Goranboyda "Gorus absurd teatrı"nın yalanları dəqiq hədəfə alındı

 

Xəbər verdiyimiz kimi, Goranboyda rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir.

Məclisi giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bildirdi ki, məkrli erməni ideoloqlarının xadqımıza qarşı uydurma ərazi iddiaları son bir əsrdə Azərbaycana faciələr, fəlakətlər, soyqırımlar gətirmişdir. 1988-ci ildən başlanan sonuncu təcavüz isə ərazilərimizin 20 faizinin işğal edilməsi, 1 milyon soydaşımızın qaçqın-köçkünə çevrilməsi, minlərlə günahsız insanın terror və soyqırım qurbanı olması, Qarabağ müharibəsində 20 min yurddaşımızın öldürülmsəsi, 50 min azərbaycanlının yaralanıb şikəst, əlil taleyi yaşaması ilə nəticələnmişdir.

Təəssüf ki, beynəlxalq hüququ ayaqlar altına salan bu vəziyyət hələ də davam edir. Dünya erməni diasporundan və erməni lobbilərindən güc alan Ermənistan rəhbərliyi yalan və bəhanələrlə vaxt uzadır, beynəlxalq qurumların işğaldan əl çəkmək tələblərinə məhəl qoymurlar. Sonuncu Kazan görüşü bunu bir daha təsdiq etdi. Əli hər yerdən üzülmüş erməni cəlladları yeni yalanlarla maskalanırlar.

Məlum olduğu kimi, 2010-cu il oktyabrın 16-da Ermənistan Prpezidenti Serj Sarkisyan Gorus şəhərində erməni diasporunu təmsil edən jurnalistlər qarşısında çıxış edərək köhnə bayatılar əsasında bir neçə bəyanat vermişdir. 1992-ci ilin fevralında Xocalı soyqırımının, azərbaycanlılara qarşı etnik təmizləmələrin təşkilatçılarından biri olan Serj Sarkisyan belə bir sərsəm ifadə işlətmişdir ki, "erməni dilinin ən azı səkkiz min illik tarixi vardır". Deyən varmı ki, o tarixi kim yazıb, haradandır "o tarix?" Yoxdur!

Serj Sarkisyan erməni diasporunu təmsil edən jurnalistlərə belə bir tapşırıq vermişdir: "tarixi faktları tanınmaz dərəcədə təhrif etmək, tarixi onun dediyi tərzdə yenidən yazmaq, elmi mənbələrə əhəmiyyət verməmək".

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli filosof alim Ramiz Mehdiyev "Görüs - 2010: absurd teatrı mövsümü" kitabında Ermənistan prezidentinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə, tarixi faktlarla ifşa etmişdir. Bu kitabda ifadə olunmuş tarixi həqiqətlər azğın düşmənin dayanmadan apardığı ideoloji mübarizənin qarşısını almaqda, inıformasiya müharibəsini cavablandırmaqda olduqca gərəkli mənbə və təsirli bir vasitədir.

Rayon Mədəniyyət Şöbəsinin müdiri Gündüz Hacıyev müzakirə olunan kitabda geniş əksini tapmış həqiqətlərdən söz açaraq bildirdi:

- Antik dövrdən başlayaraq əsrlər boyu Azərbaycan və Türkiyə torpaqaları hesabına monoetnik və türksüz Ermənistan yaratmaq uğrunda gəlmə etməni toplumlarının liderləri xalqımıza qarşı görünməmiş cinayətlərdən, kütləvi qırğınlardan və vandalizmdən istifadə etmişlər. Zaman-zaman, mərhələ-mərhələ xalqımıza qarşı ermənilər tərəfindən aparılmış soyqırım və deportasiya siyasətinin faktların dili ilə ifşa edilməsinə, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına indi daha böyük ehtiyac vardır. Bu baxımdan akademik Ramiz Mehdiyevin zəngin faktlara və təkzibedilməz sənədlərə əsaslanan "Gorus - 2010: absurd teatrı mövsümü" əsəri növbəti erməni bəyanatlarını vaxtında cavablandıran, onları yerində oturtmaqda xüsusi əhəmiyyət kəsb edən bir əsərdir.

Əsərdə 2010-cu ilin oktyabrın 16-da erməni absurd teatrı səhnəsində növbəti tamaşadan söz açılaraq bildirilir ki, bu dəfəki tamaşa Yerevanda deyil, Gorus şəhərində göstərilirdi. Tamaşanın baş qəhrəmanı isə Ermənistan prezidenti Serj Sarkisyanın özü idi. Bu, 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuş Serj Sarkisyandır. Bu dəfə özünü "akademik" kimi göstərməyə çalışan prezident teatr səhnəsindən bütün elm aləmini "yeni kəşflərlə" heyrətləndirməyi qərara almışdır. Erməni diasporunu təmsil edən jurnalistlər qarşısında Sarkisyanın çıxışının "şedevrləri"ndən biri ondan ibarət idi ki, guya, erməni dilinin ən azı səkkiz minillik tarixi vardır.

Serj Sarkisyan öz savadsızlığını və tarix elmindən xəbəri olmadığını təsdiqləyərək deyir: "İndiki azərbaycanlıların yaşadığı ərazi ermənilərə məxsusdur. "Türk-azəri" köçəri tayfaları bu ərazilərə sonradan gəlmədilər". Akademik Ramiz Mehdiyev isə təkzibolunmaz mənbələrə istinad edərək Serj Sarkisyanın cəfəng fikirlərini alt-üst edərək, belə bir faktı yada salır ki, ermənilər Van gölü ətrafına Balkanlardan köçüb gəlmişlər. Tarixin atası Herodot yazırdı ki, ermənilərin əcdadlları Finikiya torpaqlarından köçürülmüşlər. Ermənilərin bu yerlərə gəlmələri barədə kifayət qədər faktlar vardır. Herodot 2500 il bundan əvvəl bu ərazilərdə qədim türklərin yaşaması barədə xəbər verirdi. Tədqiqatlarla müəyyən olunmuşdur ki, erməni tayfaları təqribən eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəlində Fərat çayının yuxarı vadisində təşəkkül tapmışdır.

Akademik R.Mehdiyev daha sonra yazır ki, protoerməni tayfalarının vətəni Balkan yarımadası olmuşdur. Bu barədə erməni alimiləri özləri də bildirmişlər ki, erməni tayfaları hələ e.ə. II minilliyin birinci yarısında Balkan yarımadasında yaşamışlar. Onlar Kiçik Asiyaya isə e.ə. təqribən XIII əsrin ortalarında köçüb gəlmişlər. E.ə. I minilliyin ortalarında isə Ermənistan yaylası ərazisinə gəlib çıxmışlar. Strabon yazırdı: "Ermənilərin ölkəsi qabaq zamanlar kiçik idi, onlar qonşuları olan gürcülər, albanlar, atropatenalılar və başqa xalqlarla müharibəyə başlayaraq onlardan əyalətlər qopardılar". Görkəmli akademik V.Velçiko da təsdiqləyirdi: "Ermənilər Qafqazda köklü əhali deyillər, kütləvi surətdə buraya XIX əsrin birinci yarısında Türkiyəni tərk edən qaçqınlar kimi gəlmişlər". İ.Şopen isə bildirirdi: "Ermənilər gəlmədirlər".

Akademik Ramiz Mehdiyev kitabda qədim tarixçilərin yazdıqılarına istinad edir. VI əsr ərəb tarixçisi Ubeyd İbn Şəriyyə əl-Cürhəmi yazmışdır ki, Azərbaycan çoxdan türk torpağıdır və türklər lap qədimdən burada məskunlaşmışlar. X əsr ərəb tarixçisi Əl-Təbəri yazırdı ki, VII əsrdə türklər bu torpaqlarda hökmran olmuşlar. V əsr erməni tarixçisi Moisey Xorenasi ermənilər barədə açıqca yazırdı ki, "biz (yəni haylar) kiçik, azsaylı, zəif və çox hallarda özgələrin hakimiyyəti altında yaşayan xalqıq". 1951-ci ildə nəşr edilmiş "Erməni xalqının tarixi" kitabında yazılıb: "Qədim erməni tayfaları Zaqafqaziyada deyil, məhz yuxarı Fərat vadisində məskunlaşmışdılar".

Görkəmli rus alimi İ.M.Dyakonov da bu faktı isbatlayıb. Erməni tarixçisi N.Pastermacanyan yazmışdır ki, e.ə. VII-VI əsrlərdə meydana çıxan hind - Avropa mənşəli xalq olan ermənilərin gəlişindən qabaq indi Ermənistan adlanan ərazidə Urartu mənşəli koldis və ya xaldes xalqı yaşayırdı. Onların ölkəsi Urartu adlanırdı. Ermənistandan şimalda iki ölkə yerləşirdi: İberiya və Albaniya (Azərbaycan). Məşhur Amerika tarixçiləri Castin Makkarti və Karolin Makkarti "Türklər və ermənilər" adlı kitabda yazırlar ki, Ermənistan Respublikasının indiki ərazisi ermənilərə deyil, azərbaycanlılara aiddir.

"Gorus - 2010: absurd teatrı mövsümü" kitabında yer almış belə tarixi faktlar ermənilərin Cənubi Qafqazda yeritdikləri separatçı siyasətin bütün reallıqlarını təsəvvür etməyə imkan yaradır. Ermənilərin Cənubi Qafqaz torpaqlarında göründükləri andan Azərbaycanın mədəniyyət tarixini düşünülmüş şəkildə "erməniləşdirmək" üçün var gücü ilə necə çalışdıqılarını bu kitabda yığcam və elmi şəkildə izləmək mümkündür. Akademik Ramiz Mehdiyev yazır: "Ermənilər antropoloji baxımdan praktik olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər".

Müzakirələrdə çıxış edən Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov, Tap Qaraqoyunlu kənd orta məktəbinin müəllimi, Milli Qəhrəman N.Aslanovun həyat yoldaşı Rübabə İsmayılova və digər natiqlər kitabda erməni yalanlarının ifşa edilməsi ilə bağlı söylənmiş faktlardan və mülahizələrdən söz açdılar. Onlar bildirdilər ki, tarixi saxtalaşdırmaq bəşəri cinayətdir. Heç bir yalan, uydurma özgə torpaqlarına sahib çıxmağa əsas vermir. Odur ki, belə yalanlar axıradək ifşa edilməlidir. Akademik Ramiz Mehdiyev humanitar sahə alimlərimizin üzərinə düşən bu gərəkli, təxirəsalınmaz işə öz layiqli töhfəsini vermişdir.

Natiqlər kitabın dəyərli məqamlarına xüsusi diqqət yetirdilər. Bildirildi ki, Ermənistan prezidentinin gülünc iddiasına görə, guya, Qarabağ əhalisi minilliklər boyu "yalnız ermənilərdən" ibarət olmuş, "türk-müsəlman" köçəri tayfası isə yalnız XVIII əsrin ikinci yarısında buraya gəlməyə başlamışdır. Bu sərsəm bəyanata cavab olaraq akademik R.Mehdiyev yazır ki, 1978-ci ildə Ağdərə rayonunun Marşquşevan kəndində ermənilərin Qarabağa köçmələrinin 150 illiyi ilə əlaqədar abidə ucaldılmışdır. 1805-ci ildə Qarabağın Rusiyanın tərkibinə daxil olması haqqında müqavilə (Kürəkçay) hansısa bir erməni knyazı tərəfindən imzalanmamış, türk xanı İbrahimxəlil və Rusiya imperatorunun nümayəndəsi general Sisyanov arasında bağlanmışdı.

Rusiya statistikasının məlumatına görə, təxminən həmin vaxt (1810-cu ildə) Qarabağ əhalisi 9500 türk və 2500 erməni ailəsindən ibarət idi. Müqavilənin mətnində "Ermənistan və ya ermənilər"sözləri də yoxdur. Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi rus yazıçısı və tarixçisi S.N.Qlinka tərəfindən 1831-ci ildə Moskvada çap olunmuş "Ermənilərin Rusiya hüdudlarına köçürülməsinin təsviri" kitabında müfəssəl şərh olunmuşdur: "1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni 3 ay yarım ərzində buraya İrandan 8249 erməni ailəsi və ya ən azı 4000 erməni köçürülmüşdür. Növbəti bir neçə ildə isə bu 3 xanlığa Osmanlı imperiyasından daha 9000 min erməni köçürülmüşdür".

Müzakirələrdə bildirildi ki, akademik Ramiz Mehdiyevin bu dəyərli kitabı növbəti erməni riyakarlığına cavab verməklə yanaşı, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Akademik Ramiz Mehdiyev haqlı olaraq bildirir ki, Ermənistanda yaxın keçmişdəki, bugünkü nəslin şahidi olduğu tarixi faktları da danmaqdan, xronologiyanı tərif etməkdən, səbəb və nəticənin yerlərini dəyişməkdən utanmırlar.

Kitabda müəllif erməni liderlərinin beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə, tarixi faktlarla ifşa etmişdir. Ermənilər tarix boyu türklərə qarşı düşmənçilik mövqeyi tutmuş, azyaşlı uşaqlarını da bu ruhda tərbiyə etmiş, imkan düşən kimi havadarlarına arxalanaraq öz çirkin niyyətlərini həyata keçirmişlər. Bütün bunların qarşısında öz cinayətlərini ört-basdır etmək üçün "soyqırım" iddialarını tez-tez ortaya atmaqla, beynəlxalq ictimaiyyəti çaşdırmaq, yanlış fikirlər yaratmaq istəyirlər. Artıq əsl həqiqət bütün dünyaya bəllidir. Akademik R.Mehdiyev tarixi mənbələrə əsasən qeyd edir ki, hazırda Ermənistanın yerləşdiyi ərazi tarixi Azərbaycan torpaqlarıdır.

Sonda müzakirələrə yekun vuran Nizaməddin Quliyev bildirdi ki, keçmişi bilmədən gələcəyə düzgün, maneəsiz getmək mümkün deyil. Bugünkü nəsillər əsrlər boyu ermənilərin xalqımızın başına gətirdiyi oyunları, əzab-əziyyəti dərindən öyrənməlidirlər. Akademik Ramiz Mehdiyevin bu baxımdan yığcam və zəngin bir mənbə olan kitabı hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 6 iyul.- S. 6.