Danışır
qurultay iştirakçıları
Dünya Azərbaycanlılarının
III Qurultayı qəlbimizdə silinməz izlər qoydu
Dünya
Azərbaycanlılarının III Qurultayı müstəqil
Azərbaycan dövlətçiliyinin tarixində parlaq hadisədir.
Qurultay bir neçə gün əvvəl başa çatsa
da, tədbir iştirakçılarının bir qismi paytaxt
Bakıda hələ də dövlət, hökumət və
vətəndaş cəmiyyəti qurumlarının rəhbərləri,
ictimaiyyət nümayəndələri ilə
görüşlər keçirir, qurultayla bağlı təəssüratlarını
bölüşür, diasporun yeni hədəflərini
müzakirə edirlər. Qəzetimizin əməkdaşı
bu günlərdə bu mötəbər tədbirin
iştirakçılarından bir qismi ilə görüşərək
onlardan Azərbaycan diasporunun gələcək inkişafı
ilə bağlı fikir və mülahizələrini
oxucularımızla bölüşmələrini xahiş
etmişdir.
Lyudmila Dyaçenko, Kiyev Milli Universitetinin
iqtisadi və maliyyə məsələləri üzrə
vitse-prezidenti:
- Dünya Azərbaycanlılarının III Qurultayının yüksək səviyyədə təşkili, buradakı işgüzar müzakirələr, səmimi ab-hava məni çox duyğulandırdı. Fikrimi bircə sözlə ifadə etməli olsam, deyərdim ki, bu qurultay milli təəssübkeşlik hissinin təcəssümü oldu. Hamı bir nöqtəyə vururdu. Hamı deyirdi ki, müstəqil Azərbaycan dövlətinin və diasporun birgə işləməsi millətin tərəqqisi üçün vacibdir.
Bütün çıxışlar olduqca səmimi idi. Lakin mənə ən çox təsir edən Azərbaycanın dövlət başçısı İlham Əliyevin çox məntiqli, məzmunlu çıxışı oldu. Prezident böyük ilhamla danışırdı. Onun şəxsində mən güclü, enerjili, millətinin parlaq gələcəyinə inanan, qətiyyətli lider gördüm. Prezidentin çıxışı əslində bu gündən çox gələcəyə hesablanıb. Dövlət başçısı milli diaspor quruculuğu prosesində qarşıdakı illər üçün mühüm vəzifələr irəli sürdü, bu vəzifələrin yerinə yetirilmə yollarını şərh etdi.
Biz yaxşı bilirik ki, Ulu
Tanrı Azərbaycana bol təbii sərvətlər
bəxş edibdir. Lakin
Azərbaycan dövlətinin rəhbərləri başa düşürlər ki,
perspektiv planda millətin,
dövlətin inkişafı üçün
neft, başqa təbii
sərvətlərdən də qiymətli dəyərlər var. Bu, Azərbaycan
xalqının intellektual dəyəridir.
Dövlət başçısı nitqində haqlı olaraq dedi ki,
Azərbaycan dövləti indi qara qızılı intellektual
qızıla çevirmək üçün
çalışır. Çox
ağıllı və müdrik mövqedir! Mən qurultaya
gəlməzdən əvvəl Azərbaycanın son illərdəki iqtisadi
uğurları barədə internetdəki məlumatlara bir daha nəzər yetirdim. Bu uğurlar
həqiqətən nəzərəçarpan
uğurlardır. Lakin heç
bir qiyabi təəssürat
birbaşa, canlı ünsiyyəti əvəz
etmir. Bakıda iqtisadi
inkişafın insanların rifahına, infrastrukturun
inkişafına real təsirini gördüm. Ümid edirəm
ki, iqtisadi
uğurlarınız bölgələrə də təsirsiz
ötüşməyib. Bir daha deyirəm. Bakıya gəldiyimdən çox məmnun qaldım. Şəhəriniz
çox gözəldir, insanları şən,
qayğısız görüb sevindim. Azərbaycanın parlaq
gələcəyinə inamım daha da güclənib. Azərbaycandan, gözəl
Bakıdan ölkəniz, onun qonaqpərvər
sakinləri barədə xoş təssüratlarla
ayrılıram.
Qərib Məmmədov, Qazaxıstanın Almatı şəhərindəki "OZAN" Azərbaycan Cəmiyyətinin sədri:
- Dünya Azərbaycanlılarının növbəti qurultayında iştirak etmək böyük şərəfdir. Vətəndən kənarda yaşayan soydaşlarımız mənim hansı hisslər keçirdiyimi daha yaxşı başa düşərlər. Mənə bu xoşbəxtlik nəsib oldu. Qazaxıstanda yaşayan həmvətənlərimizdən Vətənə qucaq dolu salamlar gətirmişəm. Almatıya qayıdan kimi onlara qurultay barədə təəssüratlarımı danışacağam. O qədər yaxşı təəssüratlarım var ki, bilirəm ki, mən danışdıqca sevinəcəklər. Qurultayın xalqımızın, dövlətimizin sarsılmaz həmrəyliyini nümayiş etdirdirdiyini eşidəndə kim sevinməz ki!
Mən Şərur rayonunun Dəmirçilər kəndindənəm. 1974-cü ildən Qazaxıstanın keçmiş paytaxtı Almatı şəhərində yaşayıram. Ali təhsilli mühəndis-texnoloqam. Hazırda Almatı vilayətinin Talqar rayonunun torpaq şöbəsində mühəndis vəzifəsində işləyirəm. İş yerim Almatı şəhərinin yaxınlığında yerləşir. Bütün asudə vaxtımı isə sədri olduğum Almatıdakı "OZAN" Azərbaycan Cəmiyyətinin fəaliyyətinin genişləndirilməsinə həsr edirəm. Bu nəcib işdə mənim çoxlu əqidə, məslək yoldaşlarım var. Hamımız əl-ələ verib Azərbaycan üçün dəyərli işlər görməyə çalışırıq.
"OZAN" Azərbaycan Cəmiyyətinin fəaliyyəti çoxşaxəlidir. Cəmiyyətimizin fəalları Almatıda xalqımızın zəngin mədəniyyətinin təbliği üçün çox çalışırlar. Məsələn, 2010-cu ildə Azərbaycan peşəkar musiqisinin banisi, dahi Üzeyir Hacıbəyovun 125 illik yubileyi ilə əlaqədar Qazaxıstanda bir sıra yaddaqalan tədbirlər keçirdik. Dahi müğənni Müslüm Maqomayevin vəfatının birinci ildönümü ilə bağlı təşkil etdiyimiz anım tədbiri də Almatı ictimaiyyəti tərəfindən dərin razılıq hissi ilə qarşılandı. Bizim indi yeganə qayğımız Qarabağ problemidir. Bu münaqişənin ədalətli həlli üçün Azərbaycan dövləti, dövlət başçımız ardıcıl və qətiyyətli addımlar atır. Bu məsələdə qazax qardaşlarımız da bizim tərəfimizdədir. Onlar yaxşı başa düşürlər ki, Qarabağ türk dünyasının yeni dövr intibahının qarşısına sədd çəkmək üçün ortaya atılıb. Amma, bu cəhdlər əbəsdir!
Bakıdan isə bir
neçə günlüyə də olsa,
doğma Şərura gedərək kəndimizə
baş çəkəcəyəm. Bir neçə ildir ki, Naxçıvanda olmamışam.
Eşitmişəm ki, son
dövrdə burada geniş
tikinti-quruculuq, abadlıq işləri görülüb. Hamısını öz gözlərimlə görmək istəyirəm.
Qasım Şimşək, Türkiyənin Xətai rayonunun bələdiyyə başqanı:
- Dünya Azərbaycanlılarının Qurultayında mən bütün türk dünyasının həmrəyliyini hiss edib duyduqca, dünyalar qədər sevinirdim. Tədbirdən iki gün keçsə də, bu hisslər qəlbimdə heç də azalmır. Qurultayda mən bütün türk dünyasına dərin sayğı duydum. Bəllidir ki, türk dünyası çox böyük coğrafi ərazini tutur. Biz bir yerdə olduqca, gücümüz, qüdrətimiz daha da artır.
Bakıda özümü doğma vətənimdə olduğum kimi hiss edirəm. Əslində Türkiyə ilə Azərbaycan bir məmləkətdir. Qoy düşmənlər bunu bilsinlər ki, türkləri bir-birindən heç bir qüvvə ayıra bilməz. Aramıza nifaq salmaq istəyənlər heç vaxt niyyətlərinə çata bilməzlər. Bakıda görüşdüyüm qardaşlarımın bir çoxu mənə görkəmli siyasətçi, baş bakanımız Rəcəb Tayyib Ərdoğanın lideri olduğu AKP rəhbərliyi altında Türkiyənin son 9 ildəki uğurları ilə fəxr duyduqlarını söylədi. Çox duyğulandım. Türkiyədə də qardaş Azərbaycanın aşkar uğurlarını izləyib hamı sevinir. Azərbaycan bölgədə modern, demokratik bir dövlətə çevrilib, söz və qüdrət sahibi olub. Bu xüsusda Azərbaycan dövlətinin rəhbərlərinə, bütün xalqınıza bir daha başarılar diləyirəm.
Azərbaycan və türk diasporlarının Qərb ölkələrində birgə fəaliyyət göstərmələrinin faydası və bu gərəkli işin davam etdirilməsi barədə qurultayda çox dəyərli fikirlər səsləndirildi. Sizə yəqin ki, bəllidir, 4 il əvvəl Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının I forumu keçirilmişdi. Bu mühüm tədbirin faydası artıq özünü əməldə göstərir. Buna necə sevinməmək olar! Amma türk dünyasının hələ də ağrıyan çox yaraları var: Quzey Kıprıs problemi tam həllini tapmayıb, Dağlıq Qarabağ və onun ətrafındakı bir neçə bölgə erməni işğalı altındadır. Bu problemlərin ədalətli həlli üçün diaspor təşkilatlarımız çox iş görməlidir. Bu işdə hər birimizin əməyi gərəkdir.
Mən Türkiyənin Xətai rayonunda
həyata göz açmışam. Hələ
Şah İsmayıl Xətai
dövründən burada azərbaycanlılar
yaşayıb. Mən də Azəri kökənliyəm. Xətai
rayonu Adana şəhəri
yaxınlığında yerləşir. Xətaidə,
Türkiyənin hər yerində, hər kəsdə bir Azərbaycan sevdası var.
Bakıda da Türkiyəyə əsl qardaş sevgisi duydum.
Qalib Məmmədov, Ümumrusiya Azərbaycan
Konqresinin İrkutsk şəhər təşkilatı sədrinin
birinci müavini:
- Müstəqil Azərbaycan dövləti bütün dünyada Azərbaycan diasporunın inkişafına hər cür qayğı göstərir. Azərbaycanın bir dövlət və millət olaraq tərəqqisi milli birlikdən, həmrəylikdən keçir. Xalqımızın parlaq gələcəyinə xidmət edən bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Nə yaxşı ki, ümummilli liderin ən layiqli davamçısı Prezident İlham Əliyev bu xətti böyük uğurla davam etdirir.
Qurultay təkcə uğurları qeyd etməklə kifayətlənmədi, qarşıdakı illər üçün mühüm vəzifələr müəyyən etdi. Görüləsi işlərimiz həqiqətən çoxdur. Azərbaycan Prezidenti qurultaydakı nitqində qeyd etdi ki, hər bir azərbaycanlı yaşadığı ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə çalışmalıdır. Axı Azərbaycandan kənarda hər bir soydaşımız əslində Vətəni təmsil edir. Biz öz nümunəvi davranışımızla, intellektimizlə xalqımızın adına, şəninə hörmət gətirməliyik. 20 ildən çox məskunlaşdığım Rusiya Federasiyasının İrkutsk vilayətində 40 minə yaxın azərbaycanlı yaşayır. Ümumrusiya Azərbaycan Konqresinin İrkutsk bölməsi çalışır ki, həmvətənlərimizin Vətənlə əlaqələri heç vaxt qırılmasın. Bizim fəaliyyətimizin əsasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Rusiya ictimaiyyətinə çatdırılması təşkil edir. Qədim Azərbaycan torpağı Dağlıq Qarabağın tarixi, mədəniyyəti barədə mətbuatda yazılar dərc edirik. Rusiyada indi daha çox insan problemin əsl mahiyyətini dərk etməyə başlayıb.
Mən Qubadlı rayonunun Tarovlu kəndindənəm. Ali təhsilli hüquqşünasam. Rusiyada özümün, ailəmin rifahı pis keçmir. Amma qəlbimi ağrıdan bir məqam var. Qurultay başa çatandan sonra bir sıra dostlarım doğulub boya-başa çatdığı bölgələrə getdilər. Mənim isə bu gün erməni işğalı altında olan doğma Qubadlıya, dağlar qoynunda yerləşən kəndimə əlim çatmır, səsim yetmir. Bu, məni ağrıdır, amma inanıram ki, xalqımız, millətimiz, dövlətimiz əl-ələ verib azğın düşməni torpaqlarımızdan qovacağıq.
Məsaim
ABDULLAYEV
Xalq qəzeti.- 2011.- 9 iyul.- S. 4.