Qurultay iştirakçıları Azərbaycanın
möhtəşəm uğurlarını təqdir edirlər
Caferali Taşbağ: Heydər Əliyev
Azərbaycan diasporunu formalaşdırdı, İlham Əliyev
isə Azərbaycan-türk diaspor iş birliyinə nail oldu
Dünya
Azərbaycanlılarının III Qurultayında iştirak edən
xarici nümayəndələrin hər biri ölkəmizdə
gördükləri sosial-iqtisadi inkişafdan böyük məmnunluqla
danışır, Azərbaycanın qüdrətli dövlətə
çevrilməsi ilə fəxr edirlər.
Qardaş
Türkiyədən olan qurultay iştirakçıları isə
soydaşlarımızın bu ali məclisində fəxr etməli
başqa bir məqam da görürdülər: "Qurultayda ən
böyük nümayəndə heyəti ilə iştirak edən
iki ölkədən biri Türkiyədir". Qeyd edək ki,
Rusiya və Türkiyədən olan nümayəndə və
qonaqlar daha çox idi. Türkiyəli qurultay nümayəndəsi,
iş adamı Caferali Taşbağ isə ölkəmizin hərtərəfli
inkişafını gənc müstəqil Azərbaycanın
yaratdığı xarüqələr kimi qiymətləndirdi:
- Bu mənim Azərbaycana ilk gəlişim deyil. Ölkənizdə
dəfələrlə olmuşam. Hər dəfə gələndə
də qardaş ölkədə gördüyüm yeniliklər,
inkişaf və hətta, Avropa səviyyəsində olan
müasirləşmə məni məmnun edir. İndi
görürəm, başqa ölkələrdən - yəni
Avropadan, Amerikadan, Kanadadan gələn qurultay nümayəndələri
Azərbaycanda gördüklərinə heyran olurlar. Mən isə
heyran olmuram, sadəcə bu xarüqələrlə fəxr
edirəm. Azərbaycan xalqının xoşbəxtliyidir ki,
1993-cü ildə bu dövlətin rəhbərliyinə Heydər
Əliyev kimi müdrik dövlət adamı gəldi. Siz onu
ümummilli lider adlandırırsınız. Haqqınız
var. Ancaq mənim fikrimcə Heydər Əliyev təkcə azərilərin
milli lideri deyil, o, bütün türk dünyasının
barmaqla göstərilə bilən ulu öndərlərindən
biridir.
- Elə
indi toplaşdığınız qurultay da ulu öndərin
siyasi kursunun təntənəsi kimi qiymətləndirilir.
- Dünya Azərbaycanlılarının Qurultayı beynəlxalq aləmdəki Azərbaycan diasporunun bir yerə cəmləşməsi deməkdir. Mən milyonlarla şahiddən biriyəm ki, bu diasporu Heydər Əliyev formalaşdırıb. O, hansı ölkəyə gedirdisə, oradakı azərbaycanlılarla görüşür, bütün soydaşlarını müstəqil Azərbaycan ətrafında birləşməyə çağırırdı. Soydaşları da ona inanır, liderliyini qəbul edirdilər. Çünki hamı görürdü ki, Azərbaycan xalqının Heydər Əliyevdən başqa lideri yoxdur. O, şəriksiz öndər idi. Mən bu məqamda bir məsələni də yada salmaq istəyirəm. Heydər Əliyev demişdi ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir. Xatırladım ki, Türkiyədə bu məntiqi hamı böyük səmimiyyətlə qəbul edib. Elə Azərbaycanda da o ifadə ilə hamı razıdır. Ancaq mərhum Heydər Əliyev Türkiyəyə gələndə belə, yenə də proqrama əlavə olaraq oradakı soydaşları ilə, əslən Azərbaycandan olan insanlarla görüşməyə çalışır, buna nail olurdu. Mən o fikirlə razıyam ki, öz xalqına Heydər Əliyev qədər bağlı olan liderlər az-az doğulur.
- Üçüncü qurultay sizdə hansı təəssüratları yaratdı?
- Təəssüratlar çoxdur, zəngindir və bir-birindən dəyərlidir. Xüsusən, cənab Prezident İlham Əliyevin nitqindəki qətiyyət və gənc müstəqil Azərbaycanın sabahına olan inam məni çox məmnun etdi. İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün çox böyük işlər görür. İnanıram ki, Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra bu tərəqqi daha da sürətlənəcək. Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə olan inam və ümid isə gündən-günə artır. Rusiya heç zaman görünməyən bir fəallıq nümayiş etdirir, Minsk qrupu üzvləri münaqişənin həllinə tələsir, Türkiyə əzəli qətiyyətindən dönmür, Azərbaycan dövləti siyasi arsenal ilə yanaşı hərbi arsenalı da gücləndirir və sairə. Yeri gəlmişkən, ötən ay Bakıda keçirilmiş hərbi parad Azərbaycanda nə qədər sevinclə qarşılanmışdısa, Türkiyədə də bir o qədər məmnunluq yaratdı. Yəni bu münaqişə başa çatsa Azərbaycanın inkişafı bütün dünyada nümunə olacaq.
Qurultay təəssüratlarımın sırasında məni məmnun edən ikinci məsələ Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri vəzifəsinə cənab İlham Əliyevin seçilməsi oldu. İndi artıq bu şuranın qərarları daha kəskin, sözü daha kəsərli olacaq. Bir də ki, cənab İlham Əliyev Azərbaycan diasporunun türk diaspor təşkilatları ilə birgə işləməsinin əsas ideoloqlarından biridir. Heydər Əliyev dünyada Azərbaycan diasporunu formalaşdırmışdı, İlham Əliyev isə azəri-türk diaspor təşkilatlarının birgə fəaliyyətinə nail oldu. Cənab Əliyev bu işə öz şəxsi nümunəsi ilə, rəsmi şəkildə start vermişdi. Mən İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini nəzərdə tuturam. O zaman türkiyəli və azərbaycanlı deputatların bir fraksiyada birləşdirilməsini bacaran İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Ermənistanı işğalçı dövlət kimi tanıyan sənəd qəbul etməsinə nail olmuşdu. Mən inanıram ki, cənab İlham Əliyevin sədrliyi ilə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası daha böyük uğurlara imza atacaq.
- Siz Prezident İlham Əliyevin azəri-türk diaspor təşkilatlarını birləşdirməsini qeyd etdiniz. Bakıda bu məzmunda bir tədbir də keçirilmişdi.
- Yadımdadır. İkinci qurultaydan bir il sonra - 2007-ci ilin mart ayında Bakıda Azərbaycan və Türk Diaspor Təşkilatlarının I Forumu keçirilmişdi. Həmin tədbir bütün türkdilli xalqların həyatında mühüm hadisə idi. Mən yenə də deyirəm, Prezident İlham Əliyev türk dünyasının birliyinə çox böyük önəm verir və bu sahədə xüsusi uğurlara imza atır. Ötən il Almaniyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan Dünya Azərbaycanlı Gənclərinin I Konqresində də Türkiyə təmsilçiləri və türk diaspor nümayəndələri fəal iştirak etmişdilər. Əminəm ki, bu tendensiya yüz illər, min illər boyu davam edəcəkdir.
- Bakıdan ayrılarkən ölkəmizə və xalqımıza nə arzulayacaqsınız?
- Şahidi olduğum tərəqqinin əbədiləşdirilməsini. Dünya Azərbaycanlılarının daha möhkəm birliyini, Azərbaycan-Türkiyə əməkdaşlığının daha da genişləndirilməsini və türk dünyasının qüdrətli sabahını arzulayacağam. Belə xalqı, belə dövləti və belə dostları olan ölkənin möhtəşəm tərəqqisi şəksizdir. Ümid edirəm ki, dördüncü qurultaya Xankəndindən, Şuşadan da nümayəndələr dəvət olunacaq.
- O zaman yenə qəzetimizə müsahibə verərsiniz.
- Hətta, sizinlə Şuşaya da gedərəm.
Qələmə aldı:
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 8 iyul.- S. 8.