Dünya Azərbaycanlılarının III Qurultayının sənədləri azərbaycançılıq ideologiyasının möhtəşəm perspektivindən xəbər verir

 

Təqdirəlayiq haldır ki, ötən illər ərzində Azərbaycan diasporu da öz gücünü artırmış, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha geniş vüsət almış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

 

Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsindən

 

Bakı şəhəri, 5 iyul 2011-ci il

 

Möhtəşəm və zamanın səsinə səs verməsi baxımından əhəmiyyətli olan ali məclisimiz - Dünya Azərbaycanlılarının III Qurultayı tarixə çevrildi. Elə bir azərbaycanlı ola bilməz ki, müstəqil Azərbaycanın paytaxtında bu əhatəli toplantının keçirilməsindən məmnunluq hissi yaşamasın. Soydaşlarımızın yaşadığı bütün ölkələrdə bu qurultay barədə geniş fikir mübadiləsi və əhatəli müzakirələr getdi. Ölkəmizin və regionun kütləvi informasiya vasitələri Dünya Azərbaycanlılarının III Qurultayı barədə dönə-dönə söz açdılar, silsilə materiallar hazırladılar. Bu isə qətiyyən təsadüfi deyildi. Çünki söhbət 50 milyonluq bir xalqın təmsilçilərinin toplantısından, cəmi 20 ildə möhtəşəm bir inkişaf yolu keçmiş müstəqil Azərbaycan dövlətinin siyasətindən, beşiyi başında Heydər Əliyev kimi siyasət dahisinin dayandığı azərbaycançılıq ideologiyasının təntənəsindən gedir.

Dünyaregion mətbuatının Azərbaycan paytaxtında keçirilən bu qurultaya verdiyi önəmin əsas səbəblərindən biri də respublikamızın özündən asılı olmayaraq cəlb edildiyi müharibə vəziyyətində olmasıdır. Artıq dünyada hamı bilir ki, beynəlxalq ictimaiyyətin cidd-cəhdlə həll etmək istədiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz İrəvanın qeyri-konstruktiv münasibəti üzündən öz həllini tapmır. Ona görə də beynəlxalq aləmdəki ekspertlər və mətbuat təmsilçiləri Dünya Azərbaycanlılarının III Qurultayının bu məsələyə münasibətini maraqla gözləyirdilər. Onların gözlədiyi nəticə artıq iyulun 8-də rəsmi mətbuatımız vasitəsiylə hamıya çatdırılıb.

Qəzetlərin 8 iyul tarixli sayında Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçıları tərəfindən qəbul edilmiş 5 mühüm sənəd oxuculara çatdırılmışdır. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi haqqında məlumat istisna olmaqla digər sənədlərin hamısında əsas məsələlərdən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasından narahatlıq ifadə olunur. Qurultayın qətnaməsinin "Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına tövsiyə olunsun ki" çağırışı ilə başlanan 5-ci bəndinin, demək olar ki, bütün müddəaları ya birbaşa, ya da dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə xidmət edir. Məsələn: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktları barədə beynəlxalq təbliğat kampaniyalarının təşkili istiqamətində fəaliyyətin daha səmərəli koordinasiya olunmasını təmin etsin".

Yaxud, Dünya Azərbaycanlılarının III Qurultayının dünya azərbaycanlılarına müraciətində oxuyuruq: "İndi 50 milyon Azərbaycan xalqının əsas məqsədi Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdan ibarətdir. Azərbaycan diasporunun bütün potensialı, əzmi və iradəsi bu məqsədə çatmaq üçün zəruri olan vəzifələrin həllinə səfərbər edilməlidir". Bu məsələ qurultayın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətində daha konkret şəkildə öz əksini tapır: "Sizin dəfələrlə vurğuladığınız kimi, bu gün müstəqil Azərbaycan dövlətinin və xalqımızın yalnız bir problemi var: Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması və yüz minlərlə soydaşımızın öz doğma torpaqlarından didərgin düşməsi. İnanırıq ki, apardığınız siyasət bu taleyüklü məsələnin ədalətli həlli ilə nəticələnəcək, dövlətimiz bütün ərazilərində öz suveren hüquqlarını bərpa edəcəkdir. Biz problemin sülh yolu ilə və danışıqlar masası arxasında həlli istiqamətində göstərdiyimiz səy və təşəbbüsləri birmənalı şəkildə dəstəkləyirik".

Göründüyü kimi, dünya azərbaycanlıları xalqımızın min illərdən bəri formalaşan sülhsevərlik keyfiyyətini yüksək səviyyədə qoruyur və dövlət başçısının bu istiqamətdəki təşəbbüslərini qətiyyətlə dəstəkləyir. Ancaq rəqib - işğalçı Ermənistanın rəhbərliyi başa düşmək zorundadır ki, azərbaycanlıların sülhsevərlik keyfiyyətindən öncə daha möhtəşəm bir hissi - yurdsevərlik keyfiyyəti də mövcuddur və xalqımız öz yurdunu , vətənini qorumaq üçün heç zaman heç nəyi əsirgəməyəcək. Dünya Azərbaycanlılarının III Qurultayının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciətində Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədənlərə xəbərdarlıq edilir: "Biz eyni zamanda narahatlıq hissi ilə bildiririk ki, Azərbaycan tərəfinin xoşməramlı təşəbbüslərinə, münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək niyyətinə baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeqonşulara qarşı əsassız ərazi iddiaları sülhyaratma prosesində böhran yaradır, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərin uğursuzluqla nəticələnməsinə səbəb olur. Ermənistanın bu mövqeyi problemin dinc yolla həllini çətinləşdirir, müharibənin yenidən alovlanması təhlükəsini artırır". Əlavə edək ki, qurultayın qətnaməsinin 11-ci bəndində qeyd olunur ki, Diasporla İş üzrə Dövlət Komitəsinə bu sənədlərin hamısının cəmləşdirilərək ayrıca kitab halında nəşr olunması və qurultay nümayəndələrinə göndərilməsi kimi bir missiya həvalə olunur.

Bütün bunlar bir daha onu göstərir ki, sayı 50 milyon nəfəri keçmiş dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası ətrafında getdikcə daha sıx şəkildə birləşirlər. Planetin hansı qütbündə, hansı guşəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar müstəqil Azərbaycan dövlətinin ətrafında cəmləşir, bu dövlətin daha da qüdrətlənməsinə öz töhfələrini verməyə çalışırlar. Bu isə ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu ən ali məqsədlərdən biri idi.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 9 iyul.- S. 4.