Mərhəba, Türkiyə! (əvvəli ötən sayımızda)

 

AyaSofiyada

 

Türkün qədim və zəngin tarixi və bu tarixi özündə yaşadan çoxsaylı abidə və muzeyləri var. Məsələn, elə İstanbuldakı abidə və muzeyləri saymaqla qurtaran deyil. Önəmli olan odur ki, orada abidə və muzeylərin hamısı diqqət mərkəzindədir. Onların təmiri, konservasiyası, bərpası, mühafizəsi və təbliği həm hökumət, həm bələdiyyə qurumları, həm də qeyri-hökumət təşkilatlarının, xüsusən də geniş ictimaiyyətin daimi diqqət və qayğısı ilə əhatə olunub.

İstanbul yarımadasındakı bir təpədə müxtəlif vaxtlarda inşa edilmiş Aya-Sofiya məbədi, Sultan Əhməd camesi və Topqapı sarayı şəhərin ən izdihamlı yerlərindəndir. Bu tikililərdən hər biri təkcə İstanbulun və ya Türkiyənin deyil, bütövlükdə dünya memarlığının nadir incilərindəndir.

İlkin olaraq "Böyük kilsə" adı ilə tarixə düşən Aya-Sofiya məbədi 360-cı ildə imperator Konstantinin əmri ilə tikilib. 20 iyun 404-cü ildə baş verən yanğın nəticəsində Böyük kilsədən, demək olar ki, əsər-əlamət qalmayıb. İmperator Teodosiusun tapşırığı və maliyyəsi ilə məbəd 416-cı ilədək, demək olar ki, yenidən tikilib.

532-ci ildə baş verən Nika qiyamı zamanı məbəd demək olar ki, bütünlüklə dağıdılıb. Və nəhayət, 532-537-ci illərdə imperator Yustinian o dövrün tanınmış memarları Anfemiosİsidorunun layihələri əsasında 5 il 10 ay ərzində elə həmin yerdə möhtəşəmliyi ilə bu gün də insanları valeh edən məbədi inşa etdirib. Məbədin tikintisində 10000 nəfərdən çox insan çalışıb. Ana-Sofiya məbədinin tikintisində işlədilən qara daşlar Bosfordan, sarı daşlar Suriyadan, porfir (vulkanik mənşəli qırmızı daş) Misirdən, yaşıl mərmər Fessalidən, Ellin dövri sütunları isə ArtemidEfes məbədlərindən gətirilib.

553 və 557-ci illərin zəlzələləri zamanı məbədin 31 metr diametrə malik baş qülləsi zədələnib, 558-ci il zəlzələsi nəticəsində isə qüllə uçub. Məbədin baş qülləsi İsidorun qohumu, Kiçik İsidorun layihəsi əsasında 4 il ərzində yenidən bərpa olunub. Bu zaman nisbətən yüngül konstruksiyalardan istifadə etməklə qüllənin ümumi hündürlüyü 55,6 metrə çatdırılmışdır. 717-ci ildə hakimiyyətə gələn imperator III Levin sərəncamı ilə məbəddəki bütün ikona və bütlər yığışdırılıb. 853-cü ildə baş verən yanğın və bir qədər sonra olan zəlzələ nəticəsində Aya-Sofiya məbədinə yenidən ciddi ziyan dəyib. 989-cu il zəlzələsi nəticəsində isə məbədin baş qülləsi və qərb tərəfdəki tağı dağılıb. İmperator II Vasilinin tapşırığı əsasında bu dağıntıların nəticələri də qısa vaxt ərzində aradan qaldırılıb və 996-cı ildən etibarən məbədin qapısı yenidən ziyarətçilərin üzünə açılıb.

1204-cü ildə baş vermiş IV xaç yürüşü zamanı məbədə yenidən çox ciddi ziyan dəyib, içərisindəki xaçlar, ikonalar, gümüş lampalar və digər qiymətli əşyalar yürüş iştirakçıları tərəfindən oğurlanaraq, qarət edilərək Qərbi Avropanın kilsələrinə aparılıb. 1344-cü il zəlzələsi zamanı məbədin divarlarında bəzi çatlar əmələ gəlib, 1346-cü ilin zəlzələsi nəticəsində isə baş qüllə qismən dağılıb.

Avropalı səyyahların, o cümlədən ispan səfiri Klavixonun qeydlərindən göründüyü kimi, sonrakı yüz il ərzində məbəd istifadəsiz qaldığından daha bərbad vəziyyətə düşüb. 1453-cü ildə Sultan II Mehmet tərəfindən İstanbul ələ keçiriləndən sonra Aya-Sofiya məbədi məscid kimi fəaliyyət göstərib. Sultan II Mehmedin və sonrakı Osmanlı sultanlarının göstərişləri əsasında məbədin ilkin görkəminə xələl gətirilmədən orada minbər, mehrab və hücrələr tikilibs. Nəhayət, Mustafa Kamal Atatürkün əmri ilə 1934-cü ildən etibarən Aya-Sofiya məbədi muzey kimi fəaliyyət göstərməyə başlayıb. Hər gün bu müzeyi on minlərlə insan ziyarət edir. Gediş-gəliş o qədər çoxdur ki, muzeyin giriş-çıxışında yerə döşənmiş mərmər laylar da artıq sürtülərək üzülüb. Bütün dövrlərin ən möhtəşəm tikintilərindən olan Aya - Sofiya bütövlükdə insan zəkasının qüdrətindən, onun fantaziyasının imkanlarından, təbiətin hər cür sınaqları və şıltaqlıqları ilə mübarizənin ən mürəkkəb anlarında belə bəşər övladının çıxış yolları arayıb tapmaq bacarığından xəbər verən nadir memarlıq incisidir.

Yüz illərdir ki, öz qoynunda islamxristian dəyərlərini yanaşı yaşadan, onlardan hər birinin ayrı-ayrılıqda bəşəriyyət üçün, insanlıq üçün əziz və müqəddəs olduğunu hər kəsə təlqin edən Aya-Sofiya mənim aləmimdə, həmçinin türklərin və Türkiyə Cümhuriyyətinin dünyaya nümayiş etdirdiyi daha bir çox ciddi tolerantlıq nümunəsidir.

 

Topqapı sarayında

 

Ərazisi 45 hektardan çox olan və 350 nəfər işçi çalışan Topqarı saray-muzey kompleksi ilə tanışlıq və orada təşkil olunan görüşlərə bütöv bir gün sərf etdik. Bizi ilk qarşılayan muzeyin direktorunun köməkçisi Qəmzə xanım oldu. İqdırlı olsa da, əsli-kökü Azərbaycandandır. Özü deməsəydi belə, istiqanlılığından, qonaqpərvərliyindən hiss olunurdu ki, azərbaycanlıdır. Bakıda və Gəncədə qohumları var.

- Azərbaycandan söz düşəndə ana babam həmişə Vətənimizdir, deyərdi. Babamgil erməni-müsəlman davası başlayanda Arazı keçərək qaçıblar. Babam da, dədəm də uzun illər ərzində Azərbaycandan gəldiklərini hər kəsdən gizlədirdilər. Qorxurdular ki, onlara görə Bakı və Gəncədəki qohumlarımızı çək-çevirə salarlar.

Biz qəbul otağında Qəmzə xanımın təşkil etdiyi çaykofeni içənədək o, muzeyin bütün məsul işçilərini gəlişimizlə bağlı məlumatlandırdı. Özünü daha tez yetirən isə müdir müavini Sibel xanım Arpaslan oldu. O, ağzımızı açmağa imkan vermədən bizi muzey ərazisindəki restorana gətirdi. Türk mətbəxinin ləziz nemətlərindən dada-dada, körfəzdə cövlan edən qayıq və gəmiləri seyr edə-edə ətraflı fikir mübadiləsi etdik.

Nahar fasiləsindən sonra muzeyin müdiri Yusif Benli də gəlib çıxdı. Bir il öncə Bakıda olduğu anları yada saldı və gəlişimizdən çox məmnun olduğunu bildirdi. Akademik Nailə Vəlixanlı və Yusif Benli arasında Topqapı və Milli Azərbaycan Tarixi Muzeyi arasında işgüzar əlaqələri daha da genişləndirmək istiqamətində ətraflı söhbət oldu. Daha sonra Yusif bəyin və onun yardımçılarının bələdçiliyi ilə bizə muzeyin ayrı-ayrı bölmələri ilə tanış olmaq imkanı yaratdılar.

Topqapı muzeyindəki "xəzinə", "silahlar", "hərəm" və digər bölmələrdə türk sultanlarının və onların xanımlarının nümayiş etdirilən silahları, geyimləri, bəzək və zinət əşyaları, saray həyatının ən müxtəlif məqamlarını özündə əks etdirən digər guşə və eksponatlar hər kəsdə dərin maraq və heyrət doğurur. Topqapı ərazisində bütün gün ərzində türist əlindən tərpənmək olmur. Ucu-bucağı görünməyən bu insan seli içərisində itirdiyin adamı tap görüm, necə tapırsan?

Bizə verilən məlumata görə, yay aylarında hər gün orta hesabla 20 min nəfərdən çox turist oranı ziyarət edir. Qış aylarında isə bundan bir qədər az, təqribən 12-14 min turist gəlir.

İstanbul nəhənglərindən biriAya-Sofiya ilə üz-üzə duran və möhtəşəmliyinə görə heçondan geri qalmayan Sultan Əhməd camesidir. Özünün böyüklüyü, möhtəşəmliyi və nəcib memarlıq üslubu ilə nəinki Türkiyədə, bütövlükdə İslam dünyasında məşhur olan bu came 1603-1616-cı illərdə 14-cü Osmanlı Sultanı I Əhmədin göstərişi əsasında tikilib. Məlumat üçün onu da bildirim ki, Sultan Əhməd 14 yaşında hakimiyyətə gəlib, 28 yaşında ikən dünyasını dəyişib. 14 il ölkəni idarə edib.

Osmanlı dövrü memarlığının nadir nümunələrindən hesab edilən Sultan Əhməd Came kompleksinə mədrəsə, xəstəxana, xeyriyyə müəssisəsi, məktəb, türbə və karvansaray daxil idi. Məscidin 260 pəncərəsi, irili-xırdalı 30 qülləsi və qranitdən yonülmüş 28 sütunu var. İstanbulun, bütbövlükdə Türkiyənin digər məscidlərindən fərqli olaraq bu məscidin 6 minarəsi var. Məscidin içərisindəki türbədə I Sultan Əhmədlə yanaşı, 4-cü Sultan Murad, I Sultan Əhmədin sevimli xanımı Keçəm Məhpeykər və daha 32 nəfər dəfn olunub.

Sultan Əhməd camesi özünün çox ecazkar gecə görüntüləri ilə də diqqəti cəlb edir. Qəribədir, gecələr səhərədək onun qüllələri üzərində göyərçinlər ara vermədən dövrə vururlar. Bu sehirli mənzərəni seyr edərkən bir anlığa mənə elə gəldi ki, sanki göyərçinlər öz fəallıqları ilə bütün gün ərzində orada hökm sürmüş izdihamı gecələr də davam etdirmək niyyətində idilər.

 

İstanbul arxeoloji muzeyi - dünya mədəniyyəti incilərinin toplandığı ünvan

 

Muzey üç mərtəbədən ibarət iri bir tarixi binada yerləşir.XIX əsrin sonu -- XX əsrin əvvəllərində dünyanın hər yerindən Bizans mədəniyyəti nümunələri müxtəlif yollar, üsul və vasitələrlə oraya gətirilib. Beləliklə də, olduqca zəngin fondlargeniş ekspozisiyalara malik sanballı bir muzey təşkil olunub. Muzeydə BizansSasani dövrü materialları ayrı-ayrı bölmələrdə nümayiş etdirilir. Muzeyin kolleksiyası içərisində Troya materialları xüsusi yer tutur. Troyada aparılan çoxillik arxeoloji tədqiqatlar zamanı ayrı-ayrı mədəni təbəqələrdən toplanmış bu materiallar əsasən çoxsaylı, həm də rəngarəng çeşidli metal və saxsı qablardan ibarətdir. Saxsı məmulatı nümunələrindən iri həcmli mehtərələr, irili-xırdalı qazanlar, çölmək tipli qablar, metal əşyalardan isə skif ox ucluqları, baltaat qantarğaları nümayiş etdirilir.

Misirdən gətirilən, üzərində heroqlif yazılar işlənən və bəzilərinin bəlkə də bir neçə ton ağırlığı olan mərmər və qranit tabutlar, baş və sinə daşları muzeyin nadir eksponatlarındandır. Həmin materiallara tamaşa etdikcə qədim Misirinantik dünyanın zəngin mədəniyyəti özünün bütün əzəməti ilə bir anlığa göz önündə canlanır.

İstanbul muzeylər şəhəridir. Əslində, o özü bütövlükdə nəhəng bir muzey təsiri bağışlayır. Asiya ilə Avropanı həm coğrafi, həm də iqtisadi və mədəni mənada birləşdirən İstanbul ən azı türklərin oranı fəth etdiyi 1453-cü ildən keçən 558 il ərzində Şərq və Qərb həyat tərzi və mədəniyyətinin, İslamXristian fəlsəfəsinin yanaşı yaşadığı, onlardan birinin digəri hesabına daha da zənginləşdiyi siviltolerant bir şəhərdir. Uzun illərdir ki, nə müharibələr, nə siyasi burulğanlar, nə dünya nəhənglərini çökdürən iqtisadi böhranlar, hətta Yerin təkini belə oynadan qorxulu zəlzələlər İstanbuldakı qaynar və izdihamlı şəhər həyatının ritmini poza bilməyib.

Sonuncu parlament seçkiləri və AKP-nin üçüncü dəfə dalbadal seçki marafonunu uğurla başa çatdırması bir daha onu göstərdi ki, bəli, müasir dünyanın qüdrətli dövlətlərindən olan qardaş Türkiyə Cümhuriyyəti daxili siyasi sabitlikdemokratik inkişaf yolunda inamla irəliləyir. Türkiyənin uğurları elə bizim - Azərbaycanın uğurlarıdır. Necə ki, Türkiyədə hər kəs Azərbaycanın uğurlarına elə Türkiyənin uğurları qədər sevinir. Bəli, Azərbaycan-Türkiyə münasibətləri bu gün özünün dərinliyi və hərtərəfli olması etibari ilə bəlkə də dünyada analoqu olmayan bir səviyyədədir. Azərbaycan və Türkiyə təkcə coğrafi baxımdan deyil, elə digər mənalarda da hər zaman bir-birinin yanındadır. Bu, tarixən belə olub, bu gün belədir və gələcəkdə də, inşallah, məhz bu cür olacaqdır. Biz şadıq ki, dostları sevindirən, düşmənləri qayğılandıran, bədxah qüvvələrin canına azar olan bu münasibətlər daim yüksələn xətt boyunca inkişaf etməkdədir. Azərbaycan və Türkiyə hökumətlərinin yeritdiyi və xalqlarımız tərəfindən böyük coşğu hissi ilə müdafiə olunan ardıcıl siyasi xətt bu münasibətlərin dərinləşərək daha da möhkəmlənməsinə xidmət edir.

 

 

Qafar CƏBİYEV,

Milli Televiziya və Radio Şurasının

üzvü, tarix elmləri doktoru

Bakı-Konya-İstanbul

 

Xalq qəzeti.- 2011.- 10 iyul.- S. 5.