"Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramı ölkəmizin daha firavan gələcəyi üçün
zəmin yaradır
Bu sahə ulu öndər Heydər
Əliyevin siyasi kursunun prioritetlərindən biri idi
Yeni
nəslin inkişafının əsas vasitəsi gənclərin
dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi
və mədəni həyatında iştirakının təmin
edilməsidir. Dövlət gənclər siyasəti - yeni nəslin
öz bilik və bacarıqlarının, təbii
potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə
layiqli yer tutmasını təmin edən şəraitin yaradılması
məqsədilə dövlət tərəfindən müəyyən
edilmiş prioritetlər və həyata keçirilən tədbirlər
sistemidir. Gənclərin hərtərəfli inkişafı
ölkənin sosial-iqtisadi, elmi və mədəni
inkişafı ilə sıx əlaqədədir. Onun qlobal rəqabətə
davamlılığının, milli təhlükəsizliyinin
vacib şərtlərindəndir. Dövlət gənclər
siyasəti əsasən bu məqsəd və prinsiplərin
reallaşdırılması üçün
hazırlanıb.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması, gənclərin sağlamlığının qorunması, gənc ailələrin problemlərinin aradan qaldırılması, gənclərin beynəlxalq əməkdaşlıq sahəsində layihələrin həyata keçirilməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması və onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi ilə əlaqədar qətiyyətli addımlar atılmış, mühüm əhəmiyyətli qərarlar qəbul edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması istiqamətində irəliyə doğru daha bir addımdır. Dövlət Proqramı ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün imkanlar açmış, əlverişli şərait yaratmışdır.
Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərini təmin etməkdir. Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların fəal iştirakı, intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.
Azərbaycanda gənclərə etimad göstərilməsi, onların müasir düşüncə səviyyəsində yetişməsi, hərtərəfli biliyə malik olması üçün aparılan işlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Böyük tarixi şəxsiyyətin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanı gələcəkdə də idarə edə biləcək, yaşadacaq və möhkəmləndirəcək gənc nəslin formalaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Gəncliyə böyük inam və ümid bəsləyən ulu öndər deyirdi: "Bütün Azərbaycan gənclərinin qarşısında bir vəzifə - öz xalqına, dövlətinə, ölkəsinə ləyaqətlə xidmək etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur. Milli Ordunun böyük bir hissəsini təşkil edən gənclərdir. Hərbi xidmətdə olan əsgərlərimizin, zabitlərimizin əksəriyyəti gənclərdir. Gənclər Azərbaycan dövlətinə, doğma torpaqlarımıza sadiqdirlər".
Ulu öndər Heydər Əliyevin diqqəti nəticəsində Azərbaycanın müstəqillik əldə etməsindən qabaq - sovet dövründə də respublikamızda gənclərə həmişə diqqət və qayğı göstərilmiş, onların mənəvi və fiziki cəhətdən sağlam, gümrah böyümələri, əhatəli biliyə yiyələnmələri üçün bütün imkanlardan istifadə olunmuşdu. Həmin vaxt azərbaycanlı gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün əlverişli şərait yaradılmışdı. Məhz bu imkanlardan istifadə edərək 15 mindən artıq azərbaycanlı gənc oğlan və qız müxtəlif ölkələrdə mükəmməl təhsil aldılar.
1993-cü ilin iyunundan - məlum Qayıdışdan və Qurtuluşdan sonra müstəqil Azərbaycanı gələcəkdə də yaşadacaq və idarə edəcək gənc nəslin formalaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Bu sahədə ciddi tədbirlər həyata keçirən ulu öndər Heydər Əliyev gənclərlə işi daha səmərəli şəkildə təşkil etmək, onların problemləri ilə yaxından tanış olmaq, gənclərin ictimai-siyasi həyatda daha fəal iştirakını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyinin yaradılması ilə əlaqədar 1994-cü il iyulun 26-da fərman imzaladı. Bir müddət sonra isə "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar qəbul edildi.
1996-cı il fevralın 2-də Bakıda Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi də gəncliyə olan inamın və etimadın nəticəsi idi. Forumun əhəmiyyətini nəzərə alan ulu öndər Heydər Əliyev 1997-ci ildə sərəncam imzalayaraq tədbirin keçirildiyi günü - 2 fevralı Azərbaycan Cənclər Günü elan etdi. Getdikcə reallaşan və möhkəmlənən dövlət quruculuğu strategiyasının əsas istiqamətlərindən birini məhz gənclər siyasəti təşkil edirdi. Geniş dünyagörüşünə malik, mənəvi cəhətdən saf, milli dəyərlərə sadiq, vətənpərvər gənc nəslin tərbiyə edilməsi və yetişdirilməsi milli gənclər siyasətimizin əsas vəzifəsi kimi qarşıya qoyulmuşdu.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gənclərin inkişafını daha da stimullaşdıran qanunvericilik bazası xeyli möhkəmləndirildi. Dövlət başçısının imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", həmçinin gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində imzaladığı digər sənədlər bunun parlaq sübutudur. Son beş il ərzində gənclər təşkilatlarının 350-dən artıq layihəsinin dəstəklənməsi üçün dövlət büdcəsindən vəsait ayrılmışdır. Gənclərimiz 30-a yaxın nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bir neçə beynəlxalq gənclər platformalarının yaradılması təşəbbüsü ilə çıxış edirlər.
Ötən ilin son günlərində Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin keçirilməsi də gənclərimizin beynəlxalq aləmdə böyük uğuru kimi dəyərləndirilməlidir. Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin əsas məqsədi xarici ölkələrdə yaşayan soydaşlarımızın diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, doğma Vətənlə əlaqələrinin möhkəmləndirilməsidir. Bu toplantıda xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olundu.
Xarici ölkələrdə yaşayan gənclərin təhsil aldıqları ölkələrdə müxtəlif dərnək və ictimai birliklər yaradılması üçün ölkəmizdən verilən dəstək öz müsbət təsirini göstərməkdədir. Bunun nəticəsi olaraq həmin gənclər Vətənimizin qarşılaşdığı problemlər barəsində dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılması prosesində fəal iştirak edirlər.
Sevindirici haldır ki, hazırda Azərbaycan diaspor təşkilatlarının 40-dan çoxunu məhz gənclər təsis edib. 2009-cu ilin aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm hadisə oldu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sədrliyi ilə gəncləri öz ətrafında birləşdirən bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması istiqamətində çox önəmli addımlar atıb. Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin milli maraqlarımızın müdafiəsi, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, zəngin mədəni irsimizin təbliği sahəsində uğurlu layihələr həyata keçirməsi böyük əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif regionlarında - Avropada, Amerikada, Asiyada, MDB məkanında fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları Ermənistanın işğalçılıq siyasəti, törətdiyi vandal aktları, dünyada analoqu olmayan Xocalı soyqırımı barədə yaşadıqları ölkələrin ictimaiyyətinin, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin parlament və hökumət üzvlərinin məlumatlandırılması məqsədilə müxtəlif kampaniyalar təşkil edir, elmi-praktik konfranslar, etiraz aksiyaları keçirirlər.
Gənclərimiz müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında əsl həqiqətləri bu barədə məhdud informasiyaya malik dövlət və siyasət adamlarına, jurnalistlərə, eləcə də sadə vətəndaşlara çatdırmağa çalışırlar. Ötən müddətdə Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ, Kanada, Rusiya Federasiyası, Yaponiya, Misir, Koreya və digər ölkələrdə azərbaycanlı gənclər təşkilatlarının təşkil etdiyi tədbirlər mədəniyyətimizi, xalqımızı və ölkəmizi tanıtmaq üçün təsirli bir vasitə olduğunu və gənclərimizin bu vasitədən kifayət qədər uğurla faydalandığını təsdiqləyir. Bu, həm də o deməkdir ki, müasir Azərbaycan gəncləri hansı ölkədə yaşamasından və təhsil almasından asılı olmayaraq, öz xalqının tarixi, mədəniyyəti, onun milli maraqlarının sərhədləri barədə çox dəqiq və aydın təsəvvürə malikdir. Bu mühüm amil ölkəmizin gələcəyi və bu gələcəyin sahibləri olan gənclərimiz haqqında nikbin düşünməyimizə əsas verir.
Azərbaycan gəncliyinin beynəlxalq aləmə inteqrasiyası, yüksək tribunalardan gənclərimizin sərbəst çıxışları, ölkəmiz barədə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq qabiliyyətində olmaları Frankfurtda keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresində də özünü büruzə verdi. Bu tədbir həmvətənlərimiz arasında yalnız dostluq və işgüzar əlaqələrin möhkəmlənməsi, gənclərin ictimai-siyasi fəallığının gücləndirilməsi üçün nadir bir imkan idi. Gənclərimiz bu imkandan yetərincə faydalandılar. Azərbaycan dövlətinin bu məsələyə böyük önəm verməsi gənclərə göstərilən diqqət və qayğının təzahürüdür. Bu mötəbər tədbirdə dövlət və hökumət nümayəndələrinin iştirakı və çıxışı gənclərimizi daha da ruhlandırmışdır. Azərbaycan dövlətinin gənclər siyasətinin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı gənclərlə iş, ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, təhsil siyasətimizin əsas hissəsi isə yeni, sağlam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir. Gənclər unutmamalıdırlar ki, onların qarşısında duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək, mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır.
Bu gün Azərbaycan gənclərinin qarşısında bir vəzifə - öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur. Dövlətimizin yeritdiyi uğurlu siyasət sayəsində gənclərimiz bu vəzifənin öhdəsindən layiqincə gəlir. Hazırda Azərbaycan gənclərinin səsi yüksək beynəlxalq tribunalardan eşidilir. Bu tribunalardan ölkəmizin haqq səsi, Azərbaycan reallıqları, həqiqətləri bütün dünyaya olduğu kimi çatdırılır.
Azərbaycan Prezidenti İlham Əliyev gənclərimizin son illərdəki fəaliyyətini, beynəlxalq aləmə inteqrasiyasını yüksək qiymətləndirmiş, gənclərə böyük etimad bəslədiyini ifadə edərək demişdir: "Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir".
İndi artıq tam qətiyyətlə demək olar ki, Azərbaycan gəncləri cəmiyyətdə öz yerini tutub və Azərbaycan gəncləri müstəqil dövlətimizin inkişafı üçün lazım olan bütün işləri görürlər.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 12 iyul.- S. 1; 2.