Muğam xəzinəsinin inciləri
Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski və Xan Şuşinski
Dünyanın
heç bir yerində Azərbaycan xanəndələrində
olan səslərin tayı-bərabəri yoxdur.Bizim xanəndələrin
böyük səs diapazonu, sürəkli və şaqraq zəngulə
vurmaq qabiliyyəti,tarın zil pərdələrində uzun
müddət gedişlər etmək imkanları onları dinləyənləri
heyrətə gətirir.
Deyilənlərə
görə, xarici turnelərdə konsertdən sonra səhnə
arxasına keçib xanəndələrimizin
boğazlarında hansı qurğu gəzdirdikləri ilə
maraqlananlar az olmayıb.Xarici dinləyicilər heç cür
inana bilməyiblər ki, müğənni fenomenal ifa səviyyəsinə
qurğusuz-filansız yüksələ bilər.
Bəzən
professional musiqi biliciləri unudulmaz Cabbar
Qaryağdıoğlunun İtaliyanın məşhur tenoru
Enriko Karuzo ilə müqayisə etməkdən qürur duyurlar.
Bu, düzgün müqayisə deyildir. Ona görə ki, Cabbar
Qaryağdıoğlunun səs diapazonunun iki oktava yarım
olması heç də onun böyük Enriko Karuzodan
üstünlüyü kimi başa düşülməməlidir.
Bilmək lazımdır ki, bütün zamanların bənzərsiz
tenoru kimi tanınan Karuzo vokal məktəbi keçmiş,
köks səsi ilə oxumuş dramatik tenor idi. Cabbar və digər
milli xanəndələrimiz isə kəllə rezonatorundan
istifadə yolu ilə, yəni falset səslə oxuyurdular.
Bülbül İtaliyada təhsil alana qədər falset səslə oxumuşdu. İtaliyada vokal müəllimlərinin təmrinlərini keçəndən sonra həmin səs köks səsi ilə əvəz olunmuşdu və o, lirik-dramatik tenor idi. Avropa vokalını Azərbaycan oxu tərzi ilə müqayisə etmək yersizdir. Avropa vokal sirlərinə yiyələnmiş müğənnilər oxuyarkən tənəffüslərini diafraqmanın köməyi ilə idarə edirlər. Məsələn, Bülbül italyan vokal məktəbinin sirlərinə yaxşı bələd olan sənətkar idi. Əfrasiyab Bədəlbəylinin "Nizami" operasından vokal baxımından çox çətin sayıılan ariyalarını oxuyarkən o, diafraqmasını düzgün idarə etdiyindən orta diapazonda səsinin xeyli uzadılmasına ( bu,xeyli çətin işdir) nail ola bilirdi. Bülbül çətinlik çəkmədən çox zil notları da məlahətli səs ilə götürürdü. Elə bu səbəbdəndir ki, Nizaminin ariyalarını Bülbüldən sonra heç bir müğənni onun kimi oxuya bilməmişdi.
Avropa vokalçıları zəngulə vurmağın nə olduğunu bilmirlər, bunu zor gücünə istəsələr də edə bilməzlər. Sürəkli zəngulələr ustası Cabbar Qaryağdıoğlunu bu cür yersiz müqayisələrlə kiməsə bənzətmək əbəsdi. Qaryağdıoğlu özünün milli xüsusiyyətli bənzərsiz falset səsi ilə ölməzlik rütbəsi qazanmışdır. Birdəfəlik bilmək lazımdır ki, Avropada və ümumiyyətlə dünyanın bütün sivil ölkələrində Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin və Xan Şuşinskinin ecazkar səsləri misilsiz idi. Belə səslər ancaq Azərbaycan diyarının bənzərsiz saf suyunun, təmiz və ovsunlayıcı dağ havasının sayəsində ərsəyə gəlir.
Bizim zilxanlar lazım gəlsəydi Karuzo,Cili, Mario del Monako, Mario Lansa kimi oxuya bilərdilər,avropalı tenorlar isə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi oxuya, çox zil pərdələrdə cəh-cəh vura, səslərini istənilən cür idarə edə bilməzdilər - yəni muğam oxuya bilməzdilər. Onlar öz partiyalarında ən çoxu iki, yaxud uzaqbaşı üç- dörd dəfə "si-bemol", bir-iki dəfə də "do" notunu götürürlər. Bu isə onlara heç də hər dəfə müyəssər olmur. Onu da deyək ki, Qərb vokalçıları öz ifalarını yuxarı notlar götürməklə və heç bir söz demədən səslərini uzatmaqla sona çatdırırlar. Bunun uğurlu alınması üçün dəridən-qabıqdan çıxırlar. Bəzən magiyaya da müraciət edirlər.
Zamanəmizin böyük tenoru Luçano Pavarotti Cakomo Puççininin Nizami Gəncəvinin motivləri əsasında yazdığı "Turandot" operasında Kalafın çox çətin ikinci ariyasını oxumalı olanda səhnəyə əlində yekə bir yaylıqla , ciblərində bir düjün mıxla çıxırdı ki, "do" sonluğunda ilişməsin. Bu əşyalar məşhur tenor üçün həmayil rolunu oynayırdı. O, ariyanı final notla oxuyub qurtarandan sonra xeyli vaxt gözlərini yumur, tamaşaçıların gurultulu alqışlarını eşidən kimi ətrafa baxır və bəxtəvərliklə gülməyə başlayırdı. Cabbar Qaryağdıoğlu isə 83 yaşında olanda tarın "do" kökündə "Heyratı" oxuyardı. Bu, bir möcüzə idi.
Yaxın və Orta Şərqin,Qafqazın ən məşhur xanəndəsi kimi ad çıxarmış Cabbar Qaryağdıoğlu ilk növbədə mahir muğam bilicisi , novator sənətkar kimi tanınırdı. Bir muğamdan digər muğama keçmək üçün təsnif seçmək bacarığı onu dinləyənləri mat qoyardı. "Çahargah"ın "Mənsuriyyə"sini Qaryağdı oğlu kimi məharətlə oxuyan ikinci bir xanəndə tanımıram" - demişdi məşhur muğam ifaçısı İslam Abdullayev. "Mənsuriyyə" və ondan sonra gələn "Üzzal" hissələri son dərəcə zil səslə oxunmalıdır. Cabbar "Mənsuriyyə" oxuyarkən elə orijinal gedişlər edərdi ki, müşayiətçi tarzənlər çətinliyə düşdüklərindən özlərini əməlli-başlı itirərdilər. Buna görə də məşhur xanəndə "Mənsuriyyə"ni kamançanın müşayiəti ilə oxumağa üstünlük verərdi. Xanəndənin kamançanın müşayiəti ilə oxumasının necə təsirli alındığı Qafqaz regionunda öz böyük ifa sənətkarlığı ilə erməni kamançaçalanların bazarını birdəfəlik bağlamış olan xalq artisti Habil Əliyevin müşayiəti ilə xalq artisti, intəhasız gözəl səsli Yaqub Məmmədovun oxuduğu "Mənsuriyyə"dən bilinir.
Yeri gəlmişkən onu da deyək ki, əgər Böyük
Tanrı murdar xislətli erməniləri muğam səslərindən məhrum etməsəydi
, onlar bizim
muğamlarımıza da şərik
çıxmaqdan çəkinməzdilər. Muğam
isə paklığı sevir. İzahata ehtiyac yoxdur! Cabbar
Qaryağdıoğlu həm də musiqi bəstəçisi
və nəğməkar şair idi. Bir dəfə İrəvanda
toy məclisində ikən "bəy tərifi"ndən
sonra görür ki, gəlinin atası nədənsə
narazıdır. Məlum olur
ki,qızına tərif deyilməməsi atasını qeyzləndirib.
Qohumlar gəlinin kişi
məclisinə gəlməsinə etiraz
ediblər. Qaryağdıoğlu deyib ki, heç olmazsa gəlinin bir-iki əlamətini
bildirin. Toy sahibləri
deyiblər ki, qızın yanağında
iki xalı var. Xanəndə
dərhal musiqi bəstələyərək
aşağıdakıları oxuyub:
İrəvanda
xal qalmadı.
O xal
nə xaldır,üzə düzdürmüsən,
De
görüm nə xaldır qoşa düzdürmüsən?
Daha
məndə can qalmadı.
O,
xal nə xaldır, üzə düzdürmüsən?
De
görüm, nə xaldır, qoşa düzdürmüsən
və s.
Böyük xanəndəmiz Xan Şuşinski danışırmış ki, bir dəfə 72 yaşlı Cabbar Qaryağdıoğlu ilə toyda olarkən onun "Heyratı" ritmik muğamını necə şövqlə oxuduğunun şahidi olub. 32 yaşlı Xan Şuşinski ondan 40 yaş böyük Qaryağdıoğlunun inamlı ifasından az qala çaşqınlıq hissləri keçirib və özünə gələndən sonra qocaman xanəndənin oxu yolunu eynilə təkrar edib. Qaryağdıoğlu etiraf edib ki, çox zillərə getməklə gənc Xanın nəyə qadir olduğunu bilmək istəyirmiş.
Qaryağdıoğlundan dərs almış ustad sənətkar Seyid Şuşinski demişdir: "Başqa sənət dostlarım kimi mən də ustadım Cabbar Qaryağdıoğlundan çox şey öyrənmişəm, onun gözəl oxumaqlarını, coşqun zəngulələrini çox eşitmişəm. Onun başqa bir zövqlə oxuduğu "Heyratı", "Mahur", "Mənsuriyyə" muğamlarını dinləyəndə ürəyim tir-tir əsirdi. Mən fəxr edirəm ki, böyük Cabbarın tələbəsiyəm. Özümün sənət qələbələrimi bu böyük sənətkarın adı ilə bağlayıram".
Cabbar Qaryağdıoğlunun "Şərq musiqisinin incisi" adlandırdığı Mirmöhsün ağa Seyid İbrahim oğlu Şuşinski Azərbaycanda muğam sənətinin inkişafında böyük rol oynamışdır. O, muğamları ecazkar səsinin imkanlarından böyük bacarıqla istifadə etməklə özünəməxsus tərzdə oxumuşdur. "Bayatı-Şiraz" muğamının "Xavərən" şöbəsindən "Qatar"a heyranedici gedişi ilə o, dinləyicilərdə məftunluq hissləri yaradırdı.Ona görə ki, "Xavərən"dən "Qatara" keçmək hər xanəndənin işi deyildi, bunun üçün çox zil səsdən savayı, əsaslı musiqi biliyi və duyumu da tələb olunurdu. Seyid muğamdan-muğama keçmək məharətini Cabbardan öyrənmişdi.
Konsertlərin birində Seyid tarın son pərdəsindən(buna qəmiş pərdə də deyirlər, eeçmiş tarzənlər tarın qolunun pərdə bağlanması mümkün olmayan yerinə qəmiş yapışdırırdılar) aşağı enərək sürəkli zəngulələr vurmasından heyrətə gələn xanəndə Keçəçioğlu Məhəmməd əllərini tanrı dərgahına qaldıraraq demişdi: "İlahi, bu nədir? Bu nə aləmdir? Şükür sənin yaratdığına! İndi bildim ki, Həzrət Davud doğru imiş".(əsatirə görə Davud peyğəmbərin çox gözəl səsi olub). Məşhur xanəndə Malıbəyli Həmid demişdi ki, "Həzrət Davud sağ olsaydı, bu səsə o da heyran qalardı".
Seyid Şuşinski bütün muğam dəstgahlarını bənzəri olmayan tərzdə oxumuşdur. "Çahargah", "Nəva", "Bayatı-İsfahan", "Humayun", "Rast", "Mahur", "Zabul", "Kürdü -Şahnaz", "Mirzə Hüseyn segahı" belə muğamlardandır. O, "Çahargah" muğamını başqa xanəndələrdən fərqli olaraq "mayədən" yox, "Mənsuriyyə"dən başlar, zillərdə xeyli zəngulə vurandan sonra muğamın "mayə"sinə düşərdi. Seyid bunun səbəbini belə açıqlardı. "Çahargah" çox ağır muğamdır. Onu zil səsi olmayan xanəndə oxuya bilməz. Bu muğamı "mayə"dən başlasam dinləyicilərin diqqətini yayındıra bilərəm. Buna görə də məclisi ələ almaq üçün muğamı zil pərdələrdə cərəyan edən odlu-alovlu "Mənsuriyyə"dən başlayıram".
Seyid Şuşinskinin 74 yaşında oxuduğu "Mənsuriyyə"nin lent yazısı Azərbaycan radiosunun saxlancındadır. Azərbaycanın muğam ifaçılığı tarixində qoca yaşlarında "Mənsuriyyə" oxumaq bir də Cabbar Qaryağdıoğluna müyəssər olmuşdur. Seyid Şuşinskinin zil pərdələrdə bənzərsiz gəzişmələri,şaqraq zəngulələri, muğamdan-muğama keçid etmə qabiliyyəti onu millətin sevimlisinə çevirmişdi.Onun burunda zəngulə vurmaq qabiliyyəti (buna "qünnə" deyirlər) dinləyiciləri heyran qoyurdu. Böyük xanəndə muğamlara yeni guşələr, xallar, hətta nəfəslər gətirməyə də nail olmuşdur. "Rast" və "Kürdü -Şahnaz" muğamlarında "Dilkəş" hissəsini ilk dəfə o, oxumuşdur. Bir çox muğamları birləşdirib oxumaq məharəti də Seyidə müəssər olmuşdur. Bunlara "Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz" dəstgahları və s. misal göstərilə bilər.
Azərbaycanın muğam aləminin parlaq simalarından biri də İsfəndiyar Aslan ağa oğlu Cavanşirdir. Musiqi aləmində Xan Şuşinski kimi məşhurdur. İsfəndiyar hələ uşaqlıq illərindən musiqi ilə çox maraqlandığından ustad muğam ifaçılarının vallarına böyük həvəslə qulaq asır və özü də bəzən onlarla birlikdə züm-zümə edirdi. İsfəndiyarın çox xoşladığı kamil sənətkarlardan biri də Təbrizli Əbülhəsən xan Azər idi. Əbülhəsən xanın oxuduğu muğamlardan ən çox xoşladığı "Kürdü-Şahnaz" muğamını əməlli-başlı öyrənmişdi.
Şuşada təşkil olunmuş toy şənliklərinin birinə məşhur xanəndə İslam Abdullayevlə birlikdə 16 yaşlı İsfəndiyar da dəvət olunmuşdu. Toya yığışanlar İsfəndiyardan təkidlə "Kürd-Şahnaz" oxumasını xahiş etdilər. İsfəndiyar ustadı İslam Abdullayevin razılığını alandan sonra çox zil pərdədə oxumağa başladı. Və muğamı zil pərdədə də sona çatdırdı.
Azərbaycanın muğam xiridarları, habelə böyük Üzeyirbəysevərlər yəqin ki, "Məşədi İbad" operettasının kino versiyasında Xan Şuşinskinin ahıl yaşında "Kürd-Şahnaz"ı necə məharətlə oxuduğunu məmnunluqla xatırlayırlar. Korifey sənətkar bu muğamı iki dəqiqə yarıma oxumuşdu. Onun Şəddi-Şahnaz, yəni "Zil Şahnaz" şöbəsində vurduğu dalğalı, uzaqlara yayılan şaqraq zəngulələr dinləyiciləri musiqinin sehr dünyasına aparmışdı. Təssəvür edin ki, o, 16 yaşında olarkən necə oxuyarmış? İsfəndiyarın büllur kimi parlaq və bal kimi təmiz səsi hamını heyran qoymuşdu. Bundan fərəhlənən İslam Abdullayev demişdi: "Bundan sonra adın oldu Xan !"
Bizə elə gəlir ki, Azərbaycanın muğam ifaçılığı tarixində Xan Şuşinskininki kimi əfsanəvi təmizlikdə səs tembri olmamışdır. Onun səs diapazonu üç oktavadan da yüksək idi. Xan əmi(xanəndələr hörmət əlaməti olaraq onu bu adla çağırırdılar) muğamların ən zil şöbələrində də sakit oxuyur, üz əzələləri qırışmır,boğaz damarları gərginlikdən şişmirdi. Ağzını da elə açırdı ki, cəmi 4-5 dişi görünürdü. Xanın boğazına güc vermədən rahat oxuması dinləyicilərə də rahatlıq gətirirdi. Onun gürcülərin çəkdikləri "Georgi Saakadze" bədii filmində oxuduğu "Heyratı" ritmik muğamı bu günədək yaxın qonşularımızın yaddaşlarından silinməmişdir.
1958-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan ongünlüyündə Xan Şuşinskinin çox istedalı xanım müğənnilərimiz Şövkət Ələkbərova və Sara Qədimova ilə "Böyük Teatr"ın səhnəsindən oxuduqları "Qarabağ şikəstəsi" rus tamaşaçılarını ifa kamilliyinə görə şok vəziyyətinə salmışdı. Konsertdən qabaq Azərbaycan Xalq Çalğı Alətləri Orkestri ifaçılarına paylanmış not dəftərlərində Xan Şuşinskinin oxu yerlərinin kişi müğənniləri üçün nəzərdə tutulduğuna nisbətən çox zil pərdələrlə verildiyi aşkar olmuşdu. Bunu konsert gedən zaman başa düşmüşdülər. Konsertin gedişinə məsul olanlar səhvlərini başa düşüb nigarançılıq içində qalmışdılar. Xan Şuşinski zil qadın səsləri üçün nəzərdə tutulmuş tessiturada çox rahat oxumuşdu. Bunun şahidi olan konsert rəhbərləri öz minnətdarlıqlarını Xanı qucaqlayıb öpməklə bildirmişdilər. Xan belə Xan idi. Xanın bir müğənni kimi dahiliyindən çox yazmaq olar. Xan Böyük Tanrının Azərbaycan incəsənətinə böyük ərmağanı idi.
Azərbaycanın Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Xan Şuşinski kimi tərifləri sözlə tam ifadə oluna bilməyən korifey muğam ustalarının xatirəsi qədirbilən xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
Arif HÜSEYNOV,
tədqiqatçı-jurnalist
Xalq qəzeti.- 2011.- 10 iyul.- S. 8.