Azərbaycan bütün dünya azərbaycanlılarının
Vətənidir
Bu
günlərdə Bakıda Dünya Azərbaycanlılarının
III Qurultayı öz işini başa çatdırdı. Əlamətdar
tədbirdə dünyanın 42 ölkəsindən 580
nümayəndə, 210 qonaq, eləcə də çoxlu sayda
xarici siyasətçi, rəsmi şəxs, deputatlar, alimlər
və ictimai xadimlər iştirak edirdilər. Qurultaya yəhudi,
rus, Axıska türkləri və bir sıra digər
xalqların nümayəndələri də
qatılmışdı.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. İkinci qurultay isə Prezident İlham Əliyevin hakimiyyəti dövrünə, 2006-cı ilə təsadüf edib. Sonuncu qurultaydan bəri dünya azərbaycanlılarının fəaliyyəti əsasən ümummilli məsələ olan Dağlıq Qarabağ problemi ətrafında birləşməyə hesablanıb. Elə bu günlərdə görüşdüyümüz Azərbaycan diasporunun nümayəndələri də etiraf edirdilər ki, yaşadıqları ölkələrin rəsmi və qeyri-rəsmi dairələri ilə Azərbaycanın əsas problemi barədə hər il müəyyən işlər aparırlar.
Diasporumuzun fəal üzvlərindən biri də Qırğızıstanda, Bişkek şəhərində yaşayan soydaşımız, bu ölkədəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovdur. Onun rəhbərlik etdiyi təşkilat qeyri-rəsmi olaraq 1989-cu ildən fəaliyyətdədir. 2004-cü ildən isə rəsmi fəaliyyət göstərir. Məqsəd türk dünyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmətdir. Bu məqsədlə bir sıra tədbirlər keçirilib. 2007-ci il iyulun 23-də Bişkekdə "Türkdilli dövlətlərin inkişafında liderlərin rolu" mövzusunda geniş elmi-nəzəri konfrans təşkil edilib. İkinci belə tədbir həmin ilin dekabrında Almatı şəhərində keçirilib. Üçüncü elmi-nəzəri konfrans isə Bakıda baş tutub.
Eyni zamanda,
fond tərəfindən mütəmadi olaraq ümummilli liderimiz Heydər Əliyevin yubileyləri təşkil
edilib. Ulu öndərin
85 illik yubileyi
Qırğızıstan Dövlət Filarmoniyasında böyük təntənə ilə qeyd edilib. Tədbirə türk dünyasının böyük
oğlu Çingiz
Ayıtmatov da dəvət olunub.
Tədbirdə Azərbaycandan da böyük nümayəndə heyəti iştirak edib. İki gün ərzində
Bişkekin küçələrini Heydər
Əliyevin portretləri bəzəyib. Mir
Cəlal Paşayevin 100 illiyi
ilə bağlı tədbirlər keçirilib.
Eyni zamanda, ömrünün son
çağlarında Çingiz Aytmatovun Azərbaycana səfəri təşkil
edilib.
Nüsrət
Məmmədovla söhbəti nəzərinizə
çatdırırıq:
- Bu günlərdə başa çatmış Dünya Azərbaycanlılarının üçüncü Qurultayına bütün diaspor təşkilatları böyük ümidlərlə gəlmişdi. Bilirdik ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan soydaşlarımızın bir diaspor şəklində formalaşması və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması məsələsinə böyük önəm verir. Elə hörmətli Prezidentimiz İlham Əliyevin qurultaydakı çıxışından da məlum oldu ki, dövlətimiz və onun rəhbərliyi soydaşlarımızın yaşadıqları ölkələrdə söz sahibi olmalarını, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasını çox istəyir.
Xarici ölkələrdə yaşayan hər bir azərbaycanlı üçün Prezidentin çıxışı əsas fəaliyyət proqramı oldu. Bu çıxışda qarşımızda dayanan bütün vəzifələrə dair suallar öz cavabını tapdı. Prezident cəsarətlə bildirdi ki, Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır, ermənilər bu torpağa qonaq gəliblər. Hətta İrəvan xanlığı və Zəngəzur da Azərbaycan torpaqlarıdır, erməni dövləti Azərbaycan torpaqları üzərində yaradılıb. Ona görə də Prezident İlham Əliyev diaspor təşkilatlarımıza mesaj verdi ki, ermənilərə qarşı müdafiə deyil, hücum mövqeyindən çıxış etmək lazımdır. Bu yanaşma bizi çox ürəkləndirdi. Bu fikirlər bizim üçün fəaliyyət proqramı rolunu oynayacaq.
Prezident Azərbaycanın iqtisadi qüdrətinin get-gedə artdığı və ordumuzun kifayət qədər gücləndiyi barədə də söz açdı, hətta təkcə hərbi xərclərin Ermənistanın bütün dövlət büdcəsindən 50 faiz artıq olduğunu qeyd etdi. Bu da bizim üçün sevindirici rəqəmdir. Məhz Azərbaycan dövlətinin iqtisadi qüdrətinin nəticəsidir ki, bu gün dünyanın 42 ölkəsindən 580 nümayəndənin qurultaya gəlib-getməsi ilə bağlı bütün xərcləri dövlətimiz öz üzərinə götürüb. Bu, dövlətimizin imkanlarının artdığını göstərir.
Amma xarici ölkələrdə bizim çox imkanlı soydaşlarımız var. Zənnimcə, bu cür tədbirlərin maliyyələşməsini onlar da öz üzərinə götürə bilərdilər. Bu da Azərbaycanın gücünü bir daha artırmış olardı. Müqayisə üçün deyim ki, ermənilərin də xarici ölkələrdə diaspor təşkilatları var və Ermənistan dövləti faktiki olaraq onların hesabına öz mövcudluğunu qoruyub saxlayır. Hesab edirəm ki, bu məsələyə gələcək tədbirlərdə fikir vermək lazımdır.
Başqa bir məsələ. Biz 2009-cu ildə Qırğızıstanda "Ermənilərin Azərbaycan torpağında törətdiyi vəhşiliklər tarixi faktlarla" kitabını nəşr etdirdik. Bu kitaba görə Ermənistan Qırğızıstana etiraz notası göndərmişdi. Bu da, hesab edirəm ki, Azərbaycan Prezidentinin qeyd etdiyi həmin hücum taktikası deməkdir. Ümumiyyətlə, biz Qırğızıstanda Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını təbliğ edən 27-yə qədər kitabı qırğız, ingilis və rus dillərinə tərcümə etdirərək öz vəsaitimizlə nəşr etdirmişik. Həmin kitablar Qazaxıstanda və bütün Orta Asiya ölkələrində pulsuz yayılıb.
Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyini də çap etdirərək yaymışıq. Həmin kitablar Qırğızıstanda iki dövlət mükafatına layiq görüldü. Bunlardan əlavə, "Müasir Azərbaycanın qurucusu, yaradıcısı və xilaskarı" (müəllifi Qafar Əliyev), "Dünya siyasətinin zirvəsini fəth edənlər", "Prezident İlham Əliyev" (1000 səhifəlik), akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi" və digər kitablar bir neçə dildə nəşr edilərək Qırğızıstanın dövlət qurumları, parlamenti, ali və orta məktəbləri, kitabxanaları arasında yayılıb.
Daha bir məsələ ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. Məsələn, Azərbaycan Prezidenti qurultay günlərində diaspor nümayəndələrindən bir qrupunu orden və medallarla təltif etdi. "Tərəqqi" medalına layiq görülənlər arasında mən də vardım. Yaxud kimlərəsə fəxri adlar verilir. Bu təltifləri böyük fərəh hissi ilə qəbul edirik. Amma unutmamalıyıq ki, bu təltiflər bizə gördüyümüz, yaxud da görəcəyimiz işlərin müqabilində verilir. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyur. Bu, Azərbaycan dövlətinin xarici ölkədə yaşayan soydaşa diqqət və qayğısının göstəricisidir. Xarici ölkədə yaşayan soydaş da Azərbaycan dövlətinin bu münasibətinə sevgi və qayğı ilə yanaşmalı, ümummilli məsələlərin xarici ölkələrdə təbliği və yayılması işində canla-başla iştirak etməlidir. Müstəqil Azərbaycan bizim hamımızın ana Vətənidir və onu hamımız göz bəbəyi kimi qorumalıyıq.
Biz xarici ölkələrdə eşidəndə ki, hansısa ölkələrin diqtəsi ilə Azərbaycanda yersiz qarışıqlıq yaratmaq istəyənlər var, mütəəssir oluruq. Bir müddət əvvəl müxalifət yenidən ölkəni qarışdırmaq istəyinə düşmüşdü. Amma onları dəstəkləyən olmadı. Mitinqlərinə cəmi 100-150 adam yığa bildilər. Bu məsələyə də bizim diaspor təşkilatlarımız həssaslıqla yanaşmalıdır. Azərbaycanı içəridən qarışdırmaq istəyən ölkələrdə bizim diaspor təşkilatlarımız var. Bəs onlar niyə həmin ölkələrin dövlət qurumlarına öz etirazlarını bildirmirlər? Müxalifət nümayəndələri ilə görüşən səfirlərin təmsil etdikləri ölkələrin xarici işlər nazirlikləri qarşısında heç olmasa etiraz aksiyası keçirmək olmazdımı?! Azərbaycanın hazırkı Prezidentinin çox güclü siyasi qüvvə olduğunu bütün dünya bilir. Biz diaspor nümayəndələri və təşkilatları da onu dəstəkləməli, bu mövqeyimizi dünyanın aparıcı dövlətlərinə nümayiş etdirməliyik. Onda Qarabağ problemimiz də həll olunacaq, digər məsələlər də.
Biz Qırğızıstanda tez-tez dövlət çevrilişlərinin şahidi olduq. Bunlar qırğız xalqına faciədən başqa nə gətirdi?! Bu inqilablar Qırğızıstanı on illərlə geri saldı. Ölkənin iqtisadiyyatına sarsıdıcı zərbə vuruldu. Qarabağ məsələsini həll etmək üçün Azərbaycan güclü olmalı, milli birlik yaradılmalıdır. Ölkənin daxilində və xaricində Prezidentə dəstək verilməlidir. Diaspor təşkilatları bu məsələdə daha fəal olmalıdır. O zaman heç kəs bizim ölkənin daxili işlərinə qarışmağa cəsarət etməz. Mən bütün dünya azərbaycanlılarına İlham Əliyev vətənpərvərliyi arzulayıram.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 12 iyul.- S. 3.