Türkiyə mədəniyyətlərin
qovuşduğu məkan olduğunu
bir daha sübut etdi
Regionun mühüm dövlətlərindən biri olan qardaş Türkiyə elə bir geostrateji məkanda yerləşir ki, bu ölkədə baş verən hər hansı bir mühüm ictimai-siyasi hadisə heç kəsə təsirsiz ötüşmür. Bu hadisələrdən biri də ötən ay baş verdi.
Türkiyə ölkənin gələcəyini müəyyənləşdirən çox mühüm bir seçki prosesini uğurla yekunlaşdırdı. İyunun 12-də keçirilən parlament seçkilərində iqtidarda olan Ədalət və İnkişaf Partiyası seçicilərin 49,9 faiz səsini toplayaraq üçüncü dəfə hakimiyyət sükanını əlində saxlamağa nail oldu. Ölkənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası 25,98 Milliyətçi Hərəkat Partiyası isə 13,01 faiz səs topladı. Beləliklə, önümüzdəki dörd il ərzində AKP 327, CXP 135, MHP 53 deputatla Böyük Millət Məclisində təmsil olunmaq hüququ qazandı, müstəqil namizədlərin sayı isə 35-ə çatdı. Azərbaycanlı jurnalistlərdən ibarət qrupun Türkiyədə keçirilən IX Beynəlxalq Türk Dili Olimpiadasını izləmək üçün bu ölkəyə səfəri də məhz seçki prosesindən sonrakı vaxta təsadüf etmişdi. Bu, bizə həm də ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə yaxından tanış olmaq imkanı verirdi. Bu barədə qeydlərimizi sonrakı yazılarımızda qələmə alacağıq, öncə olimpiada təəssüratlarımızı oxucularımızla paylaşmaq istərdik.
Beynəlxalq türk dili olimpiadaları 2003-cü ildən keçirilməyə başlanıb. Həmin il. 17 ölkədən xeyli sayda nümayəndə Türkiyəyə gəlib və tədbirlərdə iştirak edib. Ötən hər ildə bu say durmadan artıb. Məsələn, keçən il iştirakçı ölkələrin sayı 120, tədbirdə iştirak edən yeniyetmə-şagirdlərin sayı isə 750 olmuşdusa, bu il dünyanın 130 ölkəsindən minədək iştirakçı Türkiyəyə gəlmişdi. Onlar 6 müxtəlif qrupda yarışdılar. Hər dəfə olduğu kimi, bu dəfə də azərbaycanlı yeniyetmələr ifa etdikləri mahnılarla və söylədikləri şeirlərlə ürəkləri fəth etdilər.
Onu da deyək ki, böyük türk şairi Yunis Əmrənin "Gəlin tanış olaq" ifadəsini özünün devizinə çevirmiş olimpiada şənlikləri Türkiyənin bir çox vilayətlərində keçirilib. Antalyada, Ərzurumda, Pamukkaledə, Balıkesirdə, İstanbulda və digər şəhərlərdə dünyanın bütün guşələrindən gələn şagirdlərin çıxışlarını izləmək üçün minlərlə insan tədbirin keçirildiyi məkanlara axın edib. Müxtəlif millətlərdən olan yeniyetmələrin türk dilində sərbəst mahnı ifa etməsi, şeir söyləməsi, səhnəciklərdə məharətlə öz istedadlarını nümayiş etdirməsi türkiyəli qardaşlarımız tərəfindən daim coşğuyla, sürəkli alqışlarla qarşılanıb.
Mübaliğəsiz demək olar ki, azərbaycanlı şagirdlər Türkiyənin paytaxtı Ankarada keçirilən şənliklərə öz dostluq imzalarını atdılar. Burada ölkəmizə, onun mədəniyyətinə, incəsənətinə böyük diqqət göstərildiyi hər addımda hiss olunurdu. Təkcə onu demək kifayətdir ki, 130 ölkədən gələn nümayəndələr bir konsert proqramında çıxış etdikləri halda, azərbaycanlı şagirdlər 2 saatadək davam edən xüsusi hazırlanmış konsert proqramıyla izləyiciləri coşdurdular. Hər bir çıxışdan sonra türkiyəli qardaşlarımız əllərində daşıdıqları Azərbaycanın üçrəngli, aylı-ulduzlu bayrağını coşğuyla dalğalandırır və bu zaman Ankaranın məşhur "Altın Park" istirahət mərkəzində yaranan möhtəşəm mənzərə insanı heyran edirdi. Tədbirdə ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov da iştirak edirdi. Ona "Çağ" Öyrətim İşlətmələri Şirkəti tərəfindən xatirə plaketi təqdim olundu.
Burada həm də müxtəlif dövlətlərə aid bayraqların əzəmətlə dalğalanması, şüarlar, xalqların qardaşlığını tərənnüm edən böyük afişalar istər-istəməz insanda xoş duyğular yaradır, dünyanın hər tərəfindən gələn yüzlərlə insana həmrəylik, birlik mesajı verirdi. Hər halda, şənliyin təşkilatçılarının da məqsədi bu mesajı verməklə yanaşı, Türkiyənin, türk xalqının humanizm prinsiplərinə, sülh missiyasına sədaqətli olduğunu diqqətə çatdırmaqdı. Məmnunuq ki, buna böyük ölçüdə nail olundu.
Ankaradakı şənliklər çərçivəsində "Altın Park" istirahət mərkəzində finalçıların stend yarışının təşkil olunması tədbirə xüsusi rəng qatmışdı. Burada dünyanın 130 ölkəsinin tarixini, mədəniyyətini, hətta mətbəxini tanıtmaq üçün kifayət qədər imkan var idi. Sevindirici haldır ki, onlar arasında ən çox diqqəti cəlb edən məhz Azərbaycan stendi idi. İçərişəhərdəki tarixi abidələrimizin əksinin xüsusi işıqlandırma vasitələriylə canlandırılması, ulu öndərimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri və bütün bunların fonunda dörd bir yanda dalğalanan qüdrətli Azərbaycan bayrağı hər bir həmvətənimizin və türk qardaşlarımızın könlünü oxşayırdı. Dekorasiyası Karvansaraya bənzədilən və hər bölməsi xüsusi zövqlə bəzədilən bu stendə insanlar axın-axın gəlirdi. Tən ortada Azərbaycanın milli ornamentləri ilə bəzədilmiş zəngin səhnədə mahnı oxuyan, milli rəqslərimizi ifa edən qızlarımız sürəkli alqışlanırdılar. Bütün bunlar insanda belə bir təəssürat yaradırdı ki, sanki, Türkiyədə deyil, Azərbaycanda keçirilən bayram tədbirlərini izləyirsən.
Ötən il olduğu kimi, bu il də şənliyə gələn böyük əksəriyyətin əlində Azərbaycan bayrağının olması xüsusilə diqqətimizi çəkdi. Sonradan bizim stendimizdə ölkəmizin bayrağını almaq üçün növbəyə dayanan türk qardaşlarımızı görəndə bir daha Türkiyə türkünün Azərbaycana olan tükənməz sevgisinin əbədiyyətə qədər davam edəcəyinə əminlik yarandı.
Azərbaycan stendinin ölkəmizin adına layiq bir şəkildə hazırlanması, heç şübhəsiz, təşkilatçıların diqqəti və ciddi hazırlıqları hesabına mümkün olmuşdu. Ona görə də təşkilatçılar ilə görüşməyi qərara aldıq. Məlum oldu ki, bölməni İstanbulda fəaliyyət göstərən "Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi" təşkil edib. Dərnək təmsilçilərinin verdikləri məlumata görə, stendi izləməyə gələnlərə 10 mindən çox Azərbaycan bayrağı və üzərində Azərbaycan yazılan şarlar hədiyyə edilib. Bundan başqa, Azərbaycan xalq mahnılarından ibarət 15 minədək CD diski və Azərbaycanın turizm məkanlarını təbliğ edən müxtəlif broşurlar, jurnallar da tədbir iştirakçılarına paylanılıb.
Azərbaycan stendi xeyli geniş
ərazidə qurulmuşdu. Burada milli
geyimli oğlan və qızlarımızla
şəkil çəkdirməyə
tələsən insanların
növbəyə dayanması
Azərbaycan mədəniyyətinə
olan sevginin növbəti təzahürü
hesab oluna bilərdi. Avropa ölkələrindən gələn qonaqların stendə xüsusi maraq göstərməsi isə Azərbaycanın beynəlxalq aləmdə özünəlayiq yer tutması, nüfuz qazanması ilə əlaqələndirilir. Rəsmi Bakının
yürütdüyü xarici
siyasət bu məsələdə mühüm
rol oynayır. Azərbaycan artıq dünyada tanınır, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təminatçısı
kimi qəbul olunur. Bu isə
əcnəbi qonaqların
diqqətindən yayınmır.
Azərbaycanlı jurnalistlər Ankarada Türkiyənin Nazirlər
Kabinetinin Mətbuat və İnformasiya İdarəsində də
oldular. Burada qardaş ölkənin
respublikamızdakı səfirliyinin
keçmiş mətbuat
müşaviri Həbib
Kayanın kadrların
idarə olunması şöbəsinə rəhbərlik
etdiyini də öyrəndik. Həbib bəylə
səmimi şəraitdə
söhbət etdik.
O bildirdi ki, Azərbaycandan qayıtdıqdan
sonra da ölkəmizdə gedən
sürətli inkişafı
fəxrlə, qürurla
izləyir. Azərbaycanı öz Vətəni
kimi sevdiyini bildirən Həbib bəy onu da
xüsusi vurğuladı
ki, Türkiyə dövləti və ümumiyyətlə türk
insanı üçün
Azərbaycan xüsusi
önəmə malikdir.
Qardaş ölkədə keçirilən və əksər vilayətləri
əhatə edən rəy sorğusu da bunu sübut
edir. Həmin rəy sorğusunda
türk qardaşlarımızın
90 faizi dünyada Türkiyəyə ən yaxın ölkənin Azərbaycan olduğunu bildirmişdir.
Azərbaycanlı jurnalistlər qardaş ölkənin Mətbuat və İnformasiya İdarəsinin rəhbəri
Murat Karakaya ilə də görüş keçirdilər. Görüş zamanı onu
da öyrəndik ki, Murat Karakaya İstanbuldakı çox
mühüm işlərini
yarıda qoyaraq azərbaycanlı jurnalistlərlə
görüşmək üçün
yenidən Ankaraya qayıdıb. Bu, Türkiyənin rəsmi qurumlarında Azərbaycana
qarşı necə böyük rəğbət
bəslənildiyinin ən
bariz nümunəsidir.
Türkiyənin Mətbuat və
İnformasiya İdarəsinin
rəhbəri Murat Karakaya
bildirdi ki, Azərbaycana hər gəlişində çox
müsbət yeniliklərlə
qarşılaşır.
Bakı şəhərinin gözəlliyinə
heyran olduğunu deyən Karakaya onu da əlavə
etdi ki, Azərbaycan özünün
sürətli iqtisadi inkişafını davam etdirməklə qısa zamanda inkişaf etmiş Qərb ölkələrinin səviyyəsinə
yüksələcəkdir. O, ölkələrimiz
arasında əlaqələrdən
də söhbət açarkən türk dünyasının böyük
oğlu, ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik
kəlamını bir
daha xatırlatdı. Azərbaycan daim Türkiyənin xarici siyasətində əsas prioritetlərdən
biri olaraq qalacaqdır. Çünki Azərbaycan - Türkiyə
qardaşlığı tarixi
köklərə söykənən,
çətin sınaqlara
sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalqın
arasındakı ən
təbii hisslərdən
bəhrələnir, ondan
güc alır. Buna görə də
Azərbaycan - Türkiyə
əlaqələri daim
möhkəmlənir, güclənir,
zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda sabitliyin, əmin-amanlığın qarantına
çevrilir. Ölkələrimiz bundan sonra da
biri-birinə dayaq, arxa olacaqdır.
Türkiyədə keçirdiyimiz görüşlərdə
ümumi qənaət
belə oldu ki, ölkə Qərbə inteqrasiya siyasətinə üstünlük
versə də, Ankaranın xarici siyasətində türk dünyası ilə əlaqələrin inkişafı
da əsas prioritetlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə münasibətlər
daim diqqət mərkəzindədir. Bu, Türkiyə Cümhuriyyətinin
qurucusu böyük
Mustafa Kamal Atatürkün
gələcək nəsillərə
vəsiyyətidir. Belə ki,
hələ 1930-cu illərdə
o demişdi ki, "vaxt gələcək Sovetlər Birliyi dağılacaq və əsarətdə yaşayan
türkdilli xalqlar azadlıqlarına qovuşacaqdır.
Türkiyə bu vəziyyətə
hazır olmalı və qan qardaşlarımıza
lazımi dəstəyi
verməlidir". Ölkənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın Dağlıq
Qarabağ problemini həm də Türkiyənin problemi hesab etməsi, bu barədə kəskin bəyanatlar verməsi və keçirdiyi hər bir görüşdə məsələni gündəmə
gətirməsi də
belə deməyə əsas verir ki, bu gün
də Türkiyə iqtidarı Atatürkün
vəsiyyətinə sadiqdir.
Bu da reallıqdır
ki, Türkiyə və Azərbaycan dünyanın elə bir mühüm regionunda yerləşir ki, burada sülhə,
sabitliyə, mədəniyyətlərin
dialoquna daha çox ehtiyac duyulur. Bu coğrafi məkanda yaşayan iki qardaş xalqın sahib olduğu üstün mədəni keyfiyyətlər onların
bu missiyanı uğurla həyata keçirmələrinə geniş
imkanlar açır.
Türkiyədə keçirilən IX Beynəlxalq Türk Dili Olimpiadası bunu bir daha
təsdiq etdi. Final mərhələsi türk dünyasının
mənəvi paytaxtı
İstanbulda baş tutan olimpiadada türk dilində şeir, mahnı ifa edən müxtəlif
xalqların nümayəndələri
bir daha bəşəriyyəti sülhə,
qardaşlığa, birlik
və bərabərliyə
dəvət etdilər.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 6 iyul.- S. 7.