Cənub bölgəsi müasir turizm məkanına çevrilir

 

...Çoxdan görüşmədiyim bir tanışım iş-gücümlə maraqlananda "Xalq qəzeti"nin cənub bölgəsi üzrə müxbiri olduğumu bildirdim. Tanışım: "Daha de ki, təbiətin qoynunda dincəlirsən də..." - deyərək qibtə ilə üzümə baxdı. Jurnalist işinin çətinliklərini bir kənara qoysaq, tanışımın sözündə danılmaz bir həqiqət də var idi. Ulu tanrının sanki xoş vaxtında yaratdığı cənub bölgəsinə hər səfərimdən zövq aldığımı etiraf edirəm. Yaz-yay aylarında bu yerlərin gözəlliyi adamı daha çox məftun edir, dağları-meşələri gəzdikcə mənəvi rahatlıq tapırsan.

Unudulmaz Aşıq Pənahın qoşduğu bir nəğmə elə bu barədədir:

 

Astara, Lənkəran, Lerik, Masallı -

Möcüzə kimidir, nağıl misallı...

 

Artıq bir neçə ildir ki, cənub bölgəsi müasir turizm məkanına çevrilməkdədir. İndi burada Avropa standartlarına uyğun çox gözəl turizm mərkəzləri var. Qonaqların da sayı ilbəil artır. Amma vaxt vardı ki...

Mərhum akademik, təbiət vurğunu Həsən Əliyev cənub rayonlarının birində, meşədəki restoran ərazisində ağaca mismarla bərkidilmiş əlüzyuyanı görüncə əsəbləşmiş və bunu edənlərdən: "Sizin kürəyinizə mismar vurulsa, dözərsinizmi? - deyə soruşaraq onları əməlli-başlı məzəmmət eləmişdi. O zamanlar, həqiqətən də, adamlar təbiətin qoynunda dincəlməklə bərabər, ona insafsızcasına yanaşır, istirahət guşələrində normal şərait yarada bilmirdilər. İndi isə, nə yaxşı ki, vəziyyət tamamilə başqa cürdür. Hətta bu il Azərbaycanda Turizm ili elan edilib.Gözümüzün önündə hər şey yaxşılığa doğru dəyişir.

 

Dağların zümrüd qaşı

 

Lerik Talış dağlarının zümrüd üzük qaşına bənzəyir. Bu rayonun turizm potensialı zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Yollarının bərpası, müasir istirahət mərkəzlərinin yaradılması təkcə Azərbaycan vətəndaşlarının deyil, əcnəbi turistlərin də bölgəyə axınını gücləndirib. Turizm rayonda yeni sahə olsa da, qısa vaxtda Lerikdə 9 istirahət mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzlərdə eyni vaxtda 700 nəfərdən artıq turistin dincələ bilməsindən ötrü hər cür şərait yaradılıb. Ötən ilin yayında istirahət üçün Leriki seçənlərin sayı 7600 nəfərə qədər olub.

"Relax", "Təbəssüm", "Cənub", "Meşəbəyi", "Xəyal"... Baxdıqca könlün açılır. Hazırda çətin dağlıq şəraitində tikilən "AKVA-park"ın əsl möcüzə olacağı şəksizdir. Burada kanat yolların inşası da nəzərdə tutulur. Qonaqlar Lerikə, necə deyərlər, dəstə-dəstə gəlib-gedirlər. Şəhərdə yaradılmış "Uzunömürlülər" muzeyi, tarix-diyarşünaslıq muzeyinin nadir eksponatları diqqəti daha çox çəkir. "Qocalar" folklor rəqs ansamblının qədim "Rəfti" oyunu, talış folklor nümunələri heyranlıq doğurur. Dağların döşündən süzülüb-gələn "Zərinqala", "Xansu", "Şəffaf", "Mondiqo", "Bülüdül" mineral suları can məlhəmidir.

Bülüdül kəndinin sakini Gülsuma Bayraməli qızı Lələyevanın 101 yaşı var. Jurnalist dostumuz Əlipənah Bayramovun atasının bibisidir. Qıvraq qarıdır. Uzunömürlülüyün sirrini soruşan əcnəbilərə deyir ki, onu bu qədər yaşadan və belə saxlayan yurdun ulu təbiəti, təmiz havası, suyudur.

Lerikə səfər edən qaşqabaqlı adamlar mütləq "Təbəssüm"ə də baş çəksinlər. Üzləri güləcək. Cənnətməkan bir yerdir "Təbəssüm". Regional inkişaf üzrə 1-ci Dövlət Proqramında ayrıca bəndlə bu turizm-əyləncə mərkəzinin genişləndirilməsi xüsusi qeyd edilib. Prezident İlham Əliyev də bir dəfə bura təşrif gətirib. Bu il Bakıda keçirilən beynəlxalq turizm sərgisində isə dövlət başçısı "Təbəssüm"ə aid guşəyə yaxınlaşaraq mərkəzin sahibi Akif Əliyevlə söhbət edib, qayğıları ilə maraqlanıb.

Akif köhnə dostlardandır. Hər dəfə çayla içməyə qonaq elədiyi təbii bal kimi şirin dilləri var. İnsafən, adamın qulluğunda da ürəkdən dayanır. Lerikə ötən səfərimdə yenə də orda dincəlmək fürsətini buraxmadım. Gecəni dağ çayının "layla"ları ilə uyudum və səhərin necə açılmasından xəbərim olmadı. "Təbəssüm" yaşıl tacın gözoxşayan bir naxışıdır. Turistlərə xidmətlə paralel, istirahətə mane olmamaq şərtilə genişləndirmə işləri də aparılırdı. Özü də bir ağaca belə qıymadan, yaşıllığa zərrəcə xətər toxundurmadan...

Akif Əliyev söhbət zamanı rəhbərliyin turizmin inkişafına diqqətindən razılıqla danışdı. Dedi ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonda turizm potensialının bütünlüklə işə salınması üçün sahibkarlara hər cür köməklik göstərir, onların təşəbbüslərini dəstəkləyir.

Gənc rəssam Altun Rəcəbli Lerikin rənglər dünyasının sehri ilə yaşayır. Onun rəsmləri doğma diyarın canlı tablolarıdır. Bu yaradıcılıq nümunələrini dövlət başçımız İlham Əliyev də görüb və bəyənib. YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Altunun əsl istedad sahibi olduğunu vurğulayıb.

Altun Rəcəblinin əsas ilham mənbəyi Lerikin dağları, meşələri, çayları, bulaqlarıdır. Belə bir ortaqlıqda çəkilən hər hansı bir rəsm əsəri, əlbəttə, uğurlu alınar.

 

Ağ atlı oğlan

 

...Lerikdən geri qayıdırdım. Bir də gördüm ki, əyrim-üyrüm yolda, uçurumun qırağı ilə yeniyetmə bir oğlan mindiyi ağ atı mənim sürdüyüm maşınla yanaşı yalaşağı çapır. Tez əyləci basdım. Dəliqanlının 1 atla 200 at gücündə olan maşını ötmək cəhdi haçansa qələmə aldığım misraları yadıma saldı:

 

Atım ola, yal aşağı səyirdəm,

Öz inadım dayana öz qəsdimə...

 

Məni "qorxudan" bu inadkar oğlan Noda kəndinin 17 yaşlı övladı Nicat idi. Ürəyi sevgiyə boylanan bir qızın röyasındanmı çıxıb gəlmişdi, əcəba? Bir qədər söhbətləşdik. Sonra ağ atın palçığa bulaşmış ayaqlarına işarə ilə: "Atına yaxşı bax!",- deyib Nicatla sağollaşdım. Elə bilirəm ki, öz hünəri ilə mənim də dağlı ruhumu oyadan dağlar oğlunu indən belə harda görsəm, mütləq tanıyacağam. İlk baxışdan qaya kimi sərt, dəmirağac kimi dinməz görünən bu oğlan necə də səmimi və istiqanlı idi!

 

Lənkəranın gülü rəng-rəng...

 

Bir vaxtlar dünyanın yolları bu şəhərdən keçib. Lənkəran böyük ticarət və mədəniyyət mərkəzi olub. Ziyalıları, alimləri, müctəhidləri Şərqdə yaxşı tanınıb. Subtropik zonanın incisi sayılan bu şəhərin havası, suyu da adamları kimi gözəldir. Bugünkü Lənkəran bir tərəfi qocaman Xəzərə baxıb güzgülənən, bir tərəfi dağ meşəlikləri boyunca uzanan əsrarəngiz diyardır. Turistlər hər zaman Lənkərana maraq göstəriblər. "Qızılağac" qoruğu, "Hirkan" milli parkı bu ərazidə yerləşir.

"Qızılağac" Xəzər sahili boyunca böyük bir ərazini əhatə edir. Ərazisi körfəzin bütün akvatoriyasını və yaxınlıqdakı quru sahələri əhatə edir. 1929-cu ildə su-bataqlıq və çöl quşlarının qorunub çoxaldılması, köçəri quşların miqrasiya yeri olan su və yarımsəhra təbii komplekslərinin mühafizəsi məqsədilə yaradılıb. Burada yaşayan 248 növ quş və 54 növ balıq arasında Qırmızı kitaba daxil edilmiş növlər də var.

"Hirkan"ın bitki örtüyü nadir ağaclardan ibarətdir, faunası xüsusilə zəngindir.

Lənkəranın çayı, balığı, ləvəngisi, limonu, narıngisi ağızları dada gətirir. Folkloru isə misilsizdir. Təsadüfi deyil ki, "2011 - Turizm ili"ndə bu şəhər Azərbaycanın folklor paytaxtı elan edilib. Burda Xalq Sənətkarlığı Mərkəzi tikilib, Turizm İnformasiya Mərkəzi yaradılıb. Ekoturizmlə bağlı turist cığırları, gəzinti marşrutları müəyyənləşdirilir.

Lənkərana gələn turistlər il çərçivəsində festival, sərgi, müsabiqə və konsertlərin şahidi olmaqdan məmnunluq duyurlar. Qocaman el sənətkarları ilə görüşlər, "Bayatı axşamları", "Nənələr və nəvələr" folklor toplantısı, "Lənkəran mətbəxi" festivalı da nəzərdə tutulub. Qonaqlar "Folklor şəhəri"nin rəsmi loqosunu, elektron lövhələri Lənkəranın bir çox yerində görə bilirlər.

 

Stalinin dustaq saxlandığı qala...

 

Şeyx Zahid türbəsi, Mirəhməd Xanın evi, Lənkəran Mayakı, "Zindan"-Dairəvi qala, Bəlləbur qalası və sair Lənkəranın tarixi abidələri kimi qorunur. B.Hüseynbalaoğlu və M.Talışlının yeni çapdan çıxmış "Lənkəran" adlı kitabında abidələr haqqında maraqlı bilgilər toplanıb. Bu dəyərli mənbədə göstərilir ki, Şeyx Zahid XIII əsrdə yaşamış mütəfəkkirlərdən olub. Türbəsi Şıxəkəran kənd qəbiristanındadır. Mirəhməd Xanın evi 1913-cü ildə Avropadan dəvət edilmiş memarlar tərəfindən inşa edilib. Bu saray Lənkəranın ilk üçmərtəbəli binası sayılır. Mayakın təxminən 250 yaşı var. Şəhərin şimal-şərqində yerləşir. Lənkəran qalasının dayaq məntəqələrindən olduğu güman edilir. Hündürlüyü fanarın güzgüsünə kimi 30 metrdən yuxarıdır. Buradan Dairəvi qalaya qədər yeraltı yol olub, qalıqları indiyə kimi qalmaqdadır.

Dairəvi qala isə 1747-ci ildə Nadir şahın göstərişi ilə yadellilərin hücumlarından qorunmaq üçün tikilib. Nadir Şah həmin il öldürülüb. Qalaya rəhbər təyin olunan Qara xan ərazini müstəqil Talış xanlığı elan edib və bu istehkamı özünə iqamətgah seçib. Çar Rusiyası zamanında buradan zindan kimi istifadə olunub. Sovet hakimiyyəti dövründə də qala "zəhmətkeşlərə xidmət edib: burda 20-30 nəfərlik ölüm kameraları olub. Elə buna görə də yerli əhali Dairəvi qalanı "Zindan" adlandırıb. Hətta məşhur adamlardan İosif Stalin əsrin əvvəllərində poçt qatarını qarət etdiyi üçün tutulduqdan bir qədər sonra burda dustaq qalıb.

Bəlləbur qalası orta əsrlərə aid abidələrdəndir. Azərbaycan tarixində baş verən bir çox önəmli hadisələrin şahididir. Bəzi tarixçilər onu Xürrəmilər hərəkatı ilə əlaqələndirirlər. 1910-cu ildə yerli sakinlər Bəlləburda böyük xəzinə tapıblar. Bu vaxt qalanın bəzi yerləri dağıdılıb, daşlar üzərində və divarlarda olan təsvirlərin çoxu silinib. 1924-cü ildə Azərbaycan Arxeologiya Komitəsi qalada qazıntı işləri aparıb. Çoxlu sayda yay, ox, nizə, qılınc, qalxan, çıraq, döyüş baltası, mizraq aşkar olunub. Tədqiqat zamanı gipsdən düzəldilmiş müxtəlif təsvirlər də əldə edilib. Tapıntılar arasında Bizans imperiyasına məxsus mis və qızıl sikkələr də olub ki, bu da IX-XI əsrlərdə qala ilə digər dövlətlər arasında ticari əlaqələrin olduğundan soraq verir.

Bəlləburda ilk qazıntıları isə XIX əsrin sonlarında fransız arxeoloqu Jak de Morqan aparıb. O, tapdığı tunc məmulatları, qiymətli bəzək əşyalarını məşhur Sen-Jermen muzeyinə satıb. Təəssüf ki, hazırda həmin maddi-mədəniyyət nümunələri Sen Jermendə başqa xalqların adı ilə nümayiş etdirilir... Bəli, turistlərin ölkəmizə, o sıradan Lənkərana səfərləri millətimizə aid tarixi həqiqətlərin təbliği baxımından da böyük önəm daşıyır.

Lənkəranın sovet dövründə məşhur olmuş "İstisu" sanatoriyasının bərpası istiqamətində işlər görülür. Haftoni meşə ərazisində də müalicəvi sulardan ibarət vanna qəbulu üçün şərait yaradılır. Rayonun hər guşəsində turizm imkanları özünü göstərir,-desək, yanılmarıq.

"Zaman- Azərbaycan" qəzetinin Turizm ili ilə əlaqədar Lənkəran haqqında xüsusi buraxılışı hazırlanıb. Maraqlıdır. Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Vasif Fərzullayevlə müsahibədə göstərilir ki, turistlərin burdan razı qayıtması üçün ardıcıl tədbirlər görülür. Qonaqlara yüksək xidmət göstərən kadrların hazırlanmasına ciddi yanaşılır. Hər il Lənkəranda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün xüsusi hazırlıq kursları təşkil edilir, müdavimlərə sertifikat verilir. Şöbə "Azərbaycan regionlarının turizm resurslarının aktiv təbliğinə görə" nazirliyin diplomu ilə təltif olunmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən rayonun turizm imkanlarını əks etdirən bələdçi kitabı hazırlanıb, turizm marşrutu xəritələri və videoçarx üçün sifariş verilib.

 

Masallı - nağıl misallı...

 

Cənub bölgəsinin süslü turizm duracaqlarından biri də Masallıdır. Təbiəti nağıla bənzəyir. Anadolu türkcəsində "masal" sözü elə bizim leksikonumuzdakı "nağıl" sözünün sinonimidir. Bəlkə bu ad Masallıya elə gözəlliyinə görə verilib?

Bir versiyaya görə isə, vaxtilə bu yerlərdə "masal" adlı qəbilə yaşayırmış. Sonralar xalqın yaddaşında qalan bu isim şəhərin indiki adını şərtləndirib.

Masallı ərazisindəki tarixi memarlıq abidələri "daş yaddaşı"mızın səhifələrini təşkil edir. Digah və Boradigahdakı XVI əsrə aid məscidlər, qədim hamam, Ərkivan qülləsi, Hişkədərə muzeyi buna misal ola bilər. Masallının ənənəvi xalq sənəti nümunələri - həsir, baş yaylıqları, dulusçuluq və ağac məmulatları, xalçalar, corablar bu gün də Ərkivan, Musaküçə, Türkoba, Qəriblər, Kolatan, Sığdaş və başqa kəndlərin ustaları tərəfindən hazırlanır. Sənət yaşasa, yaddaş da korşalmaz.

"Qızılağac" qoruğunun böyük bir hissəsi Masallı ərazisindədir. Burda eyni adlı böyük kənd də var. Masallı Xəzər dənizi ilə Talış dağlarının arasında yerləşir. Yardımlıdan baş alıb gələn Viləş, habelə Alvadıçay və Tatyan çayları Xəzərə tökülür. Relyef müxtəlifliyi - dağlar və düzənliklər yerli iqlimin dəyişkənliyini göstərir. Buna rəğmən, Masallı camaatının qonaqpərvərliyi dəyişməz keyfiyyət sayıla bilər.

Səfalı və füsunkar guşə olan Masallıda turizm inkişaf etməkdədir. Yaxın keçmişdə primitiv formada fəaliyyət göstərmiş 20-yə yaxın turist obyektinin çoxunda əsaslı yenidənqurma işləri görülüb. "Nağıl dünyası", "Dostluq", "ADU-Piramida", "Qaya" və sair yeni, yaraşıqlı mərkəzlər tikilərək istifadəyə verilib. Ümumi say 31-ə çatıb. Bu obyktlərdə 1100-ə yaxın yer var. 70-i lyuks, 660-ı birinci dərəcəli, qalanı isə turist dərəcəli nömrələrdir. Hələlik ulduz dərəcəli sertifikata malik mehmanxana yoxdur.

Ərkivan ərazisində yerləşən "Daştvənd" daim çoxlu turist qəbul edən hotellərdəndir. Otaqları Avropa üslubunda təmir olunub. Burda konfrans zalı, restoran-bar, sauna, süni göldə qayıqsürmə və hovuz, mini zoopark, sadə idman qurğuları var. Qəriblər kəndindəki "Türkan" kompleksinin qonaqları Viləşçay dəryaçasında qayıqla səyahət, atçılıq, üzgüçülük və digər idman növləri ilə məşğul olmaq imkanına malikdirlər. "Cənnət bağı" əsaslı təmir edilərək cənnətməkan yerə çevrilib.

 

İstisu - min bir dərdin dərmanı

 

On üç il öncə iş adamı İldırım Allahyarovun özəlləşdirərək ilbəil abadlaşdırdığı və gözəl bir istirahət-müalicə obyektinə çevirdiyi İstisu sanatoriyasına ölkəmizin ən müxtəlif guşələrindən soydaşlarımız şəfa tapmağa gəlirlər. Bura kükürdlü çeşmələr hesabına, tərkibinə görə sonsuzluq, dəri-zöhrəvi, yel, böyrək və sidik yolları xəstəliklərinin müalicəsi üçün misilsiz faydası olan sanatoriyadır. Müalicəvi əhəmiyyətli və "VİP" bölməsi vannaları, kafe-bar, restoran, Viləşin vadisində geniş park, idman meydançaları, ticarət və iaşə obyektləri, yaşıllıqlar qoynunda ailəvi kotteclər yaradılıb. Yardımlı şəlaləsinə, Lənkəranın "Palıdlıq", Lerikin "Təbəssüm" istrirahət-əyləncə mərkəzlərinə və digər ekzotik yerlərə ekskursiyalar müalicəyə və dincəlməyə gələnlərin günlərinin mənalı keçməsinə xidmət edir. Ərazidə balıq tutmaq, at və dəvə belində gəzintiyə çıxmaq hər kəsə zövq verir.

Termal su şəlaləsi, körpülər və sair bu yerlərin misilsiz məkan olduğuna dəlalət edir. Çox populyar müalicəvi mineral su olan "İstisu" həm də qablaşdırılaraq əczəxanalarda satılır.

"Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasının direktoru İldırım Allahyarov:

-Möhtərəm Prezidentimiz İlham Əliyev ötən ili Azərbaycanda "Ekologiya ili", bu ili isə "Turizm ili" elan etmişdir. Təşəbbüslərin məhz dövlət başçısı tərəfindən irəli sürülməsi Azərbaycan təbiətinin qorunub zənginləşdirilməsi, dünyanı təhdid edən qlobal istiləşməyə qarşı mübarizə və çox gəlirli sahə olan turizm sektorunun inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu, bizi hədsiz sevindirir. Təbiətin mühafizəsi, meşələrin yeni əkinlərlə artırılması, turizmə diqqət birbaşa insan amilinə xidmət edir.

Dövlət tərəfindən təşkil olunan turizm sərgi-konfranslarında biz də yaxından iştirak edirik. Reklam baxımından bunun önəmi böyükdür. Ərazimizdə çoxlu meyvə ağacları, bəzək bitkiləri əkmişik. Sanatoriyanın hər bir guşəsində sanki bir gül-çiçək sərgisi yaratmışıq. Yaşıllığa, gül-çiçəyə qayğımızı görənlər heyran qalırlar. Bu il sanatoriyanın bəzi köhnə kotteclərini təzələmiş və genişləndirmişik. Qonaqları lazımınca qəbul edib xidmətlərində durmaq üçün imkanlarımız artıb. Bura üz tutan hər kəsə Allahdan şəfa diləyir və ixtisaslı tibb heyətimizin, xidmətçilərimizin səyləri ilə onların ağrı-acılarının azalıb yox olması üçün əllərimizdən gələni edirik. Sanatoriyada müalicə vannalarından əlavə, fizioterapiya, iynə terapiyası, peşəkar massaj prosedurları həyata keçirilir. Gündə üç dəfə dadlı-ləziz qazan yeməkləri verilir. Sanatoriyamızın bütün özəllikləri və gözəllikləri bir neçə dildə çap etdirdiyimiz əlvan bukletlərdə öz əksini tapıb.

Bizə qol-qanad verən həm də rayon rəhbərliyinin güclü dəstəyidir. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bütün turizm-istirahət obyektlərindən, o cümlədən də bizim sanatoriyadan gündəlik qayğı və diqqətini əsirgəmir. İşimizə hər hansı bir müdaxilənin olmasına qətiyyən icazə vermir. Belə şəraitdə işləmək də xoşdur, vətənin rifahı naminə xidmət göstərmək də. Azərbaycan turizmini daha da inkişaf etdirib dünyaya tanıtmaqda qərarlıyıq.

 

Turizm mövsümi səciyyə daşımır

 

Turistlər bu dilbər diyara qışda da gəlirlər. Cənubda hər fəslin öz gözəlliyi var. İşıq, su, qaz təchizatı da daimidir. Milli kulinariyanın məşhur çeşidləri ilə qonaqlara yüksək iaşə servisi göstərilir. Təklif edilən xidmətlərin qiyməti münasib, hətta ötən ildəkindən xeyli aşağıdır.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümova 30 ildən çoxdur ki, bu vəzifədə çalışır. Zəngin təcrübəsi var. Hazırda əsas qayğısı turizmin inkişaf perspektivləri ilə bağlıdır.

-Aprel ayında möhtərəm Prezidentimiz İlham Əliyevin Masallıya səfəri zamanı bizim başdan-başa yenidən qurulmuş Nizami adına mədəniyyət və istirahət parkımızın açılışında iştirak etməsi hər birimizin qəlbini hədsiz qürur hissi ilə doldurdu, -deyə Lətifə xanım bildirdi. -Dövlətimizin başçısı yeni magistral avtomobil yolunun çəkilişi ilə də maraqlandı. Sosial yönümlü bu kimi tikililər əslində elə turizmin inkişafına da təkan verir. Çünki yol və digər ifrastruktur layihələr həm də turist axınını artıran amillərdir. Deməli, bizi gözəl perspektivlər gözləyir.

May ayında Masallı Rayon İcra Hakimiyyəti başçısının yanında şura iclasında turizmin inkişaf aspektləri, obyektlərin lisenziyalaşdırılması, əhaliyə göstərilən turizm xidmətlərinin yüksəldilməsi məsələsi geniş müzakirəyə çıxarıldı. Qeyd olundu ki, "Turizm ili" elan edilməsi bu sahənin inkişafına daha güclü təkan verib. Turizmdə infrastruktur layihələrin sürətlənməsi, bu sahədə müxtəlif səviyyəli geniş tədbirlərin hazırlanması görülən işlərin rəngarəngliyinə və sonda respublikamıza daha çox turistin cəlb edilməsinə səbəb olacaq.

Möhtərəm Prezidentimizin 15 fevral 2011-ci il tarixli məlum fərmanından sonra rayon mədəniyyət və turizm şöbəsi səriştəli və təcrübəli turizm obyektləri rəhbərləri lə birlikdə xüsusi tədbirlər planı hazırlayıb və reallaşdırır. Aprel ayının sonunda Bakıda keçirilən beynəlxalq sərgidə rayonumuzdan 6 turizm obyekti - "İstisu", "Daştvənd", "Dəmirağac", "Gülüstan", "Zirvə" və "Çənlibel" iştirak edərək xaricdə tanınmaqdan ötrü səylər göstəriblər. Bu obyektlərin hər biri Beynəlxalq Turizm Şirkətlər Qrupunun lisenziyasını alıb. Ötən il Türkiyədən mütəxəssislər cəlb olunmaqla, rayonumuzun turizm obyektlərində çalışan 95 nəfərin iştirakı ilə kurslar keçirilib və onlara masa xidməti, menecer, qeydiyyat, qəbul və xadimə xidməti üzrə sertifikatlar təqdim olunub. Bu ilin iyununda da ongünlük kurslar təşkil edilib.

Ötən müddətdə turizmlə məşğul olan 20 nəfər Bakıda müxtəlif seminar, treninq və digər tədbirlərdə iştirak edib. Hər obyekt haqqında foto-stend, fotoalbom və bukletlər hazırlanaraq ölkə üzrə nəşr olunacaq alboma daxil edilmək üçün Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Habelə rayonda fəaliyyət göstərən turizm obyektləri və mövcud potensial haqqında əlavə kitab nəşr edilməsi 2011-2012-ci illərin planına daxil olunub. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin tapşırığına əsasən hazırlanan bu kitab üç dildə - Azərbaycan, ingilis və rus dillərində olacaq. Hazırda rayonumuzda qeydiyyata alınmış turizm obyektlərinin 24-nün müvafiq lisenziyası var. Ötən yay həmin turizm obyektləri 1315 nəfər turist statuslu qonaq qəbul ediblər ki, bunun da on faizi xarici vətəndaşlar idi. Cari ilin təkcə ilk rübündə rayona 2624 turist gəlib, bunun 66-sı əcnəbi olub. İndi isə mövsümün ən qızğın vaxtıdır, turistlərin sayı günbəgün artır. Biz onlara mədəni tədbirlərimizlə də lazımi xidmət göstəririk. Başda Qəzənfər Ağayev olmaqla, rayon rəhbərliyi bütün işlərimizdə bizə yaxından kömək göstərir. Rayonun durmadan abadlaşdırılması, yeni parkların salınması da Masallıya turistlərin cəlbi baxımından önəmli rol oynayır...

Bəli, cənub bölgəsi əsl turizm məkanına çevrilir. Bu sahədə əldə edilən uğurlar az deyil. Amma arxayınlaşmaq hələ tezdir. Çünki görüləsi işlər çoxdur. Dünya standartlarına çatmaq səyləri bir gün belə səngiməməlidir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 8 iyul.- S. 10.