Qurultay nümayəndəsi: Soydaşlarımızın Almaniya cəmiyyətinə inteqrasiyası önəmlidir

 

İyulun 5-də Bakıda Heydər Əliyev Sarayında baş tutan möhtəşəm Dünya Azərbaycanlılarının üçüncü Qurultayı faydalı müzakirələrlə yadda qaldı. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın nümayəndələri qurultayla bağlı yüksək fikirlər söylədilər.

Onlardan biri-Almaniyada yaşayan və orada fəaliyyət göstərən , "Xəzər" Alman Cəmiyyətinin sədri Etibar Qəniyev öz ürək sözlərini qəzetimizlə bölüşdü. - Dünya azərbaycanlılarının qurultayına çox böyük ümidlərlə gəlmişəm. İlk dəfədir ki, bu cür qurultayda iştirak edirəm. Qurultayda müzakirə edilən məsələlər və səslənən fikirlər bir diaspor təmsilçisi olaraq mənə çox maraqlı və gərəklidir. Cənab Prezident İham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bu mühüm qurultay bizə- xaricdə yaşayan azərbaycanlılara yenidən bir araya gəlmək imkanı verdi. Ümid edirəm ki, bu qurultayda biz diasporçuların qarşılıqlı fikir mübadiləsi və görüşləri hamımıza faydalı olacaq. Cəmiyyətimiz Almaniyada yaşayan soydaşlarımızın bir araya gəlməsi, maraqlarının müdafiəsi uğrunda işlər görür. Dağlıq Qarabağ probleminin, əksəriyyəti erməni silahlılarından ibarət 366-cı motoatıcı alayın Xocalıda törətdikləri dəhşətli qətliamın alman ictimaiyyətinə daha yaxından tanıdılmasında ənənəvi tədbirlər keçiririk. Əsas məqsədimiz və hədəfimiz Almaniyada fəal işlər görmək, ölkəmizi hər sahədə layiqincə təmsil etməkdir. Alman cəmiyyətinə milli mədəni irsimizin, coğrafi baxımdan əlverişli yerdə yerləşən ölkəmizin turizm potensialının tanıdılması da işimizin tərkib hissəsidir. Soydaşlarımız Almaniyanın müxtəlif şəhərlərində yaşayırlar. Fəaliyyət göstərdiyimiz Hannover şəhərində minə yaxın azərbaycanlı məskunlaşıb. Fəal soydaşlarımız müxtəlif diaspor təşkilatlarında çalışır, diaspor quruculuğunda səmərəli işlər görməyə çalışırlar. İndiki dövrdə Almaniya kimi bir ölkədə soydaşlarımız hansı bölgədə yaşamasından asılı olmayaraq, fəaliyyətlərini bir-biriylə koordinasiya edilmiş şəkildə qurmağa çalışırlar ki, bu da vacib məsələdir.

Bu gün Avropanın əksər nüfuzlu ölkələrində Azərbaycan diasporu fəaliyyətini davam etdirir. Biz həm də ölkədə baş verən mühüm ictimai-siyasi əhəmiyyətli hadisələri və Qarabağ həqiqətlərini Almaniya rəsmlərinə, parlamentinə çatdırmaq yönündə də işlər görürük. Məsələn: Xocalı qətliamının növbəti anım ildönümündə biz bəyənat qəbul edərək parlamentə-bundestaqa, kanslerə ünvanladıq. Həmin bəyənata bir çox diaspor üzvlərimizlə yanaşı, haqq ədalətin tərəfində olan insanlar da imza atdılar.

Ancaq elə Avropa ölkələri də var ki, orada diasporumuz çox yüksək şəkildə təmsil olunmayıb. Bu da orada hələ ki, soydaşlarımızın diaspor quruculuğuna fəal şəkildə başlamaması ilə bağlıdır. Yəqin ki, növbəti bu cür əhəmiyyətli görüşlərdə başqa ölkələrdə formalaşan diaspor təşkilatlarımızı da görə biləcəyik. Bu gün Diasporla İş Üzrə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş diasporumuzuun Azərbaycanla əlaqələrinin yaranmasında və onların təşkilatlanmasında kifayət qədər işlər görür. Xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrə, o cümlədən Almaniya cəmiyyətinə inteqrasiyası, ictimai-siyasi proseslərdə iştirakı çox önəmlidir. Ona görə də çox istərdim ki, Almaniyada yaşayan soydaşlarımız siyasi partiyalara üzv olsunlar, bu proseslərdə yaxından iştirak etsinlər. Xristian Demokrat partiyasının üzvüyəm. Hannover şəhərinin bələdiyyə seçkilərində iştirak etmək fikrim var. Ölkə həqiqətlərinin tanıdılması üçün Almaniyanın ictimai-siyasi həyatına qaynayıb-qarışmaq çox önəmlidir. Ona görə də həmvətənlərimiz ticarət və təhsillə kifayətlənməməli, bu sahədə də fəal olmalıdır.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 8 iyul.- S. 8.