Dünya Azərbaycanlılarının III Qurultayı Heydər Əliyev siyasi dühasının növbəti zəfəri oldu

 

...Hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayındakı nitqindən Bakı, 5 iyul, 2011-ci il

 

Prezident İlham Əliyev: Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir

 

Yeni əsrin ikinci onilliyinə də bizim üçün qürurverici, fərəhləndirici, tariximizin iftixar səhifələrinə çevriləcək hadisələrlə qədəm qoymuşuq. Elə bir ay olmur ki, o, hansısa əlamətdar hadisə ilə yaddaşlara yazılmasın. Ancaq bu baxımdan iyul ayının bəxti daha çox gətirdi. İyulun 5-də üçüncü dəfə Heydər Əliyev siyasi dühasının işığına toplaşan dünya azərbaycanlıları dünya ictimaiyyətinə möhtəşəm bir mesaj göndərmiş oldu: "Planetin bütün guşələrində yaşayan 50 milyonluq azərbaycanlıların hamısı müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşmişdir. Bütün soydaşlarımız siyasət dahisi olan Heydər Əliyevin kursunu davam etdirən Prezident İlham Əliyevi dəstəkləyirlər".

Beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər fonunda dünya azərbaycanlılarının bu şəkildə mütəşəkkillik nümayiş etdirməsi müstəqil Azərbaycan dövlətinin böyük zəfərlər ərəfəsində olduğundan xəbər verirdi. İyulun 5-də region ölkələrinin bütün kütləvi informasiya vasitələri, dünyanın isə əksər aparıcı xəbər agentlikləri Bakıda keçirilən qurultaydan söhbət açırdılar. Həmin söhbətlərdən biri onu eşidənlərin yadından heç zaman çıxmayacaq. Xəbərin təxmini məzmunu belə idi: Ermənistan Prezidenti Gorusda 18 nəfər erməni əsilli jurnalisti toplayaraq onlara riyakarlığın və saxtakarlığın daha iyrənc variantlarını öyrədirdisə, Azərbaycan Prezidenti İlham Əliyev dünyanın bütün ölkələrini təmsil edən 416 diaspor təşkilatının rəhbərləri də daxil olmaqla bütün soydaşlarını başına toplayıb Azərbaycanın sabahından danışdı. "416-cı diviziya"nın Azərbaycan və dünya tarixində hansı rolu oynadığını isə yəqin ki, ermənilər unutmamışlar". Hər halda informasiyanı, şərh və xəbərdarlığı mətbuat bu şəkildə verdi.

Dünya Azərbaycanlılarının III Qurultayının məhz bu il keçirilməsi də təsadüfi deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvarın 21-də imzaladığı sərəncamda göstərilirdi ki, respublikamızın öz dövlət müstəqilliyini bərpa etməsinin 20 illik yubileyi münasibətilə 2011-ci ildə Bakıda dünya azərbaycanlılarının növbəti qurultayı keçirilsin. Yəni iyulun 5-də Azərbaycan paytaxtına toplaşan soydaşlarımız və qurultayın qonaqları əslində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilmiş möhtəşəm tədbirlər silsiləsinin ikincisində iştirak edirdilər. Birinci tədbir hərbi parad olmuşdu. Soydaşlarımızın ali məclisində dünyanın 42 ölkəsindən 579 nəfər qurultay nümayəndəsi, habelə 30 ölkədən 211 nəfər qonaq iştirak edirdi. Respublikamızı təmsil edən qurultay nümayəndələri 677 nəfər, yerli qonaqlar isə 405 nəfər idi. Qurultay işə başlayarkən bütövlükdə 1872 nəfər qeydə alınmışdı ki, onlar Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç, Niderland, İsrail, Özbəkistan, Fransa, Britaniya, Kanadabaşqa ölkələri təmsil edirdilər. Tədbiri çoxsaylı mətbuat təmsilçilərinin işıqlandırması isə yuxarıda qeyd etdiyimiz kimi dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

Əlbəttə, bu qurultayın qəbul etdiyi qərarlar, çıxışlarda səsləndirilən təkliflərin nəzərə alınması, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının (2001-ci ildə yaradılmışdır) icra katibliyinin yaradılması, Prezident İlham Əliyevin yekdilliklə Əlaqələndirmə Şurasına sədr seçilməsi, Şuranın tərkibinin artırılması, eləcə də bütün digər məsələlər böyük maraq yaradır, diqqətlə izlənilirdi. Ancaq sadə azərbaycanlı bütün ictimai-siyasi məsələlərdə olduğu kimi bu qurultayın gedişində də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasına soydaşlarımızın münasibətini öyrənmək istəyirdi. Ali məclisin iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurultay nümayəndələri adından beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət qəbul etdilər. Ancaq bu məsələ ilə bağlı ən böyük müraciət və ən kəsərli bəyanatlar bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilindən səsləndirildi.

Dövlət başçımız qurultaydakı nitqində dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün səylər göstərdiyini, Ermənistanın isə bu səyləri əngəlləməyə çalışdığını xatırladaraq Azərbaycanın qətiyyətini bir daha dilə gətirdi: "Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, digər təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü orada müdafiə edilir və işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan çıxarılması da orada nəzərdə tutulur. Ancaq əfsuslar olsun ki, məsələ həllini tapmır. Bunun yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və sülhə hazır olmamasıdır. Ancaq biz yaxşı bilirik ki, gec-tez Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir". Dövlət başçımız Azərbaycanın və Ermənistanın mövqelərini ortaya qoymaqla yanaşı bu iki ölkənin imkanlarını da qurultay iştirakçılarının diqqətinə çatdırır: "Ermənistan tərəfi anlamalıdır ki, artıq Azərbaycanda yaradılmış potensial Ermənistanın potensialı ilə müqayisə edilə bilməz. Bizim iqtisadi imkanlarımız və iqtisadi potensialımız Ermənistandakından 10 dəfə artıqdır. Vaxt keçdikcə bu fərq daha da çoxalacaq, iki ölkə arasındakı uçurum daha da genişlənəcəkdir. Ona görə Ermənistanın marağında olmalıdır ki, bu məsələ tezliklə öz həllini tapsın. Çünki Azərbaycanla rəqabət aparmaq indi onların gücündə deyildir. Bizim təkcə hərbi xərclərimiz Ermənistanın bütün dövlət büdcəsindən 50 faiz artıqdır. Bu, hələ bizim gördüyümüz işlərin birinci nəticələridir. Biz çox yaxşı başa düşürükgörürük ki, bizi nələr gözləyir. Azərbaycan dünya miqyasında zəngin ölkələrin arasında olacaqdır".

Dövlət başçımız qurultaydakı nitqində Azərbaycandan kənarda yaşayan soydaşlarımızın həm bir-biri ilə, həm təmsil etdikləri cəmiyyət və ya təşkilatlar arasında, həm də ana Vətən Azərbaycanla əlaqəni, birgə fəaliyyəti daim genişləndirməsi zərurətindən danışarkən həqiqi liderlik nümunəsi göstərdi: "Birlik olmasa, biz güclü ola bilmərik. Bu, aksiomadır. Ona görə hesab edirəm ki, diaspor təşkilatlarının fəaliyyətinin inkişafı üçün biz birliyi tam şəkildə təmin etməliyik. Eyni zamanda, hazırda Azərbaycanın dünyadakı daimidiplomatik nümayəndəliklərinin də sayı artmaqdadır. Keçən qurultay zamanı bizim 46 səfirliyimiz və konsulluğumuz var idi. Hazırda onların sayı 65-ə çatmışdır. Yaxın zamanlarda 8 ölkədə yeni səfirlik və konsulluğun açılışı nəzərdə tutulur. Bu, əlbəttə ki, ilk növbədə Azərbaycan dövlətinin qüdrətini göstərir. Yəni, onu göstərir ki, biz bütün dünya ilə əməkdaşlıq edirik və hazırda 65-dir və 73-ə çatanda əlbəttə ki, dünya miqyasında elə vacib ölkə qalmayacaq ki, orada səfirliyimiz olmasın. Səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlıq daha da güclü, daha da məqsədyönlü olmalıdır".

Dövlət başçımızın öz nitqinin sonunda söylədiyi arzular və əminlik isə qurultay iştirakçılarının hər birinin arzusu, əminliyi kimi qəbul edildiheç zaman heç kəsin yadından çıxmayacaq alqışlara səbəb oldu: "Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər".

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 7 iyul.- S. 4.