Azərbaycan leqal proqram təminatının istifadəsinə keçir

 

Azərbaycanda "Microsoft"un lisenziyalaşdırılmış proqram təminatının istifadəsi haqqında saziş bu ilin mayında adıçəkilən korporasiyanın ABŞ-ın Redmond şəhərində (Vaşinqton ştatı) yerləşən qərargahında imzalanmışdır. İlk növbədə, bu təşəbbüs müasir informasiya texnologiyalarının təmin etdiyi rahatlığın sıravi vətəndaşlar üçün də əlçatan olmasına istiqamətlənir və eyni zamanda, hökumət qurumlarının fəal şəkildə informasiyalaşdırılmasını nəzərdə tutur.

"Microsoft" ilə strateji tərəfdaşlıq və uzunmüddətli lisenziya sazişinin bağlanması Azərbaycan hökumətinin fəaliyyətinin effektivliliyini artırmağa, yeni texnologiyalar vasitəsilə informasiya mühitinin yenidən qurulmasını təmin etməyə, idarəetməni asanlaşdırmağa və hökumətin müəllif hüquqlarının qorunması məsələsinə olan xüsusi diqqətini reallaşdırmağa yardım göstərəcək.

İmzalanan sənədə uyğun olaraq, bütün hökumət təşkilatları yalnız rəsmi lisenziyalı proqram təminatlarından istifadə edəcəklər. Bu, Azərbaycan Respublikasının saxta proqram təminatlarının istifadəsi səviyyəsini azaltmaq üçün üzərinə götürdüyü mühüm öhdəlikdir. Nəticə etibarilə ölkənin hökumət qurumlarının lisenziyalaşdırılması siyasəti pirat proqram təminatının tətbiqindən irəli gələ biləcək risklərdən müdafiə olunan elektron e-Government ("Elektron Hökumət" konsepsiyası) xidmətinin yaradılmasına dəstək göstərəcək. Bu da adi vətəndaşlar, işgüzar adamlar və hökumət işçilərinə təqdim olunan xidmətlərin keyfiyyətini artıracaq. Sazişin məqsədi, həmçinin, Azərbaycandakı kompyuter piratçılığı hallarına qarşı mübarizədir. Qeyd edək ki, "İDC"nin son tədqiqatlarına görə, Azərbaycanda piratçılıq səviyyəsi 88 faizdir.

Maraqlıdır ki, sözügedən sazişin imzalanması ilə, demək olar, eyni vaxtda Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" xüsusi fərman imzalamışdır. Həmin sənəddə əhali üçün nəzərdə tutulan elektron xidmətlərinin hökumət qurumları tərəfindən qısa müddət ərzində tətbiqi sahəsində konkret göstərişlər verilmişdir. Bu, Azərbaycan hökumətinin ölkə vətəndaşları ilə ünsiyyət üçün ən müasir qarşılıqlı əlaqə vasitələrinə keçməsi və hazırda mövcud olan informasiya texnologiyalarının potensialının tam istifadəsi sahəsindəki niyyətinin çox ciddi olduğunu bir daha təsdiqləyir. Perspektivdə bu o deməkdir ki, "Elektron hökumət" konsepsiyasına keçdikdən sonra vətəndaşlar poliklinikalarda elektron qeydiyyat imkanından istifadə edə biləcəklər. Həmçinin əhalinin sosial cəhətdən müdafiə olunmayan təbəqələri üçün internetin mənimsənməsi məqsədilə pulsuz kurslar açılacaq. Qurumlar arasında elektron əlaqə, eyni zamanda, instansiyalara müxtəlif sənədlərin təqdim edilməsi zəruriyyətini aradan qaldıracaq, fərdi məlumatların etibarlı şəkildə qorunması təmin ediləcəkdir.

Yeri gəlmişkən, hökumətin cəmiyyətin informasiyalaşdırılması istiqamətində apardığı siyasətin sübutu kimi yaxınlarda Elektron Rəqəmli İmza Layihəsi də ( E-Signature) işə salınmışdır. Bu layihə Ultra, AzerinMicrosoft Azərbaycan şirkətlərindən ibarət olan konsorsium tərəfindən reallaşdırılmışdır.

Xatırladaq ki, hökumət qurumlarında proqram təminatının lisenziyalaşdırılması layihəsinin operatoru "Microsoft" "Large Account Reseller" statusuna malik "Ultra" şirkəti olmuşdur. "Microsoft" korporasiyası ilə sıx əməkdaşlıq hökumət qurumları və iri özəl şirkətlərlə səmərəli çalışmağa imkan verir. "Ultra" şirkəti əqli mülkiyyətin qorunması sahəsində yaranan vəziyyətin köklü şəkildə dəyişdirilməsinə yardım göstərmək üçün kifayət qədər təcrübəyə malikdir. Azərbaycanda reallaşdırılan çoxsaylı İKT layihələrindəki iştirakımız isə bunu bir daha təsdiq edir, -deyə Ultra şirkətinin baş direktoru Zaur Məmədzadə vurğulamışdır.

Saziş çərçivəsində həyata keçiriləcək tədbirlər Azərbaycanda pirat proqram təminatının istifadəsi zamanı yarana biləcək risklər (viruslar və digər zərərverici proqramlar səbəbindən kompyuterlərin adi rejiminin pozulması, verilənlərin itməsi, məxfiliyin pozulması) haqqında məlumatlandırma vasitəsilə texniki bilik və təcrübənin yayılmasına yardım edəcək. Saziş dövlət sektorunda əqli mülkiyyət hüquqlarının qorunması məsələsinin mühüm əhəmiyyətini göstərməklə yanaşı, ölkənin rəqabətə davamlılığını da artıracaq. Bu isə öz növbəsində birbaşa xarici investisiyaların cəlb olunmasına şərait yaradacaqdır. Sazişin mühüm hissəsi hökumət qurumlarında istifadə olunan "Microsoft" məhsullarının qanuniləşdirilməsi proqramıdır. Azərbaycan Respublikası ilə "Lisenziyalaşdırma Sazişi"nin imzalanması bütün informasiya infrastrukturunun möhkəmlənməsi və standartlaşdırılması istiqamətində işin yalnız başlanğıcıdır. Eyni zamanda, bu, Avropadünya texniki standartlarına yaxınlaşma yolunda mühüm addımdır.

"Microsoft" Azərbaycan şirkətinin baş meneceri Teymur Axundovun sözlərinə görə, son illər ərzində dinamik iqtisadi inkişaf edən Azərbaycan təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan ən son innovativ texnologiyalara söykənən iqtisadiyyata doğru addımlayır. "Microsoft" Azərbaycan şirkəti imzalanmış sazişi dayanıqlı proqram təminatı bazarının yaradılması və yeni yerlərinin açılması, habelə Azərbaycanın texnologiya sahəsində regional lider mövqelərinin möhkəmlənməsinə dəstək göstərən əlavə investisiyaların cəlb olunması üçün təməl hesab edir.

Hazırda Azərbaycan Qafqazda lider ölkədir və bir çox sahələrdə nəzərəçarpan artım nümayiş etdirməkdədir. Bu fakt artıq uzunmüddətli sərmayələri nəinki sənayeyə, həm də insan resurslarının inkişafına cəlb edir. Bu barədə cari il Davosda (İsveçrə) keçirilmiş Ümumdünya İqtisadi Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Microsoft İnternational" şirkətinin prezidenti Jan-Filip Kurtua ilə görüşündə qeyd olunmuşdur. Sazişin imzalanması həmin zaman səsləndirilən prinsiplərin məntiqi davamı idi. Bu isə piratçılığa qarşı, habelə müəllif hüquqlarının qorunması uğrunda aparılan düzgün dövlət siyasətinin sübutudur. Öz növbəsində "Microsoft" korporasiyası 2005-ci ildə Azərbaycanda öz ofisini açdığı andan informasiya cəmiyyətinin inkişafına hər vasitə ilə yardım edir və ölkədə bir sıra perspektivli layihələri həyata keçirir. Onların arasında Təhsil Nazirliyi ilə birgə innovativ müəllimlər müsabiqəsinin həyata keçirilməsi və korporasiyanın 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının reallaşdırılmasında fəal iştirakı xüsusi qeyd edilməlidir. "Microsoft" şirkəti "Xalq kompyuteri" layihəsinin həyata keçirilməsində və elektron təhsil sisteminin qurulmasında da böyük rol oynayır. Qeyd etmək lazımdır ki, "Microsoft" ölkədə fəaliyyət göstərən yeganə xarici şirkətdir ki, özünün əsas proqram məhsullarını Azərbaycan dilinə tərcümə edib. Belə ki, Microsoft Windows XP, Windows VistaMicrosoft Windows 7 əməliyyat sistemləri, Microsoft Office 2003, 2007 və 2010 ofis paketləri artıq Azərbaycan dilinə tərcümə edilmiş, yaxınlarda isə korporasiya ən son Internet Explorer 9 brauzerinin lokallaşdırılması üçün dil paketini təqdim etmişdir. Digər üstünlüklərdən başqa yeni brauzer uşaqların arzuolunmaz resurslara çıxışını məhdudlaşdırmağa imkan verir ki, bu da onların şəbəkədəki təhlükəsizliyini təmin edir. Qeyd edək ki, "Microsoft"un əsas məhsullarının Azərbaycan dilinə lokallaşdırılması layihələri bilavasitə "Microsoft" korporasiyasının təşəbbüsü olub və tamamilə şirkət tərəfindən maliyyələşdirib. Bu, İKT sahəsində çoxlu sayda milli layihələri dəstəkləyən "Microsoft" korporasiyasının regionumuza göstərdiyi xüsusi diqqətin sübutudur. Azərbaycan Respublikası ilə bu cür sazişin imzalanması isə qarşılıqlı əlverişli tərəfdaşlıq üçün daha da böyük perspektivlər açacaq.

"Microsoft" şirkəti əmindir ki, dünya bazarı pirat proqram təminatı istifadəsinin azaldılmasından və fərdi kompyuterlərin daha etibarlı müdafiə edilməsindən faydalanacaq. Bu, sənayedə yeniliklərin tətbiqinə, kiçik biznes üçün bərabər şərtlərin yaradılmasına, həmçinin lisenziyalı proqram təminatının qanuni satışı və istifadəsi hesabına yerli büdcəyə vergi gəlirlərinin formalaşdırılmasına dəstək göstərəcək. Bu saziş qarşıdan gələn illərdə Azərbaycan Respublikasının inkişafı üçün yeni imkanlar yaradacaq", -deyə "Microsoft"un vitse-prezidenti Robert MakDauell bildirmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 5 iyul.- S. 5.