Azərbaycanda daşqınlar və onlardan qorunma yolları: tarixə bir nəzər

 

Keçən ilin baharında - aprel-may aylarında Azərbaycan, sözün həqiqi mənasında, təbii fəlakətlə üzbəüz qaldı. Qış boyu dağlara yağmış qarın əriməsi və güclü leysan yağışları nəticəsində Kür və Araz çayları öz məcrasından çıxaraq ətraf rayonların kəndlərini, qəsəbələrini su altında qoydu. Sabirabad, Saatlı, Kürdəmir, İmişli, Zərdab, Salyan, Neftçala və Hacıqabul rayonlarında çoxlu sayda evlər, ictimai binalar, təhsil və səhiyyə ocaqları dağıldı, qəzalı vəziyyətə düşdü, minlərlə ailə evsiz-eşiksiz qaldı, fərdi və ictimai təsərrüfatlara külli miqdarda ziyan dəydi.

Şübhəsiz, əgər dövlət səviyyəsində operativ tədbirlər görülməsəydi, daşqınların törətdiyi fəlakətin miqyası daha böyük və faciəli ola bilərdi. Çaylarda suyun səviyyəsi təhlükəli həddə çatarkən və bəzi yerlərdə ilkin daşqınlar başlayarkən Prezident İlham Əliyevin sədrliyi ilə fövqəladə müşavirə keçirildi. Dövlət başçısı fəlakətin qarşısının alınması ilə bağlı müvafiq qurumların rəhbərləri qarşısında konkret vəzifələr qoydu. Minlərlə texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olundu. Onu da qeyd etmək istəyirəm ki, belə fəlakətlər, hətta bundan da zəif daşqınlar digər ölkələrdə çoxsaylı insan tələfatı ilə nəticələnir. Amma ölkə Prezidentinin problemi öz şəxsi nəzarətinə götürməsi, baş verən bəlanın miqyasının genişlənməməsi üçün əlaqədar dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, bütün qüvvələrin səfərbər edilməsi nəticəsində Azərbaycan həmin fəlakətdən insan tələfatı olmadan ötüşdü.

Ümumilikdə, 7 rayonun 70 min hektardan çox ərazisi su altında qaldı, 1617 ev qəzalı vəziyyətə düşdü. Dövlət başçısının tapşırığı əsasında bütün evsizlərə mənzil tikildi, bir çoxunda təmir və bərpa işləri aparıldı. Bütövlükdə, fəlakət zonasında yaşayan 7425 ailəyə 6 milyon 545 min manatdan çox maddi yardım göstərildi. Təbii fəlakət bölgələrində 27 məktəb, 6 məktəbəqədər təhsil müəssisəsi, 12 səhiyyə ocağı və digər obyektlər bərpa olunaraq yenidən əhalinin istifadəsinə verildi.

Bunlardan əlavə, bir daha belə vəziyyət yaranmasın deyə, KürAraz çaylarında sahilbərkitmə tədbirləri görüldü, Kürün deltasının lildən təmizlənməsi işləri aparıldı, habelə Arazdan yeni bir qol açıldı. Onu da deyim ki, ən qədim tarixi mənbələrə görə, Araz məcrasını sonradan dəyişərək Kürə qovuşub. Vaxtilə dənizə birbaşa axırmış. Özü də məhz yeni açılmış qolun keçdiyi quru qobu bir vaxtlar çayın yatağı olub. Bunu eramızdan əvvəl bu yerlərdə olmuş səyyahlar da təsdiqləyirlər. Qədim yunan coğrafiyaşünası Strabon bu iki çayın vadisinin yüksək məhsuldarlığından və aqrar potensialından yazaraq əlavə edir ki, Kür - Araz ovalığı məmləkətin əsas qida mənbəyidir. Lakin məhsulun bolluğu təkcə torpağın münbitliyindən, insanların işgüzarlığından asılı deyildi. Təbiətin şıltaqlığı üzündən bəzən ilboyu çəkilən zəhmət bir anda hədər gedirdi. Tez-tez daşan KürAraz çayları nəinki əkin-biçini, hətta mal-qaranı silib-süpürüb aparır, insanlar arasında çoxlu tələfata səbəb olurdu.

Tarixi məlumatlar göstərir ki, belə təbii fəlakətlər vaxtaşırı baş verdiyindən dövlət tərəfindən müəyyən mühəndisi tədbirlər də görülmüşdür. Hələ XII əsrdə Şirvanşah III Mənuçöhr ibn Əfridunun (1120 - 1160) dövründə böyük quruculuq və təşkilatçılıq işləri aparılmışdır. Kür çayı boyu sahilbərkitmə işləri görülmüş, bəndlər qurulmuşkanallar çəkilmişdir.

XI əsrin əvvəllərində Orta Asiyaya səyahət edən Babakuhi Şirvani əldə etdiyi rəsmi materiallargörüşdüyü alimlərlə söhbətlərindən belə nəticəyə gəlir ki, quraqlıq şəraitində təbiətin "sərt üzünə" tab gətirmək üçün Hüseyn əl-Xarəzminin belə bir fikri ilə razılaşmamaq mümkün deyil: "Yaşamaq üçün suvarma kanalları çəkməyin zəruriliyi belə yerlərdə hətta böyük dövlətlərin yaranmasına imkan vermişdir" (bax, Xuseyn al-Xarezmi, İzbrannıe trudı. Tom III. Taşkent, 1978 q., stranitsa 293).

Belə təbii şərait Azərbaycan Respublikasının düzən hissəsi olan Kür - Araz ovalığında da suvarma sistemlərinin qurulması zərurətini yaratmışdır. Ona görə də bu sahədə yaxşı mütəxəssislər yetişmişdir.

Dahi şair Əfzələddin Xaqaninin əsərlərindən bəllidir ki, onun əmisi, Şirvan Elm Mərkəzinin yaradıcısı Kafiyyəddin Şirvaninin böyük oğlu Vəhidəddin Osman Şirvani (1095 - 1160) o vaxt Şirvanda olan elmi istiqamətlərin əksəriyyətinə yiyələnmişdi. O, həm də Xaqaninin müəllimi olmuşdu. Şair müəllimini tərif edərkən onun tibb, nücum, hikmət (fəlsəfə), nəzm, nəsr sahəsində alim, həm də istedadlı musiqişünas-ərgənun (arqan) çalan və bağlanı (ədəbiyyatda "baqilani" yazılır) su bəndləri mühəndisi olduğunu göstərir. KürAraz çaylarının ŞirvanMuğan düzlərində daşmasının qarşısını almaq üçün Vəhidəddin Şirvaninin (hidrotikinti) üsulundan istifadə edilsə də, tarix boyu Kür çayının hər iki sahili boyu ŞirvanMuğan düzlərində daşqınlar davam etmişdir.

XII əsrdə çəkilmiş və XV əsrdə bərpa edilmiş Govurarx Araz çayının İran sahilindəki Aslandüzdən başlayıb, o vaxt siyasiinzibati cəhətdən parçalanmamış Muğan düzünün cənub-şərq hissəsini keçərək, indiki Biləsuvar rayonunun ərazisini əhatə etməklə təqribən 100 verstlik məsafədə o yerlərin suvarmaya olan tələbatını ödəməklə bərabər, həm də daşqınların qarşısının alınmasına xeyli köməyi olmuşdur.

Yeri gəlmişkən, qonşu İran İslam Respublikası ilə qarşılıqlı razılığa gəlib həmin layihəni də geniş formada bərpa etməklə Govurarxın imkanlarından faydalanmaq mümkündür. Həm suvarma şəbəkəsini genişləndirmək, həm də daşqın təhlükəsi yaranarkən çayın yükünü azaltmaq olar.

Mən keçən əsrin əllinci illərində aspirant olanda Govurarxdan Azərbaycanda səmərəli istifadə edilməsinin zəruriliyini elmi rəhbərim Hadi Əliyevlə məsləhətləşdim. O, bunun hələlik mümkün olmadığını söylədi.

Vaxtilə Muğanın Kür tərəfində daşqın sularının dolması üçün bir tərəfi çayın tirəsi, qalan tərəfi süni düzəldilmiş nohurları yerli əhali "cühür" adlandırıb, onlara böyüklüyünə görə Güdə (yəni kiçik) cühür, Orta cühürBöyük cühür adı vermişdilər. Son vaxtlara qədər Sabirabad rayonunda keçmiş Güdə cühürün yanında Güdəcühür adlı kənd qalırdı.

Əfzələddin Xaqani suyun və torpağın əhəmiyyətindən bəhs edərkən yazmışdır:

 

Qoy su, torpaq şahımıza olsun möhkəm dayaq,

Nə qədər ki, bu dünyada olacaqdır su, torpaq.

 

Dahi şair Xaqani öz müəllimi olan əmisi oğlu Vəhidəddin Şirvaninin ölkənin inkişafı üçün yaratdığı "Bağlani" adlı su bəndini də yüksək qiymətləndirmişdi. Həmin "Bağlani" su bəndi güclü daşqına tab gətirməyərək dağıldığı üçün işləmədiyinə görə ölkənin çox zərər çəkməsini şair obrazlı şəkildə belə ifadə etmişdir:

"Bağlani idi, indi naqiləni oldu (yəni dağıldı)". (Qafar Kəndli, "Xaqani Şirvani", Bakı, 1986, səh. 194).

Şirvanşah III Mənuçöhrün vaxtında Kür çayı üzərində böyük layihə əsasında yaradılmış nəhəng Bağlanı səddinin daşqınlar tərəfindən dağılmasını bərpa etməsi tarixi mənbələrdə təkrar-təkrar verilir (bax, professor Fərid Ələkbərovun "Unudulmuş Şirvanşahlar" məqaləsi, "Zerkalo" qəzeti, 29 noyabr 2003-cü il).

Bu məxəzlər göstərir ki, əhali çox qədimdən daşqınlara qarşı tədbirlər görmüşdür.

2010-cu ildəki aprel-may daşqınlarından sonra dekabrın 10-da bəlli oldu ki, çay gətirmələrinin Kürün ağzını bağlamasına az qalmışdır. Halbuki, yaz daşqınları ərəfəsində gətirmələri Kürün ağzında 4 metr dərinliyə qədər təmizlənmişdi.

Hidrologiya elmimizin tanınmış siması, əməkdar elm xadimi, professor Saleh Rüstəmovun tədqiqatları sübut etmişdir ki, KürAraz çaylarının gətirmələrinin 90 faizdən çoxu Araz çayının hesabınadır. Ona görə də orta əsr yazılı mənbələrindən bəllidir ki, daşqınlara qarşı hələ o vaxtlarda görülən tədbirlər əsasən Araz çayı boyunca aparılmışdır. Bunu qədim Govurarxın çəkilməsinə dair məxəzlər də sübut edir. Daha sonra, XX əsrin 15-18-ci illərində Araz çayının az mailli hissəsinə çatmamış Bəhramtəpə adlanan yerdən artıq suyu Muğanın Azərbaycan hissəsinin qərbindən sonralar Əzizbəyov adına olan kanal vasitəsilə axıtmaqla düzənliyi su basmasının qarşısı alınırdı.

1896-cı ildə Araz çayında o dövrə qədər tarixdə bəlli olan ən güclü daşqınlardan biri baş vermişdi. Bu daşqın Araz çayının Muğan tərəfində çəkilmiş, o dövr üçün möhkəm sayılan hidrobəndi yarmış, Muğan düzünün xeyli hissəsini su basmış, iki göl (MahmudçalaAğçala göllərini) yaratmışdı. Xeyli müddət Arazdan Muğan düzünə üç məcra ilə daxil olan su axını sonra kanal kimi (onlara MyasnikovunLeninin adları da verilmişdi) istifadə edilmişdir. (E.Mehrəliyev. Muğan düzü. Bakı, "Elm", 1963-cü il, səh. 41).

Daşqın vaxtı başlanandan əvvəl Şirvanın dağdibi kəndlərindən əhali biyar səfərbərliyinə alınırdı. Gələn işçi qüvvəsi Kür çayına yaxın sahədən torpaq daşıyıb, çırpı və xırda ağac budaqlarından istifadə edərək Kürün sahillərini bərkidirdi. Sonrakı dövrlərdə bu tədbirlər texnika vasitəsilə yerinə yetirilərdi. Torpaq qazan maşınlar şor kanalı (kollektoru) təmizləyərdi. Bütün təsərrüfat sahələrindən şor sular ana arxlarkanallar vasitəsilə kollektora istiqamətləndirilirdi.

Ötən əsrin axırlarından etibarən bu tədbirlər zəifləmişdi. Son daşqınlardan sonra lazımi işlər dövlətin ciddi nəzarəti ilə geniş miqyasda, hərtərəfli yerinə yetirilməkdədir.

Qeyd etdiyimiz kimi, Kür çayının deltasında gətirmələrin, demək olar ki, hamısı Arazın hesabınadır. Çünki Kür çayının axarı əsasən düzən sahələrdədir. Həm də bu çay gətirmələrinin, demək olar ki, hamısını Azərbaycan Respublikası ərazisində Ağstafa, Şəmkir, Mingəçevir su qovşaqlarında çökdürüb, çox az lilli suyunu tamamilə düzənlik olan ŞirvanQarabağ düzləri üzrə axıdaraq, Sabirabad rayonunun Suqovuşan kəndi yaxınlığında Araz çayı ilə birləşir. Kür çayı Tiflis şəhərindən sonra 750 kilometr məsafədə çox az meylliliyi olan düzənlik sahədə axaraq yuxarıda göstərilən su qovşaqlarında gətirdiyi lilləri tamamilə çökdürüb Arazla qovuşana qədər, demək olar ki, təmiz gəlir.

Araz çayı isə Bəhramtəpəyə qədər heç bir suqovuşanı olmayan çox mailli dərələrdən keçərək özü ilə gətirdiyi süxur materiallarını Suqovuşana çatdırır. Həmin süxur materialları əsasən Kür çayının deltasına çökür. Ona görə də Kür çayının ağzı təmizləndikdən cəmi beş ay sonra təzədən dolmuşdu. Deməli, Araz çayının gətirdiyi dağ süxurunun çökdürülməsini tənzimləmək əsas məsələ kimi qarşıda durur. Bunun zəruriliyi hələ qədimdən Araz çayından düzənliyə çatmazdan əvvəl Govurarx kanalının çəkilməsini vacib etmişdir.

Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra Mərkəzi dövlətin Qafqaza marağı artır. Xüsusilə toxuculuq sənayesi üçün pambıq istehsalına ehtiyac yaranır. Digər tərəfdən, imperiyanın ucqarları ruslaşdırmaqla özünə siyasi dayaq yaratmaq istəyi də vardı. Bu məqsədlə ucqar rayonlara köçürmələrə başlandı. Bu proses Stolıpinin aqrar siyasətində də özünü büruzə verirdi. Stolıpin islahatının nəticəsində 4085 rus kəndli ailəsi Azərbaycana köçürülmüşdü. Onlardan 785 ailə Muğan düzünə gətirilmişdi.

Hələ əllinci illərdə orada oturaq əhalinin 30 faizə qədəri ruslardan ibarət idi. Onlar burada təsərrüfat quruculuğunu mənimsəmişdilər. O cümlədən çay kənarının hidrodinamik rejimini, daşqınların başlanması və kəsilməsi dövrlərini, torpaqların şorlaşma rejimini, yuyulma vaxtı və normalarını, kollektorların suaxıtma imkanlarını yaxşı mənimsəmişdilər. Onlar yerli əhali ilə bərabər daşqın vaxtında bütünlüklə səfərbərlikdə iştirak edirdilər.

Daşqın hadisələri kiçik çaylarda da əhalinin yerdəyişməsində dövlət tədbirinə səbəb olmuşdur. 1931-ci ildə Qax rayonunda baş vermiş daşqın nəticəsində kəndlərin bir hissəsi düzənliyə köçürülmüşdü.

1933-cü ilin məlumatlarında deyilir ki, Ağdaş, GöyçaySamux rayonlarında hər il baş verən daşqından qorunmaq üçün bir neçə kəndin köçürülməsi vacib sayılmışdır. Samux Rayonu XDS İcraiyyə Komitəsi tərəfindən Sanqar kənd sovetindəki Sarıqaya, YelengücSanqar kəndlərinin köçürülməsi təklif edilmişdir.

26 aprel 1936-cı ildə Azərbaycanda köçürmələrin məskunlaşmasını tənzimləmək məsələsi müzakirə olunmuş, Birinci Mil kanalının yeddinci paylayıcı boyundakı torpaqların mənimsənilməsi üçün köçürmə planı haqqında qərar təsdiq edilmişdir.

1937-ci ildə Ağdaş, Zərdab və Samux rayonlarında Kür çayının daşmasından subasmaya görə bəzi kolxozların köçürülməsi planının təsdiq olunması haqqında qərar qəbul olunmuşdu. Xankəndi rayonundakı Küsnət kəndindən 21 təsərrüfatın torpaq sürüşməsi ilə əlaqədar olaraq köçürülməsi zəruri sayılmışdır.

1940-cı ildə Dağıstan MSSR-dən kolxozçuların bir hissəsini Azərbaycanın düzənlik rayonlarına yerləşdirmə tədbiri aparılmışdır.

Kür - Araz ovalığında suvarılan torpaqların mənimsənilməsinə dair SSRİ və Azərbaycan SSR birgə qərar qəbul etmişdir.

1947-1953-cü illərdə Ermənistan SSR-in əsasən azərbaycanlılardan ibarət əhalisinin Muğan düzünə arasıkəsilməz dövlət köçürmələri olmuşdur (Kərim Şükürov, Azərbaycan əhalisi. Öyrənilməsi və tarixi qaynaqları. Bakı, 2004).

Azərbaycan dövlətinin təbiətin hər cür "sürprizlərinə" hazır olmaq məqsədi ilə son dövrdə atdığı addımlar başadüşüləndir və təqdirəlayiqdir. Qeyd etdiyim kimi, Araz çayında ehtiyat qolun açılması da belə zəruri addımlardandır. Əgər bundan sonra Araza gur su axını daxil olsa, şlüzlərdən istifadə etməklə su ehtiyatlarını idarə etmək mümkün olacaqdır. Artıq Kür boyunca daim işləyəcək gəmilərin alınmasına dair qərar qəbul olunmuşdur. İlk belə gəmi bu yaxınlarda gətiriləcəkdir. Son 10 ildə Kürün dibinin 1 metr qalxması və çayın lildən təmizlənməməsi təbii fəlakətlərə səbəb olur, əhaliyə ciddi ziyan vururdu. Bundan sonra Kürdə işləyəcək gəmilər çayın dibini 1-2 metr aşağı salacaq, nəticədə qrunt sularının səviyyəsinin qalxması dayanacaq. Bundan əlavə, daşqın və sel təhlükəsi olan bölgələrdə yeni bəndlər tikilir.

Bir sözlə, Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan Su Ehtiyatları üzrə Dövlət Agentliyi tərəfindən su ehtiyatlarının idarə olunması, şübhəsiz, öz bəhrəsini verəcəkdir.

 

 

Eyibəli MEHRƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

professoru, coğrafiya elmləri doktoru

 

Xalq qəzeti.- 2011.- 5 iyul.- S. 6.