşlarımız doğma Vətəndə baş verən
ictimai-siyasi prosesləri diqqətdə saxlamalı, ölkəmizin
ərazi bütövlüyünün təmin olunmasında
bütün qüvvələrindən səmərəli istifadə
etməlidirlər. Azərbaycan dilinin qorunması,
inkişafı, azərbaycançılıq ideyasının
təbliği harada yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlının ən ümdə vəzifəsi
olmalıdır.
Bu
gün doğma Azərbaycanımız dünyanın iqtisadi cəhətdən
ən dinamik inkişaf edən ölkələri
sırasındadır. Xarici ölkələrdə yaşayan
soydaşlarımız və həmvətənlərimiz Azərbaycanın
dünyaya daha yaxından tanıdılması,
xalqımızın zəngin mədəniyyətinin təbliğ
edilməsi sahəsində bütün qüvvələrini
birləşdirməlidirlər. Çünki bizim bir Vətənimiz
var - Azərbaycan.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 5 iyul.- S. 5.