Azərbaycan
dövləti və diasporunun birliyi ümummilli problemlərin
həllinə kömək edir
Dünən
Bakıda, Heydər Əliyev Sarayında öz işinə
başlayan Dünya Azərbaycanlılarının III
Qurultayına soydaşlarımızın
yaşadıqları, demək olar ki, bütün ölkələrdən
nümayəndələr gəlmişdilər. Artıq kifayət
qədər formalaşmış, ana Vətənlə əlaqələri
lazımınca möhkəmlənmiş diaspor təşkilatlarımızın
nümayəndələri yenidən Azərbaycan paytaxtında
toplaşaraq gələcək fəaliyyət
üçün istiqamətləri müəyyənləşdirməyə
başlayıblar.
Bu
gün onların qarşısında dayanan mühüm vəzifələr
Azərbaycan həqiqətlərini dünyaya
çatdırmaq, ölkəmizin məruz qaldığı hərbi
təcavüzün aradan qardırılmasına
yardımçı olmaq, erməni diasporu tərəfindən
ölkəmizə qarşı davam etməkdə olan ideoloji təxribatlara
cavab vermək, dünya ictimaiyyətində Azərbaycanla
bağlı reallığı əks etdirən imic
formalaşdırmaqdır. Bu vəzifələrin həlli
üçünsə mütləq mütəmadi olaraq bir
araya gəlmək, koordinasiyalı fəaliyyət
yollarını müəyyənləşdirmək
lazımdır. Qurultay iştirakçılarından bir qismi
ilə söhbətimiz də məhz bu barədə oldu.
Qulam Abiyar, Fransadakı diaspor təşkilatının
üzvü:
- Mən əslən Cənubi Azərbaycandanam,
artıq 34 ildir ki, Parisdə yaşayıram. Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədriyəm.
Təşkilatımız mütəmadi olaraq
Fransada milli mədəniyyətimizin təbliği
ilə bağlı müxtəlif tədbirlər
təşkil edir, sərgilər, konsertlər
keçirir. Çalışırıq ki, bu tədbirlərə fransızları
daha çox cəlb edək, onlarda ölkəmiz haqda doğru-düzgün
təsəvvür yaranmasına
kömək edək.
Eyni zamanda,
son illərdə bütün
Avropa ölkələrində
olduğu kimi, Fransadakı Azərbaycan diasporu da güclənməkdədir. Müqayisə
üçün qeyd edim ki, 90-cı illərdə bu ölkədə azərbaycanlıların
sayı çox az idi. Ölkəmiz müstəqillik qazandıqdan və dünya ölkələri
ilə əlaqələri
genişləndikdən sonra
isə bura gələn soydaşlarımızın
da sayı artdı və diaspor təşkilatımız
formalaşdı. Bu gün Fransada yaşayan azərbaycanlılar
vahid milli ideya istiqamətində fəaliyyət göstərir,
mütəmadi olaraq bir yerə toplaşaraq
bu və digər məsələnin
müzakirəsini təşkil
edir, bu ölkədə yaşayan
və Azərbaycanı
nüfuzdan salmaq istəyən erməni diasporu nümayəndələrinin
təxribatlarının qarşısını
alırlar.
Bu işlərin görülməsində
Azərbaycanın Fransadakı
fövqəladə və
səlahiyyətli səfiri
Elçin Əmirbəyovun
köməyini həmişə
hiss edirik. Səfirimiz çox fəal,
işgüzar və qabiliyyətli insandır.
Həmişə diaspor təşkilatının
fəaliyyəti ilə
yaxından maraqlanır,
lazım gələndə
istiqamət verir, ehtiyac olanda bizi himayə edir. Fəaliyyətimiz isə əsasən
ölkənin ayrı-ayrı
yerlərində Azərbaycanın
təbliği ilə bağlı tədbir keçirmək, Azərbaycan
haqqında yaradılmış
səhv fikirləri dağıdaraq real imic formalaşdırmaq, millətimizin
sülhsevər, tolerant olduğunu
yerli əhali arasında yaymaqdır.
Eyni zamanda, Fransada zaman-zaman qondarma "erməni soyqırımı" məsələsi
gündəmə gətirildikcə
bu barədə həqiqətləri söyləməyə
çalışır, bunun
üçün qəzet
və jurnallarda məqalələrlə çıxış
edir, dövlət, hökumət, parlament nümayəndələri ilə
görüşlər keçiririk. Fransa Dağlıq
Qarabağ münaqişəsinin
həlli üzrə
ATƏT-in Minsk qrupunun həmsədrlərindən
biridir. Bu məsələ ilə bağlı da görüşlərimiz olur.
Artıq
tərəddüdsüz demək
olar ki, Azərbaycan diasporunun səsi fransız cəmiyyətində aydın
eşidilir, ayrı-ayrı
strukturlar tərəfindən
qəbul edilir.
Bakıda dünya azərbaycanlılarının
qurultaylarının keçirilməsi
ənənəsi isə
alqışalayiqdir. Bu ənənənin əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub,
bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Biz məhz bu
qurultaylar zamanı ideya-siyasi cəhətdən
lazımınca silahlanır,
istiqamətimizi düzgün
müəyyənləşdirə, görəcəyimiz işləri
planlaşdıra bilirik.
Keçən qurultaya Fransadan
böyük bir nümayəndə heyəti
ilə gəlmişdik
- təxminən 30 nəfər.
Bu dəfəki tədbirdə 8 nəfərlik
nümayəndə qrupu
ilə ilə təmsil olunuruq. Bu cür tədbirlər işimizə olduqca müsbət təsir göstərir, həm müxtəlif ölkələrdə
yaşayan soydaşlarımızla
tanış olur, əlaqələr qurur, həm də bir-birimizin işini, təcrübəsini
mənimsəyir, öz
fəaliyyətimizdə istifadə
edirik. Eyni zamanda, dövlət başçımızın bizdən
- diaspor təşkilatlarından
nə kimi fəaliyyət gözlədiyini
öyrənirik. Bütün
bunlar işlərimizi
düzgün qurmaqda bizə kömək edir. Prezident İlham Əliyevin III qurultaydakı çıxışını
da təşkilatımızda
diqqətlə təhlil
edərək qarşımızda
duran vəzifələri
müəyyənləşdirəcəyik.
Təhmasib Zeynalov, Stavropoldakı
"Araz" Azərbaycan
İcmasının sədr
müavini, Cənub və Şimali Qafqaz üzrə regionlararası vətəndaş
cəmiyyətinin inkişafı
və insan haqları ictimai şurası sədrinin birinci müavini:
- Təşkilatımız 2005-ci ildə yaradılıb,
Stavropol, Kislovodsk, Pyatiqorsk,
Minvodı regionlarını
əhatə edir. Artıq formalaşma dövrünü başa çatdırmış təşkilat
sözügedən ərazilərdə
yaşayan soydaşlarımızı
vahid milli ideya ətrafında birləşdirib. Azərbaycanın
köklü problemləri,
əsasən də Dağlıq Qarabağ problemi ilə bağlı mütəmadi
olaraq müzakirələrimiz
olur. Bu kimi məsələlərlə əlaqədar
yerli dövlət strukturlarının rəhbərləri
ilə görüşürük.
Rusiya Prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli
nümayəndəliyi yaradılandan
sonra bu qurumun rəsmi şəxsləri ilə də görüşlərimiz
olub. Bilirsiniz ki, bizim yaşadığımız
zonada ermənilər də yaşayır, onların da diaspor təşkilatı fəaliyyət göstərir.
Bu baxımdan bizim diaspor təşkilatının
gücləndirilməsi məsələsi
gündəlikdədir.
Eyni zamanda, təşkilatın həyata
keçirdiyi tədbirlər
nəticəsində soydaşlarımızın
bir yerə toplaşaraq Azərbaycanın
dövlət bayramlarını
birgə qeyd etməsi artıq ənənə şəklini
alıb. Bu kimi
tədbirlər isə
insanlarımız arasında
birliyin möhkəmlənməsinə
xidmət edir.
Qarşımızda duran əsas vəzifələrdən biri
də yetişməkdə
olan gənc nəslə yüksək səviyyədə qayğı
və diqqət göstərməkdir. Təşkilatımız
yeniyetmə və gənclərin ali
təhsil almasına xüsusi fikir verir. Bununla bərabər, ali
təhsilli gənclərimizin
dövlət strukturlarında
yer tutmalarına yardım etmək də vacib vəzifələrdən
biri kimi qarşımızda dayanır.
Ümumi
məqsədimiz gənclərimizin
bazarlara deyil, universitetlərə cəlb
olunmasını təmin
etməkdir. Çünki artıq bazarda oturmaqla milli mənafelər naminə çalışmaq mümkün
deyil.
Bugünkü qurultaya da böyük
ümidlərlə gəlmişik. İnanırıq ki, Azərbaycan dövləti və diasporunun birgə, əlbir fəaliyyəti ölkəmizin problemlərinin
həllinə kömək
edəcək.
Volodımır Serhiçuk, Ukraynadakı
"Platforma Avrasiya"
İctimai Təşkilatının
sədri, tarix elmləri doktoru, professor:
- Mən Dünya Azərbaycanlılarının III Qurultayındakı iştirakımdan
çox məmnunam. Azərbaycan haqqında çox oxumuşam, iqtisadi uğurlarınızla qiyabi
də olsa, tanışam. Lakin Bakıda
gördüklərim təsəvvür
etdiklərimdən daha
parlaq və inandırıcı oldu.
Qurultayın birinci günü
böyük məmnuniyyətlə
Azərbaycan Prezidenti İlham Əliyevin proqram xarakterli nitqini dinlədim. Bu, Vətənini hədsiz dərəcədə
sevən, ona qəlbi, ağlı, zəkası ilə bağlı olan, millətinin gələcəyinə
inanan, bu yolda bütün enerjisini sərf etməyə qadir olan xalqına və özünə inamı olan əsl liderin çıxışı idi.
Bir məsələni
də xüsusi qeyd etmək istəyirəm. Prezident haqlı olaraq
qeyd etdi ki, bu gün
Azərbaycan dövlətinin
qarşısında duran
əsas vəzifə ölkənin zəngin neft kapitalını zəka, intellekt kapitalına çevirməkdir.
Bu, çox düzgün
və strateji baxımdan perspektivli yoldur. Azərbaycanın düzgün idarəçiliyi
onun gənc, perspektivli kadrlarından çox asılıdır.
Yaxşı haldır ki,
Azərbaycan dövləti
bu mühüm məsələyə lazımi
diqqət yetirir.
Qeyd edim ki, dövlət başçısının parlaq
nitqi bu mötəbər tədbirə
böyük enerji ötürdü, bütün
başqa çıxışlara
müsbət təsir
göstərdi. Bəli, qurultayın birinci iş gününün belə uğurlu keçməsində İlham
Əliyevin böyük
rolu oldu. Başqa çıxışlar da
çox təsirli idi. Çıxışların intellektual səviyyəsi
də məni razı salırdı.
İnanıram ki, üçüncü
qurultay tam uğurla başa çatacaq, burada irəli sürülən mühüm
vəzifələr həyata
keçəcəkdir.
Bizim xalqlarımızın
qədim dostluq əlaqələri var. Ukrayna
və Azərbaycan xalqları arasındakı
bu dostluq münasibətləri müstəqil
dövlətlərimizin daha
da yaxınlaşmasına
səbəb olubdur. Dövlətlərimizin liderləri bu əlaqələrin daha da genişləndirilərək
inkişaf etdirilməsi
üçün çalışırlar.
Ukraynada kifayət qədər böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir
çoxu ölkəmizin
ictimai-siyasi həyatında
təmsil olunublar.
Mənim
azərbaycanlılarla şəxsi
əlaqələrim də
güclüdür. Azərbaycanlıların çox qonaqpərvər,
və xeyirxah insanlar olduqlarını da yaxşı bilirəm, səmimiyyətinə
həmişə heyran
olmuşam.
Bu gün Bakıda
insanları üzügülər,
xoşbəxt gördüm. Qurultay işini başa çatdırandan sonra Bakının tarixi yerləri ilə mütləq tanış
olmaq arzusundayam. Sonda bildirmək istəyirəm
ki, mən Azərbaycanın parlaq gələcəyiynə çox
inanıram. Ümid edirəm
ki, Azərbaycan bundan sonra daha
da tərəqqi edəcək, Qafqazda liderliyini daim qoruyub saxlaya biləcəkdir.
Paşa ƏMİRCANOV,
Məsaim ABDULLAYEV,
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 6 iyul.- S. 5.