"Vətəni tanı" ümumrespublika kampaniyasının növbəti seçim turu Göyçay, Yevlax və Kürdəmirdə keçirilmişdir

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi "Vətəni tanı" ümumrespublika kampaniyası öz seçim turlarını davam etdirir. Azərbaycanı diyar-diyar gəzən işçi qrupunun bu dəfəki ünvanı Göyçay rayonu olub.

150-dək göyçaylı gənc şəhər 1 saylı məktəbə toplaşıb. Kampaniyanın seçim turuna start verilməzdən əvvəl açılış mərasimi keçirilib. Rayon icra hakimiyyəti, təhsil şöbəsi, gənclər və idman idarələrinin əməkdaşlarının və Milli Şuranın üzvlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, gənclərimizin inkişafı üçün bu kampaniya çox önəmlidir. Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, təşkilat mütəmadi olaraq bu cür layihələr həyata keçirir. Göyçaylı gənclər arasında keçirilən yarışmanın sonunda iki qalib müəyyənləşib.

Sonra kampaniyanın işçi qrupu Yevlax şəhər 7 saylı məktəbdə layihəni davam etdirib. Həmin təhsil ocağında baş tutan kampaniyanın açılış mərasimində Yevlax Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil, gənclər və idman idarələrinin əməkdaşları iştirak ediblər. Milli Şuranın mətbuat katibi Orxan Əli və təşkilatın üzvləri kampaniyanı həyata keçiriblər. 150 məktəblinin iştirakı ilə keçirilən kampaniyada iki istiqamət üzrə Azərbaycanın inzibati ərazi vahidləri tanındı.

Milli Şuranın həyata keçirdiyi "Vətəni tanı" ümumrespublika kampaniyası Kürdəmirdə də gənclərin böyük marağına səbəb olub. Kürdəmir rayonunda da 150 gənc müsabiqənin iştirakçısına çevrilib.

Daha sonra yarışmaya start verilib. Kürdəmirli gənclər bir-biri ilə gərgin mübarizə aparıblar. Nəticədə 2 gənc respublika turuna vəsiqə qazanıb.

Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders dəstək verir.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2011.- 7 iyul.- S. 6.