Toyyas mərasimlərində milli adət-ənənələrimiz bərpa olunmalıdır

 

Hər xalqın öz adət-ənənəsi, milli-mənəvi və dini dəyərləri var. Azərbaycan tarixən milli-mənəvi və dini dəyərləri, özünə məxsus adət-ənənələri ilə fəxr edib. Xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim mənəviyyatımızı təşkil edən amillərdir. Əgər insan mənsub olduğu xalqın milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, bu, cəmiyyəti ciddi narahat etməlidir. Biz bunu nə üçün xatırladıq? Ona görə ki, müstəqil yaşadığımız iyirmi ildə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bəziləri eroziyaya uğrayıb və biz cəmiyyət olaraq qarşımızda duran bütün məsələləri sivil qaydada yoluna qoymalıyıq.

İyirmi ildə Azərbaycanda çox şey dəyişib. Müstəqilliyin ilk illərində talanaraq var-yoxdan çıxan ölkəmiz 1993-cü ildən etibarən ümummilli liderimiz Heydər Əliyevin müdrik rəhbərliyi altında çox qısa bir müddətdə sürətli inkişaf yoluna çıxmışdır. Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə Azərbaycanı dünya dövlətləri sırasında söz sahibinə çevirmişdir. Bir-birindən möhtəşəm, qlobal məsələlərə həsr olunan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycanda hərtərəfli inkişaf hamını heyran edir, xarici sərmayədarların ölkəmizə marağı getdikcə artır. Son on ildə respublikamızın özündə güclü sahibkarlar ordusu yaranıb. Bu, bir daha sübut edir ki, Cənubi Qafqazda həyata keçirilən transmilli layihələrin təşəbbüskarı və əsas maliyyə təminatçısı Azərbaycan dövlətidir.

Bəli, Azərbaycan dinamik inkişaf yolundadır, ildən-ilə zənginləşir. Adamlarımızın yaşayış səviyyəsi getdikcə yaxşılaşır, imkanlıların sayı durmadan artır. Bütün bunlar mənəviyyatımıza da təsirsiz ötüşmür. Bəzi hallarda milli adət-ənənələr bayağılaşdırılaraq eybəcər şəklə salınır. İlk növbədə bu, toy və yas mərasimlərinin təşkilində özünü büruzə verir. Həmin mərasimlərdəki hərki-hərkilik, özbaşınalıq insanlarımızı ciddi narahat edir, milli adət-ənənələrimizə yad olan hallar ikrah hissi doğurur.

Belə mərasimlərdə iştirak edərkən mənim yadıma keçən əsrin 70-ci illərində qarşılaşdığım bir hadisə düşür. Qeyd etməliyəm ki, ötən əsrin 70-ci illərində Azərbaycanda böyük quruculuq işləri gedirdi. Həyatın elə bir sahəsi yox idi ki, orada canlanma, inkişaf, tərəqqi hiss olunmasın. Ümummilli liderimiz Heydər Əliyev ölkədə möhkəm nizam-intizam yaratmışdı, hər yerdə, bütün işlərdə səliqə-sahman, ahəngdarlıq hökm sürürdü. Vaxtilə İttifaq miqyasında geridə qalan respublikamız hər ili yüksək əmək göstəriciləri ilə başa vururdu. Mərkəzi təşkilatlarda Azərbaycandan razılıqla danışılırdı, başqalarına nümunə göstərilirdik. Dünya da bizimlə maraqlanırdı. Ulu öndərimiz Heydər Əliyevin rəhbərlik metodu, idarəetmə qabiliyyəti öyrənilirdi, bu istiqamətdə təşkilati işlər aparılırdı.

O zaman mən "Kommunist" qəzetinin (indiki "Xalq qəzeti") Muğan-Mil zonası üzrə xüsusi müxbiri işləyirdim. İsti yay günlərinin birində redaktorumuz Ağababa Rzayevin imzası ilə məktub aldım. Zərfdə teleqrambir vətəndaşın adına yazılmış dəvətnamə vardı. Redaktor faktın yoxlanılmasını, qəzet üçün material hazırlanmasını tapşırırdı. Teleqramı vuran həkim idi, dəvətnamə də onun adına yazılmışdı, uşaq xəstəxanasının baş həkimi həmkarını oğlunun "kiçik toy" məclisinə dəvət edirdi.

İlk baxışda burada qeyri-adi bir şey yox idi: Teleqram müəllifi soruşurdu ki, işin-gücün belə qızğın vaxtında (söhbət respublikanın aparıcı kənd təsərrüfatı rayonundan gedirdi) toya necə getsin?! Faktı yoxlayarkən qəribə təzadla üzləşdim. Toy mağarı qurulan küçədə başqa bir mağar da vardı. Maraqlandım, dedilər ki, orada rəhmətə getmiş cavan bir qadına hüzr məclisi verilir. Hazırladığım felyeton qəzetdə dərc olunan günün səhərisi rayon partiya komitəsinin bürosu baş həkimi vəzifədən çıxararaq, Sov.İKP sıralarından xaric etdi.

Yəqin buna təəccüblənəcək - axı, həkim nə pis görmüşdü ki, o boyda cəzalansın - deyəcəksiniz. Doğrudur, həkimin bir o qədər də böyük qəbahəti yox idi. Sadəcə o, milli adət-ənənələrimizə sayğısızlıq göstərmişdi, qonşusunun müsibətini nəzərə almamışdı, yas mərasimini musiqi sədalarına qərq etmişdi. Bax, belə biganəliyi, saymazyanalığı, özbaşınalığı hətta indi bəyənmədiyimiz Sovet rejimi də bağışlamırdı.

Gəlin, əyri oturaq düz danışaq. Müstəqilliyin, suverenliyin bəxş etdiyi azadlıqdan, sərbəstlikdən bu gün biz düzgünmü istifadə edirik, milli adət-ənənələrimizi qoruyub inkişaf etdirə bilirikmi?! Yəqin hamı razılaşar: Yox! Belə qətiyyət havadan yaranmayıb, real həyatda gördüklərimizin məhsuludur. Yaşadığımız Azərbaycan Respublikası qədim adət-ənənələrə malik bir ölkədir. Biz milli adət-ənənələrimizi qorumağa, zəmanənin tələblərinə uyğun şəkildə inkişaf etdirməyə borcluyuq. Milli adət-ənənələrimizə biganə yanaşmağa, onu istədiyimiz kimi dəyişməyə, bayağılaşdırmağa heç kimin haqqı yoxdur. Unutmamalıyıq ki, ulu öndərimiz Heydər Əliyev ömrü boyu milli adət-ənənələrimizə böyük hörmətlə yanaşmış, əməli fəaliyyəti ilə onu daim zənginləşdirmişdir.

2010-cu ilin aprel ayında Azərbaycan Respublikasının Ağsaqqallar Şurası cəmiyyətimizi ciddi narahat edən toyyas mərasimlərindəki ifratçılığın, israfçılığın qarşısını almaq üçün olduqca vacib bir layihəyə start vermişdi. Ölkə rəhbəri yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən və dörd ay davam edən həmin layihə çərçivəsində iki dəfə respublika ağsaqqallarının dəyirmi masası olmuş, Yevlax və Qəbələ rayonlarında yerli əhali bu nəcib işə qoşulduğunu nümayiş etdirmişdir. Respublikamızın görkəmli adamları, nüfuzlu simaları, ziyalıları və başqa nümayəndələri həmin tədbirlərdə çıxış edərək məsələyə öz münasibətlərini bildirmiş, dəyərli fikirlər, diqqət çəkən təkliflər söyləmişlər.

Mövzunun aktuallığını nəzərə alsaq, dünya görmüş ağsaqqallarımızın, ziyalıların, təcrübəli mütəxəssislərin rəyləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək yerinə düşər. AMEA-nın Coğrafiya İnstitunun direktoru, Respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov deyir:

- Hələ qədim zamanlardan Azərbaycanda, ümumiyyətlə, Şərq aləmində ağsaqqala xüsusi hörmət edilib. Ölkəni, vilayəti, mahalı idarə etməkdə ağsaqqalların rolu çox olub. Onlar müasir dillə desək, həm məhkəmə, həm prokuror, həm də son qərarı verən şəxslər kimi çıxış ediblər. Ağsaqqallar qan töküləndə də, çox ağır cinayətlər olanda da dəyərli məsləhətləri ilə hadisələri yoluna qoyub, tərəflər arasında sülhə, barışığa, əmin-amanlığa rəvac veriblər. Keçmiş ənənələrə sadiq qalan Azərbaycanda indiağsaqqallara böyük hörmət var.

Ulu öndərimiz Heydər Əliyev də ağsaqqallara xüsusi hörmət və diqqətlə yanaşırdı. Bu dahi şəxsiyyət ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırmışdı. Ümummilli liderimiz Ağsaqqallar Şurasının nümayəndələrini qəbul edərkən, işlərimizlə ətraflı tanış olmaqla yanaşı, dəyərli tövsiyələrini verərək fəaliyyətimizi daha da canlandırırdı.

Çətin, mürəkkəb problemlərin həllində xalqımız həmişə ağsaqqal sözünü eşitmiş, ona hörmətlə yanaşmışdır. Mən əminəm ki, toyyas mərasimlərində yaranmış indiki hərki-hərkiliyin, özbaşınalığın, bayağılığın qarşısının alınmasında da ağsaqqallarımız öz missiyalarının öhdəsindən layiqincə gələcəklər. Bu gün hamımız cəmiyyətdə baş verən neqativ halları görür və qiymətləndirməyi bacarırıq. Biz şahidik ki, toyyas mərasimlərimizdə həddindən artıq ifratçılığa və israfçılığa yol verilir. Özübu ifratçılıq və israfçılıq hər şeydə hiss edilir. Milli toy görmək arzusu ilə məclislərimizə gələn əcnəbi qonaqlar peşman olurlar. Buradakı ifratçılıq onları məyus edir. Toyyas mərasimlərini milli adət-ənənələrə uyğun aparmaq hamımızın vətəndaşlıq borcudur. Məişətimizin bu sahədəki eybəcərlikləri aradan qaldırılmalı, toyyas mərasimləri mentalitetimizə uyğun keçirilməlidir. İnanıram ki, ağsaqqalların, din xadimlərinin nüfuzu sayəsində məclislərimizdəki həddini aşma hallarının qarşısı alına bilər.

 

Vasim MƏMMƏDƏLİYEV, BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik:

- Xalqımızın bütün gözəl adət-ənənələri, dinimizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə bağlıdır. Yəni insan ruhu ilə bağlı bütünvarsa, onların hamısı milli-mənəvi dəyərlər sayılır. Ən ali mənəvi dəyər isə dindir. Dəyərlərin heç biri dindən yüksək dayana bilməz. Biz 70 ildən artıq Sovet sisteminin təsiri altında, ateizm tərbiyəsi şəraitində böyümüşük. Lakin bütün qadağalara baxmayaraq, dinimizi qoruyub saxlaya bilmişik, Allaha inamımızı itirməmişik. Mən ateizmdən dərs deyən alim tanıyırdım ki, evə gələndə "əstaxfürullah!" deyərək ibadətlə məşğul olurdu. Şükürlər olsun ki, Azərbaycan müstəqilliyinə qovuşandan sonra dövlət səviyyəsində milli-mənəvi dəyərlər qiymətləndirilməyə başladı.

Artıq 20 ildir televiziyada "Haqqın dərgahı" verilişini aparıram. Düzdür, verilişin adı bəzən dəyişdirilsə də məqsədi, məramı dəyişməz qalır: dinə, imana qayıdış, əqidə paklığı söhbətlərimin əsas məğzini təşkil edir. Təəssüf ki, uzun müddət tamarzı qaldığımız azadlığı əldə etdikdən sonra bəzən özümüzü itiririk, başqa dinlərə, təriqətlərə meyl göstəririk. Yenə də şükürlər olsun ki, bu hal kütləvi xarakter almadı, ağsaqqallar, ağbirçəklər gənclərimizi düzgün yola yönəldə bildilər. Heç təsadüfi deyil ki, milli-mənəvi dəyərlərimiz elə ağsaqqallardan başlayır. Azərbaycanlılarda ağsaqqala, ağbirçəyə xüsusi hörmət var. Elmi dildə desək, ağsaqqallıq institutu bizim soyumuzdan gəlir.

Milli-mənəvi dəyərlərin təbliğində, onların inkişaf etdirilməsində Azərbaycan Ağsaqqallar Şurasının böyük rolu var. Bu gün respublika daxilində elə əlamətdar hadisə yoxdur ki, Ağsaqqallar Şurasının nəzərindən kənarda qalsın. Son vaxtlar toyyas mərasimlərində xoşa gəlməyən halların artması da ağsaqqalları narahat etməyə bilməzdi. Onların bu istiqamətdə apardıqları işlər, həyata keçirilən tədbirlər hər cür təqdirə layiqdir. Məncə, istər toy, istərsə də yas mərasimlərinin həddi-hüdudu olmalıdır. Belə məclislərdə qayda-qanunu pozmaq, əndazəni aşmaq insanlarda ikrah hissi yaradır. Buna yol verməmək üçün ədəb-ərkan formaları, dini ayinlərin icra qaydaları hərtərəfli öyrənilməlidir. Ümummilli liderimiz Heydər Əliyev bu məsələnin vacibliyini xüsusi qeyd edirdi. Məhz ulu öndərimizin tövsiyəsi ilə təhsildə din haqqında bilgilər verilməsinə başlanılmışdır.

Milli-mənəvi dəyərlərimizin bir hissəsi sayılan xeyir-şər məclislərində baş verən neqativ hallar haqlı olaraq cəmiyyəti narahat edir. Şadlıq saraylarında keçirilən təmtəraqlı toy məclisləri əndazəni aşdığı üçün insanlara şənlik yox, yorğunluq, süstlük, xəstəlik gətirir. Yas mərasimlərimiz isə getdikcə öz funksiyasını itirir. Belə məclislərdə israfçılığa yol vermək adi hala çevrilir. Əslinə qalsa, israfın içində ifrat da gedir. Bunlar eyni anlayışdır: "Qurani Kərim"də də buyrulur: "Yeyin, için, amma israf etməyin. Allah israf edənləri sevməz". Unutmaq olmaz ki, "borcla verilən ehsan ölüyə də xoş getməz, Allaha da". Bəs dirilər niyə buna yol verirlər?

 

Solmaz MƏHƏRRƏMOVA, AMEA-nın Etnoqrafiya İnstitutunun əməkdaşı:

- "Xeyir-şər məclislərində israfçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu" layihəsinin eksperti kimi deyə bilərəm ki, bu gün toy məclislərində musiqidən tutmuş hər şey ifrat dərəcədə şişirdilir. Masaların üzərindəki qida məhsullarının çox hissəsi, sanki, bəzək üçün düzülmüş kimi əl vurulmamış qalır. Yaxud, yas mərasimlərini götürək. Doğmasını itirmiş ailə bilmir ki, ölüsünə ağlasın, ya da başsağlığına gələnlər üçün süfrə tədarükü görsün. Yas mərasimləri, ehsan süfrələri son zamanlar hüzn yox, şadlıq süfrəsinə daha çox oxşayır. Cürəbəcür meyvələrdən tutmuş, xarici şirələrlə, şirniyyatlarla zənginləşdirilən belə süfrə arxasında hansı dərd-sərdən, hüzn əhvalından söhbət açmaq olar.

Mənəvi saflıq, daxili təmizlik insanlarda Vətənə sevgi hisslərini artırır. Dinimizin ən böyük şüarlarından biri budur ki, Vətəni sevmək imandandır. Ağsaqqallar Şurası da milli-mənəvi dəyərlərimizi qorumağa, Vətəni sevməyə çağırır. Bunu biz şüar şəklində deyil, əməli fəaliyyətimizlə sübuta yetirməliyik. Bu işdə zəngin insanlar da, kasıblar da milli-mənəvi dəyərlərimizə uyğun şəkildə hərəkət etməlidirlər. Naxçıvan Muxtar Respublikasında, Tovuz, Yevlax, Qəbələ rayonlarında və başqa yerlərdə keçirilən toyyas mərasimlərindəki qayda-qanun, milli adət-ənənələrimizlə səsləşən müsbət dəyişikliklər ətraflı öyrənilərək geniş yayılmalıdır.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 9 iyul.- S. 5.