Azərbaycanın
sığorta-pensiya sistemi digər ölkələrdə
çalışan vətəndaşların da
sosial müdafiəsini təmin edir
Qloballaşma
şəraitində əmək miqrantlarının sosial
müdafiəsi, xüsusilə də onların pensiya təminatı,
bu sahədə qazanılan beynəlxalq təcrübə, əmək
miqrantlarının sosial müdafiəsinin təmin
olunmasına çalışan Beynəlxalq Əmək Təşkilatının,
Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Avropa
Şurasının, Pensiya və Sosial Fondların Beynəlxalq
Assosiasiyasının gördükləri işlərin nəticələri
ilə bağlı Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fonduna ünvanladığımız
suallara Fondun sədri Səlim Müslümov aydınlıq gətirdi:
- Qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsi, xüsusilə də onların gələcək pensiya təminatı kimi çətin problemin həlli bu məqsədlə imzalanan ikitərəfli və çoxtərəfli sazişlərin yerinə yetirilməsi yolu ilə tənzimlənir. Sazişlərin bağlanılması və reallaşdırılması üçün bir sıra ciddi tələblərin gözlənilməsi vacibdir ki, həmin tələblər əməkdaşlığın hüquqi-prosessual əsaslarını təşkil etməklə yanaşı, əsas icra mexanizmlərini də şərtləndirir. Bu tələblər sırasına, birincisi, əmək miqrantlarının sosial müdafiəsi üzrə BMT-nin, BƏT-in və digər qurumların ümumbəşəri konvensiya və xartiyalarına qoşulmaqla bərabər ayrı-ayrı ölkələr tərəfindən həmin konvensiya və xartiyaların əsas müddəalarının milli qanunvericilikdə əks etdirilməsini aid etmək olar. Ölkəmiz bu istiqamət üzrə mühüm irəliləyişlərə nail olmuşdur. Belə ki, BMT-nin bütün fəhlə miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında beynəlxalq konvensiyaya qoşulmuş, dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulmaq haqqında qərar qəbul edilmişdir. Həmçinin Xartiyada nəzərdə tutulmuş normaların tətbiqi üzrə Dövlət Proqramı təsdiq edilmiş, əmək miqrasiyası və MDB dövlətlərinin vətəndaşları olan əmək miqrantlarının sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanmış, əmək miqrasiyası haqqında və immiqrasiya haqqında, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunlar qəbul edilmişdir. 2001-ci ildən 800 milyondan artıq avropalını birləşdirən Avropa Şurasının üzvü kimi ölkəmiz Avropa İnsan Haqları Konvensiyasına və fərdlərin müdafiəsinə dair digər aidiyyəti sənədlərə əsaslanaraq ümumavropa səviyyəsində ümumi və demokratik prinsiplərin inkişaf etdirilməsində böyük səylər göstərir. Azərbaycanın Avropa dövlətləri ilə inteqrasiyası, onlarla bərabərhüquqlu və hərtərəfli əməkdaşlığının inkişafı, dinindən, siyasi əqidəsindən, milliyyətindən və irqindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün insanların hüquqlarının bərabər təmin edilməsi onun bu yolda uğurla inkişaf etməsində mühüm rol oynayır.
İkinci mühüm məsələ ayrı-ayrı ölkələrdə əmək miqrasiyasının dövlət tənzimlənməsi metodlarının nə dərəcədə işlək olması ilə bağlıdır. Regional əmək bazarında əmək miqrantlarının sosial mudafiəsi vəziyyətinin təhlili zamanı onların 2 hissədən - leqal və qeyri-leqal əmək miqrantlarından ibarət olduğu nəzərə alınmalıdır. Digər tərəfdən nəzərə alsaq ki, işəgötürənlərin özləri də leqal işçi qüvvəsi və leqal əmək haqqı məfhumlarına o qədər də müsbət yanaşmırlar, bu halda qeyri-leqal əmək miqrantlarının sayının xeyli çox olduğu aşkara çıxar. Bu sahədə beynəlxalq təcrübəni əks etdirən materiallara istinad etsək, Şimali və Qərbi Avropada qeyri-leqal immiqrantların sayının ümumi leqal miqrantların 50 faizi həcmində olduğu ehtimal edilir. Rusiyada bütün miqrantların 50 faizi qeyri-leqal fəaliyyət göstərir. ABŞ-da orta hesabla 4-5 milyon qeyri-leqal miqrant yaşayır ki, bu da ümumi əhalinin təqribən 1,5 faizini təşkil edir. Bu göstərici İtaliyada 0,5-1 milyon nəfər, Yunanıstanda 300 min nəfər və ya əhalinin 3 faizi qədərdir.
Əmək miqrantlarının sosial müdafiəsi üzrə sazişlərin bağlanılması və sonradan reallaşdırılması üçün zəruri olan növbəti məsələ beynəlxalq əmək bazarlarının iştirakçıları olan dövlətlərin sosial müdafiə sistemlərinin bir-biri ilə uyğunluğudur. Azərbaycan Respublikası Avropa Sosial Xartiyası çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ardıcıl surətdə öz sosial sistemini təkmilləşdirmiş və ölkədə beynəlxalq normalara uyğun yeni qəbul olunmuş hüquqi sənədlər sosial müdafiə sisteminin keyfiyyətcə yenidən qurulmasına şərait yaratmışdır.
Ölkəmizin sığorta-pensiya sistemi Xartiyanın "Sosial Təminat Hüququ" bölməsində nəzərdə tutulmuş müvafiq ikitərəfli sazişlər bağlanmaqla və yaxud digər vasitələr yolu ilə: müdafiə edilən şəxslərin hər hansı yerdəyişməsindən asılı olmayaraq, sosial təminat qanunvericiliyinin nəzərdə tutduğu üstünlüklərin saxlanılmasını təmin etməklə öz vətəndaşları və digər tərəflərin vətəndaşları üçün eyni rejim yaratmaq; tərəflərdən hər birinin qanunvericiliyinə müvafiq olaraq həyata keçirilən sığorta və ya iş stajı dövrlərinin toplanaraq cəmlənməsi və s. bu kimi vasitələrlə sosial təminat hüququnu müəyyənləşdirmək kimi öhdəliklərin icrasına tam təminat verir.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər və əlavələrə uyğun olaraq 2006-cı ildən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına keçilmişdir. Xüsusi vurğulamaq istərdim ki, bu tədbirlərin reallaşdırılmasında 2005-ci ildə Bakı şəhərində "Qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfransın tövsiyələrinin mühüm rolu olmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun avtomatlaşdırılmış fərdi uçot sistemində 11260 nəfər xarici ölkə vətəndaşına sosial sığorta nömrəsi verilmiş və onlar üçün fərdi hesab açılmışdır. Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən üstünlük təşkil edir. Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən vətəndaşların gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədi ilə həmin ölkələrlə beynəlxalq müqavilələrin bağlanması istiqamətində tədbirlər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın əsas müddəalarından biri kimi müəyyənləşdirilmişdir. Bununla əlaqədar vətəndaşların əmək fəaliyyəti dövründə müxtəlif dövlətlərin ərazisində qazanmış olduqları pensiya hüquqlarının tanınması və pensiya təyinatında nəzərə alınması prinsiplərini tənzimləyəcək ikitərəfli sazişlərin bağlanması vacibdir və bunun üçün ilk növbədə ayrı-ayrı ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı və sistemlərin qarşılıqlı öyrənilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun birbaşa və Beynəlxalq Sosial Təminat Assosiasiyası çərçivəsində əməkdaşlıq əlaqələri daha da genişləndirilmişdir.
Hazırda pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə müxtəlif illərdə imzalanmış 10 sazişin tətbiqi uğurla davam etdirilir. Ötən dövr ərzində Rusiya Federasiyası, Belarus Respublikası, Türkiyə, Almaniya, Polşa, Çexiya, Moldova, Litva, Latviya, Səudiyyə Ərəbistanı Krallığı, İsrail və digər dövlətlərin sığorta-pensiya qurumları ilə bu istiqamətdə qarşılıqlı əməkdaşlıq daha da inkişaf etdirilmiş, nümayəndə heyətlərinin görüşləri təşkil olunmuş, müvafiq olaraq qarşılıqlı əməkdaşlığı tənzimləyən sazişlərin bağlanılması istiqamətində tədbirlər görülmüşdür. Birgə əməkdaşlığın nəticələri göstərir ki, dövlətlərin əksəriyyətində adekvat qanunvericilik aktları qəbul edilmiş və əmək miqrantlarının sosial müdafiəsi üzrə həm beynəlxalq, həm də ölkədaxili münasibətlərin tənzimlənməsinin hüquqi-normativ bazası yaradılmışdır. Lakin bəzən müxtəlif dövlətlər ümumi prinsipdən deyil, yalnız həmin ölkə üçün əlverişli olan demoqrafik vəziyyətdən çıxış edirlər. Məsələn, bir sıra hallarda təklif olunan saziş layihələrində əməkçi miqrantlardan daha çox immiqrant pensiyaçılarla bağlı məsələlərin tənzimlənməsi ön plana çəkilir, bəzən əmək qabiliyyətli əmək miqrantlarının yerdəyişməsi zamanı onların fərdi uçot məlumatlarının qarşılıqlı mübadiləsi mexanizmində fikir ayrılığı olur və s. Nəticədə, əmək miqrantlarının sosial müdafiəsinin əsas elementinin - onların gələcək pensiya təminatının düzgün və proporsional əsaslarla formalaşması əsas müzakirə predmetindən kənarda qalır.
Bu günlərdə BSTA-nın təşkilatçılığı ilə Bakıda "Əmək miqrantlarının sosial müdafiəsi və qloballaşma" mövzusunda keçirilən beynəlxalq texniki seminarın gedişində regional əmək bazarlarının iştirakçısı olan dövlətlərin qeyd edilən problemi aradan qaldırmaları üçün birgə çərçivə sazişinin hazırlanması barədə qərar qəbul edilmişdir. Həmin işin nəzarətə götürülməsi Bakıda yeni açılmış BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin səlahiyyətinə verilmişdir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2011.- 9 iyul.- S. 6.