II Yeni Teatr festivalı başa çatmışdır

 

Xəbər verdiyimiz kimi, Lənkəran şəhərində Respublika Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə II Yeni Teatr festivalı keçirilmişdir. Bir həftə ərzində respublikamızın 13 aparıcı teatr kollektivi özlərinin ən yaxşı tamaşalarını festivala təqdim etmişdi. Gözəl aktyor heyəti və repertuar seçimindən hiss olunurdu ki, 2009-cu ildə Gəncə şəhərində keçirilmiş I Yeni Teatr festivalından fərqli olaraq, bu dəfə kollektivlər bu festivala daha ciddi, daha məsuliyyətlə yanaşmışlar.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan teatrının 2009-2019-cu illər inkişaf proqramına dair verdiyi sərəncamdan irəli gələn tədbirlər proqramına daxil olan Yeni Teatr festivalının keçirilməsi teatr ictimaiyyəti və xalq tərəfindən çox razılıqla qarşılanmışdır.

Bir həftəlik festival çərçivəsində Sumqayıt teatrı - Tuncəl Canoğlunun "Ziyarətçi", Musiqili Komediya teatrı Qoqolun "Evlənmə", Lənkəran teatrı Qriqori Qorinin "Herostroti unudun", Akademik Milli Dram Teatrı yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Xəcalət", Rus Dram Teatrı M.F.Axundovun "Lənkəran xanın vəziri"və İrəvan Azərbaycan Dram Teatrı, Gəncə, Sumqayıt, Mingəçevir teatr kollektivləri yeni aktyor heyəti, rejissor işi və əsərlərini geniş tamaşaçı auditoriyasına təqdim etmişlər.

Ötən həftə festival yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Xəcalət" ikihissəli dramı ilə öz işini başa vurmuşdur. Böyük müvəffəqiyyətlə keçən bu tamaşanın aktyorlarını tamaşaçılar uzun müddət sürəkli alqışlar və tər çiçək dəstələri ilə səhnədən buraxmaq istəmədilər. Lənkəran festivalı bir daha sübut etdi ki, son illər müəyyən mənada teatra münasibət də, tamaşaçı zövqü də dəyişib. Xalqın teatra rəğbəti artıb. Bütün tamaşalar anşlaqla keçib. Bir sözlə, Lənkəran II Yeni Teatr festivalı sözün əsl mənasında bayrama çevrilib.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Akademik Milli Dram Teatrının kollektivi bu günlərdə Gürcüstanda olmuş, Hüseynbala Mirələmovun "Xəcalət" pyesi ilə uğurlu çıxış etmişlər. Gözəl aktyor oyunu, rejissor işi, ən başlıcası isə əsərdə təsvir olunan hadisələrin real dramaturji həllini peşəkarlıqla göstərə bilən kollektivin bu uğuruna yüksək qiymət verən Marcaniaşvili adına Gürcüstan Akademik Dövlət Dram Teatrı bu əsəri almış, gürcü dilinə tərcümə edərək tamaşaya qoymağa hazırlaşır. Müasir Azərbaycan dramaturgiyasının son 20 ildə uğurlarından sayılan bu əsər uşaqlıqdan bir yerdə böyümüş Murad və Vətən adlı iki dostun münasibətlərindən bəhs edir. Onlar Qarabağ savaşına birgə getmiş, lakin sonradan həyat yolları ayrılmışdır.

Atəşkəs haqqında müqavilə imzalandıqdan təxminən 10 il sonra dostlar yenidən görüşürlər. Lakin necə? Bu illər ərzində Vətən, torpaq həsrəti ilə yanıb-yaxılmış Murad Qarabağ döyüşü zamanı əldə etdiyi sərmayə ilə var-dövlət qazanmışdır. İndi iki dost arasında vətənə, torpağa münasibətdə fikir ayrılığı yaranmışdır.

Əsərin konfliktini Vətən ilə Murad arasındakı mövqe və baxış fərqləri təşkil edir. Kim haqlıdır? Qarabağ savaşında canını qurban verməyə hazır olan, amma xəstə qızına dərman pulu tapa bilməyən Vətənmi?! Yoxsa bu savaşın hesabına varlanan, torpağının, yurdunun azadlığını xarici ölkələrin köməyində axtaran Muradmı? Həm həqiqi, həm də zəruri mənada dəyərləndirilən Vətənin uçuq-sökük mənzilində gedən hadisələrdə həqiqətin kimin tərəfində olduğunu "Xəcalət" bir səhnə əsəri kimi bu suallara tamaşaçılarla birgə cavab axtarır.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı xalq artisti Səyavuş Kərimi, quruluşçu rəssamı isə əməkdar rəssam İsmayıl Məmmədovdur. Baş rollarda xalq artistləri Nurəddin Mehdixan (Vətən), Ramiz Novruz (Murad), əməkdar artist Mətanət Atakişiyeva (Fərqanə) və digər aktyorlar iştirak edirlər.

Belə festivalların keçirilməsi əslində tezliklə Beynəlxalq festival statusuna malik olacağımıza bir işarədir. Festivalın təntənəli bağlanışından sonra Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Lənkəran şəhər İcra Hakimiyyəti festival iştirakçılarını fəxri fərman və qiymətli hədiyyələrlə təbrik etmişlər.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2011.- 9 iyul.- S. 7.