Estoniyalı qonaqlar Suraxanı rayonunda olmuşlar

 

Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən Estoniya nümayəndə heyəti Suraxanı rayonunda olmuşdur. Bu da təsadüfi deyil. 2008-ci ilin aprel ayının 21-28-də Suraxanı rayonunun nümayəndə heyəti Estoniyanın paytaxtı Tallinn şəhərində rəsmi səfərdə olmuş, Bakının Suraxanı rayonu ilə Tallinnin Kristiyne rayonu arasında qardaşlaşma haqqında protokol imzalanmışdı.Ötən dövr ərzində rayonlar arasında işgüzar münasibətlər qurulmuşdur.

Qonaqlar ilk öncə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Estoniyalı qonaqları qarşılayan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov son illərdə ölkəmizdə, o cümlədən Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat vermişdir. Görüşdə Sven Sester, Yuri Vendelin, Andrey Novikov əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparmış, gələcək əlaqələrin istiqamətləri barədə danışmışlar.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il tarixli sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilmiş Estoniya parlamentinin deputatı, Estoniya - Azərbaycan parlament qrupunun rəhbəri Eldar Əfəndiyevi və "Tərəqqi" medalı ilə təltif edilmiş Estoniyada Azərbaycan diasporunun rəhbəri Niyazi Hacıyevi bir daha təbrik etmişdir.

Qonaqlar foyedə Tallinn şəhərində salınacaq "Bakı parkı"nın və Suraxanıda yaradılacaq "Tallinn parkı"nın layihələri ilə tanış olmuş, sonra isə RİH-nin akt zalında rayonda aparılan abadlıq işləri haqqında filmə baxmışlar.

Estoniyalı qonaqlar Heydər Əliyev mərkəzi ilə də tanış olmuşlar və burada onlara üzərində mərkəzin rəsmi olan hədiyyələr verilmişdir.

Qonaqlar həmçinin ötən il Estoniya nümayəndə heyətinin Heydər Əliyev parkında əkdiyi dostluq ağacını sulamışlar.

 

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 9 iyul.- S. 4.