Mərhəba, Türkiyə!

 

Azərbaycan-Türkiyə həmrəyliyi, dostluğu, qardaşlığı və əməkdaşlığı tarixin sınaqlarından keçib, möhkəmlənərək, daha da inkişaf edərək özünün ən yüksək mərhələsinə gəlib çatmışdır. Həm də bu cür isti və səmimi münasibət Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrində müşahidə olunmaqdadır. Biz hər zaman Türkiyəyə və türk qardaşlarımıza güvənmişik və bu gün də güvənirik. Türkiyə cəmiyyətinin və iqtidarının əhval-ruhiyyəsindən görünən odur ki, onlar da eyni dərəcədə Azərbaycana və azərbaycanlı qardaşlarına güvənirlər. Çar Rusiyası və Sovet imperiyası tərkibində olduğumuz son 200 ilə yaxın müddət ərzində Azərbaycan-Türkiyə əlaqələri bir növ donmuş vəziyyətdə olub.

Qarşılıqlı əlaqələr və gediş-gəlişlə bağlı hər zaman və hər yerdə çox ciddi maneələr yaradılıb. Bu səbəbdən də bir-birimizdən xeyli uzaq düşmüşük. Odur ki, gediş-gəliş artdıqca, əlaqələr genişləndikcə ayrı-ayrı sahələrdə boşluqlar olduğunu hər birimiz daha dərindən anlayırıq. Son vaxtlar qardaş Türkiyədən olan tarixçilər, arxeoloqlar, etnoqraflar və sənətşünas alimlərlə olan görüşlər zamanı biz bunu bir daha hiss etdik. Etiraf edək ki, türklərin sahibi olduğu, zənginliyi və möhtəşəmliyi ilə dünyanı heyran edən bir sıra tarixi-mədəni dəyərləri barədə bizim də məlumatımız yox dərəcəsindədir. O dəyərlər ki, onlar Türkiyəni artıq neçə illərdir ki, beynəlxalq turizm axınının başlıca ünvanlarından birinə çevirib.

 

Elmi əlaqələrin üfüqləri

 

Türklərin bu gün dünya miqyasında ön sıralarda duran çox zəngin elmi potensialı var. Çoxsaylı universitetlərdə və elm mərkəzlərində elmin ən müxtəlif istiqamətlərini əhatə edən mürəkkəb, həm də aktual olan sahələr üzrə intensiv tədqiqatlar aparılır. Əfsuslar olsun ki, aramızda hələlik işgüzar informasiya mübadiləsi olmadığındın bütün bunlar barəsində də olduqca az məlumata malikik. Türk alimlərinin də Azərbaycan və burada aparılan elmi tədqiqatlar barədə məlumat və anlayışları yetərincə deyildir. Bir neçə gün öncə Konya şəhərində III Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edərkən bütün bunları bir daha, həm də çox qabarıqlığı ilə hiss etdim. Səlcuq Universiteti Süleyman Dəmirəl Kültür Mərkəzində keçirilən bu konfransda Türkiyə, Azərbaycan, İran və digər ölkələrdən gəlmiş etnoqraf, sənətşünas və arxeoloq alimlər iştirak edirdilər. Respublikamızı AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə geniş elmi heyət təmsil edirdi.

Konfrans iştirakçıları əvvəlcə Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı sərgisi ilə tanış oldular. Sərgidə müxtəlif ölkələri təmsil edən 60-a yaxın əl işi nümayiş etdirilirdi. Konfransın plenar iclasında təşkilat komitəsinə rəhbərlik edən tanınmış türk alimləri ilə yanaşı, akademik Nailə Vəlixanlı da çıxış etdi. Azərbaycan təmsilçilərindən epiqraf Həbibə Əliyevanın "Azərbaycan xalça və parçalarında xətt nümunələri", etnoqraf Afət Rüstəmbəyovanın "Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasındakı qələmkar səhnələri", Məhfuzə Zeynalovanın "Milli Azərbaycan Tarixi Muzeyindəki xalça və parçaların qorunması" mövzusunda məruzələri dinlənilmişdir. Bu sətirlərin müəllifi və tarix elmləri namizədi Fariz Xəlillinin müştərək olaraq hazırladıqları "Orta əsr Ağsu şəhəri qazıntılarında toxuculuqboyaq örnəkləri" barədə məruzə də konfrans iştirakçıları tərəfindən böyük marağa səbəb oldu. Ağsu tədqiqatlarında xarici ölkələrdən, o cümlədən Türkiyə, İtaliyaRusiyadan olan mütəxəssislərin iştirakı ilə əldə olunmuş elmi nəticələr və bu nəticələri əks etdirən videogörüntülər, demək olar ki, hər kəsi heyrətləndirdi. Ağsu qazıntıları ilə bağlı nəşr olunmuş kitabkataloqlar, habelə "Xocalı vaxtı" və "Tərəkəmə çərşənbəsi" filmlərindən ibarət disklər konfrans iştirakçılarına və Səlcuq Araşdırmaları Mərkəzinə hədiyyə edildi. Tanınmış türk alimi professor Örcün Barışta və digər alimlər Azərbaycan arxeoloqlarının tədqiqatlarının əhəmiyyətini yüksək qiymətləndirərək Türkiyənin ayrı-ayrı şəhərlərində, o cümlədən İstanbul, Amasiya, ManisaKonyada Ağsu materiallarından ibarət sərgilərin təşkili məsələsini gündəmə gətirdilər.

Türk xalqlarının toxuculuq və ənənəvi sənətkarlıq nümunələrinin tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva Səlcuq Araşdırmaları Mərkəzinin, Səlcuq Araşdırmaları Mərkəzinin əməkdaşı, konfransın təşkilat komitəsinin rəhbəri Əhməd Aytac isə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin xüsusi diplomu ilə mükafatlandırıldılar.

Akademik Nailə Vəlixanlı konfransın yekun iclasında 2013-cü ildə IV Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransının Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdi. Təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə bəyənildi. Beləliklə, 2013-cü ildə IV Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olundu.

 

Konya örnəkləri

 

Konya vilayəti və onun paytaxtı olan Konya şəhəri türklərin təbirincə desək, Türkiyənin lap göbəyində yerləşir. Milyon nəfərə yaxın əhalisi olan bir şəhərdir. Bir zamanlar türkİslam dünyasında önəmli yerirolu olan Səlcuqların paytaxt şəhəri olub. Gözəl təbiəti, mülayim iqlimiolduqca münbit torpaqları var. Yağıntı bol olduğundan hər tərəf yamyaşıldır. Türklər Konyanı ölkənin taxıl anbarı adlandırırlar. Şəhərə yaxın ərazilər başdan-başa taxıl zəmilərindən ibarətdir.

Konya vilayətindəki ən qədim yaşayış yeri olan Çatal-Qyunun 9500 ilə yaxın yaşı var. Təqribən 4 min il bundan öncə Friqi adı ilə Nett çarlığı tərkibində olub. Konyanın mərkəzi hissəsində, Ələddintəpə adlı ərazidə aparılan arxeoloji qazıntılar zamanı eramızın I əsrinin I rübünə aid maddi mədəniyyət qalıqları tapılıb.

1070-ci ildə Konya əraziləri Səlcuqlar tərəfindən tutulub. 1150-1300-cü illərdə isə Konya İranı və İraqı da əhatə edən böyük bir imperiyanın paytaxtı olub. Şərqin böyük şairi və riyaziyyatçı alimi kimi məşhur olan Ömər Xəyyam Konyada yaşayıb-yaradıb. Türk dünyasında çox məşhur sima kimi tanınan və Mövləvi təliminin banisi olan Mövlanə Cəlaləddin RumiKonyada yaşayıb və orada da dəfn olunub. Onun 1273-cü ildə dəfn olunduğu Mövlanə Camesi 1925-ci ildə Atatürkün göstərişi əsasında muzeyə çevrilib. Hazırda Mövlanə Muzeyi Topqapı sarayı muzeyindən sonra Türkiyə ərazisində ən çox turist axını olan tarixi abidədir.

Bakı ilə qardaşlaşmış şəhər olan (təəssüf ki, bunu Azərbaycanda da, Türkiyədə də, demək olar ki, unudublar) Konya mənim aləmimdə dünyanın bəlkə də ən sakit və ən nizamlı, bu səbəbdən ən yaşamalı şəhəridir. Konyanın yeni mikrorayonları salınarkən müasir şəhərsalmanın bütün tələbləri nəzərə alınıb. Çox da hündür olmayan orijinal biçimli binalar kamil memarlıq görkəmi, yaşamaq və işləmək üçün son dərəcə münasib olmaları ilə diqqət çəkir. Yeni binaların, demək olar ki, hamısının üstündə günəş batareyaları qurulub.

Konyada ictimai nəqliyyat çox dəqiq və nizamla işləyir. Bakıdan fərqli olaraq orada adamlar avtobusa minən kimi dərhal gediş haqqını ödəyirlər. Bir neçə istiqamətdə tramvay marşrutları var. Tramvayların vaqonları təmiz və səliqəli saxlanılır. Metroda olduğu kimi, tramvayda gediş haqqı da xüsusi jitonlar vasitəsilə həyata keçirilir. Ucuz, rahat və sürətli nəqliyyat vasitəsi olduğundan tramvaydan istifadə edənlər çoxdur.

Konyalıların ən çox sevdiyi yemək ətli-əkməkdir. Bu, Konyanın bir növ vizit kartıdır. Şəhərin bütün restoran və kafelərində müştərilərə birinci təklif olunan yemək də məhz ətli-əkməkdir.

Konyada hər məhəllənin özünə aid parkı, yaşıllıq zolağı, məktəbi, uşaq bağçası, hətta camesi var. Şəhərdə neçə came olduğunu heç konyalıların özləri də bilmir. Amma görünən odur ki, şəhərdəki həm yeni, həm də əski binaların ən əzəmətliləri elə camelərdir. Namaz saatlarında, xüsusən də cümə günlərində hansı camenin yanından ötürdüksə, böyük izdihamın şahidi olurduq. Bəli, konyalılar İslam dəyərlərinə münasibətdə son dərəcə həssas və ardıcıldırlar. Orada oruc tutmayan, namaz qılmayan, Allaha ibadət etməyən insan tapmaq çətindir. Rastlaşdığımız, təmasda olduğumuz hər kəsin üzündə, gözündə, ən başlıcası isə əməlində bir doğruluq, dürüstlük, halallıq gördük. İlahi, necə də safpak insanları var Konyanın!

Konya alimlər, üləmalar şəhəridir. Orada insanların alimə, üləmaya ilahi bir sevgi və ehtiramı olduğunu gördük. Gənclər, digər peşə sahibləri alimlərin qarşısına yüyürür, onlara təzim edir, əllərindən öpürlər. Alimlər, üləmalar da öz növbəsində gənclərə münasibətdə sözün əsl mənasında, böyüklükmüdriklik nümayiş etdirirlər. Mən bunu Türkiyənin çox tanınmış tarixçi-sənətşünas alimlərindən olan Örcün Barıştanın timsalında gördüm. O, elm yoluna yenicə qədəm qoymuş gəncləri öz övladı qədər əzizləyir, onlara yardımçı olur. Yolunu azanlara, elm bağçasında alaq otuna çevrilənlərə isə yeri gələndə hətta ayaqqabı belə atmaqdan çəkinmir. Əslində, elmin təmizliyi keşiyində duran belə prinsipial alimlərə bu gün Azərbaycanda da çox ciddi ehtiyac var. Bu sahədə müəyyən boşluq olduğundan son vaxtlar, xüsusilə də humanitar elm sahələrində çalışan bir para alimlərimiz ağlına gələni yazır. Qarşılarına çıxan, etiraz edən olmadığından belələri elmi, sözün əsl mənasında, zibilləməkdə davam edirlər. Elmdən anlayışı olmayan adamlar bir də görürsən artıq elmlər doktorudur. Doktorluq elmi dərəcəsi aldıqdan sonra daha akademik olmağavar?!

İstanbul - türk-islam dünyasının möhtəşəm paytaxtı

Asiya və Avropanı birləşdirən İstanbul qədim və orta əsrlər dövründə olduğu kimi, bu gün də dünyanın ən intensiv yol qovşaqlarından biri olaraq qalmaqdadır. Planetimizin ən mühüm tranzit yolları oradan keçir. Şəhərin Şərqdən Qərbə doğru uzunluğu 160 kilometrdən çoxdur. İstanbulun nəhəngliyini təsəvvürə gətirmək üçün təkcə onu demək kifayətdir ki, ərazisi 7500 kvadratkilometrdən çox olan bu şəhərdə gündəlik olaraq gedib-gələnlərlə birlikdə 20 milyona yaxın insan yaşayır. Şəhər əhalisinin sayı hər il orta hesabla 5 faizdən çox artır. Bu səbəbdən də İstanbulda hər il təqribən 1800 yeni küçə salınır.

İstanbulda otellərin, camelərin, ali təhsil ocaqlarının, elmi mərkəzlərin, alış-veriş mərkəzlərinin sayı-hesabı bilinmir. Bununla belə, həmin obyektlərin hansına gedirsən insan əlindən tərpənmək olmur. Hər yerdə fövqəladə dərəcədə sıxlıqdır. Hər küçədə, hər kvartalda bir-birinin yaxınlığında 10-15 otel var. Amma hansı oteldən soruşursan, nəinki bu günə, heç sabaha, 5 gün sonraya da yer yoxdur.

İyunun birinci həftəsində seçki marafonu finişə yaxınlaşdığından İstanbulda qələbəlik və gərginlik anbaan artmaqda idi. Hər gün şəhərin müxtəlif ünvanlarında - küçələrdə, meydanlarda, ticarət mərkəzlərində izdihamlı görüşlər keçirilirdi. Ayrı-ayrı partiyaların təmsilçiləri əgər millət vəkili seçilərlərsə, vətənə və millətə necə xidmət edəcəkləri barədə proqram nitqi ilə çıxış edirdilər.

Atatürk hava limanından başlayaraq şəhərin bütün küçə və meydanları, dövlət idarələrinin, ictimai və fərdi binaların balkonları ay-ulduzlu türk bayraqları ilə al-əlvan bəzədilmişdi. Bəli, Türkiyə növbəti parlament seçkisinə də bayram əhval-ruhiyyəsi ilə gedirdi. Hansı partiyanın reytinq baxımından öndə və ya geridə olmasından asılı olmayaraq, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu seçkilərə Türkiyənin demokratiyainkişaf yolundakı növbəti sınağı kimi yanaşırdı.

Türk qardaşlarımızın seçki marafonunu necə aparacaqları dünyanın kənar yerlərindən və kənar qüvvələr tərəfindən də çox diqqətlə izlənilirdi. Təbiidir ki, dostları, müttəfiqləri və tərəfdaşları Türkiyənin bu seçkilərdən də uğurla keçəcəyinə əmin idi. Amma nəhəng Türkiyə Cümhuriyyətinin iqtisadisiyasi sahədə günü-gündən artan qüdrətindən narahat olan bəzi qüvvələrin də öz çirkin gözləntiləri vardı.

Mərhəba Türkiyə! Sən bu seçkiləri də demokratik standartların tələbləri səviyyəsində keçirməklə növbəti dəfə yağıların "bəkləntilərini" gözündə və ürəyində qoydun!

İstanbulun hər yerində, xüsusən də küçə və meydanlardakı tarixi yerlərdəki, alış-veriş mərkəzinlərindəki sıxlıq adamı həqiqətən sıxır. Bütün gün ərzində qaynayan şəhər yalnız gecə saatlarında bir qədər sakitləşərək, sanki dərindən nəfəs alır. Gecə yarısı şəhərdə yalnız sanitariya və təmizlik işləri ilə məşğul olan personalın o tərəf-bu tərəfə şütüdüyünü görə bilərsiniz. Hər yan süpürülür, təmizlənir, elə yerlər var ki, hətta sabunparaşokla yuyulur.

Deyilənə görə əvvəllər Bosfor körfəzi çox iylənərmiş. Səbəbi də İstanbulun kanalizasiya sularının təmizlənilmədən oraya axıdılması imiş. Rəcəb Tayyib Ərdoğan İstanbul Bələdiyyəsinin rəhbəri olduğu dövrdə həyata keçirilən tədbirlər sayəsində çirkabın təmizlənilmədən körfəzə axıdılmasına son qoyulub. Məhz o illərdə İstanbulda tikilmiş təmizləyici qurğular hesabına Bosfor körfəzi tədricən ekoloji baxımdan sağlamlaşdırılıb.

Adama elə gəlir ki, Bosforun təmizliyinə bütün İstanbul nəzarət edir. Hər halda, səhərdən axşamadək baxsan körfəz sularında bir ədəd konfet kağız belə görməzsən. Ümid edək ki, nə vaxtsa Bakı bulvarı hövzəsinin ekoloji cəhətdən sağlamlaşdırılması yönündə də beləcə güclü ictimai nəzarət olacaqdır.

 

(ardı var)

 

 

Qafar CƏBİYEV,

Milli TeleviziyaRadio Şurasının

üzvü, tarix elmləri doktoru

Bakı-Konya-İstanbul

 

Xalq qəzeti.- 2011.- 9 iyul.- S. 5.