Dünya azərbaycanlılarının həmrəyliyi getdikcə möhkəmlənir

 

Dünya Azərbaycanlılarının III Qurultayı çox əlamətdar bir hadisə kimi beynəlxalq aləmin diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə olduğu kimi çatdırılmasında, bütün azərbaycanlıların tarixi vətəni olan Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasında öz qüvvə və bacarıqlarını sərf etməyə hazır olduqlarını bildirmələri bir daha təsdiqlədi ki, biz həqiqətən də böyük xalqıq.

Qurultay nümayəndələri belə tədbirin keçirilməsindən öz məmnunluqlarını ifadə etdilər. Qeyd olundu ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dünya azərbaycanlılarının sıx birliyi və qarşılıqlı əməkdaşlığı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dünya Azərbaycanlılarının III Qurultayı bu sahədə irəliyə doğru atılan daha bir qətiyyətli addım oldu. Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevin nitqi böyük maraqla dinlənilmiş, soydaşlarımıza mənəvi dayaq olmuşdur. Xarici ölkələrdə yaşayan soydaşlarımız da onların arxasında Azərbaycan dövlətinin dayanması barədə bir daha inam yaranmışdı.

Əməkdaşımız qurultay nümayəndələri ilə görüşüb onların bu möhtəşəm tədbir barəsində təəssüratlarını öyrəndi:

Zakir Həsənov (İslandiya) - Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan diasporlarının əlaqələrinin möhkəmlənməsində yeni mərhələnin başlanğıcı oldu. Bütün dünyaya bir daha məlum oldu ki, Azərbaycan xalqı çox böyük xalqdır. Biz bir yerdə olsaq, diasporlar arasında sıx əməkdaşlıq olsa, qarşıda duran problemləri asanlıqla aradan qaldıra bilərik. Hər bir soydaşımız yaşadığı ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, adət-ənənələrimizin, dilimizin, mədəniyyətimizin qorunmasında və daha da inkişafında bütün imkanlarından istifadə etməlidir. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, xaricdə yaşayan soydaşlarımızın arxasında Azərbaycan dövləti dayanıb. Bu, hər bir azərbaycanlıya mənəvi dayaqdır. Biz artıq yaşadığımız ölkədə fəaliyyətimizi xeyli artırmışıq.

- Siz nə vaxtdan özünüzü güclü hiss etməyə başladınız?

- İlk dəfə 2001-ci ildə qüdrətli şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçiriləndə artıq biz hiss etdik ki, soydaşlarımızın bir bayraq altında birləşməsi, qarşılıqlı əməkdaşlığı sayəsində qətiyyətli addımlar atılır. O vaxtdan başlayaraq bizdə birgə fəaliyyət aparmaq sahəsində güclü inam yarandı. Yaşadığımız ölkədə fəaliyyətimizi gücləndirdik. Təbii ki, hər şey qanun çərçivəsində olur. Artıq Azərbaycan həqiqətlərinin olduğu kimi çatdırılmasında bütün imkanlardan istifadə edirdik. Azərbaycanın qarşılaşdığı problemlər, Ermənistanın işğalçılıq siyasəti və törətdiyi terror aktları barədə faktlara söykənən məlumatlar yaydıq. Türk dünyasının böyük oğlu Heydər Əliyevin qurultaydakı çıxışı bizə böyük ruh vermişdi.

- Sizin apardığınız təbliğat yerli əhalidə Azərbaycana qarşı maraq oyadırmı?

- Qeyd etdiyim kimi, Dünya Azərbaycanlılarının I Qurultayından sonra artıq hər şey dəyişib. Yəni, azərbaycanlılara qarşı inam artıb, ermənilərin işğalçı olması tamamilə təsdiq olunub. İkinci qurultaydan sonra bizim millətə olan inam daha da artıb. Yerli əhali mədəniyyətimiz, incəsənətimiz, adət-ənənələrimizlə yaxından tanış olduqdan sonra bizimlə sıx əməkdaşlıq edirlər. Son illər Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq tədbirlərdə fəal iştirakı, hətta bir sıra nüfuzlu tədbirlərə ev sahibliyi etməsi tarixi Vətənimizin şöhrətini daha da artırıb. Biz fəxr edirik ki, Azərbaycan kimi Vətənimiz var. Mən Dünya Azərbaycanlılarının III Qurultayına dəvət olunanda çox sevindim. Bakını görəndə heyrətimi gizlədə bilmədim. Ötən illər ərzində Bakı xeyli dəyişilib. Azərbaycandakı inkişaf göz qabağındadır. Diasporlar arasında əlaqələr daha da güclənib. Mən tarixi Vətənimdəki bu inkişafı gördükcə sevinirəm. İnanıram ki, soydaşlarımızın birliyi qarşıya çıxan problemlərin aradan qaldırılmasında ciddi təsir göstərəcək xalqımız öz böyüklüyünü bir daha təsdiqləyəcək.

Vüqar Novruzov, Moldova-Azərbaycan Konqresinin sədri:

- Azərbaycanın son illər sürətlə inkişaf etməsi, informasiya mübarizəsində qalib gəlməsi məni çox sevindirir. Açıq etiraf edək ki, əvvəllər Azərbaycan informasiya blokadasına alınmışdı ermənilər bizim milləti qəddar kimi tanıtmışdılar. Ancaq ulu öndərin müdrikliyi onun siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan informasiya blokadasından nəinki çıxdı, hətta hücum taktikasını seçdi. Bu gün artıq fəxrlə deyə bilərik ki, ölkəmiz dünya birliyində mövqelərini möhkəmləndirir, əlaqələrini genişləndirir. Dünya Azərbaycanlılarının III Qurultayındakı nümayəndələrin qonaqların sayı bir daha təsdiqlədi ki, soydaşlarımızın birliyi, diasporların qarşılıqlı fəaliyyəti sayəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verir.

Hazırda hər bir azərbaycanlını narahat edən ən ciddi problem Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan Prezidenti qurultayda bu barədə ətraflı məlumat verdi. Dünyada yaşayan azərbaycanlılar çox yaxşı bilirlər ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Bu ərazilərdə əsrlər boyu xalqımız yaşayıb. Ermənilərin Dağlıq Qarabağa gəlməsinin tarixi hər birimizə yaxşı məlumdur. Ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri heç vaxt baş tutmayacaq. Çünki artıq bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistanın işğalçı dövlət olmasını təsdiqləyir. Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edənlər bu faktları bir daha eşitdilər. Bizim Konqres bununla əlaqədar kifayət qədər təbliğat aparmış, Azərbaycandan aldığımız dəstək tutarlı faktlarla Ermənistanın işğalçı dövlət olması barədə yerli sakinlərdə böyük inam yaratmışıq.

Dünya Azərbaycanlılarının III Qurultayı böyük tarixi hadisə kimi yaddaşlara həkk olunacaq. Bütün dünyaya bəlli oldu ki, Azərbaycan xalqı böyük, qüdrətli xalqdır. Biz birlikdə olsaq, qarşımızda heç kim dayana bilməz. Bu birlik artıq ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qorunub saxlanılmaqla yanaşı, daha da inkişaf etdirilir.

Mən qurultaydan böyük ümidlərlə ayrıldım. Belə mötbər, nüfuzlu tədbirlərin keçirilməsini alqışlayıram. Çünki bütün dünya azərbaycanlıların birliyini görür, necə sürətlə inkişaf etdiyinin şahidi olur. Qurultay xalqımızın böyüklüyünü bir daha təsdiqlədi.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 8 iyul.- S. 8.