Vətəni gəzən
səs
Xalqımızın qəhrəmanlıq salnamələrini, döyüş səhnələrini və şəhidlərin taleyini özündə əks etdirən Vətən mövzusu istər mənzum, istərsə də hikmətamiz nəsr nümunələri ilə dillər əzbərinə çevrilmiş, yaddaşlara həkk olunmuşdur. Klassik şairlərin yaradığıcılığından tutmuş müasir qələm ustalarının yaratdığı bədii nümunələrədək ədəbiyyatımızda ana xətti təşkil edən bu mövzuda Vətən uğrunda aparılan mücadilələrlə yanaşı, doğma yurdun əsrarəngiz gözəllikləri təsvir və tərənnüm olunmuş, xalqımızın xarakterinə uyğun simvolik marş və himnlərə çevrilmişdir.
Bu poetik söz çələngi şair ürəyindən süzülüb bədii qiraət ustalarının səsi ilə insanlara ruh verir, sözün əzəmət və qüdrətini pərdə-pərdə açaraq dinləyiciləri riqqətə gətirir, şairin hay-harayını, könül duyğularını dünyaya çatdırmağa cəhd edir. Bədii qiraətlə könüllər oxşayan böyük Kazım Ziyanın səsində Füzulinin qəzəlləri, Mehdi Məmmədovun ifa ustalığında Şekspirin qəhrəmanları, Əli Zeynalovun ifasında Sabirin satiraları, Müxlis Cənizadənin dilində Vaqifin qoşmaları, Səməndər Rzayevin, Məhluqə Sadıqovanın təqdimatında xalq yaradıcılığı nümunələri, Lütfi Məmmədovun, Həsən Əblucun, Əminə Yusifqızının, Mikayıl Mirzənin, Laləzar Mustafayevanın, Azad Şükürovun, İlham Əsgərovun bəzən gur, bəzən də kövrək və həzin səsində çağdaş sənətkarlarımızın poeziya nümunələri dinləyicilərin ruhunu oxşamış, bədii qiraət sənəti onların təkrarsız istedadları ilə daha da inkişaf etmişdir.
Belə sənətkarlardan biri də çağdaş aktyorluq sənətimizin görkəmli nümayəndəsi, bədii qiraət ustası, respublikanın əməkdar artisti Ağalar Bayramovdur.
Onun ifasında sözün şəkli canlıdı, o öz qan dövranını ədəbi sözün, obrazlı sözün, qüdrətli sözün qəlb döyüntüləri ilə dürüst tənzimləyir, xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizə yolları, bu yollarda başımıza gətirilənlər - döyüş səngərlərindəki şücaətlərlə yanaşı xəyanət cızan qara əməllər, ana-bacılarımızın göz yaşlarından keçən ah-nalələri və bu mənzərələri özündə əks etdirən şeir nümunələri Ağalar Bayramovun səsində daha da möhtəşəmlik qazanır. Rəssam səsə malik sənətkarın ifasında çağırış motivli şeirlərdən tutmuş lirik ovqat yaradan ədəbi çırpıntılara kimi hər misra, hər beyt bənzərsiz yaşam qazanır. Bu yaşamın içində sənətkarın xoşbəxtliyi zövq verə bildiyi dinləyicinin könül xoşluğu ilə davamlı təmas yaradır.
Orta təhsilimi Bakıdakı fizika-riyaziyyat təmayüllü internat məktəbində, ali təhsilimi isə Politexnik İnstitutunda aldığımdan fizika və riyaziyyat fənlərinə təkcə dəqiq elmlər kimi deyil, bir həyat fəlsəfəsi kimi dərin rəğbətim olub. Odur ki, dünyanın ağlı-qaralı gərdişinə, enişli-yoxuşlu dolaylarındakı fiziki proseslərə və riyazi hesablamalara nəzər salanda səs tezliklərinin yaratdığı enerji dalğalarındakı rənglərin tilsiminə düşürəm. Bu tilsim yeddi rəngdən ibarət olub, insanın daxili aləminin çalarlarının psixoloji mənzərələrinin səs qatlarını nizamlayır, müfəssəl şəkildə eşitdiyimiz səslərin rəng, gördüyümüz rənglərin isə səs harmoniyasını yaradır.
Səsin rəngini notlara düzmədən, ilmə və naxışlara çəkmədən, muğam dəsgahlarına, opera və simfoniya çalarlarına bələmədən qiraət vasitəsiylə, olduği kimi hədəfə çatdırmaq bacarığı nadir sənətkarlara nəsib olur. Bu baxımdan Ağalar Bayramovun səsindəki rənglərin təcəssümü səs-rəng aspektində bir nişan, ağlı-qaralı nə varsa hər şeyin fonunda bir işıq, səs tezliklərindən əmələ gələn möhtəşəm bir dalğa yaradır. Bu dalğanın çevrələri Çanaqqala şəhidlərinin ölməz fədakarlığından, Xocalı fəryadının qisas gününü gözləyən məqamlarından, Daşaltı döyüşünün ağır və acı dərslərindən boylanan dərs yükündən, əsarətdə çırpınan Xarı bülbülün xar olan duruşundan keçir.
20-ci yüzilliyin
ən böyük söz
adamlarından biri, Türkiyənin istiqlal şairi kimi tanınıb məşhurlaşan Mehmet Akif Ərsoyun "İstiqlal marşı" Ağaların
ifasında tarixin uzaq
keçmişindən uzun bir
yol keçib gələn
azman türk oğlunun cəngavərlik salnaməsi kimi çox təbii
notlarla səslənir. Asiya və Avropanın qovuşan yerində doğulan
bu monolit şeir nümunəsi öz
içində yaşadığı dövrün
qabarma-çəkilmələrini bütün
təfərrüatı ilə əks etdirən, türk dünyasının elmi-islami,
ozan-qəhrəman, mərd-xeyirxah keyfiyyətlərini, ölməz
ruhunu tərənnüm edir:
Dalğalan
sən də şafaklar kimi ey şanlı hilal!
Olsun
artık tökülən qanlarının həpsi halal.
Ebediyyət sana yok, irkıma yok, izmihlal:
Hakkıdır, hür yaşamış,
bayrağımın hürriyyət,
Hakkıdır, Hakka tapan, millətimin
istiklal!
Bəzən mənə elə gəlir ki, Ağaların dilində səslənən Vətən
mövzulu şeirlərin
əlindən tutub dünyanın soydaşlarımızın
səsi, nəfəsi
dəyən bütün
ərazilərini gəzib
dolaşmaq ehtiyacı
yaranır.
Axı,
Vətən! deyib ötən səsdən boylanaraq bu yurda
baxanda Vətən daha da əzəmətli
görünür, bu əzəmətin içində
çox şey yada düşür, çox itkilər göz önündə canlanır, çox yaraların qaysağı qopur !;
Nə xırman bir, nə dən birdi,
Döyən min-min, bədən birdi,
Mən
ha deyim Vətən birdi
İkidi
Araz dilində...
Ağalar heç vaxt söylədiyi şeiri anlatmır, onu dinləyiciyə yaşadır,
daha doğrusu, Ağaların səsində
şeirin canı, qanı dinləyicinin canına, qanına qarışır. Bütöv yaşantı yaradır.
"Azərbaycan" marşı
bu qəbildən özünəməxsus yer
tutur:
Ey torpağı ləli-mərcan,
Azərbaycan, Azərbaycan!
Mən verərəm uğrunda
can,
Azərbaycan, Azərbaycan!
Ey Vətənim, qarı düşmən bağrını
al qan eylədi,
Soydu rəzalətlə səni,
zülmlə talan eylədi,
Bağlarını vurdu xəzan, gör necə viran eylədi,
Zülmət çöküb, dondu
zaman,
Azərbaycan, Azərbaycan!
Yeri gəlmişkən,
M.Ə.Sabirin ideya, bədii təsir gücü ilə xüsusi seçilən
"Səttarxana" adlı
şeiri Məşrutə
inqilabının sərkərdəsi
Səttarxana, onun fədailərinin şah qoşunları üzərindəki
parlaq qələbəsinə
həsr edilib. Milli xalq
qəhrəmanının şəninə
həsr edilmiş şeirdə Təbriz fədailərinin mütləqiyyət
üzərindəki qələbəsi
coşqun ilhamla yazılıb.
Afərin
təbriziyan, etdiz əcəb əhdə vəfa,
Dustü
düşmən əl
çalıb eylər
sizə səd mərhəba,
Çox
yaşa, dövlətli
Səttarxan əfəndim,
çox yaşa
Cənnəti-əladə peyğəmbər sizə
eylər dua.
Bu şeir parçaları bu gün daha
çox oxunmalı, dinlənilməlidir... Ümumiyyətlə,
Sabir bu gün daha çox
təbliğ olunmalı,
öyrənilməlidir... Ağaların səsi də elə bunu deyir.
Oxucular tərəfindən hər
şeiri maraqla oxunan, Vətənin müqəddəsliyini bənzərsiz
və obrazlı şəkildə nəzmə
çəkib rəngarəng
poeziya nisanı yaradan, bu nisanı
yurdumuzun insanlarından,
onların adət-ənənələrindən,
təbiətindən mayalandıran
sevimli şairimiz Məmməd Arazın
"Ayağa dur, Azərbaycan" şeiri Ağalar Bayramovun ifasında daha da dolğunlaşır, böyüyür, təsir
dairəsini genişləndirir:
Səndən qeyri
biz hər şeyi bölə billik,
Səndən qeyri
biz hamımız ölə billik,
Bu, Şəhriyar harayıdır,
Bu, Bəxtiyar harayıdır,
Ayağa
dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran
baban deyir...
Bu misraların əks-sədası
kimi Ağaların təlatümlü səsində
şairin ruhu kükrəyir, bu coşquda, bu hayqırtıda üfüqlərdən
üfüqlərə, sərhədlərdən
sərhədlərə səkən
bir çağırış
baş qaldırır,
Vətən övladının
içindəki qorxu boğulur, özünü
boz qurd eləyir, dağları yerindən oynadan nərələrə çevrilib
yatmış vulkana nəfəs verir, onu körükləyir:
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa
dur, Azərbaycan!
Səninləyəm!
Vulkan oyatmağa qadir olan bir səsin
sahibini - Ağalar Bayramovu böyük şairimiz Məmməd Araz həmişə təqdir eləyərdi, onun səsində öz şeirlərinin ifasına diqqətlə qulaq asardı, kövrələrdi, qiraət
ustasına başını
ağır-ağır yellədərək
təşəkkürünü bildirərdi.
Ağalar
Bayramovun səsində
ustad Şəhriyarın
"Azərbaycan", Abbas
Səhhətin "Vətən",
Səməd Vurğunun
"Şair, nə tez qocaldın sən", Mikayıl Müşfiqin "Yenə
o bağ olaydı"
şeirləri, eləcə
də Qabilin, Xəlil Rza Ulutürkün, Sabir Almazovun, Əjdər Olun, Nüsrət Kəsəmənlinin şeirləri
yeni ömür qazanır, dinləyicilərin
ruhunu oxşayır. Ağaların həmin şeirləri
müşayiət üçün
seçdiyi musiqi parçaları da diqqəti cəlb edir. Görürsən ki, onun musiqi zövqü və ruhu da
tamamilə bu Vətənin ağrı-acılarına,
nisgilli taleyindən keçən muğam sədalarına, sazın yanğılı iniltilərinə,
eyni zamanda cəngidə cövlan eləyən igid nərələrinə köklənib.
Səsindəki və
seçdiyi musiqi parçalarındakı uyğunluqlar
şeirin təsir gücünü bir az da artırır, hətta bəzi şeirlərdəki
zəif misraları da ört-basdır edə bilir, baxmayaraq ki, Ağalar səsləndirmək
üçün heç
vaxt zəif və yersiz şeirlər seçmir.
Ağalar
şeirləri səngər
boyunca ürəyi ilə, varlığıyla
keşik çəkən
mərd oğullara, alın təriylə qurub- yaradan zəhmət adamlarına,
bir-birinə könül
verib keşməkeşli
həyata atılan sağlam gənclərə,
təndir başında
yapdığı çörəyin
ətri ətrafa yayılan ana-bacılara, tələbələrə, şagirdlərə
- hamıya oxuyur, Vətən ətrini və Qələbə qoxusunu hər kəsə dadızdırmağa
çalışır, özü
də Məmməd Arazın dili ilə:
Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola
bilər.
"Azərbaycan" - deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə
toxuna bilər.
- deyir.
Bir də Abbas Səhhətin
təbirincə deyir ki:
Şişə çəksəz də
diriykən ətimi,-
Atmaram mən Vətənü, millətimi.
Vətəni səsiylə gəzir Ağalar. Səsiylə bütöv Azərbaycanı
dolaşır - Arazı
adlayır, Təbrizi ötür, Savalanın qarına sürtür yanğısını, Samurdan
keçir, yetim və qədim Dərbəndin 5 min ilin o üzündəki tarixi mənbəyini səsiylə
yerindən tərpədir,
Dəmirqapının Xəzərin
dalğalarıyla öpüşən
nisgilini beyt-beyt soydaşlarımıza çatdırır,
Göycə göynərtisini
Borçalı harayına
büküb səsiylə
sərhədləri qıra-qıra
tufan qoparır, hayqırır, Qarabağın
dağlı-aranlı kədərini
Quşçulardan, Malıbəylidən,
Şellidən, Daşaltıdan
qoparıb səsinin ləngərinə çırpır,
ürəyini çırpa-çırpa
Laçından, Kəlbəcərdən
keçirdir, Şuşaya
boylana-boylana nə vaxtsa (bəlkə elə bu günlərdə)
yaralı bir daşa sancılacaq Azərbaycan bayrağının
kölgəsi düşən
yeri öpməyə hazırlaşır:
Sənsən Azadlıq eşqim,
sənsən
Hürr
deyəcəyəm,
Ən
son nəfəsimdə də
sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun
daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə
kölgən düşən
torpağı,
Azərbaycan bayrağı!
Elə
biz də hazırlaşırıq,
həm səsimizlə,
həm də sözümüzlə!
Ramiz QUSARÇAYLI
Xalq qəzeti.- 2011.- 10 iyul.- S. 7.