Azərbaycan
dövləti qüdrətləndikcə bizim
də gücümüz artır
Bu
günlərdə istər ölkə mediasında, istərsə
də geniş ictimaiyyət arasında ən çox
müzakirə olunan mövzu Dünya Azərbaycanlılarının
III Qurultayının uğurla başa çatmasıdır.
Bu mötəbər tədbirdə Azərbaycan diasporunun
inkişafı ilə bağlı çox mühüm
müzakirələr aparılıb. Qurultay birmənalı
olaraq bəyan etdi ki, dünyanın harasında
yaşamalarından asılı olmayaraq soydaşlarımız
müstəqil Azərbaycanın parlaq gələcəyi naminə
bundan sonra da böyük inamla çalışmağa
hazırdır.
Yusif Cəfərov, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti:
- Dünya Azərbaycanlılarının
III Qurultayının iştirakçısı
olduğum üçün,
təbii ki, hədsiz dərəcədə
sevinirəm. Artıq qurultaydan bir
neçə gün keçib. Qəlbimdə
tez-tez bütün dünya azərbaycanlılarının
bu ali
məclisinin təşkili,
qarşıya qoyduğu
hədəflərlə bağlı
duyğularımı, fikirlərimi
götür-qoy edirəm.
Özümdən soruşuram ki,
bu qurultayın əvvəlki iki qurultaydan fərqi nə olub? Gəldiyim əsas nəticə budur ki, əvvəlki
qurultaylar daha çox Azərbaycan diaporunun təşkilatlanması
məsələlərini müzakirə
edib, sonuncu qurultay isə diasporun keyfiyyətcə yeni mərhələyə
qədəm qoyduğunu
sübut etdi. Deməli, uğurlara görə sevinməyə haqqımız
var, amma qarşıda daha böyük vəzifələr
durur.
Elə ölkələr var ki, öz milli
diasporlarını qurmaq
üçün 40-50 il vaxt sərf
edirlər. Azərbaycan bu taleyüklü
missiyanın öhdəsindən
cəmi 10-12 ilə gəldi. Heç kəs üçün
sirr deyil ki, bu vəzifənin
uğurla yerinə yetirilməsində xalqımızın
ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri
olub. Məhz bu dahi siyasətçinin təşəbbüsü
və titanik təşkilatçılıq fəaliyyəti nəticəsində
Azərbaycan diasporu çox qısa zaman kəsiyində həqiqətən inanılmaz
inkişaf yolu keçdi. Ulu öndərin ən
layiqli davamçısı
Prezident İlham Əliyev hakimiyyət sükanı arxasına keçəndən sonra müstəqil dövlətimiz
diaspor quruculuğuna diqqəti azaltmadı, dövlət quruculuğunun
prioritet məsələlərindən
olan bu sahəyə
qayğını daha
da artırdı.
Dünya Azərbaycanlılarının III Qurultayının keçirildiyi
gün - 2011-ci ilin 5 iyulu həyatımda ikiqat bayram oldu. Belə ki,
qurultayın təntənəli
açılışı günündə Bakıda
nəşr olunan rəsmi qəzetlərdə
müstəqil Azərbaycanın
milli diasporunun quruculuğundakı səmərəli
fəaliyyətinə görə
Azərbaycan Respublikasının
Prezidentinin sərəncamı
ilə "Tərəqqi"
medalı ilə təltif olunanlar arasında mən də vardım. Dünyalar qədər sevindim. Qurultayın səhərisi günü
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri, çox
hörmətli Ramiz Mehdiyev bu medalı
mənə təqdim etdi. Xüsusi vurğulamağı özümə borc bilirəm ki, bu təltif təkcə mənim deyil, Rusiya Federasiyasındakı
Ümumrusiya Azərbaycan
Konqresinin Buryatiya əyalətinin paytaxtı
Ulan-Ude təşkilatının mənimlə birlikdə çalışan bütün
fəallarının əməyinə
verilən yüksək
qiymətdir.
Ulan-Ude şəhərində 1981-ci
ildən yaşayıram. Təkcə bizim
şəhərdə 7 mindən
çox azərbaycanlı
məskunlaşıb. Son
illər Azərbaycan dövlətinin nüfuzu beynəlxalq aləmdə çox yüksəlib.
Azərbaycan dövləti qüdrətləndikcə,
bütün dünyada,
eləcə də Rusiyada milli diasporumuzun fəallarının
yerli hökumət qurumları ilə əlaqələri genişlənir.
Fəxrlə deyə bilərəm
ki, bu gün
həmyerlilərimiz Buryatiyanın
ictimai-siyasi həyatında
əvvəlki illərdə
olduğundan daha fəal iştirak edirlər. Həm də indi bizi daha yaxından
tanıyırlar, Nə
gizlədim, əvvəllər
Ulan-Udedə hamını
qafqaz əsilli hesab edirdilər, indi şəhər ictimaiyyəti arasında azərbaycanlıların böyük
hörməti var.
Mən Füzuli
rayonunun Horadiz qəsəbəsindənəm. Bildiyiniz kimi,
ermənilər 1993-cü ilin
avqustunda bizim rayonu işğal etdilər. 1994-cü ilin yanvarında Azərbaycan ordusu uğurlu hücum əməliyyatı keçirərək
Horadizi və Füzuli rayonunun daha 21 yaşayış məntəqəsini düşməndən
azad etdi. Qəlbən
inanıram ki, sülh danışıqları
konkret bir nəticə verməzsə,
Azərbaycan əsgərləri
yenə də hücuma keçərək,
doğma torpaqlarımızı
son qarışınadək düşməndən azad
edəcəklər.
Şükrü Karabalıq, Türkiyənin
Xocaeli əyalətinin
bələdiyyə başqanı:
- Fikrimcə, Dünya Azərbaycanlılarının III Qurultayı, ilk növbədə,
Azərbaycan-Türkiyə dostluğunun
sarsılmazlığını, bütün türk dünyasının birliyini
nümayiş etdirdi. Mən bundan bir türk
olaraq çox məmnun oldum.
Bir şeyi
gərək heç vaxt unutmayaq. Dünyada ikili
standartlar hələ də güclüdür.
Türkiyə heç vaxt
ermənilərə qarşı
soyqırımı həyata
keçirməyib, amma
ermənilər bütün
dünyaya car çəkirlər
ki, guya türklər onları tarix səhnəsindən silib atmaq istəyiblər.
Dünyanın bəzi ölkələri
isə ermənilərin
bu fitnə-fəsadlarına,
hiylələrinə "inanır".
Amma 1992-ci ilin fevralın 26-da erməni quldurları Xocalı şəhərinin bütün
əhalisini, uşaq, ahıl, qadın demədən vəhşicəsinə
qətlə yetirdilər,
acı təəssüf
ki,Avropada özlərinin sivil adlandıranlar bunun hesabını ermənilərdən
soruşmaq istəmir.
Böyük siyasət adamı
Heydər Əliyev bir vaxtlar haqlı
olaraq demişdir ki, Azərbaycan və Türkiyə dövlətlərinin diaspor
quruculuğunda fərqli
vəzifələr ola bilməz. Bəli, biz iki qardaşıq. Bu gün Azərbaycan
dövlətinin və
Türkiyə Cümhuriyyətinin
rəhbərləri beynəlxalq
aləmdə vahid mövqedən çıxış
edirlər. Türkiyənin
Baş naziri, sayın Rəcəb Tayyib Ərdoğan dəfələrlə deyib
ki, nə qədər ki, Dağlıq Qarabağ problemi ədalətli həllini tapmayıb, nə qədər ki, qardaş Azərbaycanın bölgələri
işğal altındadır,
Türkiyə Cümhuriyyəti
Ermənistanla sərhədlərini
heç vaxt açmayacaq. Deyib, sözünün üstündə
də durub!
Azərbaycan mənim üçün çox doğma bir məmləkətdir, ikinci ana Vətəndir. İkinci dəfədir
ki, mən Bakıya gəlirəm.
5 il öncə,
şəxsi təşəbbüsümlə
Azərbaycana gəlmişdim.
Gəldim, çox şeyləri
öz gözlərimlə
gördüm. O vaxt
Tiflisdən gələrək
dahi Nizami yurdu Gəncəni gəzdim, oradan Ağdaşa keçdik, sonra da Bakıya
çatdıq. O vaxt yollar pis idi.
İndi eşitmişəm ki, oralarda çox gözəl yollar salınıb. Bakı Hava
Limanına aparan yol bir möcüzədir.
Xəzər boyunca salınmış
"Sahil bağı"
da çox gözəldir. Bəlkə bütün
dünyada belə gözəl sahil bağı yoxdur.
Azərbaycan paytaxtı Bakı çox sürətlə
böyüyür, bərpa
olunur, gözəlləşir. Amma bir dost olaraq bir iradım da var. Bakıda yaşıllıqları artırmaq
lazımdır. Məsələn, bizim Xocaelidə yaşıllıq daha çoxdur. Hətta şəhərimizin ümumi ərazisinin 40 faizini yaşıllıqlar,
ormanlar tutur. Bütövlükdə, Bakıdan xoş
duyğularla ayrılıram.
Azərbaycanın daha parlaq gələcəyinə inanıram.
Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2011.- 12 iyul.- S. 3.