Biz müstəqil
Azərbaycan dövlətinin uğurları ilə qürur
duyuruq
Sərlövhəyə
çıxardığımız bu sözlər bəlkə
də Dünya Azərbaycanlılarının III
qurultayında tədbir iştirakçılarının
dilindən ən çox səslənən sözlər idi.
Bu günlərdə dünyanın müxtəlif ölkələrindən
Azərbaycan paytaxtına təşrif buyurmuş
soydaşlarımız, çoxsaylı qonaqlar bu mötəbər
tədbirin yüksək səviyyədə təşkilindən,
qurultayda hökm sürən yüksək vətənpərvərlik
ruhundan ürəkdolusu söz açırdılar. Əməkdaşımız
qurultay iştirakçılarının bir qismi ilə
görüşərək onların fikir və
düşüncələrini qeydə almışdır.
Yuri Koçubey, Ukrayna XİN-in yanında Diplomatiya
Akademiyasının professoru:
- Dünya Azərbaycanlılarının III qurultayı
yüksək səviyyədə təşkil olunub. Mənə ən
çox təsir edən Azərbaycan Prezidenti cənab
İlham Əliyevin qurultayın əvvəlindəki çox
maraqlı və dərin məzmunlu nitqi oldu. Dövlət başçısı haqlı olaraq
qeyd etdi ki, müstəqil Azərbaycanın beynəlxalq aləmdəki
aşkar uğurlarında diasporun əhəmiyyətli payı
var. Görünən budur ki, bu gün Azərbaycan diasporu vahid
mərkəzdən çıxış edir. Dövlətiniz Azərbaycan diasporunun təşkilatlanması
və səmərəli fəaliyyət göstərməsi
üçün çox çalışır. Cənab İlham Əliyevin nitqindən bu həqiqəti
özüm üçün yəqin etdim.
Mən Sovet İttifaqından ayrılandan sonra müstəqilliyini
elan etmiş Ukrayna Respublikasının Fransanın paytaxtı
Parisdə ilk fövqəladə və səlahiyyətli səfiri
olmuşam. Yaxşı bilirəm ki, diplomatiya işi nə qədər
məsuliyyətli və bir o qədər də faydalı bir fəaliyyətdir.
Diplomatlar həqiqətən öz dövlətlərinin
əcnəbi ölkələrdə elçiləridir. Yaxşı diplomat öz ölkəsi, dövləti
barədə müsbət rəy yarada bilir. Əslində, bu, onun müqəddəs borcudur.
Düşünürəm ki, Azərbaycan
diplomatları milli diasporun fəalları ilə əlbir
çalışaraq gələcəkdə də çox
faydalı işlər görəcəklər.
Məndən bir təcrübəli diplomat olaraq Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı aparılan işlərə şəxsi
münasibət bildirməyimi xahiş edirsiniz. Bu problemin ədalətli
həllinə inanıram. Ukrayna
Respublikası problemin beynəlxalq hüquq normaları çərçivəsində,
sülh yolu ilə, xüsusi vurğulamaq istəyirəm, Azərbaycanın
ərazi bütövlüyünü qorumaq şərti ilə
həllinə tərəfdardır. Bütün
münaqişələr gec-tez öz həllini tapır.
Dağlıq Qarabağ münaqişəsinin də
öz ədalətli həllini tapacağına şübhə
etmirəm. Azərbaycanın ən
böyük sərvəti onun mehriban, xeyirxah, ailəsinə,
dövlətinə qəlbən bağlı zəhmətsevər
xalqıdır. Mənim Ukraynadakı
dostlarım arasında azərbaycanlılar çoxdur. Bakıya gəlişimdən, qurultayda iştirak etməyimdən
çox məmnunam. Azərbaycanın həmişə
xoş sorağını eşitmək arzusundayam. Paytaxt Bakı çox tərəqqi edən bir
gözəl şəhər kimi yaddaşımda həkk
olundu. Bilirəm ki, Azərbaycanın çox qədim və
zəngin tarixi var. Şəhərinizi gəzib onun tarixi yerləri
ilə tanış olmaq arzusundayam.
Ayaz Məmmədov, Rusiya Federasiyasının
Krasnoyarsk şəhərindəki "Azəri"
icmasının sədri:
- Mən Krasnoyarsk şəhərinə 1987-ci ildə
getmişəm. 1990-cı ildə bu şəhərdə
yaşayan 7 tələbə dostum ilə birlikdə "Azəri"
icmasını təşkil etmişik. Bu
illər ərzində bizim təşkilatımız həmvətənlərimiz
arasında böyük hörmət qazanaraq xeyli güclənib.
Biz Krasnoyarskdə yerli hökumət və vətəndaş
cəmiyyəti qurumları ilə də sıx əlaqələr
saxlayırıq. Çalışırıq
ki, ölkəmiz barədə hər kəsdə müsbət
imic formalaşdıraq. Yeri gəlmişkən,
Krasnoyarskda "Azəri" adında qəzet nəşr
edirik. Qəzetdə Azərbaycanın
tarixi, mədəniyyəti, müstəqil dövlətimizin
bugünkü uğurları barədə geniş məlumatlar
veririk. Krasnoyarskda azərbaycanlı
uşaqlardan təşkil olunmuş "Odlar yurdu" adlı
rəqs ansamblı da uğurla fəaliyyət göstərir.
Deməliyəm ki, bu ansambl şəhərdə
artıq böyük şöhrət qazanıb. Onun konsertlərində hər dəfə 150-200 gənc
rəqqas iştirak edir. Bu yaxınlarda
ansamblın üzvləri Türkiyənin Amasiya şəhərində
keçirilən beynəlxalq festivalda böyük uğurla
iştirak ediblər.
Dünya Azərbaycanlılarının III Qurultayında
iştirak etdiyimə görə çox sevinirəm. Mən 10 il
əvvəl Dünya Azərbaycanlılarının I
qurultayında da iştirak etmişdim. O vaxt dünya
şöhrətli siyasətçi Heydər Əliyevin
qurultaydakı parlaq tarixi nitqini dinləmək mənə nəsib
olmuşdur. O kövrək və həyəcanlı anları
heç vaxt unutmuram. Sevinirəm ki, Heydər Əliyevin
Azərbaycan xalqının əbədi xoşbəxtliyinə
xidmət edən siyasi xəttini ulu öndərin layiqli
davamçısı cənab İlham Əliyev böyük
uğurla davam etdirir. Buna ən
böyük sübut bugünkü çiçəklənən,
demokratik Azərbaycandır. Biz hər yerdə
müstəqil Azərbaycan dövlətinin uğurları ilə
qürur duyuruq, dövlətimizə güvənirik.
Azərbaycan bizim hər birimizin anasıdır. Xalqımızın,
dövlətimizin son illərdəki uğurları bizə
qol-qanad verir. Mən Azərbaycanın dilbər
guşəsi olan Astaranın Ərçivan kəndindənəm.
Doğma kəndim üçün, necə deyərlər,
indi burnumun ucu göynəyir. Qurultay
başa çatan kimi, bir neçə günlüyə də
olsa, kəndimizə gedəcəyəm. Krasnoyarska
qayıdandan sonra isə Azərbaycan üçün bundan
sonra daha çox işlər görməli olduğumu
düşünürəm. Fikrimcə,
Dünya Azərbaycanlılarının III Qurultayı diasporun
hər bir üzvünə Vətənimizin tərəqqisi və
güclənməsi naminə daha səfərbər olmaq,
böyük uğurlar qazanmaq mesajı verib. Biz, dünya azərbaycanlıları harada
yaşamağımızdan asılı olmayaraq buna
hazırıq.
Nevzat Gündöy, Almaniyada yaşayan türk
iş adamı:
- Mənə
dünya azərbaycanlılarının bütün
üç qurultayında iştirak etmək nəsib olub. Yəni 2001-ci ildə də burada olmuşam, o zaman
dünya miqyaslı dahi siyasətçi Heydər Əliyev Azərbaycanın
başqanı idi, birinci qurultayda onun çox parlaq nitqini dinləmişəm.
2006-cı ildə keçirilən ikinci qurultaya
da dəvətli olmuşam. Bu gün də
azərbaycanlı qardaşlarımın arasındayam. Bu faktı ona görə xüsusi qeyd edirəm ki,
son 10 ildə Azərbaycan böyük sürətlə
inkişaf yolu keçibdir. Bu barədə
bu gün mən dostlarıma da danışmışam.
Bəli, bu 10 ildə Azərbaycan inanılmaz, əfsanəvi
bir inkişaf yolu keçibdir. 10 il bundan qabaq
Bakıya gələndə hava limanından şəhərin
mərkəzinə çatana kimi avtobusumuz dəfələrlə
çala-çuxura düşürdü, yollar çox pis
gündə idi, indi bu yol Avropanın ən yaxşı
yolları səviyyəsindədir, bəlkə də
üstündür. Buna əsl tərəqqi
deyirlər. Bir dost, qardaş olaraq mən məmnun oldum. Dəyişən təkcə yollar deyil. Son illər doğma Bakı nə qədər
gözəlləşib, inkişaf edibdir. Adam
onu vəsf etməyə söz tapmaqda aciz qalır. Mən Azərbaycan yetkililərini, şəxsən
dövlət başçısı İlham Əliyev cənablarını
belə bir sürətli tərəqqiyə imza
atdıqları üçün ürəkdən təbrik
edirəm.
Biz Avropanın mərkəzi sayılan Almaniyada azərbaycanlı
diasporun nümayəndələri, bütün azərbaycanlı
qardaşlarımızla çox sıx əlaqələr
qurmuşuq. Biz fərq qoymuruq, eyni problemlərin həllinə
çalışır, eyni sevinci, eyni qayğıları
paylaşırıq. Azərbaycan Prezidenti İlham Əliyev
çox gözəl deyib ki, bir millətin iki diasporu ola bilməz. Axı, güc
birlikdədir. Birgə
çalışmaqla biz uğurlarımızı artıra
bilirik. Bəli, birgə səylərimiz
yaxşı nəticələr verir.
İndi Almaniya parlamentində, işgüzar, mədəni
dairələrində, mediasında çoxlu dəyərli
dostlarımız var. Biz onlara demirik ki, bizi tərifləyin,
deyirik ki, həqiqətin tərəfində durun. Öz növbəmizdə
onların həqiqəti tam araşdırmaları
üçün lazımi materialları təqdim edirik. Həqiqət isə bizim tərəfimizdədir.
Almanlar başa düşürlər ki, ermənilər
yalançı soyqırımı iddiaları ilə türk
xalqlarına böhtan atırlar. Ermənilərə
qarşı tarixdə heç bir millət
soyqırımı keçirməyib. Amma
ermənilər Xocalıda günahsız insanlara qarşı,
uşaq, qadın, ahıl demədən dəhşətli vəhşiliklər
törədiblər.
Mən Azərbaycanı Türkiyəni sevdiyim qədər
sevirəm.
Burada özümü doğma Vətənimdəki qədər
xoşbəxt hiss edirəm. Hər bir azərbaycanlının
Türkiyə sevdalısı olduğunu da bilirəm. Türklər üçün də Azərbaycan
müqəddəs isimdir. Bizi heç bir
qüvvə bir-birimizdən ayıra bilməz. Məni sevindirən həm də odur ki, bu gün Azərbaycan
dövləti, onun uğurlu lideri regionda azad, müstəqil
siyasət yürüdür, ölkə iqtisadi cəhətdən
güclənir, əhalinin rifahı yaxşılaşır.
Çalışmaq lazımdır ki, bu
uğurlar daha da artsın. Biz dostlar buna
yalnız şad olarıq. İnşallah, belə də
olacaqdır!
Tahir Hüseynov, Qazaxıstanda yaşayan iş
adamı:
- Mən
Şəmkir rayonunun Təzəkənd kəndindənəm. 23 ildir ki, Qazaxıstanda yaşayıram. Ali təhsilliyəm. Bu gün Vətənə
gəldiyim üçün, belə bir mötəbər
qurultayda iştirak etdiyim üçün özümü
xoşbəxt sanıram.
Qazaxıstanda kifayət qədər böyük Azərbaycan
diasporu var. Mən Qazaxıstanın şimalındakı
Petropavlovsk şəhərində yaşayıram. Burada milli adət-ənənələrimizi
yaşatmağa çalışırıq. Azərbaycanın uğurları barədə
eşidəndə çox sevinirəm. Petropavlovsk
şəhərində yaşayan bütün azərbaycanlılar
bütün dövlət bayramlarımızı yüksək
səviyyədə qeyd edirlər. Vətəndən
uzaqlarda doğma yerlər çox şirin olur, tez-tez doğma
kəndim yuxuma girir. Altı ildir ki, Şəmkirdə
olmamışam. Qurultay başa çatan
kimi, doğma rayonumuza gedəcəyəm. Eşitmişəm
ki, son illər Azərbaycanın bütün bölgələri,
o cümlədən Şəmkir inkişaf edibdir. Yaxşı xəbərlər quş qanadlı olur.
Azərbaycanın son illərdəki
uğurları barədə hər dəfə eşidəndə
qəlbim dağa dönür. Qazaxıstana
qayıdanda burada gördüklərim barədə həmvətənlərimizə
ürəkdolusu danışacağam. Bilirəm
ki, çox sevinəcəklər. Arzum
budur ki, Azərbaycan daim tərəqqi yolunda olsun. Bu millətin bir oğlu kimi, mən də əlimdən
gələni etməyə daim hazıram.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının
III Qurultayındakı parlaq nitqini ulu öndər Heydər Əliyevin
unudulmaz sözləri ilə bitirdi: "Biz hamımız fəxr
etməliyik ki, biz azərbaycanlıyıq". Sonda
Vətəndən uzaqlarda, Rusiyada yaşayan bir azərbaycanlı
olaraq bu gün müstəqil Azərbaycan dövlətinin
uğurları ilə böyük qürur duyduğumu
vurğulamaq istəyirəm. Bu yurdun,
torpağın şanını, şöhrətini
artırmaq üçün hər birimiz
çalışmalıyıq. Bu, bizim vətəndaşlıq
borcumuzdur!
Məsaim ABDULLAYEV
Xalq qəzeti.-
2011.- 7 iyul.- S. 4.