Onun tədqiqatları milli mədəniyyətimizə xidmət edirdi

 

Azərbaycan incəsənəti və mədəniyyətinin tərəqqisi və inkişafında misilsiz xidmətləri olan bir sıra dəyərli insanlar əvəzsiz irs qoyub getmişdir. Onlardan biri də elmi-pedaqoji fəaliyyəti ilə tanınan görkəmli musiqişünas, sənətşünaslıq doktoru, professor Nazim Hidayət oğlu Bağırovdur.

1941-ci ilin 24 yanvarında Bakı şəhərində dünyaya göz açmış N.Bağırov ömrünü musiqiyə, nəğməyə, folklorumuzun tədqiqinə həsr etmişdir.

Azərbaycan musiqi nəzəriyyəçiləri və musiqişünasları arasında önəmli yerlərdən birini tutan Qaradəniz Texniki Universitetinin (Trabzon/ Türkiyə) doktor professoru Nazim Bağırov 30-dan çox dərslik, dərs vəsaiti və metodiki tövsiyələrin müəllifi kimi ömrünün son anına kimi yazıb -yaratmış, müsiqişünaslığımızın nadir mütəxəssisi kimi ədəbiyaşar ad qoyub getmişdir.

Bu ilin əvvəlində Türkiyə və Azərbaycanda Nazim Bağırovun 70 illik yubiley tədbirlərində onun həyat və fəaliyyətinin təhlili göstərdi ki, o nə qədər ali məqama yüksəlmiş, xalqının yolunda tarixi xidmətləri ilə nadir mütəxəssis imici qazanmışdır.

Onun 1989-cu ildə Aliorta ixtisas musiqi məktəblərinin tələbələri üçün yazdığı "Harmoniya" dərsliyi istər konservatoriyanın, istərsə orta ixtisas musiqi məktəblərinin Azərbaycan şöbəsində təhsil alan tələbələr üçün zəruri ehtiyacı ödəmək üçün atılan ilk addım kimi nümunəvi dərslik hesab edilmişdir.

Dərslikdə akkordların dördsəsli quruluşu (şaquli vəziyyətdə) ladda nənsub olduqları funksiyalar, eləcə də onların bir-bir ilə birləşmə qanunları, istənilən hər hansı bir melodiyanın harmonizə edilmə üsulu, kadansların quruluş formulu, major, minor sistemi, müxtəlif növlü melodiyalars.mövzular görkəmli alim tərəfindən elmi dillə hər tərəfli izah edilmişböyük müvəffəqiyyət qazanmışdır.

Nazim Bağırovun 20-dən çox irihəcmli kitabları içərisində "Musiqinin elementar nəzəriyyəsi", "Azərbaycan Sovet musiqi ədəbiyyatı", "Azərbaycan xalq rəqs havaları", "İkiüç səsli solfeslər", "Azərbaycan bəstəkarlarının fortopeanino konsertlərində xalq musiqisinin qaynaqları " və digər kitabları Azərbaycan incəsənətinə və mədəniyyətinə ən dəyərli töhfə olaraq indimusiqi məktəblərində əsas dərs vəsaiti kimi əhəmiyyətli rol oynayır.

Görkəmli alimin kitablarına ön söz yazmış böyük bəstəkar, xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Məlikov müəllifin əməyinə yüksək qiymət verərək dərsliklərin böyük əhəmiyyətini göstərmiş və bu dərsliklərin tələbə və şagirdlərin sərbəst çalışmalarında əvəzssiz rol oynadığını xüsusi vurğulamışdır.

Milli dəyərlərimizə xüsusi qiymət verən professor Nazim Bağırovun sonuncu ən dəyərli dərsliyi olan "Azərbaycan klassik aşıq havaları " kitabında (Bakı-Trabzon -2011) musiqi tariximizə ən dəyərli töhvə kimi bir çox aşıq melodiyaları və bəzi dastanlar geniş kütləyə çatdırmaq üçün işlənmiş və sənətşünaslıqda yeni bir hadisə kimi qiymətləndirilmişdir.

Ömrünün son illərini musiqi folkloruna həsr etmiş alim aşıq Hüseyn Saraclının bir neçə ifasını nota salıb kitabça şəkilində musiqi ictimaiyyətinə çatdırmışdır. Onun saz havalarının notlaşdırılması sahəsindəki işləri də yeni layihə kimi böyük maraq doğururdu. Professor Nazim Bağırov yüksək vətəndaş mövqeli alim idi. Onun oğru erməni sənətçilərinin "Aşıq Qərib" dastanmızı mənimsəmə cəhdlərinə cavab olaraq yazdığı "Aşıq Qərib və Şahsənəm" əsəri Nazim Bağırovun nə qədər vətənpərvər insan olduğuna bariz sübutdur. Belə ki, Nazim müəllim "Aşıq Qərib və Şahsənəm" dastanını ustad bir aşığımızın dilindən lentə alıb onu notla dünyaya təqdim etməklə tarixi bir görmüşdür. Görkəmli alim dasatanı bütöv şəkildə ilk dəfə olaraq not yazısı ilə tam şəkildə yüksək peşəkarlıqla kitab halına gətirmişdir.

N.Bağırovun böyük zəhməti bahasına ərsəyə gətirdiyi "Azərbaycan klassik aşıq havaları" kitabına müasir aşıq sənətimizin inkişafında və təbliğində misilsiz xidmətləri olan Aşıq Əkbər Cəfərov, Aşıq Şəmşir və Aşıq Kamandar Əfəndinin ifa etdikləri "Kərəm gözəlləməsi", "Qara müxəmməs", "Lalə", "Süsənbəri", "Bəhri təvil", "Xançobanı", "Ovşarı", "Qəribi", "Bəhri divani", "Şahsənəmi", "Bəhməni" və "Urfani" havaları daxil edilmişdir.

Bu yaxınlarda əbədiyyətə qovuşmuş böyük alimə ulu Tanrımızdan qəni-qəni rəhmət diləyir və qəbri nurla dolsun deyirik!

 

 

Ədalət MƏMMƏDOV,

Azərbaycan Universitetinin

dissertantı, tədqiqatçı-filoloq

 

Xalq qəzeti.- 2011.- 10 iyul.- S. 6.