Dünya Turizm Təşkilatının
üzvü - Azərbaycan Turizm
İnstitutu
Ölkəmizin
ali təhsil ocaqları sırasına 5 il əvvəl daxil
olmuş ATİ fəaliyyət tarixində II məzun ilinə
imza atmışdır. 5 yaşlı təhsil müəssisəsi
yarandığı ilk gündən qeyri-neft sektorunda prioritet
sayılan turizmin regional inkişaf prosesində həlledici amil
sayılan ixtisaslı kadr hazırlığının təminatçısı
funksiyasını qarşısına məqsəd
qoymuşdur. İnstitutun fəaliyyətini səciyyələndirən
xüsusiyyətlərdən ən başlıcası
dünyanın turizm təmayüllü elmi müəssisələri
ilə ikitərəfli əməkdaşlıq müqavilələri,
tələbə-təcrübə mübadilələri, beynəlxalq
tutumlu layihə və proqramlarda, eləcə də nüfuzlu
təşkilatlarda arzu olunan iştirakıdır.
Ölkəmizdə 2011-ci ilin Turizm ili elan olunması ATİ-nin ümumi fəaliyyət proqramında da əksini tapmışdır. Nəzərə alsaq ki, 5 il əvvəl ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Turizm İnstitutu fəaliyyətə başlamışdır. 5 il sonra isə ölkəmizdə Turizm ili elan olunmuşdur. Deməli, turizm sənayesinin inkişafı və yüksək ixtisaslı kadr hazırlığı dövlətimizin strateji maraqlarını ehtiva edir. ATİ-nin rektoru, tarix elmləri doktoru, professor C. Cəfərov bizimlə söhbətində institutun fəaliyyəti, eləcə də beynəlxalq qurumlarla ikitərəfli əlaqələrinə aydınlıq gətirdi. O, dedi:
-Turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli və rəqabət qabiliyyətli müasir turizm kompleksləri yaratmaq, bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrimizdəndir. ATİ bu istiqamətlərin hər biri üzrə özünün fəaliyyət planına əsaslanmış işlər görmüşdür. Belə ki, turizm sənayesinin kadr ehtiyacının ödənilməsi üçün bakalavr, magistr və doktorantura proqramının, ikinci ali təhsil və bunlardan əlavə son vaxtlarda başladığımız peşə kurslarını qeyd edə bilərik. Bu kurslar həmçinin yeni işə başlayanlarla yanaşı artıq işləyən şəxslərə də təklif olunur. Bu zaman beynəlxalq təcrübə də nəzərə alınır.
ATİ Avropa İttifaqının Erasmus-Mundus Xarici Əməkdaşlıq proqramı çərçivəsində Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və digər ölkələrin universitetləri ilə əməkdaşlıq edir. Bundan başqa institut Almaniyanın Yade, Şimalı Kipr Türk Cumhuriyyətinin Girne-America və Doğu Akdeniz universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. Ötən illər ərzində institutun bir neçə müəllim və tələbəsi bu proqramlardan istifadə edərək xaricdə təhsil və təcrübə keçmişlər. Ümumiyyətlə, Krems TEU da daxil olmaqla xarici mübadilə imkanları çərçivəsində 2007-ci ildən bu vaxtadək instituta 47 müəllim və ekspert dəvət olunmuşdur. Bütövlükdə ATİ yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurmuşdur. ATİ Avropa Kredit Transfer Sistemli (AKTS) çoxballı qiymətləndirmə sistemini ölkəmizdə tətbiq edən ilk dövlət ali təhsil müəssisəsidir. Azərbaycandakı dövlət ali məktəbləri arasında ilk dəfə olaraq ATİ-də strateji plan qəbul olunmuşdur. Strateji plan 2008-2016-cı illəri əhatə edir. İnstitutda ali turizm təhsili ilə yanaşı bacarıqlı xidmət personalının hazırlanmasına xüsusi önəm verilir. Bunun üçün xüsusi Təlim Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ili Turizm ili elan etməsi bu sahə üçün önəmli bir qərardır. Turizmin inkişafı üçün böyük işlərin görülməsində bu qərar müstəsna rol oynayacaq. Bu ərəfədə ATİ-nin Ümumdünya Turizm Təşkilatına qoşlmuş üzv kimi təsdiq olunması kollektivi daha səmərəli fəaliyyət göstərməyə səfərbər edir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2011.- 7 iyul.- S. 7.