Musiqidə Şərqlə Qərb ənənələrinin təcəssümü

 

Sivilizasiya tarixində ölkələrarası mədəni əlaqələrin elə parlaq nümunələri var ki, minilliklərdən bəri öz əhəmiyyətini qoruyub saxlamış və labüdlüyünü təsdiq etmişdir. Belə nümunələrdən biridünya tarixində silinməz iz qoymuş, ölkələr və xalqlar arasında mədəni- iqtisadi körpü yaratmış "Böyük İpək Yolu"dur.

AvropaAsiyadan çarpaz şəkildə keçən şəbəkə mədəniyyətin qarşılıqlı təsirinə və zənginləşməsinə bəyük töhfələr vermiş, mədəni ənənələrin mübadiləsinə səbəb olmuşdur. Məhz belə bir ünsiyyətin nəticəsi kimi həm ticarət, həm memarlıq, həm də musiqi incəsənəti özünün daxili rəngarəngliyi ilə, hətta dini əlaqələr belə inkişaf edir. Məhz İpək yolunun nailiyyətidir ki, Şərqlə Qərbin bir-birinə olan ehtiyacı təmin olunmuşdur.

Tarixən, çox enişli - yoxuşlu yol keçmiş, tənəzzülə uğrayaraq X əsrdə öz mövcudluğuna son qoymuş "Böyük İpək yolu" ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində bərpa olunmuşdur. Sonradan bu siyasi-iqtidsadi ənənələr mübadiləsi "İpək yolu" Beynəlxalq Musiqi Festivalında öz təcəssümünü tapır. 2010-cu ildə müasir bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, YUNESKO-nun "Sülh naminə incəsənət xadimi" Firəngiz Əlizadənin təşəbbüsü və böyük əməyi sayəsində qədim Şəki şəhərində əsası qoyulan festival dünyanın musiqi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Bu səbəbdən festivalın ənənəvi şəkildə hər il keçirilməsilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun və alqışlanmalı addımdır.

Yüz illər boyu qədim ipəkçilik sənətinin mərkəzlərindən olan Şəki şəhərində bu festivalın təşkil olunması heç də təsadüfi deyildir. Festivalın xarici qonaqları Böyük İpək Yolunun mərkəzində dayanan Şəki şəhərinin tarixi məkanlarında Qərblə Şərq mədəniyyətinin ortaq məxrəcdə təzahürünü seyr etdilər.

İkinci festival iyunun 28-dən iyulun 1-dək Azərbaycanın digər qədim məkanı olan, paytaxtımız Bakıda keçirildi.

Azərbaycan əzəldən Böyük İpək yolunda vacib bir məntəqə olmuşdur. Bunun bariz nümunəsi Bakıda qorunub saxlanılan karvansaraylardır. Festivalı diqqətlə izləyən tamaşaçıların gözü qarşısından İçəri-şəhərdə yerləşən kiçik karvansarayda Hindistan, Cənubi KoreyaNorvec ifaçıların və Qədim Azərbaycan musiqi alətləri ansamblının iştirakı ilə canlı musiqi karvanını izləmək nəsib oldu.

Festivalda Azərbaycanın məşhur ifaçıları ilə yanaşı, dünyanın dörd bir tərəfindən gəlmiş kollektivlər də iştirak etdilər. Festival çərçivəsində nəzərdə tutulan tədbirlərin qədim tarixi məkanlarda keçirilməsi müasir dünya ilə tarixin birgə atmosferini yaratmaqla insanlarda nostalji hissləri əmələ gətirdi.

"Şirvanşahlar" sarayında düzənlənən festvalın açılış mərasimində, açıq səma altında nümayiş etdirilən dahi bəstəkarımız Ü.Hacıbəylinin "Əsli və Kərəm" muğam operası tamaşaçıların zövqünü oxşadı. İnsanlar, sanki, bu məhəbbət əfsanəsini canlı izlədilər. Tarixi məkan, dahi Üzeyir bəyin milli musiqimizə söykənən notları gözəl bir harmoniya yaratmışdı.

"İpək yolu" II Beynəlxalq Musiqi Festivalında yaddaqalan tədbirlərdən iyunun 29-da Dövlət Muzey Mərkəzinin "Rotonda" zalında baş tutan Hindistanın Amaan Əli Xanın rəhbərlik etdiyi "Sarod" ansamblının, R.Mustafayev adına Dövlət Təsviri İncəsənət Univesitetində keçirilən "Rikoşet" simli kvartetinin konsertlərini xüsusi qeyd etmək istərdim.

Keçən festivalda hind raqalarını setar alətində dinləmək azərbaycanlı tamaşaçıya nəsib olmuşdur. Lakin bu festivalda ilk dəfə olaraq Hindistanın qədim aləti olan sarodun və zərb aləti olan tabla alətinin kvartet şəklində səslənməsini dinləmək musiqi ictimaiyyətinə zövq bəxş etdi. Mərkəzi Asiyada yaranmış bu alətdə 19 sim olur. Sarod akustik təkmilləşmiş alətlərdən biridir ki, həm sürəkli səsləri, həm də, natamam tez səslənən musiqi frazalarını təcəssüm etməyə qadirdir. Musiqişünaslıq elmində bu alətin vaxtilə İran ərazisində yaradıldığı, rubaba qohumluğu bildirilir. "Sarod" qədim fars dilində "gözəl səs" deməkdir.

Festivalın qonağı Amaan Əli XanAyan Əli Xan "sarod"un şahı adlandırılan Əmcad Əli Xanın oğullarıdır. Xüsusilə, Amaan Əli Xan gənc olmasına rəğmən virtuoz musiqiçi kimi dünyada kifayət qədər tanınır. Digər tanış olduğumuz alət "tabla"dır. Bu iki alət səhnədə dialoq şəklində səslənirdi. İfaçılar dünya musiqi mədəniyyətinin həm ifa, həm də qavranma baxımından ən nadir təzahürü olan raqaları ifa edərkən, bu musiqinin dərin fəlsəfi mənaya malik olmasını və raqaların ifasında hind fəlsəfəsinin musiqidə təzuhürünü seyr edə bildik.

İfaçılar tərəfindən qeyd edildiyi kimi, "Biz musiqini nə yazırıq, nə də oxuyuruq. Bu, bizə atamızdan, ona da öz atasından keçib. Musiqini ifa edərkən bizə elə gəlir ki biz oxuyuruq". Yəni fəlsəfi cəhətdən musiqi hind fəlsəfəsinə görə, hər şeyin fitrətində mövcuddur. "Sarod"la "tabla"nın yaratdığı harmonik və möcüzəvi duyğular, bu alətlərin ifa üslubutembri dinləyicilərin qəlbini riqqətə gətirmişdi. Konsert Şərqin daxilən şaxələnməsini, mürəkkəb tembr rəngarəngliyini və dərin fəlsəfəyə malik olmasını bir daha təsdiq etmişdir.

Həmin gün R.Mustafayev adına Dövlət Təsviri İncəsənət Muzeyində keçirilən S.Y.Pilutikovun rəhbərlik etdiyi "Rikoşet" simli kvartet R.Qliyerin № 4 (III hissə) simli kvartetini, R.Əliyevin "Şuşada dərin dərələri xatırlayarkən" simli kvartet üçün "Monoloq"unu, İ.Şerbakovun "Kansona" simli kvartet üçün, M.Skorik "Melodiya" simli kvartet üçün, F.Əlizadə "Muğamsyağı" simli kvarteti üçün əsərlərini ifa etmişdir. Kvarteti dinləyərkən belə bir nəticəyə gəlmək olur ki, ifaçılar klassik musiqi üzərində tərbiyə almış və eyni zamanda müasir ifa pryomlarına müraciət edərək fransız avanqardında təməli qoyulmuş müasir musiqinin fəlsəfəsinə mükəmməl yiyələnmişlər. Gördüyümüz kimi, klassik bir tərkibə malik ansambl müasir əsərlərin tam səslənməsinə nail ola bilmişöz repertuarına yerindən asılı olmayaraq tam əks qütblərin əsərlərini daxil etmişdir.

Ukraynadan gəlmiş simli kvartet öz proqramını çox rəngarəng qurmuş və müxtəlif üslublu əsərləri əhatə etmişdir. Belə ki, simli kvartetin ilk öncə ifa etdiyi əsər R.Qliyerin № 4 (III hissə) simli kvarteti oldu. Bu təsadüfi deyil, konseptual şəkildə düşünülmüşdür. Yəni musiqi tarixindən bəlli olduğu kimi, R.Qliyer rus klassik musiqisinin nümayəndəsi olaraq, daim öz yaradıcılığında üslub sintezini ustalıqla həyata keçirmişdir. Bu müəllifin "Şahsənəm" operasının məxsusi olaraq Azərbaycan üslubuna, milli musiqimizin özəyini təşkil edən muğama əsaslanmasında özünü göstərir. Məhz bu baxımdan Ukrayna simli kvartetinin ilk olaraq Qliyerə müraciəti yuxarıda deyilənlərə bir işarədir.

Bunun ardınca səslənən R.Əliyevin "Şuşada dərin dərələri xatırlayarkən" əsəri proqramlı musiqi kimi olduqca ciddi və məqsədyönlü bir əsərdir.Burada müəllif, sanki, musiqinin vizual görüntülərini yaratmağa çalışmışdır.

İ.Şerbakovun təqdim etdiyi simli kvartet üçün "Kansona" və M.Skorikin simli kvartet üçün "Melodiya" əsəri musiqinin klassik janr və formasına əsaslanaraq, eyni zamanda, ona yeni münasibətdir. Bəstəkarların klassik janrlar əsasında formalaşıb, yetkinləşməsinə baxmayaraq ənənəyə yeni münasibətləri, müasir axtarışları biruzə verir. Bu əsərlər, sanki, R.Qliyerin dövründən formalaşıb gələn klassik ənənənin müasir təqdimatıdır.

Konsertin möhürünü vuran F.Əlizadənin "Muğamsayağı" əsəri, sanki, iki aləmin qarşıdurması və onun böyük ustalıqla mübahisəsidir. Müasir dövrdə iki qlobal yaranışın - Avropa bəstəkarlıq texnikasının və muğam fəlsəfəsinin qarşıdurması aktual olaraq qalır və bəstəkardan böyük bir professionallıq tələb edir. Bəstəkar alətlərin seçiminə də özünə xas şəkildə, novatorcasına yanaşmış və dinləyicini düşünməyə vadar etmişdir. Simli kvartetin janr çərçivəsini genişləndirərək, Firəngiz Əlizadə klassik tərkibə zərb alətlərini daxil edibbununla dinləyicinin təxəyyülündə, sanki, orkestr səslənməsini yaradır.

Bütün bu əsərləri dinləyərkən biz kvartetin ifasında Şərqlə Qərbin bir araya gəlməsinin şahidi oluruq. Adıçəkilən bəstəkarların əsərləri "İpək yolu" konsepsiyası əsasında qurulmuşdu, yəni Şərq - Qərb ənənələrinin qarşıdurması və ya təcəssümü. R.Əliyev, R,Qliyer, İ.Şerbakov, M.Skorik kimi bəstəkarların musiqi ictimaiyyətinə təqdim olunan əsərləri, gördüyümüz kimi, bu konsepsiyaya əsaslanır. Lakin təfəkkür tərzinə və fəlsəfi düşüncələrinə görə bu konsepsiyaya özünəxas yanaşma, üstəlik ansamblın müasir musiqi fəlsəfəsinə dərindən yiyələnməsi F.Əlizadənin Avropa musiqi janrı ilə milli musiqi formasının sintezini təşkil edən "Muğamsayağı" əsəri "İpək yolu" konsepsiyasına olan kamil bir cavab kimi səslənir. Çünki, bu konsepsiya F.Əlizadənin bütün yaradıcılığından ana xətt olaraq keçir və hər bir əsərində yeni bir ideya gerçəkləşir. Tamaşaçı, doğrudan da, çox maraqlı, bir-biri ilə çarpazlaşan konsert proqramını dinlədi və bu səslənən musiqi dinləyicidə gözəl bir təəssurat buraxdı. Doğrudan da, Şərq öz köklərinə əsaslanaraq inkişaf edir, Qərb isə inkişaf ilə yanaşı, Şərq mədəniyyətini də təbliğ edərək öz qərbliyini yaradır.

Belə bir artfestivalın keçirilməsi tədbir naminə deyil, məhz iştirakçı ölkələrin arasında sıx əməkdaşlığın olmasına zəmin yaratmış və festival tamamilə buna həsr olunmuşdur. Bu da incəsənətin müxtəlif növlərinə həsr olunmuş tədbirlərin ərsəyə gətirilməsində böyük bir xidməti olan festivalın bədii rəhbəri, "İpək yolu"na xas dildə desək, mədəniyyət karvanının sarvanı olan və Azərbaycan musiqisini dünyaya tanıdan Firəngiz Əlizadənin növbəti uğurudur.

 

 

Lətifəxanım ƏLİYEVA,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 10 iyul.- S. 7.