O, muğamı, muğam isə onu yaşadır

 

Xanəndəlik sənətində öz nəfəsi, ifa tərzi, səhnə mədəniyyəti, güclü səsi ilə seçilən ustad sənətkarlarımızdan biri də respublikamızın xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müdiri, "Şöhrət" və "Şərəf" ordenli Canəli Əkbərovdur.

Bu şöhrətli sənətkar haqqında yazmaq çoxdankı arzum idi. Bu gün redaksiyamıza daxil olan çoxsaylı telefon zənglərini, oxucu məktublarının müəlliflərinin də xahişini nəzərə alaraq bu ünlü sənətçi haqqında geniş məlumat verməyi özümüzə borc bildik.

 

- "Xalq qəzeti" mənim üçün daim doğma və əziz olub. Çünki o xalqın qəzetidir. Xalq isə dövlətin rəmzidir. Mən də xalqın sənətkarıyam. Buna görə öncə qəzetin rəhbərliyinə, sizə və kollektivinizə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, bu müsahibə də iç dünyam kimi tam reallığa əsaslanacaq. 50 ildir ki, Azərbaycan xalqının müqəddəs muğamının qoruyucusu, gələcək nəsillərə ötürücüsü kimi xalqıma ədəb-ərkanla xidmət göstərmişəm. Xalqımızın bu müqəddəs muğam irsini istər xarici dövlətlərdə, istər Sovetlər Birliyi vaxtında, istərsə də bu gün müstəqillik dövrümüzdə layiqincə təmsil edib onun çiçəklənməsinə çalışmışam. C.Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski, Mütəllim Mütəllimov və digər ustad xanəndələrin oxu modelini layiqincə qorumağa, olduğu kimi saxlamağa çalışmışam. Bu yaxınlarda möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi sərəncamı ilə muğam sənətimizin peyğəmbəri sayılan ustad xanəndə Cabbar Qaryağdıoğlunun anadan olmasının 150 illik yubiley tədbirinin dövlət səviyyəsində qeyd olunması ilk növbədə sənət adamlarına, eləcə də muğamata olan hörmət və ehtiramın ən bariz nümunəsi idi.

- Canəli müəllim, söhbət əsnasında sənət korifeylərindən söz açmağınız, onların ruhuna xoş sözlər deməyinizin özü sizin böyük ürək sahibi olduğunuza dəlalət edir. Təbii ki, bu barədə də bir qədər sonra danışacağıq. Lakin öncə istərdim ki, muğam dünyamızın bugünkü durumundan, ulu muğam sənətimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açasınız.

-Görünən dağa nə bələdçi?! İstər ölkə iqtisadiyyatında, istər dövlət başçımızın uzaqgörən siyasətində, istər muğam və folklor nümunələrimizin təbliği, sosial yönümlü məsələlərin müsbət həllindəki nəticələr göz önündə deyilmi? Bütün bunları ilk növbədə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördükləri işlərin ən bariz nümunələri saymaq olar. Günü-gündən gözəlləşən Bakımız, onun şəhərətrafı qəsəbələri, rayonlarımız hamını heyran edir. Ölkəmizə ilk dəfə qədəm qoyan əcnəbi qonaqların şəhərimizin gözəlliklərini necə bəyəndiklərinin azmı şahidi olmuşuq?!

İki dəfə Ümumdünya Səmərqənd muğam simpoziumunun iştirakçısı olmuşam. Hər dəfə də ölkəmizi layiqincə təmsil edib adını yüksəltməyə çalışmışam. Axırıncı dəfə "Heyratı" zərb muğamına və Daşkənd xoru ilə bəstəkar Nazim Əliverdibəyovun "Bayatı-Şiraz" akopellasına qulaq asan Hamburq Universitetinin professoru Yurgen Erstner ifamı bəyənərək "Mən muğamı olan çox ölkələri gəzmişəm. Lakin muğamın kamillik səviyyəsini Azərbaycanda gördüm" - dedi. Bu mənada arzum idi ki, belə bir mötəbər tədbirlər Azərbaycanda da keçirilsin. Şəhərimizin ən gözəl yerində - Xəzərin sahilində dünyada analoqu olmayan Beynəlxalq Muğam Mərkəzi tikildi. Sevinirəm ki, onun bünövrəsinə, bir ovuc da olsa, torpaq atmışam.

Milyon-milyon kişilərin edə bilmədiklərini bir qadın olaraq Mehriban xanım bacardı. Azərbaycanın muğam bayrağını dünyanın nüfuzlu təşkilatı YUNESKO-nun ən uca zirvəsinə qaldırdı. Sevinirəm ki, dünyanın bir çox muğam biliciləri, ifaçıları ölkəmizdə keçirilən beynəlxalq muğam festivallarında Azərbaycan muğamına səcdəyə gəldilər.

Sevinirəm ki, Sürəyya xanım, alman Yurgen Erstner kimi professor muğam biliciləri evinin qonağı olmuşlar. Mən düz 10 il Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Astara şəhərində uşaq muğam müsabiqələrinin keçirilməsinə rəhbərlik etmişəm. Neçə-neçə gənc istedadın üzə çıxmasında, ərsəyə gəlməsində az-çox mənim də əməyim olub. Sevinirəm ki, teatr sahəsində də xidmətlərim az olmayıb. Neçə-neçə "Leyli və Məcnun", "Qərib" və "Şahsənəm" rollarının ifaçıları, bu gün artıq xalq artisti olmuş Mənsum İbrahimov, Səkinə İsmayılova, əməkdar artist Gülyaz Məmmədova kimi sənətkarların həm müəllimi, həm də səhnədə tərəf-müqabili olmuşam. Bütün bu nailiyyətlər muğam dünyamızın təbliği, inkişafı deyilmi? Xırda hisslərə qapanıb yaşamaqdan uzağam. Çünki göz oxşayan, könül açan işlərin fonunda cılız hisslərə qapılıb qəzetdə öz şəxsi ambisiyalarımdan çıxış etmək, bir sənətkar olaraq, ən azı insafsızlıq olardı.

Sevinirəm ki, 2005 və 2007-ci il muğam televiziya müsabiqələrində tələbələrim Babək Niftəliyev və Ehtiram Hüseynov qalib olmuşlar. Ehtiram Hüseynov 2011-ci ildə keçirilən II beynəlxalq muğam festivalının da qalibi olmuşdur. Bu qədər sevincli anlar və uğurlar fonunda adam daha da həvəslə işləmək, yaşının bu vədəsinə baxmayaraq, oxuyub-yaratmaq eşqilə yanır. Səs həmin səsdir, həvəs də o həvəs, neynim ki, fəqət yaş o yaş deyil.

...Azərbaycanın dilbər guşələrindən biri, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən, dörd tərəfi dəmirağac meşəsi və buz kimi soyuq sulu bulaqlarla əhatə olunmuş Lənkəranın Tükəvilə kəndi. Bu kənd rayonun təkcə füsunkar mənzərəsinə görə deyil, uzunömürlü ağsaqqal və ağbirçəkləri, eləcə də ətraf rayon və kəndlərin dərin rəğbətini qazanmış ustad xanəndə Xanəli Əkbərov və onun sərrast ovçu, güclü pəhləvan olmaqla yanaşı, gözəl səs sahibi olmuş babası Kərbəlayı Ağa Məhəmmədin adı ilə də bağlıdır.

Mart - yazın nübar ayı. Adətən bu ayda doğulanlar, deyilənə görə, həyatlarını şeirə, sənətə daha çox bağlayırlar. 1940-cı ilin martın 10-u əvvəlkilərdən heç nə ilə fərqlənmirdi. Yamyaşıl dona bürünmüş dağ-dərə, arandan dağa köç eləməyə hazırlaşan elat, payızda toyu çatdıra bilməyənlər yazın bu vədəsində oğul-qız toyu eləməyə tələsirlər. Belə bir toylu-büsatlı gündə Xanəliyə xəbər çatır ki, - ayə, nə durmusan, muştuluğumu ver, oğlun olub.

- "Xanəli, oğlun oğlumun toy günü dünyaya gəlib. Demək, mənim üçün bu gün ikiqat bayramdır. Odur ki, çox xahiş edirəm bu ağ atı dost hədiyyəsi kimi qəbul edəsən. At deyirlər, muraddır. Tanrı ürəyincə muradını versin. Get bir evə də baş çək - deyə toy yiyəsi bir neçə saatlıq ona evə baş çəkməyə icazə verir. Deyilənə görə, o günü ustad xanəndənin oxuduğu "Şahnaz"ı eşidənlər indi də unutmayıblar. Elə o günü - ilkin qız övladından sonra dünyaya gəlmiş oğlunun adını öz adına yaraşdıraraq Canəli qoyur. Adını atası qoysa da, bəxtini Tanrı yazdı. Alın yazısına isə bir ailənin, bir kəndin,bir elin deyil, bütün millətin üzünü ağardacaq bir səs, incə, həssas, xalqına bağlı bir ürək, yaşayıb-yaratmaq üçün qüvvə və dəmir iradə verdi...

Çox çəkmədi ki, müharibə başladı. Kəndin əksər başıpapaqlıları müharibəyə getdi. Qayıtmayanlar da çox oldu. Aclıq, səfalət. Lakin bütün bu çətinliklərə baxmayaraq, Xanəli kişi nə güzəranın çətinliyindən bir kimsəyə şikayət etdi, nə də qapıya gələni naümid qaytardı. Ən çətin məqamlarda qavalı götürüb bir həzin, ürəkləri riqqətə gətirən xoş avazıyla dağın yükünü arana, aranınkını dağa daşıdı. Gözəl, şaqraq səsi qədər də həssas incə qəlbi vardı. Balaca Canəlinin laylası da muğamla çalındı, bulaqların zümzüməsi, çayların şırıltısı, atası Xanəlinin xoş avazı onu muğam dünyasına əbədi bağladı.

Yaxşı yadımdadır, 1947-ci ilin yazıydı. Kəndin ortasında elektrik dirəyinə vurulmuş bir radio vardı. Adətən mühüm xəbərləri eşitmək üçün bütün kənd axışardı buraya. Müharibə yenicə qurtarmışdı. O vaxt mənim cəmi 7 yaşım vardı, hələ camaatın bura niyə yığışdığını anlamırdım. Bir azdan radionun gur səsi eşidildi. "Şahnaz". Oxuyur Xanəli Əkbərov. Bu, atamın ilk efir çıxışı idi. Konsert canlı olduğundan iki gün sonra kəndə qayıdan atamı təbrik etmək üçün bütün kənd axışıb gəlmişdi. Hətta rayon partiya komitəsinin bir çox məsul işçiləri də. Sevincimdən uçmağa qanadım yox idi. Nə oxuduğumun fərqində deyildim. Muğamın adını da bilmirdim. Bildiyim tək bir şey vardısa o da fəxrim, iftixarım olan atam Xanəlinin oğlu olmağım idi...

1956-cı ildə orta məktəbi əla qiymətlərlə bitirən Canəli Əkbərov ata-anasının arzusu ilə Lənkərən Şəhər Tibb Texnikumuna daxil olur. Elə həmin il də anasını itirir. Bu itki Canəlini çox sarsıdır. Ailədə 8 uşağın anasız qalmasının nə demək olduğunu yalnız bu hissi, dərdi yaşayanlar bilərlər. Böyük bacısı, sözün əsl mənasında, nə qədər uşaqlara mehribanlıq göstərsə də, ananın yerini heç nə ilə əvəz edə bilmir. Naəlac qalan Xanəli kişi ikinci dəfə evlənməli olur. Dünyaya daha 7 uşaq gətirir. Beləcə, 15 uşağa analıq edən yeni gəlin uşaqlar arasında ögey doğmalıq bilmədi. Hər kəsi özünkü, doğması bildi.

10 il Boladi kənd xəstəxanasında feldşer işləyən Canəli Əkbərov incəsənətdən də ayrı düşmür. Rayonun əksər mədəni-kütləvi tədbirlərində Ağacəbrayıl Abasquliyevin rəhbərlik etdiyi ansamblda atası Xanəli ilə birlikdə çıxış edir. Ətraf rayon və kənd toylarının aparıcı xanəndəsi olur. Atasından, eləcə də saatlarla qulaq asmaqdan doymadığı Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Mütəllim Mütəllimov, Seyid Şuşinski, Malbəyli Həmid, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev və digər xanəndələrin qrammofon vallarından öyrəndikləri muğam və təsniflər gənc xanəndənin karına gəlir. Bu səslər içində bir səs də vardı ki, onu Canəli min səsin içindən seçə bilirdi. Bu isə xan əminin səsi idi.

1961-ci ildə Səid Rüstəmovun rəhbərlik etdiyi gənclərin ümumrespublika festivalında "Heyratı" zərb-muğamına görə o, festivalın ən yüksək mükafatı - "Qızıl medal"a layiq görülür. Bu münasibətlə dövrün ən nüfuzlu qəzetlərindən sayılan "Sovet kəndi" gənc ifaçının bu uğuruna geniş yer ayırır. 1963-cü ildə üç uşaq atası olan Canəli Əkbərov heç kəsə xəbər etmədən Bakıya gəlir. Sənədlərini Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbinə verir.

Qəbul imtahanında S.Şuşinski, Ə.Bakıxanov gəncin səsini, qəzəlləri səlis oxuduğunu bəyənirlər. Əhməd Bakıxanov gənc xanəndə ilə maraqlanıb - oğul, haralısan? - deyə xəbər alır.- Lənkərandanam, müəllim, - deyə cavab verir. Lənkəranda kimlərdənsən? - Xanəndə Xanəlinin oğlu olduğunu bildikdə tanıyır... Vaxtilə onu Bakıya dəvət etmişdim. Lakin o gəlmədi, gözəl səsi, böyük gələcəyi ola bilərdi, - deyə təəssüflənsə də, ifama çox yüksək qiymət verdi. Axı o vaxt Əhməd müəllimə necə deyə bilərdim ki, Bakıda nə evimiz, nə qə qohum-əqrəba vardı. 15 uşaqlı bir ailəni kimə tapşırıb gələydi. Odur ki, susmağı üstün tutdum. Qəbul imtahanlarını müvəffəqiyyətlə verdim. Səhəri gün Əhməd Bakıxanov məni evinə dəvət etdi. "Rast" oxumağımı xahiş etdi. "Rast"ın əraq şöbəsini yenicə başlamışdım ki, məni saxladı. Tarı yerinə qoyub oğul, sən mənə Cabbarı xatırlatdın. Sənin işıqlı yolun var - dedi. O, məni ansamblına qəbul etdi.

Beləliklə, 1963-cü il avqustun 2-də Canəli Əkbərov filarmoniyaya solist qəbul edilir. Həbib Bayramov, Məmmədağa Muradov, Firudin Ələkbərov və digər tanınmış müğənni və ifaçılarla tanış olub birgə yaradıcılıq əlaqələri saxlayır.

İlk konsertimin anonsu avqustun 7-də "Kommunist" qəzetində çap olundu. Bütün kənd bu xəbəri bildi. Atamın sevincdən gözləri yaşardı. İlk konsertdə Nadir Mansurov (tar) və Tələt Bakıxanovun (kamança) müşayiəti ilə "Rast" muğamını və "Qarabağ şikəstəsi"ni oxudum. Konsertdən sonra Nəriman Əliyev, Əbülfət Əliyev, Bəhram Mansurov məni qucaqlayıb təbrik etdilər. Hacı Məmmədov haralı olduğumla maraqlandı. Lənkəranlıyam, dedim. O isə gülümsəyərək yox-yox, sən azərbaycanlısan! - dedi. Hacı kimi böyük sənətkar istəmirdi ki, mən özümü dar çərçivədə görüm. Bu gün sənət adamlarının bölgələrə bölünməsini heç cür qəbul edə bilmirəm. Azərbaycan muğam sənəti dünyasıdır.

1964-cü ildə ilk dəfə olaraq Canəli Əkbərov Tofiq Məmmədov (tar) və Şəfiqə Eyvazova (kamança) ilə birlikdə televiziyaya dəvət olunur. Oxuduğu "Sevgilimə könül açdım" və F.Əmirovun "Reyhan" mahnısı tanınmaqda olan gənc xanəndəyə populyarlıq gətirir. Şirin, güclü səs diapazonuna malik xanəndənin artıq öz pərəstişkarları olur. 1963-cü ildən 1975-ci ilə qədər respublikanın ən müqtədir sənət adamlarıyla doğma Azərbaycanı qarış-qarış gəzir. Tarla düşərgələrində, fermalarda, çobanlar üçün yaylaqlarda, rayon məhsul bayramlarında Şövkət Ələkbərova, Xan Şuşinski, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Rəhilə Həsənova, Əbülfət Əliyev,Mütəllim Mütəllimov, tarzənlərdən Həbib Bayramov, Sərvər İbrahimov, Firudin Yarməmmədov və digər sənətçilərlə saysız-hesabsız konsertlər verir. Gəncin uğurlarını görən keçmiş mədəniyyət naziri, fəlsəfə elmləri doktoru Zakir Bağırov, tələbə ikən Canəlinin operaya keçməsinə zəmin yaradır. 1965-ci ildə onun bu arzusu da reallaşır. Lakin 6 aydan sonra yenidən filarmoniyaya qayıdır. Səbəbi rejissorun ona Məcnunun atası rolunu təklif etməsi olur. Məcnunu oynamaq çoxdankı arzusu olsa da, Məcnunun atası rolu həm yaş baxımından ona uyğun gəlmir, həm də ürəyincə olmadığı üçün buna razılıq vermir. Müəyyən vaxtdan sonra Canəli Əkbərov yenidən operaya dəvət olunur. Onun 8 ifaçı içindən Bəhram Mansurovun müşayiətilə oxuduğu "Mahur -hindi" muğamı münsiflər heyətinin xoşuna gəlir. Münsif Mehdi Məmmədov üzünü o vaxtkı teatrın direktoru olan Azər Rzayevə tutaraq deyir: Baxmayaraq ki, Canəlinin 35 yaşı var, teatra qəbul yaşı ötüb, onun bugünkü ifası, səsinin oynaqlığı, təravəti, zənguləsi, sözlərin düzgün deyilişi mənə deyir ki, bu səs, bu gənc bizə lazımdır.

Qısa zaman kəsiyində Canəli Əkbərov "Leyli və Məcnun"da Məcnun, İbn Salam", "Əsli və Kərəm"də Kərəm, "Şah İsmayıl"da Şah İsmayıl, "Gəlin qayası"nda Camal, Məmməd Quliyevin "Aldanmış ulduzlar"ında Axund, "Sevil"də azançı və bir sıra digər tamaşalarda uğurla çıxış edir. 1981-ci ildə ilk dəfə olaraq Vətən Cəmiyyətinin xətti ilə Almaniyaya qastrol səfərinə gedir. Tanınmış tarzən Həmid Vəkilov və kamançaçı Arif Əsədullayevlə birgə möhtəşəm bir konsert verir. Oxuduğu "Heyratı" zərb muğamını bütün zal ayaq üstdə alqışlayır. O vaxt qrupa rəhbərlik edən Nəbi Xəzri "Vaxt vardı sovet bombası dağıtdı buranı, bu gün isə sənin səsin" - deyə Canəlinin əlini sıxıb təbrik edir. Almaniya səfəri Canəli Əkbərov yaradıcılığında çox önəmli rol oynayır. Onun ardınca Fransa, ABŞ, Şərq ölkələri, İsveçrə, İtaliya, bir sözlə, hər yerdə hörmət və ehtiramla qarşılanan Canəli Əkbərov Azərbaycan incəsənətinə, ulu muğam sənətinin layiqli təbliğinə görə 1989-cu ildə respublikanın əməkdar, 1992-ci ildə isə xalq artisti fəxri adına layiq görülür. Bu gün radionun qızıl fondunda ustad xanəndənin "Şur", "Zabul-segah" , "Orta mahur", "Mahur-hindi", "Şahnaz", "Mənsuriyyə", "Arazbarı", "Heyratı", "Çahargah" muğam dəsgahı qorunub saxlanır. Bəstəkar Cavanşir Quliyevin təbirincə desək, Canəli Əkbərov kimi zəngin fonetikası olan ikinci bir xanəndə yoxdur. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 9-da Opera Teatrı səhnəsindəki əvəzsiz xidmətlərinə görə onu "Şöhrət" ordeni ilə təltif edir. 2010-cu il martın 4-də isə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Canəli Əkbərov "Şərəf" ordeninə layiq görülür.

Şöhrətli sənətkarın 70 illik yubileyi öncə Dövlət Filarmoniyasında, Sumqayıtda, Azərbaycan Teatr Xadimləri İttifaqında, daha sonra Təbrizdə böyük təntənə ilə qeyd olundu. Bütün bunlar Azərbaycan xalqının, xüsusən də möhtərəm Prezidentimiz İlham Əliyevin Canəli Əkbərov sənətinə olan diqqət və qayğısının bariz nümunəsidir. Tanınmış sənətçimiz hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının professorudur. Onun tərtib etdiyi muğam proqramı uğurla tədris olunur. Canəli Əkbərovun çoxsaylı tələbələri var. Onların əksəriyyəti fəxri adlara layiq görülüb. Hazırda ustad xanəndə ilə birlikdə çiyin-çiyinə çalışırlar. Bunlardan xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacıları, Zabit Nəbizadə, Bəsti Sevdiyeva, Sahibə Əhmədova, Raziyyə Şirinova və başqalarının adlarını çəkmək olar. Məcnun rolunda xalq artisti Mənsum İbrahimov, Səfa Qəhrəmanov, muğam müsabiqəsinin qalibləri Babək Niftəliyev, Ehtiram Hüseynov, gələcəyinə böyük ümid bəslədiyi Sahib İbrahimov və digərlərinin adını bu gün iftixarla çəkə bilərik. Yaşının bu çağına baxmayaraq, gündəlik məşqlər, konsertlər, elmi-praktiki konfrans və muğam simpoziumları ona daha böyük zövq verir. O, muğamı yaşadır. Muğam da öz növbəsində ona başucalığı, şöhrət və şərəf gətirir.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2011.- 5 iyul.- S. 7.